Məhkəmə qərarları › İş №e-2-2(113)-3134/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3134/2021

06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3134/2021 06.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı «Holcim (Azərbaycan)» açıq səhmdar cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 148995,96 manat məbləğində əsas borcun, 15600 manat cərimə məbləğinin və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 92695,8 manat məbləğində əsas borcun, 14607,5 manat cərimə məbləğinin, cəmi 107303,3 manat məbləğində borcun və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizəylə məhkəməyə müraciət edərək, 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 148995,96 manat məbləğində əsas borcun, 15600 manat cərimə məbləğinin və köçürülmüş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 15.05.2020ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə sement məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilədə qeyd edilmiş məhsulları cavabdehə göndərmişdir. Lakin, cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 28.04.2021-ci il tarixdə iddiaçı cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 05.05.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Pretenziya məktubu cavabdehə 29.04.2021-ci il tarixində çatdırılmışdır. Cavabdehlə 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqısatqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabehə göndərilmiş elektron qaimə-faktura təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalayıb möhürləmişdir. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, üzləşmə aktı, yük-nəqliyyat qaiməsi və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehlə bağlanmış müqavilənin 8.2-ci maddəsində qeyd olunur ki, Alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. Tərəflər arasında imzalanmış 15.05.2020-ci il tarixli müqavilənin qiymət əlavəsində hər bir altlığın qiyməti ƏDV xaric 24 manat, ƏDV daxil 28.32 manat müəyyən edilmişdir. Müqavilənin imzalandığı tarixdən etibarən cavabdehə təhvil verilmiş 1988 ədəd altlıq cavabdeh tərəfindən qaytarılmamışdır. Təhvil verilmiş 1988 ədəd altlığın dəyəri ƏDV daxil 56300,16 manat təşkil etmişdir. Altlıqlar üzrə ƏDV daxil 56300,16 manat məbləğin ödənilməsi üçün cavabdehə 01.07.2021-ci il tarixində elektron qaimə təqdim edilmişdir və elektron qaimə təsdiq edilmişdir. Hal-hazırkı tarixədək altlıqların dəyəri ödənilməmişdir. Beləliklə, cavabdehə təhvil verilmiş sement məhsulları və altlıqlar üzrə cavabdehin hal- hazırkı tarixə əsas borcu 148995.96 manat, cərimə borcu 15600 manat təşkil edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 15.05.2020-ci il tarixli O000769588 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı cavabdehə sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 8.2-ci bəndinə əsasən Alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. 31.12.2020-ci il tarixli Üzləşmə aktının surətindən görünür ki, cavabdehin iddiaçıya 31.12.2020-ci il tarixə ümumi borcu 92695,77 manat təşkil edir. Cavabdehin iddiaçıya ünvanladığı 14.05.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh iddiaçıya 92695,77 manat borcu olduğunu göstərmiş və borcun ödənilməsi üçün iki ay vaxt verilməsini xahiş etmişdir. 01.07.2021-ci il tarixli EBBE seriyalı 173399 saylı elektron qaimənin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 56300,16 manat dəyərində 1988 ədəd altlıqlar verilmişdir. 118 ədəd Yük-nəqliyyat qaiməsindən görünür ki, iddiaçı tərəfindən göndərilmiş mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Maliyyə arayışından görünür ki, “Holcim (Azərbaycan)" ASC ilə cavabdeh "Hüseyn 2008“ MMC arasında 15.05.2020-ci il tarixli, ********** saylı alqı-salqı müqaviləsi bağlanmışdır. Həmin alqı satqı müqaviləsinə əsasən cavabdehə 483600.57 manat məbləğində sement məhsulu təhvil verilmişdir, həmin mallara dair elektron qaimə-faktura göndərilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh təhvil aldığı sement məhsullarının 390904.80 manat məbləğində dəyərini ödəmiş, 92695,80 manat məbləğində borc ödənilməmişdir. Cavabdehlə bağlanmış müqavilənin 8.2-ci maddəsində qeyd olunur ki, Alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. Tərəfər arasında imzalanmış 15.05.2020-ci il tarixli müqavilənin qiymət əlavəsində hər bir altlığın qiyməti ƏDV xaric 24 manat. ƏDV daxil 28.32 manat müəyyən edilmişdir. Müqavilənin imzalandığı tarixdən etibarən cavabdehə təhvil verilmiş 1988 ədəd altlıq cavabdeh tərəfindən qaytarılmamışdır. Təhvil verilmiş 1988 ədəd altlığın dəyəri ƏDV daxil 56300,16 manat təşkil etmişdir. Altlıqlar üzrə ƏDV daxil 56300.16 manat məbləğin ödənilməsi üçün cavabdehə 01.07.2021-ci il tarixində elektron qaimə təqdim edilmişdir və elektron qaimə təsdiq edilmişdir. Hal-hazırkı tarixədək altlıqların dəyəri ödənilməmişdir. Cavabdehə təhvil xerilmiş sement məhsulları və altlıqlar üzrə cavabdehin hal-hazırkı tarixə cəmi borcu 148995.96 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-salqı müqaviləsinə əsasən ödənişin gecikdirildiyi hər bir günə görə 0.1%-lə iddia ərizəsinin verildiyi tarixədək hesablanan cərimənin məbləği 15600 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 15.05.2020-ci il tarixli O000769588 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehə sement məhsulu satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 56300,16 manat dəyərində 1988 ədəd altlıqlar verilmişdir. İddiaçı tərəfindən cavabdehə 483600.57 manat dəyərində sement məhsulu satılmış, cavabdeh tərəfindən malın 390904.80 manat məbləğində dəyəri ödənilmiş, 92695,80 manat məbləğində borc ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 15.05.2020-ci il tarixli O000769588 saylı müqaviləyə əsasən 92695,80 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda tərəflər arasında bağlanmış 15.05.2020-ci il tarixli O000769588 saylı alqı-satqı müqaviləsinin 8.2-ci bəndinə əsasən Alıcı aldığı hər bir taxta altlığı geri qaytarmalıdır, əks halda geri qaytarılmayan hər bir taxta altlığa görə "Qiymət" əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini Satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində Satıcıya ödəməlidir. İddiaçı tərəfindən cavabdehə 56300,16 manat dəyərində 1988 ədəd altlıqlar verilsə də, cavabdeh tərəfindən həmin altlıqlar iddiaçıya geri qaytarılmamışdır ki, bu halda müqaviləyə əsasən iddiaçının cavabdehdən həmin altlıqların dəyərini tələb etmək hüquq yarandığından altlıqların dəyəri olan 56300,16 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 7.2-ci bəndinə əsasən Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Lakin məhkəmə hesab edir ki, tələb olunan 15600 manat dəbbə pulu məbləği yaranmış 148995,96 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 7000 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 148995,96 manat məbləğində əsas borc və 7000 manat cərimə məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi iddia tələbinin 94,77 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 28,43 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 1,57 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 15.05.2020-ci il tarixində bağlanmış O000769588 saylı alqı-satqı müqaviləsi üzrə 148995,96 manat məbləğində əsas borc və 7000 manat cərimə məbləği Cavabdehndən tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 28,43 manat məbləği Cavabdehndən tutularaq Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan 1,57 manat məbləği isə Holcim (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar