Məhkəmə qərarları › İş №e-2-2(113)-3130/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3130/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3130/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 fevral 2020-ci il tarixli, 290220/01 saylı müqavilə üzrə yaranmış 11800 manat borcun, 100 manat məbləğində mediasiya xərcinin, 25 manat məbləğində dövlət rüsumunun, habelə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 150 manat məbləğinin Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 29 fevral 2020-ci il tarixində "xxxx" MMC ilə Cavabdeh MMC arasında 290220/01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı - "xxxx" MMC, alıcı - Cavabdeh MMC-yə Müqavilənin tərkib və ayrılmaz hissəsi hesab olunan qiymət razılaşdırma protokolunda təsvir olunan paylayıcı lövhəni təhvil verməyi, Alıcı isə malın dəyərini ödəməyi öhdəsinə götürmüşdülər. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı malın dəyərinin 50%-nı müqavilə imzalandıqdan sonra, yerdə qalan 50% isə mal təhvil verildikdə ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı tərəfindən malın keyfiyyətinə dair narazılıq yarandığı halda, o malın qüsurlarının ona verilməsi anınadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir. Alıcı malın keyfiyyətinə dair hər hansı bir iradını Satıcıya bildirməmiş və malın keyfiyyəti ilə tam qane olduğunu malı təhvil aldığı ilə və daha sonra edilən ödənişlər ilə təsdiq etmişdir. Tərəflər arasında Müqavilənin ümumi dəyəri ƏDV daxil 25960 manat məbləğinə razılaşdırılmış, alıcı tərəfindən 10000 manat 2020-ci ilin fevral ayında, 1800 manat xx.xx.2020-ci il tarixində, 360 manat və 2000 manat xx.xx.2021-ci il tarixində, ümumilikdə ƏDV daxil 14160 manat ödənilmişdir. Lakin, Cavabdeh MMC Müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri tam icra etməmiş, nəticədə onun iddiaçıya ƏDV daxil 11800 manat borcu yaranmışdır. Cavabdeh MMC-yə 21 fevral 2022-ci il tarixində yazılı xəbərdarlıq və dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Müqavilə üzrə öhdəliklər icra olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - "xxxx" MMC ilə Cavabdeh MMC arasıdna bağlanmış 29 fevral 2020-ci il tarixli, 290220/01 nömrəli müqaviləyə əsasən satıcı - "xxxx" MMC müqavilədə müəyyən olunmuş şərtlərlə X1 qeyd olunan mal-material alıcı - Cavabdeh MMC-yə satmağı və quraşdırılmasını, alıcı isə həmin şərtlərlə malı qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. - 29 fevral 2020-ci il tarixli müqavilənin X1 qeyd olunmuşdur ki, malların (3x400A girişli 04 kV paylayıcı lövhə) qiyməti 25960 manat təşkil edir. - 29 fevral 2020-ci il tarixli hesab-fakturaya əsasən Cavabdeh MMC-yə 25960 manat dəyərində mal "xxxx" MMC tərəfindən satılmışdır. - "xxxx" MMC-nin bank hesabı üzrə əməliyyatların çıxarışına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 2000 manat və 10000 manat məbləğində ödəniş olunmuşdur. - xx.xx.2020 və xx.xx.2021-ci il tarixli və ödəniş tapşırıqlarına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 1800 manat və 360 manat məbləğində ödəniş olunmuşdur. - EBAJ seriyalı 063448 nömrəli, 22 aprel 2020-ci il tarixli elektron qaiməyə əsasən 24662 manat, lakin sonradan həmin elektron qaimə EBBW seriyalı 103125 nömrəli, 11 may 2020-ci il tarixli elektron qaimə ilə dəqiqləşdirilərək, qiymət artımı nəticəsində Cavabdeh MMC-nin 25960 manat məbləğində borcu yaranmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Tərəflər arasında tərtib olunmuş müqavilənin 3.3-cü bəndində qeyd edilmişdir ki, alıcı malın dəyərinin 50%-nı müqavilə imzalandıqdan sonra, qalan 50% isə malın təhvilində ödəyir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": - 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. - 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, 25960 manat dəyərində mal Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən ümumilikdə 14160 manat məbləğində ödəniş həyata keçirilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 11800 manat məbləğinin tutulması hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə həmin Məcəllənin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 150 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 125 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbi barədə iddiası təmin edilsin. 11800 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Hüquqi yardıma görə ödənilmiş vəsaitin əvəzi qismində 150 manat, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 125 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar