Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3131/2021 06.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borc pul tələbi barədə iddia ərizəsi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən satılmış malın dəyərini təşkil edən 21076.76 (iyirmi bir min yetmiş altı) manat (yetmiş altı) qəpiyin və bu günədək gecikdirilmiş məbləğin 5%-ni təşkil edən 527 (beş yüz iyirmi yeddi) manatın, ümumilikdə 21603.76 (iyirmi bir min altı yüz üç) manat (yetmiş altı) qəpiyin tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə arasında bağlanmış 18 avqust 2020-ci il tarixli 095/S-2020 nömrəli müqaviləyə əsasən cavabdehə mal və avadıdanlıqlar satılmış və bununla bağlı cavabdehə e-qaimə verilmişdir. Mal və avadanlıqlar cavabdehə təhvil verilsə də, cavabdeh Bu Müqavilənin 2.2.2-ci maddəsinin tələbinə əsasən ödənişi həyata keçirməmiş və bu günədək öhdəliyini icra etməmişdir. 02.10.2020-ci il tarixli 751087 nömrəli elektron qaiməyə əsasən cavabdeh iddiaçıya 1796,34 (min yeddi yüz doxsan altı manat otuz dörd qəpik) və 26.11.2020-ci il tarixli 095864 nömrəli Elektron qaiməyə əsasən isə 19280,42 (on doqquz min iki yüz səksən manat qırx iki qəpik) borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə isə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, “alıcı” Cavabdeh MMC olmaqla “satıcı” İddiaçı MMC arasında mal və avadanlıqların alınması barədə alğı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsəasən alınan mal və avadanlıqların hər bir partiyası üçün tərəflər bu Müqavilənin ayrılmaz hissəsi olan Əlavə tərtib edirlər. Həmin əlavədə alınan mal və avadanlığın adı, növü, sayı və qiyməti barədə məlumat olmalıdır. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçiriləcək malların haqqı “Satıcı”tərəfindən təqdim ediləcək ödəniş sənədləri və təhvil qəbul sənədi əsasinda 15 (on beş ) təqvim günü ərzində “Alıcı” tərəfindən köçürmə yolu ilə “Satıcı”nın bank hesabına ödənilir. Həmin müqavilənin 2.2.3-ci bənsinə əsasən əgər “Alıcı” göstərilmiş müddət ərzində ödəniş etməzsə və ya satıcı malı göstərilən müddətdə təhvil verməzsə gecikdirilmiş hər gün üçün malların dəyərinin 0.1% həcmində cərimə ödəməlidir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli müqaviləyə 02.10.2020 tarixli 02 nömrəli əlavədən görünür ki , “alıcı” Cavabdeh MMC olmaqla “satıcı” İddiaçı MMC arasında ƏDV daxil olmaqla 1796,34 manat dəyərində malın adı, qiyməti, miqdarı göstərilməklə qiymətlərin razılaşdırılması protokolu tərtib edilmişdir. İş materiallarında olan 02 nömrəli 02.10.2010 tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 1796,34 manat dəyərində malın İddiaçı MMC tərəfindən təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan EBAQ seriyalı 751087 nömrəli 02.10.2020-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC 1796,34 manat məbləğində ödəniş həyata keçirilməsi üçün elektron qaimə təqdim etmiş, Cavabdeh MMC tərəfindən həmin e-qaimə təsdiq edilmişdir. İş materiallarında olan 18 avqust 2020-ci il tarixli müqaviləyə 26.11.2020-ci tarixli 03 nömrəli əlavədən görünür ki , “alıcı” Cavabdeh MMC olmaqla “satıcı” İddiaçı MMC arasında ƏDV daxil olmaqla 19280,42 manat dəyərində malın adı, qiyməti, miqdarı göstərilməklə qiymətlərin razılaşdırılması protokolu tərtib edilmişdir. İş materiallarında olan 03 nömrəli 26.11.2020-ci tarixli təhvil-təslim aktına əsasən ƏDV daxil olmaqla 19280,42 manat dəyərində malın İddiaçı MMC tərəfindən təhvil verilməsi Cavabdeh MMC tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan EBAT seriyalı 095864 nömrəli 26.11.2020-ci il tarixli elektron qaiməyə əsasən İddiaçı MMC 19280,42 manat məbləğində ödəniş həyata keçirilməsi üçün elektron qaimə təqdim etmiş, Cavabdeh MMC tərəfindən həmin e-qaimə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% hesablanmış gecikdirmə faizi - 527 manatın cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun, eyni zamanda gecikdirilmiş vaxt üçün pul məbləğinin illik 5 faizinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 21076,76 manat əsas borc, illik 5% hesablanmış gecikdirmə faizi 527 manat , cəmi 21603,76 (iyirmi bir min altı yüz üç manat, yetmiş altı qəpik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 21076,76 manat, faiz 527 manat , cəmi 21603,76 (iyirmi bir min altı yüz üç manat, yetmiş altı qəpik) manat tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3131/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3131/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver