Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3130/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16520 manat əsas borcun, 332 manat 69 qəpik hesablanmış faizlərin, vəkilə ödənilmiş 2000 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 147 manat dövlət rüsumunun, ümumilikdə 18999,69 (on səkkiz min doqquz yüz doxsan doqquz manat altmış doqquz qəpik) manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 2611/2024-CES nömrəli “alqı-satqı və xidmət müqaviləsi” üzrə cavabdeh öhdəliklərini pozaraq, aldığı malların dəyərini həmin müqavilənin 1 saylı əlavəsinin 1-ci bəndinə əsasən İddiaçının təqdim etdiyi xx.xx.2024-cü il tarixli, MT2411 seriyalı, 12417691 nömrəli e-qaimə əsasında ona 5 iş günü ərzində ödəməmişdir və hazırda İddiaçıdan almış olduğu 01 ədəd TTSJ-21/500 SU JETİ adlı mala görə cavabdehin müqavilə üzrə borcunun məbləği 16520 manat (14000 manat malın qiyməti + 2520 manat ƏDV) təşkil edir. Dəfələrlə şifahi və yazılı müraciətə (pretenziya məktubu da daxil olmaqla) baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmir və borcunu iddiaçıya ödəmir. Mülki qanunvericiliyə əsasən 16520 manatdan əlavə, həmin məbləği müqavilə və qanuni əsas olmadan saxladığına görə əsassız varlanmağa görə də cavabdehə qarşı tələb hüququ yaranmışdır. Cavabdeh ona verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyi üçün Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək faizlər ödəməlidir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyənləşdirilən bank uçot dərəcəsi (https://www.cbar.az/infoblocks/corridor_percent?year=2024) 7,25% təşkil edir. İddiaçının ödənişi cavabdeh tərəfindən 100 gün gecikdirilmişdir və hazırda hesablanmış faizlər 332,69 qəpik təşkil edir (16520 manat x 7.25% /360gün x 45 gün). Məhkəmədə iddia qaldırmaq və hüquqları müdafiə etmək üçün vəkil ilə “Hüquqi yardımın göstərilməsi haqqında müqavilə №EM-2180vk13127/25” bağlanmış və 2000 manat xidmət haqqı ödənilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən əsas borc tam şəkildə ödənilmişdir. Hazırda əsas borcun ödənilməsinin gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında faiz borcunun və məhkəmə xərclərinin cavabdehdən tutulmasını tələb edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2611/2024-CES nömrəli alqı-satqı və xidmət müqaviləsinə görə müqaviləyə əsasən satıcı alıcıya yuyucu avadanlıqlar və onun ehtiyat hissələri satır, servis xidməti göstərir, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir.
8. Müqavilənin 2.1-ci bəndinə görə malın (xidmətin) qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşma ilə müəyyənləşdirilir.
9. Müqavilənin 4.1-ci bəndinə görə satıcı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ilkin ödəniş həyata keçirildikdən sonra 30 (otuz) təqvim günü ərzində malı alıcıya təhvil verməyi öhdəsinə götürür.
10. Müqavilənin 5.1-ci bəndinə görə müqaviləyə əsasən alıcı satıcının təqdim etdiyi hesab-fakturanı aldıqdan sonra malın dəyərini 100% həcmində ödəniş etməlidir.
11. Müqavilənin 8.1-ci bəndinə görə bu müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2025-ci ilədək qüvvədədir.
12. xx.xx.2024-cü il tarixli, 2611/2024-CES nömrəli alqı-satqı və xidmət müqaviləsinə xx.xx.2024-cü il tarixli, 01 nömrəli əlavəyə görə satılacaq malın dəyəri cəmi ƏDV daxil olmaqla 16520 manat təşkil edir.
13. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2411 12417691 nömrəli 16520 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.
14. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, cavabdeh tərəfindən iddiaçıya 14000 manat məbləğində ödəniş edilmişdir.
15. xx.xx.2025-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, cavabdeh tərəfindən 2520 manat məbləğində pul iddiaçıya məxsus ədv sub-uçot hesabına ödənilmişdir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2024-cü il tarixli, 2611/2024-CES nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın müqabilində cavabdeh tərəfindən 16520 manat məbləğində borc iddiaçıya ödənilməmiş, iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra göstərilən borc məbləği məhkəmə icraatı dövründə xx.xx.2025-ci il tarixdə tam həcmdə iddiaçıya ödənilmiş, göstərilən faktı iddiaçının nümayəndəsi məhkəmə iclasında da təsdiq etmişdir.
18. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, 2611/2024-CES nömrəli alqı-satqı müqaviləsi üzrə 16520 manat əsas borc iddiaçıya tam şəkildə cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə ödənildiyindən bu hissədə iddia tələbi təmin edilə bilməz.
19. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 332,69 manat faiz borcunun tutulmasını xahiş etmiş, iddia ərizəsində tələbin qanuni əsası kimi Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edilsə də, iddiaçının nümayəndəsi və vəkili Vəkil həmin borcun Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbləri qaydasında tələb edildiyini məhkəmə iclasında bildirmişdir.
20. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
22. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
23. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
24. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
25. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 2611/2024-CES nömrəli alqı-satqı müqaviləsinin 5.1-ci bəndinə görə alıcı satıcının təqdim etdiyi hesabfakturanı aldıqdan sonra malın dəyərini 100% həcmində ödəniş etməlidir.
26. Cavabdehə elektron qaimə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilmiş, cavabdeh həmin qaiməni xx.xx.2025-ci il tarixdə (5 ay 3 gün sonra) ödəmişdir.
27. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan və cavabdehin özü tərəfindən də təkzib edilmədiyindən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi əsaslıdır.
28. Bununla yanaşı, məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməlidir.
29. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 100 gün üçün illik 5 faiz hesablanmaqla 332,69 manat məbləğində faiz borcunun cavabdehdən tutulmasını tələb etmişdir.
30. İddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə 100 gün üçün illik 5 faiz hesablanmaqla 332,69 manat məbləğində faiz borcu tələb edilsə də, məhkəmə qeyd edir ki, həmin məbləğ iddiaçı tərəfindən düzgün hesablanmamış, 100 gün üçün illik 5 faiz hesablanmaqla faiz borcu 226 manat (16520 manat * 5 faiz / 365 gün * 100 gün) təşkil edir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, 226 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
32. Bundan başqa iddia ərizəsində 2000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 400 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabdehdən tutularaq iddiaçıya ödənilməli, hüquqi yardımla bağlı çəkilmiş qalan 1600 manat xərc iddiaçının özünə aid edilməlidir.
33. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən hüquqi yardımla bağlı xidmət haqqına görə “Prospekt” Vəkil Bürosuna 2000 manat vəsait ödənilmişdir.
34. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
35. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
36. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 117 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 226 manat faiz borcu, 30 manat dövlət rüsumu, 400 manat hüquqi yardımla bağlı xərc, ümumilikdə 656 (altı yüz əlli altı) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 117 (bir yüz on yeddi) manat dövlət rüsumu, 1600 (bir min altı yüz) manat hüquqi yardımla bağlı xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova