Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3126/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 27.555,90 manat məbləğində xidmət haqqı, 16.555,10 manat məbləğində dəbbə pulu, cəmi 44.111 manat məbləğində borc, hüquqi yardıma görə ödənilmiş 315 manat, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin iddiaçı “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Təsərrüfatı” MMC ilə Cavabdeh firması arasında 12/18 nömrəli 14 dekabr 2018-ci il tarixli yük daşınması müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 bəndinə əsasən daşıyıcı sifarişçinin göstərişinə uyğun olaraq yükü təyinat məntəqəsinə çatdırmağı və yükalana təhvil verməyi, sifarişçi isə daşıyıcının haqqını bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürür. Müqavilənin 4.2-ci bəndinə əsasən tərəflər əmtəə-nəqliyyat qaimələri əsasında müvafiq ay ərzində 1 dəfə olmaqla təhvil-təslim akt imzalayırlar. Sifarişçi həmin təhvil təslim aktı əsasında həyata keçirilmiş daşımalar üzrə ödənişləri , hesab-fakturanı aldıqdan sonra 7 təqvim günü ərzində həyata keçirir. Sifarişçi həyata keçirilmiş daşımaların haqqını daşıyıcının hesablaşma hesabına köçürülmə yolu ilə ödəyir. Müqavilənin 1.1-ci bəndinə əsasən 2019-cu ilin fevral- iyul aylarında ümumi məbləğ 27.555,90 manat olmaqla daşınma xidməti həyata keçirilmişdir. Müqavilənin 5.2-ci bəndinə əsasən, sifarişçi hesab-fakturanı aldıqdan sonra ödəməni 30 gün ərzində həyata keçirmədiyi təqdirdə hər gecikdirilən iş günü üçün hesab-faktura ilə ödənilməsi nəzərdə tutulmuş ümumi məbləğin 0,1 % həcmində cərimə ödəyir. Lakin Müqavilənin qeyd olunan bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, bir neçə dəfə şifahi xahişlərinə baxmayaraq icra edilən daşınma xidmətinə görə bu günə kimi heç bir ödəniş həyata keçirilməmiş, müqaviləyə üzrə öhdəliklər icra edilməmişdir. Nəticədə şirkətə ziyan vurulmuşdur. Müqavilənin 10.2-ci bəndinə əsasən tərəflər arasında yaranmış mübahisələr danışıqlar yolu ilə həll olunmursa, bu halda mübahisə maraqlı tərəfin müraciəti ilə Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll olunur. Bununla bağlı qeyd olunan borcun ödənilməsi üçün 31 may 2021-ci il tarixli pretenziya məktubu cavabdehin hüquqi ünvanına göndərilmiş və 31.05.2021-ci il tarixdə məktub qəbul edilmişdir. 2019-cu ilin fevral- iyul aylarında göstərilmiş xidmət üçün verilmiş qaimələr üzrə 27.555,90 manat məbləğində xidmət haqqı ödəniş müddəti pozulmaqla bu günə kimi şirkətə ödənilməmişdir. Müqavilənin 10.2-ci bəndinə görə icraçı bu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri müəyyən edilmiş müddət ərzində yerinə yetirmədiyi halda,gecikdirilmiş müddətin hər günü üçün müqavilənin ümumi məbləğinin 0,1% həcmində cərimə ödəyir. Beləliklə, 601 günlük müddət üçün (müqavilə ödənişin hesab-faktura təqdim edildikdən sonra 30 gün ərzində ödənişin təmin edilməsini nəzərdə tutduğu üçün cərimənin hesablanması 30 gün sonradan başlanmışdır.) şirkətə 16.561,10 manat məbləğində ziyan vurulmuşdur. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddanın təmini tədbiri görülməsinə dair ərizə verərək, cavabdehin bank hesabına (Bank BTB ASC Promo filialı H/H AZ90BBTB********************, M/H AZNABZ ********************4) iddia tələbi həcmində pul vəsaiti üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.08.2021-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh MMC-nin Bank BTB ASC yerləşən, Promo filialı H/H AZ90BBTB********************, M/H AZNABZ ********************4 olan bank hesabında olan pul vəsaitlərinin üzərinə işçilərin əmək haqlarının, eləcə də dövlət büdcəsinə zəruri ödənişlərin (vergi, sosial və s.) verilməsinə məhdudiyyət qoyulmadan 29.055,90 manat həcmində həbs qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Cavabdeh MMC (sifarişçi) ilə “X1 Təsərrüfatı” MMC (daşıyıcı) arasında bağlanılmış 14 dekabr 2018-ci il tarixli, 12/18 saylı yük daşınması müqaviləsindən görünür ki, həmin müqavilənin: 2.1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin göstərişinə uyğun olaraq yükü təyinat məntəqəsinə çatdırmağı və yükalana təhvil verməyi, sifarişçi isə daşıyıcının haqqını bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. 2.3-cü bəndinə əsasən yükün təhvil-təslimi bütün hallarda təhvil verən və qəbul edən tərəfindən imzalanmış və möhürlənmiş əmtəə-nəqliyyat qaiməsi əsasında həyata keçirilir. 4.1-ci bəndinə əsasən daşıma haqqı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə 1-də göstərilir. 4.2-ci bəndinə əsasən tərəflər əmtəə-nəqliyyat qaimələri əsasında müvafiq ay ərzində 1 dəfə olmaqla təhvil-təslim aktı imzalayırlar. Sifarişçi həmin təhvil-təslim aktı əsasında həyata keçirilmiş daşımalar üzrə ödənişləri, hesab-fakturanı aldıqdan sonra 7 təqvim günü ərzində həyata keçirir. Sifarişçi həyata keçirilmiş daşımaların haqqını daşıyıcının hesablaşma hesabına köçürülmə yolu ilə ödəyir. 5.2-ci bəndinə əsasən sifarişçi hesab-fakturanı alqdıqdan sonra ödəməni 30 gün ərzində həyata keçirmədiyi təqdirdə, hər gecikdirilən iş günü üçün hesab-faktura ilə ödənilməsi nəzərdə tutulmuş ümumi məbləğin 0,1 % həcmində cərimə ödəyir. Tətbiq oluna biləcək cərimənin ümumi həcmi ödənişi gecikdirilmiş məbləğin 10 %-dan artıq ola bilməz. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 14 dekabr 2018-ci il tarixli 12/18 saylı yük daşınma müqaviləsinə 1 nömrəli qoşmaya əsasən qalaq sementinin daşınmasının hər tonu uçün (vergilər daxil olmamaqla) daşınma haqqı aşağıdakı kimi müəyyən edilmişdir: Beyləqan 10,70 manat, Şirvan 6,00 manat, Kürdəmir 8,20 manat, Bakı (zona 1) 3,50 manat, (zona 2,3) 4,50 manat, (zona 4,5) 5,50 manat, Quba 9,70 manat, Şəki 14,00 manat, Səlyan 6,20 manat, Qax 17,00 manat, Biləsuvar 8,80 manat, Masallı 10,70 manat, Sumqayıt 5,69 manat, Ağcabədi 13,00 manat, İmişli 10,00 manat, Ucar 10,50 manat, Gəncə 15,10 manat; kisə sementinin daşınmasının hər tonu üçün (vergilər daxil olmamaqla) Beyləqan 11,00 manat, Şirvan 6,00 manat, Kürdəmir 8,20 manat, Bakı (zona 1) 3,50 manat, (zona 2,3) 4,50 manat, (zona 4,5) 5,50 manat, Quba 10,00 manat, Şəki 14,00 manat, Səlyan 6,20 manat, Qax 17,00 manat, Biləsuvar 8,80 manat, Masallı 10,70 manat, Sumqayıt 5,69 manat, Ağcabədi 13,00 manat, İmişli 10,00 manat, Ucar 10,50 manat, Gəncə 15,10 manat. “X1 Təsərrüfatı” MMC ilə Cavabdeh MMC tərəfindən təsdiq edilmiş 09 avqust 2019cu il tarixli akta əsasən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 12/18 saylı 14.12.2018-ci il tarixli daşınma müqaviləsinə üzrə göstərilmiş yük daşınma haqqına görə Cavabdeh MMC-nin “X1 Təsərrüfatı” MMC-yə 2019-cu ilin iyul ayının 1-nə borcu 32.555,90 manat təşkil edir. 03.09.2019-cu il tarixli kredit haqqında bildirişə əsasən Cavabdeh MMC tərəfindən “X1 Təsərrüfatı” MMC-nin hesabına 5.000 manat məbləğində ödəniş edilmişdir. 03.06.2021-ci il tarixli qəbzə əsasən müəyyən edilir ki, “X1 Təsərrüfatı” MMC-nin direktoru K.Kazımov tərəfindən vəkili Nümayəndə hesabına 315 manat məbləğində ödəniş edilmişdir. “X1 Təsərrüfatı” MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh MMC-dən yaranmış borcun 10 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “X1 Təsərrüfatı” MMC ilə Cavabdeh MMC arasında 14 dekabr 2018-ci il tarixli 12/18 saylı daşınma müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin sifarişi əsasında daşınmanı həyata keçirmişdir. Cavabdeh MMC isə 2019-cu ilin fevral- iyul aylarında göstərilmiş yük daşınma üçün haqqı iddiaçı “X1 Təsərrüfatı” MMC-yə tam şəkildə ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 27.555,90 manat məbləğində borcu yaranmışdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianın qanuni əsasını Mülki Məcəllənin 385.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin: 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Belə olan halda məhkəmə cavabdehin müqaviləyə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini – 27.555,90 manat məbləğində pul vəsaitini - ödəməməklə müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməli, Cavabdeh MMC-dən 27.555,90 manat məbləğində pul tutularaq “X1 Təsərrüfatı” MMC-yə ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 16.555,10 manat dəbbə pulu məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göründüyü kimi Cavabdeh MMC-nin yük daşınma müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu tutulması üçün əsaslar mövcuddur. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tutulması tələb olunan dəbbə pulunun azaldılaraq 1.500 manat məbləğində müəyyən edilməsini ədalətli hesab edir. MPM-in: 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə xərclərinə gəldikdə qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, vəkil xidməti üçün ödənilmiş xərclər daxil olmaqla məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq tərəflər arasında bölünməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti və vəkil xidmətinə görə çəkilmiş xərclərin əvəzi olaraq 315 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 27.555,90 manat (iyirmi yeddi min beş yüz əlli beş manat doxsan qəpik) məbləğində əsas borc, 1.500 (min beş yüz) manat məbləğində dəbbə pulu, cəmi 29.055,90 manat (iyirmi doqquz min əlli beş manat doxsan qəpik) məbləğində pul vəsaiti və hüquqi yardıma görə ödənilmiş pulun əvəzi olaraq 315 (üç yüz on beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “Ruslan Kəndli (Fermer) Təsərrüfatı” MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3126/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3126/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver