Məhkəmə qərarları › İş №e-2-2(113)-3133/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3133/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3133/2024 12.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı, faiz borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi ilə, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC -dən 6264,04 manat məbləğində əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 742 manat pulun, 91 manat dövlət rüsumunun tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında “25” iyul 2022-ci il tarixli, № 2022/120 saylı, “Mallar (işlər və xidmətlər üzrə) Satınalma Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən "Alıcı" malları sifariş edir, "Satıcı” İddiaçı MMC həmin malları təqdim edir, “Alıcı” müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıcı"dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür. İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq malları (xidmətləri) təqdim etsə də, "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək müqavilə müqabilində verilməli olan ödənişi ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Ümumilikdə 6264,04 manat məbləğində borcu cavabdeh tərəfindən ödənilməmişdir. Belə ki, borc məbləği iddia ərizəsinə əlavə edilmiş, tərəflər arasında tərtib edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” haqqında EBCA 556911 nömrəli elektron qaimələr təsdiq edilir. Lakin bundan sonra cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, sonuncu dəfə 24 yanvar 2024-ci il tarixində 3 iş günü müddətində 6264,04 manat borc məbləğinin tələb edilməsi barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bugünədək qeyd edilən pul iddiaçıya ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən Pretenziya məktublarına hər hansı bir reaksiya verilməməsi səbəbindən, cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair Mediasiya təklifi göndərilmişdir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir. Belə ki, Mülki Məcəlləsinin sözügedən maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik5% məbləğində hesablanmaqla 742 manat pul hesablanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməmiş və gəlməməklərinin səbəbləri barədə məlumat verməmişdir.

5. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Satıcı - İddiaçı MMC ilə Alıcı - "xxxx" MMC arasında bağlanmış “25” iyul 2022-ci il tarixli, № 2022/120 saylı, “Mallar (işlər və xidmətlər üzrə) Satınalma müqaviləsinə əsasən:

8. Müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Alıcı” malları sifariş edir. “Satıcı” isə həmin malları təqdim edir.

9. Müqavilənin 2.2-ci bəndinə əsasən "Alıcı“ müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıef’dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür.

10. Müqavilənin 2.3-cü bəndinə əsasən Malların siyahısı, növü, çeşidi.sayı və s. müqaviləyə 1 saylı Əlavədə- Qiymət Razılaşdırma protokolu qeyd olunur.

11. Müqavilənin 5.2-ci bəndinə əsasən "Alıcı” müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür.

12. Müqavilənin 10.1-ci bəndinə əsasən Malların son təyinat məntəqəsinə, daşınmasını təmin edən nəqliyyat vasitələrinin növü satıcı tərəfindən müəyyənləşdirilir.

13. Müqavilənin 10.2-ci bəndinə əsasən çatdırılma yeri alıcı və satıcının razılaşma əsasında təyin etdiyi yerdə aparılır və öncədən razılaşdırılır.

14. Müqavilənin 10.3-cü bəndinə əsasən Mallar alıcıya çatdırıldıqdan sonra təhvil təslim aktı imzalanır.

15. Müqavilənin 11.1-ci bəndinə əsasən Alıcı" müvafiq olaraq satıcıya razılaşdırılmış məbləği avans olaraq əvvəlcədən və ya satıcının təqdim etdiyi təsdiqedici sənədlər əsasında mallar alıcıya təhvil verildikdən sonra dəyəri ödənilir.

16. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 9001,3 manat məbləğində xx.xx.2022-ci il tarixli EBCA556911 saylı e-qaimə təqdim edilmişdir.

17. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC-nin hesbaına cavabdeh tərəfindən 417,50 manat məbləğində ƏDV ödənişi edilmişdir.

18. 15.03.2024-cü il tarixli hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə 2319,46 manat məbləğində ödəniş edilmişdir.

19. 01.07.20 - xx.xx.2023-cü illəri əhatə edən hesab üzrə dövriyyə-saldo cədvəlinə əsasən "xxxx" MMC-nin 9001 manat məbləğində borcundan ƏDV daxil 2736,96 (417,50+2319,46) manat ödəniş edilmişdir.

20. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

21. İşdən göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığından məhkəmə Mülki normanın alqı-satqı müqaviləsi ilə bağlı nəzərdə tutulmuş müddəaları çərçivəsində hazırkı mübahisəyə dair hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab edir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

24. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

25. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

26. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. Tərəflər arasında bağlanmış “25” iyul 2022-ci il tarixli, № 2022/120 saylı, “Mallar (işlər və xidmətlər üzrə) Satınalma müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, “Alıcı” malları sifariş edir. “Satıcı” isə həmin malları təqdim edir və müqavilənin 2.2-ci bəndinə əsasən "Alıcı“ müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların "Satıef’dan qəbul edilməsini və dəyərinin ödənilməsini öz öhdəsinə götürür.

29. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh iddiaçı MMC-nin müqavilə üzrə öhdəliklərini tam icra etməmişlər.

30. Həmçinin işdə olan sübutlar, yəni bank hesabı çıxarışından, tərəflər arasında imzalanmış müqavilədən və göndərilmiş elektron qaimədən və cavabdeh tərəfindən qismən ödəniş edilməsindən göründüyü kimi iddiaçı tərəf üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir.

31. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbinin əsaslı olması təqdim olunmuş sübutlarla – öz təsdiqini tapdığından 6264,04 manat pul məbləğinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.

32. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 742 manat məbləğində borc hesablanmışdır.

33. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.

34. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

35. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

36. Belə ki, müqavilə bağlanılıb xx.xx.2022-ci il tarixində və həmin tarixdə də iddiaçı tərəfindən cavabdehə e-qaimə göndərilib. Müqavilənin 11-ci maddəsinə əsasən malların dəyəri ya avans, ya da mallar təhvil verildikdən sonra ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, bugünədək kəsir qalmış məbləğ ödənilmədiyi üçün cavabdeh 6264,014 manat pulun ödənilməsini xx.xx.2022-ci ildən başlayaraq qətnamə qəbul edilən iyun 2024-cü il tarixədək ödəniş edilmədiyini nəzərə alaraq 1 il 11 ay olmaqla illik 5 % hesabı ilə iddiaçıya gecikdirilmiş vaxt üçün 600,3 manat ödəməlidir ((6264,04 manat x 5% :12ay) x 23 ay = 600,3 manat).

37. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin faiz məlbəğinin də cavabdehdən tələb etməsində haqlı olmuşdur.

38. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 90,60 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

39. MPM-in:

40. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir.

42. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan dövlət rüsumunun əvəzi qismində 90,60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 6264,04 manat əsas borc məbləği, illik 5% ilə hesablanan 600,3 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 90,60 manat, cəmi 6954,94 manat (altı min doqquz yüz əlli dörd manat doxsan dörd qəpik) tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar