Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3132/2022 14.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı cavabdeh tərəfindən ünvan 1 evin 15/a saylı ünvanında yerləşən mağazaya hesablanmış 4104 manat borcun ləğv olunması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən ünvan 1 evin 15/a saylı ünvanında yerləşən mağazaya hesablanmış 4104 manat borcun ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaxın rəfiqəsi X4 mülkiyyətində olan ünvan 2 ünvanı mağaza kimi fəaliyyət göstərir. Cavabdeh ASC-dən Aidə xanıma bildirmişlər ki, mağazaya su sayğacı qoyulmalıdır. Sayğac kommersiya əsaslı olduğundan, Aidə Şirinovanın isə VÖEN-i olmadığından, iddiaçının VÖEN-i olduğundan Etibarnamə əsasında iddiaçı ilə Cavabdeh ASC arasında 21 iyun 2018-ci il tarixdə S-1279/18 saylı müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mağazanın çöl hissəsinə su sayğacı quraşdırılmışdır. Sayğaca görə 249 manat pul ödənilmiş və həmin pulun müqabilində əlavə olaraq sayğaca 8 ton su sərfiyyatı vurulmuşdur. Sayğac qoyulduqdan bir neçə saat sonra bina sakinləri onların mənzillərinə suyun gəlmədiyini bildirmişlər və bunun səbəbi kimi mağazaya qoyulan sayğacı göstərmişlər. Bina sakinləri və iddiaçı bu barədə dərhal Qaradağ rayon Su idarəsinə məlumat vermişlər və Su idarəsinin məsul şəxsləri İzmir Əmirov, Rəşad Həsənov və iki nəfər həmin idarənin təmirçiləri sayğaca baxış keçirmişlər. Məlum olmuşdur ki, sayğaca vurulan 8 ton su bina sakinləri tərəfindən bir neçə saat ərzində sərf edildiyindən su sərfiyyatı dayanmışdır. Sayğaca baxış zamanı o da məlum olmuşdur ki, binada yerləşən mənzillərə gedən su xətləri də blokda yerləşən və birbaşa mənzilə daxil olan su borusundan paylanırmışdır. Elə bu səbəbdən də su idarəsinin əməkdaşları tərəfindən sayğac bina sakinlərinin gözü önündə sökülərək suyun verilməsi bərpa olunmuşdur. Dəfələrlə bu barədə şifahi olaraq Qaradağ rayon Su idarəsinə məlumat versə də, əlaqədar təşkilat heç bir tədbir görməmişdir. Sonradan xəbərdarlıq edilmədən Su idarəsinin əməkdaşları 12 iyul 2021-ci il tarixdə mağazaya daxil olub, sayğacdan kənar d- 20 mm boru vasitəsilə sudan qanunsuz istifadə edilməsi barədə əsassız akt tərtib etmişlər. Həmin akta əsasən guya 28 May küçəsi ev 3, mənzil 15/a ünvanında yerləşən mağazaya quraşdırılmış su sayğacı özbaşına açılaraq kənara qoyulmuşdur. Əsassız olaraq Cavabdeh ASC tərəfindən 4104 manat məbləğində borc hesablanmışdır. Həmin akt 12 iyul 2021-ci il tarixdə tərtib edilsə də, bu barədə ona 2022-ci ilin yanvar ayında məlumat vermişlər. Həmin aktın qanunsuz tərtib olunması barədə xx.xx.2022-ci il tarixdə rəsmi olaraq məktubla Cavabdeh ASC-nə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Həmin akt tərtib edilərkən iştirak etməmiş, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən qanunsuz akt tərtib edilmişdir. Cavabdeh ASC-nin Qaradağ rayonu üzrə əməkdaşları tərəfindən su sayğacı sökülərkən həmin mağazada işləyən X5 və X2, həmin binanın 4-cü mərtəbəsində yaşayan X6 orada olmuşlar. Su sayğacının Cavabdeh ASC-nin əməkdaşları tərəfindən sökülməsini həmin binada yaşayan digər qonşular da təsdiq edə bilərlər. Çünki onların evinə su sərfiyyatı dayandığı üçün sayğacı Qaradağ rayon su idarəsinin əməkdaşları onların gözü önündə sökmüşlər. Hesab edir ki, həmin akt əsassız və qanunsuz olmaqla hesablanmış borc hesabından silinməlidir Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə ünvan 1 evin 15/a saylı ünvanında yerləşən iddiaçıya məxsus mağazaya baxış keçirilmiş, orada quraşdırılmış su sayğacının özbaşına açılaraq kənara qoyulması, sayğacdan kənar d=20 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə olunması aşkar olunmuşdur. Əməkdaşlar tərəfindən bu barədə akt tərtib olunmuş və hesabat verilmişdir. Hesabatın məbləği “Sudan istifadə Qaydaları”na əsasən borunun diametrinə uyğun olaraq hesablanmış və 4104 manat məbləğində su sərfiyyatı hesablanmışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: xx.xx.2021-ci il tarixli 007415 saylı aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 evin 15/a saylı ünvanında yerləşən iddiaçıya məxsus mağazaya baxış keçirilmiş, baxış zamanı obyektdə quraşdırılmış su sayğacının özbaşına açılaraq kənara qoyulması, sayğacdan kənar d=20 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə olunması aşkar olunmuşdur. Hesab-fakturadan görünür ki, cavabdeh tərəfindən iddiaçıya 4104 manat məbləğində borc hesablanmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli 01/4/01-7/6/3056 saylı “Müraciətə baxılması haqqında” məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli 007415 saylı akta əsasən 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən ünvan 1 evin 15/a saylı ünvanında yerləşən iddiaçıya məxsus mağazaya baxış keçirilmiş, baxış zamanı obyektdə quraşdırılmış su sayğacının özbaşına açılaraq kənara qoyulması, sayğacdan kənar d=20 mm-lik boru vasitəsi ilə sudan qanunsuz istifadə olunması aşkar olunaraq xx.xx.2021-ci il tarixli 007415 saylı akt tərtib olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya akta əsasən 4104 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışlar. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən aparılan yoxlamalar qanunsuz olduğundan onların hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 61,04 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət gəlirlərinə alınmalıdır. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus ünvan 1 evin 15/a saylı ünvanında yerləşən mağazaya hesablanmış 4104 manat borc silinsin. 61,04 manat dövlət rüsumu Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dövlət gəlirlərinə alınsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3132/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3132/2022
14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver