Məhkəmə qərarları › İş №e-2-2(113)-3130/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3130/2021

10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3130/2021 10.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 23.162,34 ABŞ dolları məbləğində əsas borcun və 2.316,34 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənlmiş dövlət rüsumunun, cəmi 25.478,68 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “Monolit – D Limited” firması ilə 19 mart 2013 – cü il tarixdə İNM – 2/10 saylı xarici sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmiləri və dəniz obyektləri ilə dəniz radio rabitəsindən ötrü xarici radiostansiyaların hesabları üzrə iş aparılması üçün müqavilə bağlanmışdır. 22.11.2017 – ci il tarixdə 114 saylı məktubla Cəmiyyətə müraciət edilmiş, şirkətin təsisçisinin qərarı əsasında, Monolit – D LTD firmasının bölünməsi nəticəsində "xxxx" MMC – nin yaradılması bildirilmiş və tərəflər arasında bütün rəsmi sənədlərdə o cümlədən hesablarda və vergi fakturalarında şirkətin adının dəyişdirilməsi xahiş edilmişdir. Nəzərə çatdırır ki, ASCO tərəfindən Cavabdeh MMC – yə məxsus “Maru” (c/s 4JRT; İMN: 442345810; İMN: 4********), “Monolit Petroleum” (c/s 4JON; İMN:442336110; İMN: 4********) və “Baba Dag” (c/s 4JMX; İMN: 442320811; İMN: 4********) gəmilərinə və Elektron ünvan 1 email ünvanına peyk rabitə xidmətləri göstərilmişdir. Qeyd edir ki, göstərilmiş xidmətlərə görə tərəflərindən 23.162.34 ABŞ dolları məbləğində ödənilməmiş borc yaranmışdır. Cavabdeh tərəfindən hal-hazıra kimi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində cəmiyyət maliyyə çətinlikləri ilə üzləşmiş və digər qurumlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilənin 1 – ci bəndinə əsasən İMMARSAT sistemi daxil olmaqla, xarici radiostansiyalar vasitəsilə sifarişçinin BABA DAG, MONOLİT PETROLİUM vməElektron ünvan 2 obyektlərindən keçən xarici radiostansiyalarla dəniz radio rabitəsi hesablarının təşkilini sifarişçi həvalə edir, icraçı öhdəsinə götürür. Müqavilənin 2.1 – ci bəndinə əsasən sifarişçi təqdim edilmiş hesablarda nəzərdə tutulan məbləği İcraçının hesablaşma hesabına köçürür. Hesabların ödənilməsi icraçıdan hesablar alınandan sonra 10 gün ərzində həyata keçirilir. Müqavilənin 3.4–cü bəndinə əsasən mövcud gəmilər siyahıdan çıxarıldıqları (satılma, hesabdan silinmə və yeni gəmilər əlavə olunması) hallarında sifarişçi üç gün ərzində yazılı şəkildə Gəmiçiliyə (AAİC – Aİ01) məlumat verir. Həmin məlumatda Sifarişçinin konkret gəmiləri, balansdanbalansa verilmiş, yeni gəmi sahibinə satılası (yaxud hesabdan silinəsi), icarəyə verilən (rabitə üçün haqq verən dəyişdikdə) gəmilər göstərilir. Müqavilənin 3.5–ci bəndinə əsasən Gəmilər yaxud peyk rabitə stansiyaları sifarişçi tərəfindən operativ idarə altında olan digər istifadəçiyə verilməsi hallarında sifarişçi 3 günün ərzində gəmiçiliyin Aİ01 dəniz radio rabitəsinin hesablama mərkəzini xəbərdar etməlidir. Sifarişçi ilə müqavilə çərçivısində rabitə xidmətinə görə sifarişçinin özü tərəfindən hesabların ödənişi, yaxud konkret istifadəçi tərəfindən hesabların ödənilməsinə zəmanət olmalıdır (müəssisənin rəhbəri və baş mühasibin imzalanmış olduqları, möhürlə təsdiqlənmiş zəmanət məktubu formasında). Müqavilənin 4.2–ci bəndinə əsasən əgər bu Müqavilənin qüvvədə olması müddətinin qurtarmasına 1 ay qalmışadək tərəflərdən heç biri müqavilənin davam etdirilməməsi haqqında bəyanat verməyibsə, müqavilə növbəti il üçün qüvvəsini saxlayır. ASCO tərəfindən 01 fevral 2018 – ci il tarixdə, 01.12.2018 – ci il, 01.12.2019 – cu il və 30.11.2020 – ci il tarixlərdə Cavabdeh MMC – yə Hesab/İnvoyslar,elektron gaimə və xarici radiokompaniyalar tərəfindən verilən hesablar təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən xidmətdən istifadə etməklərinə baxmayaraq, bu sənədlərlə bağlı hər hansı hərəkət edilməmişdir. Belə ki, bu hərəkəsizlik cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməsi kimi və borcun təsdiq olunması kimi qəbul edilməlidir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehdən 23.707,4 ABŞ dolları məbləğində əsas borcun və 2.370,74 ABŞ dolları məbləğində qanun üzrə dəbbə pulunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 26.078,14 ABŞ dolları məbləğində pulun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbini iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, dəqiqləşdirilmiş ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iddiaya etiraz edərək, iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: - Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (icraçı) ilə “Monolit-D Limited” firması (sifarişçi) arasında 19 mart 2013-cü il tarixdə İNM-2/10 saylı xarici sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmiləri və dəniz obyektləri ilə dəniz radio rabitəsindən ötrü xarici radiostansiyaların hesabları üzrə iş aparılması üçün müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən İNMARSAT sistemi daxil olmaqla, xarici sahil radiostansiyalar vasitəsilə sifarişçinin BABA DAG; MONOLİT PETROLİUM və mailto:monolit.bunker@mail.ruElektron ünvan 1 obyektlərdən keçən xarici radiostansiyalarla dəniz radio rabitəsi hesablarının təşkilini sifarişçi həvalə edir, icraçı öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən sifarişçi təqdim edilmiş hesablarda nəzərdə tutulan məbləği icraçının hesablaşma hesabına köçürür. Hesabların ödənilməsi icraçıdan hesablar alınandan sonra 10 gün ərzində həyata keçirilir. 4.1-ci bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti: başlama- hər iki tərəfin müqaviləni imzalanma tarixindən, qurtarma – 31 dekabr 2013-cü il. 4.2-ci bəndinə əsasən əgər müqavilənin qüvvədə olması müddətinin qurtarmasına 1 ay qalmışadək tərəflərdən heç biri müqavilənin davam etdirilməməsi haqqında bəyanat verməyibsə, müqavilə növbəti il üçün qüvvəsini saxlayır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 01.10.2016-cı il tarixli **********3 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən “Monolit-D Limited” firmasına ƏDV daxil 4.645,57 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 14.03.2018-ci il tarixli **********8 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 14.319,05 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 18.12.2018-ci il tarixli **********9 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 1.791,04 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 08.08.2019-cu il tarixli **********8 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindənCavabdeh MMC-yə ƏDV daxil 1.528,69 ABŞ dolları dəyərində xidmət göstərmişdir. - 04.01.2020-ci il tarixli **********2 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 937,11 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 15.10.2020-ci il tarixli **********6 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 179,95 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 22.12.2020-ci il tarixli **********3 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 272,29 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. - 25.05.2021-ci il tarixli **********8 saylı invoysa əsasən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 34 ABŞ dolları dəyərində xidmət göstərilmişdir. -İddiaçı QSC tərəfindən ƏDV daxil 3.044,77 manat dəyərində xidmətin göstərilməsinə dair EAAO seriyalı, 541751 nömrəli, 20.12.2018-ci il tarixli, ƏDV daxil 7.530,93 manat dəyərində xidmətin göstərilməsinə dair HM seriyalı, 577131 nömrəli, 05.12.2016-cı il tarixli elektron qaimələr tərtib edilərək elektron sistem vasCavabdeh MMC-yə göndərilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı QSC-yə 14.04.2021-ci il tarixli ME-07/04-21 saylı məktub ünvanlanaraq müqavilənin qüvvədə olma müddəti qurtardığı tarixdən Cavabdeh MMC tərəfindən ləğv ediləcəyi bildirilmişdir. - Cavabdeh MMC-nin 28.04.2017-ci il tarixli nizamnaməsinə əsasən müəyyən edilir ki, "xxxx" MMC AR Mülki Məcəlləsi və digər normativ hüquqi aktlarına əsasən fəaliyyət göstərən AR Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsində 21.10.1999-cu il tarixdə Ş-776 nömrə ilə qeydiyyata alınmış və hazırkı dövlət qeydiyyat nömrəsi (VÖEN) ********** olan “Monolit-D Limited” firmasının bölünməsi şəklində yenidən təşkili yolu ilə yaradılmış və onun hüquqi varisidir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı QSC ilə “Monolit-D Limited” firması (Cavabdeh MMC-nin hüquqi sələfi) arasında 19 mart 2013-cü il tarixli İNM- 2/10 saylı xarici sahil radiostansiyaları vasitəsilə sifarişçinin gəmiləri və dəniz obyektləri ilə dəniz radio rabitəsindən ötrü xarici radiostansiyaların hesabları üzrə iş aparılması üçün xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı həmin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək cavabdehin gəmilərinə rabitə xidməti göstərmişdir. Cavabdeh isə göstərilmiş xidmətlərə görə haqqı ödəməməklə, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya 23.707 ABŞ dolları məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, tərəflər arasında bağlanmış müqavilədə sifarişçinin xidmət haqqının ödənilməsi öhdəliyinin icrası müddəti müəyyən edilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə görə sifarişçi tərəfindən hesab üzrə xidmət haqqı ödənişi həmin hesab alınandan sonra 10 gün ərzində həyata keçirilməlidir. Belə olan halda isə hazırkı işdə hər bir invoys (hesab) üzrə iddia müddətinin axımı Mülki Məcəllənin 377.3-cü maddəsinə əsasən öhdəliyinin icrası müddətinin bitdiyi tarixdən, yəni həmin invoysun (hesabın) təqdim edildiyi tarixdən 10 günlük müddət keçdikdən sonra başlamışdır. İnvoysların təqdim edildiyi tarixə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəmədə verdiyi izahatında mübahisəli invoysların (hesabların) tərtib edildiyi vaxtda cavabdehə təqdim edildiyini bildirmiş, cavabdeh isə hesabların ona dərhal təqdim edildiyini mübahisələndirməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia ilə ödənilməsi tələb edilən borcun bir hissəsi 18.12.2018-ci il tarixli **********9 saylı; 08.08.2019-cu il tarixli **********8 saylı; 04.01.2020ci il tarixli **********2 saylı; 15.10.2020-ci il tarixli **********6 saylı; 22.12.2020-ci il tarixli **********3 saylı; 25.05.2021-ci il tarixli **********8 saylı invoyslar əsasında yaranmışdır. Hazırkı iddia sözügedən invoysların tərtib edildiyi vaxtdan 3 illik müddət keçməmiş - 10.06.2021-ci il tarixdə irəli sürüldüyündən həmin invoyslardan irəli gələn tələblər üzrə iddia müddətinin buraxılması istisna edilir. Digər iki invoys - 01.10.2016-cı il tarixli **********3 saylı və 14.03.2018-ci il tarixli **********8 saylı invoyslara əsaslanan tələblərə münasibətdə isə məhkəmə qeyd edir ki, hazırkı iddia 01.10.2016-cı il tarixli invoysun tərtib edildiyi (təqdim edildiyi) vaxtdan 4 il 7 ay və 14.03.2018-ci il tarixli invoysun tərtib edildiyi (təqdim edildiyi) vaxtdan 3 il üç ay müddət keçdikdən sonra qaldırılmışdır. Bununla da həmin invoyslardan irəli gələn tələb üzrə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə əsas borcun tutulmasına dair iddia tələbi 18.12.2018-ci il tarixli **********9 saylı; 08.08.2019-cu il tarixli **********8 saylı; 04.01.2020-ci il tarixli **********2 saylı; 15.10.2020ci il tarixli **********6 saylı; 22.12.2020-ci il tarixli **********3 saylı; 25.05.2021-ci il tarixli **********8 saylı invoyslar üzrə yaranmış 4.743,08 ABŞ dolları borcun tutulması hissəsində təmin edilməlidir. 01.10.2016-cı il tarixli **********3 saylı və 14.03.2018-ci il tarixli **********8 saylı invoyslara əsaslanan borcun tutulması tələbinə dair hissədə isə iddia müddəti buraxıldığından iddia rədd edilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 2.370,74 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulunun ödənilməsinə dair iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, həmin hissədə iddia əsaslı deyildir. Belə ki, Mülki Məcəllənin: 462-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 464.1-ci maddəsinə görə kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Göstərilən normaların məzmunundan da göründüyü kimi dəbbə pulu öhdəliyin icra edilmədiyinə və ya lazımınca icra edilmədiyinə görə tətbiq edilən maliyyə sanksiyasıdır. Həmin sanksiyanın tətbiq edilməsi qanunda nəzərdə tutula bilər və ya müqavilə ilə müəyyənləşdirilə bilər. Hazırkı halda iddiaçı cavabdehdən müqavilə öhdəliyinin icra edilməməsinə görə dəbbə pulunun ödənilməsini tələb etsə də, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun tutulması barədə şərt nəzərdə tutulmamışdır, eləcə də iddiaçı qanun üzrə dəbbə pulunun tutulması üçün əsas verən hər hansı qanunvericilik normasına istinad etməmişdir. Odur ki, dəbbə pulunun tutulması hissəsində iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianin qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 10 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 4.743,08 ABŞ dolları (dörd min yeddi yüz qırx üç dollar səkkiz sent) ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar