Məhkəmə qərarları › İş №e-2-2(113)-3122/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3122/2025

21.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3122/2025 21.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yük daşınması müqaviləsi, dəbbə pulunun azaldılması) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə üzrə 20995 manat əsas borc, 30000 manat dəbbə pulu və ödənilmiş 245 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023 tarixli HG-2809/022/23 nömrəli “daşıma xidmətlərinin göstərilməsi barədə” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı cavabdehin yüklərinin daşımasını həyata keçirməyi və ya daşımanı təşkil etməyi, cavabdeh isə muzd ödəməyi öhdəsinə götürür. İddiaçı cavabdehin sifarişi əsasında bütün yüklərin daşınmasını həyata keçirmiş, buna müvafiq olaraq elektron qaimə-faktura göndərmişdir. Cavabdehə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində e-qaimələr təqdim edilmiş, cavabdeh tərəfindən alınmış, heç bir irad və qeyd irəli sürülməmişdir. Cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini icra etməkdən əsassız şəkildə yayınır. Bu barədə aparılan şifahi danışıqlar da nəticə verməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixində pretenziya da göndərilmişdir. Cavabdehin 20995 manat borcu qalmışdır. İddiaçı hüquqlarının müdafiəsi üçün vəkillə hüquqi yardım müqaviləsi bağlamış və 300 manat ödəniş etmişdir Bununla yanaşı, müqavilənin 4.1.6-cı bəndinə əsasən daşıyıcının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə sifarişçi hər gün üçün hesab faktura məbləğinin 5% miqdarında dəbbə pulu ödəməlidir. Son e-qaimənin verildiyi tarixdən 1 ildən çox vaxt keçir. Ümumi borcun ən azı 20000 manat olduğu nəzərə alınsa, bir aya dəbbə pulunun ümumi məbləği 30000 manat təşkil edir. Bu ədədi də 1 ilə tətbiq etdikdə 360 000 manat edir. Lakin yaranmış vəziyyətdə həmin qədər deyil, cəmi 30000 manat cərimə tələb edilir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 445.2-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahlar verdi və iddianın təmin edilməsini xahiş etdi.

6. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2 məhkəmə iclaslarında iştirak edərək, əsas borc məbləği ilə razı olduğunu, lakin dəbbə pulu ilə bağlı hissədə iddiaya etiraz etdiyini göstərdi. Məhkəmənin sualına cavab olaraq tələb olunan hüquqi yardım xərci ilə də razı olduğunu bildirdi.

7. İddiaçı məhkəmənin baxış iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan baxış iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Daşıma müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli yük daşınması müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı cavabdehin sifarişi əsasında yüklərin daşınmasını yerinə yetirməyi və ya yerinə yetirilməsini təşkil etməyi, cavabdeh isə göstərilən həmin xidmətlər üçün iddiaçıya muzd ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərlə bağlı xx.xx.2024-cü il tarixli MT2401 00212150 (6205 manat dəyərində xidmət üçün), xx.xx.2024-cü il tarixli MT2401 00484748 (5440 manat dəyərində xidmət üçün), xx.xx.2024-cü il tarixli MT2401 00485169 (5440 manat dəyərində xidmət üçün), xx.xx.2024-cü il tarixli MT2401 00048657 (5780 manat dəyərində xidmət üçün), xx.xx.2024-cü il tarixli MT2401 00049253 (5610 manat dəyərində xidmət üçün), xx.xx.2024-cü il tarixli MT2401 00052438 (5950 manat dəyərində xidmət üçün) seriya və nömrəli elektron qaimələr göndərilmiş, həmin qaimələrdə xidmətlərin ümumi dəyərinin 34425 manat olması əks olunmuş, həmin elektron qaimələrdən xx.xx.2024-cü il tarixli MT2401 00052438 seriya və nömrəli qaimə cavabdeh tərəfindən, digərləri isə sistem tərəfindən təsdiq edilmişdir.

12. İddiaçı 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli yük daşınması müqaviləsi üzrə 20995 manat əsas borcun tutulmasını tələb edir.

13. Cavabdeh əsas borc məbləği ilə razı olduğunu bildirir.

14. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

15. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

16. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

17. İddiaçı isə qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

21. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

22. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

23. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli müqavilə üzrə 20995 manat məbləğində muzd Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Daşıma müqaviləsi üzrə dəbbə pulunun azaldılması tələbi ilə bağlı

24. İddia ərizəsində iddiaçı həmçinin 30000 manat dəbbə pulunun cavabdehdən tutulmasını xahiş edir.

25. 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli müqavilənin 4.1.6-cı bəndinə əsasən, daşıyıcının təqdim etdiyi hesab-faktura vaxtında ödənilmədikdə, ödəmə gecikdirildiyi hər gün üçün sifarişçi hesab-faktura məbləğinin 5 faizi həcmində dəbbə ödəməlidir.

26. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

28. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

29. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl mübahisənin pretenziya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin məhkəmə nəzərə alır ki, cavabdeh müqavilə üzrə öhdəliyini hissəvi icra etməmiş, eyni zamanda iddiaçı da 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli müqavilə üzrə sonuncu elektron qaimə xx.xx.2024-cü il tarixdə göndərildiyi halda, uzun müddət sonra, yəni xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

30. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulmalı cərimə məbləğinin 1030 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

31. Məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi cərimənin tutulması hissəsində qismən təmin edilməli, 28 sentyabr 2023-cü il tarixli HG-2809/022/23 nömrəli müqavilə üzrə 1030 manat məbləğində cərimə Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Məhkəmə xərcləri ilə bağlı

32. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 245 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.

33. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 245 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

34. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli EO-221VK-9504/25 nömrəli order əsasında iddiaçı vəkillə təmsil olunmuşdur.

35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

36. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

37. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

38. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması, təqdim olunan sübutların həcmini və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

39. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Beləliklə, yuxarıda göstərilənləri və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2023-cü il tarixli daşıma xidmətinin göstərilməsi barədə müqavilə üzrə 20995 manat əsas borc, 1030 manat cərimə məbləği olmaqla ümumilikdə 22025 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar