Məhkəmə qərarları › İş №e-2-2(113)-3127/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3127/2022

08.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3127/2022 08.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı “X1 İthalat İhracat Sanayi X2 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı “X1 İthalat İhracat Sanayi X2 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı 12700.82 manat ödənilməmiş pulun, 250 manat hüquq xidməti üçün çəkilmiş xərcin, ümumilikdə 12950.82 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 12700.82 manat ödənilməmiş pulun, 250 manat hüquq xidməti üçün çəkilmiş xərcin, ümumilikdə 12950.82 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı bir qayda olaraq mülki dövriyyədə elektrik avadanlıqlarının satışı üzrə fəaliyyət göstərir. İddiaçı, cavabdeh ilə **********5 saylı, xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsi bağlamışdır. Həmin alğı-satqı müqaviləsinə əsasən, İddiaçı müvafiq malları Cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, Cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini İddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Cavabdehə müqaviləyə əsasən 14067.94 manat dəyərində olan malları verməklə müqavilə üzrə öhdəliyini tam şəkildə yerinə yetirmişdir. Lakin Cavabdeh razılaşdırılmış məbləğin 1367.12 manat hissəsini ödəmiş, geri qalan 12700.82 manat hissəsini isə indiyə qədər ödəməmişdir. İddiaçı borcun ödənilməsi üçün Cavabdehə xəbərdarlıq məktubu da göndərmişdir. Cavabdehdən pulun alınması bundan sonra da mümkün olmamışdır. Mübahisənin həll edilməsi üçün Cavabdeh mediator vasitəsilə xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak etmək üçün dəvət edilsə də o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra mediator İddiaçıya Cavabdehin ilkin mediasiya sessiyasında iştirak etməməsi barədə arayış təqdim etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış **********5 saylı xx.xx.2020-ci il tarixli alqısatqı müqaviləsindən görünür ki, iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini İddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 23 ədəd elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ümumilikdə 191071,75 manat dəyərində mal satılmışdır. Maliyyə arayışından görünür ki, iddiaçı tərəfindən cavabdehə sifariş etdiyi elektrik mallarının əvəzində 23 ədəd elektron qaimə göndərilmiş, həmin qaimələrdən 2 ədəd qaimələr üzrə malların tam dəyəri olan 169037,36 manat məbləğində pul vəsaiti ödənilmiş, qalan 21 ədəd elektron qaimələr üzrə 9333,57 manat məbləğində pul vəsaiti ödənilmiş, lakin 12700,82 manat məbləğində borc qalmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında **********5 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı müvafiq malları cavabdehin sifarişi əsasında hazırlayıb ona verməyi, cavabdeh isə həmin malları qəbul edib əvəzində onun dəyərini İddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 191071,75 manat dəyərində mal satılmış, cavabdeh tərəfindən 178370,93 manat hissəsi ödənilmiş, qalan 12700,82 manat hissəsi isə iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış **********5 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 12700,82 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, iddiaçının cavabdehə qarşı iddia ərizəsi üzrə hüquqi yardıma görə 250 manat “Ədalət” Vəkil Bürosunun hesabına ödənilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 250 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 12700.82 manat ödənilməmiş pul, 250 manat hüquq xidməti üçün çəkilmiş xərc, cəmi 12950.82 manat pul Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən tutularaq “X1 İthalat İhracat Sanayi X2 Ticaret Limited" şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar