Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3131/2022 22.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 74816 (yetmiş dörd min səkkiz yüz on altı) manat borcun və 2019-cu ildən iddia verilən günədək 9634,7 (doqquz min altı yüz otuz dörd manat, yetmiş qəpik) manat faizin, mediasiya prosesi və dövlət rüsumu üçün ödənilmiş 400 (dörd yüz) manatın alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə ASFX17/046 saylı 01 mart 2017-ci il tarixli “xidmət” müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində uçot və mühasibatlıq işlərinin həyata keçirilməsi ilə əlaqədar xidmətlər göstərmişdir. Müqavilənin predmetinə görə göstərdiyi xidmətin əvəzində cavabdeh həmin xidmətə görə haqqın ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin, göstərdiyi xidmətlərə görə xidmət haqqı tam şəkildə ödənilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 2019-cu ilin aprel-noyabr ayları və 2020-ci ilin aprel və oktyabr ayları üzrə müqavilə üzrə xidmətlərimi göstərməsinə baxmayaraq, həmin aylar hesablansa da (pulun hesablanması barədə aktlar vardır) ödənilməmişdir. Ödənilməyən məbləğ 74816 (yetmiş dörd min səkkiz yüz on altı) manat təşkil edir. Dəfələrlə cavabdehə xidmətlərə görə haqqın ödənilməsi barədə həm yazılı, həm də şifahi müraciət etməsinə baxmayaraq, müraciətlərə heç bir məhəl qoyulmayıb. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunub və pulun ödənilməsi xahiş olunmuş, ödənilmədiyi təqdirdə müvafiq məhkəməyə müraciət olunması barədə xəbərdarlıq edilmişdir. Sonuncu pretenziyaya da cavabdeh tərəfindən heç bir məhəl qoyulmamışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Daha əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəməyə izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş aktlar araşdırılmışdır. İddiaçı tərəfindən hər hansı elektron qaimə təqdim edilmədiyindən borcun əsaslı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tərəflər arasında hər-hansı son tarixə üzləşmə aktı da mövcud deyil. Müvafiq ödənişlərin aparılmasını təsdiq edən sənədləri iş materiallarına əlavə edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib, tərəflərin izahatlarını dinləyib,toplanmış sübutların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: "xxxx" ASC “sifarişçi” “icraçı” İddiaçı olmaqla imzalanmış ASFX seriyalı 17/046 nömrəli 01 mart 2017-ci il tarixli müqaviləyə əsasən icraçı sifarişçinin Özbəkistan Respublikasında icrasını həyata keçirdiyi “M39 Daşkənd-Termez magistral yolunun yenidən qurulması” layihəsində uçot və mühasibatlıq ilə əlaqədar işləri öz üzərinə götürür. 2.1-ci bəndə əsasən sifarişçi icraçıya 1 ay üçün vergilər və digər ödənişlər daxil olmaqla, 3.670 manat xidmət haqqı ödəyir. "xxxx" ASC-nin baş icraçı direktoru Bürhan Həmidov və İddiaçı olmaqla tərtib edilmiş 31 may 2019-cu il tarixli, 30 iyun 2019-cu il tarixli, 31 iyul 2019-cu il tarixli, 31 avqust 2019cu il tarixli, 30 sentyabr 2019-cu il tarixli, 31 oktyabr 2019-cu il tarixli, 30 noyabr 2019-cu il tarixli, 30 aprel 2020-ci il tarixli, 31 may 2020-ci il tarixli, 30 iyun 2020-ci il tarixli, 31 iyul 2020-ci il tarixli, 31 avqust 2020-ci il tarixli, 30 sentyabr 2020-ci il tarixli, 31 oktyabr 2020-ci il tarixli, görülmüş işin təhvil-təslimi barədə akta əsasən 01 mart 2017-ci il tarixli ASFX 17/046 nömrəli müqavilənin 1.1-ci bəndində qeyd olunan göstərilmiş xidmətlərin dəyəri müvafiq olaraq hər ay üzrə 5.344 manat razılaşdırılmışdır. Qeyd olunan aktlar imzalanmış, "xxxx" ASC-nin möhürü ilə təsdiqlənmişdir. İddiaçı məxsus bank hesabından çıxarışdan məlum olur ki, müxtəlif tarixlərdə "xxxx" ASC tərəfindən 01 mart 2017-ci il tarixli ASFX 17/046 nömrəli müqavilə üzrə qeyd olunan bank hesabına mədaxil olmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Bakı 4 saylı Mediasiya Təşkilatının hesabına 400 manat köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya göstərilmiş xidmətin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya göstərilmiş xidmət üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 74816 (yetmiş dörd min səkkiz yüz on altı) manat tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməli eyni zamanda iddiaçı tərəfindən məhkəməyə elektron qaimələr təqdim edilməmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, AR MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir. İddiaçı tərəfinin mübahisələndirilən təhvil-təslim aktları isə 31 may 2019-cu il tarixindən başlayır. Belə olan halda məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi üçün əsaslar mövcud deyil. Məhkəmə cavabdehin iddiaçı tərəfindən elektron qaimələrin təqdim edilməməsinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya borcu olması tərəflər arasında tərtib edilmiş görülmüş işlərin təhvil-təslimi barədə akt ilə öz təsdiqini tapır. Belə olan halda isə iddia tələbinin rədd edilməsi üçün əsaslar mövcu deyil. İddiaçı iddia tələbində 2019-cu ildən iddia verilən günədək 9634,7 (doqquz min altı yüz otuz dörd manat, yetmiş qəpik) manat faizin ödənilməsini də tələb etmişdir. AR MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə iddiaçı tərəfindən hansı tarixdən olması və hesablanması aydın ifadə edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 400 manat mediasiya xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 74816 (yetmiş dörd min səkkiz yüz on altı) manat və 400 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3131/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3131/2022
22.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver