Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3135/2021 23.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44400 (qırx dörd min dörd yüz) manat məbləğində borc pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 may 2018-ci il tarixdə 105/18-1 nömrəli müqaviləyə əsasən və müqavilədə göstərilən müddətdə müqavilə şərtlərindən irəli gələn qaydada Cavabdeh MMC-yə 44400 (qırx dörd min dörd yüz) manatlıq şeben və ballast təqdim etmişdir. Bu materialların təhvil verilməsi barədə 26.09.2018-ci il tarixli 348303 nömrəli elektron qaimə cavabdeh müəssisə tərəfindən qəbul edilmişdir. Borcun qaytarılma müddətindən müəyyən vaxt keçməsinə və dəfələrlə müraciət etməsinə baxmayaraq, borc bu günə qədər ödənməmişdir. Bu isə iddiaçının sahibkar kimi normal fəaliyyət göstərməyinə ciddi maneə törədir. Sonuncu dəfə 30 aprel 2021-ci il tarixdə cavabdehin ünvanına borcun 5 gün müddətində ödənməsi, əks halda yuxarıda qeyd olunan məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə pretenziya qaydasında xəbərdarlıq məktubu göndərmişlər. Daha sonra iddiaçı nümayəndəsi və vəkili Vəkil2 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, cavabdehdən 44400 (qırx dörd min dörd yüz) manat məbləğində borc pul və gecikdirilmiş vaxt üçün illik 5 % (2200 manat) olmaqla, 3 il 2 aya görə 7104 (yeddi min yüz dörd) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçının hazırki iddia tələbi qanunsuz və əsassızdır. Belə ki, hazırkı işlə eyniyyət təşkil edən bir neçə məhkəmə mübahisəsi vardır. Müqavilələrin tarixləri eynidir, nömrələri isə ardıcıldır, elektron qaimələr də eyni gündə göndərilmişdir. Hazırkı iş üzrə cavabdehə iddiaçı tərəfindən heç bir mal təqdim edilməmidir. Təqdim edildiyi iddia edilən malların daşınması üçün 900 yük maşını lazım idi. Bu həcmdə malın bir gün ərzində təhvil verilməsi mümkün deyildir. Əgər müqavilədə nəzərdə tutulan mal iddiaçıya təqdim edilibsə, iddiaçı sübutlarını təqdim etsin. Ona görə də tamamilə əsassız olduğu üçün məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında 01.05.2018-ci il tarixli 105/18-1 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən müqavilənin predmetini bu müqavilədə nəzərdə tutulmuş şərtlə satıcı tərəfindən bu müqavilənin 1 saylı əlavəsində göstərilən malların alıcıya satılması, alıcı tərəfindən isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi müqavilənin predmetini təşkil edir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya qiymət razılaşdırılması protokolunun imzalanmasından sonra həyata keçirilir. Həmin müqavilənin 3-cü bəndinə əsasən malın miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası bu müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilir. Həmin müqavilənin 4-cü bəndinə əsasən alıcı malı Bakı şəhərində satıcının müəyyənləşdirdiyi yerdə təhvil verməli və tərəflər arasında malın kəmiyyətcə qəbuluna dair tərəflər arasında təhvil-qəbul aktı və ya qiymət razılaşdırılması protokolu imzalamalıdır. Malın kəmiyyətcə qəbulu onun keyfiyyətcə qəbulu demək deyildir. Malın keyfiyyətcə qəbulu onun quraşdırılmasından və/və ya istehlakı və istifadəsindən sonra həyata keçirilir və tərəflər arasında təhvil-qəbul aktı və ya qiymət razılaşdırılması protokolu imzalanır. Malın həm kəmiyyətcə, həm də keyfiyyətcə qəbulu zamanı, 1 saylı əlavədə göstərilmiş malın miqdarına, spesifikasiyasına və keyfiyyətinə dair kənarlaşma halları və ya digər çatışmamazlıqlar aşkar edilərsə, tərəflər qüsur aktı tərtib edir və qüsur aktında aşkar edilmiş çatışmazlıqlar və onların satıcı tərəfindən aradan qaldırılması müddəti göstərilir. - Satıcı qismində İddiaçı ilə alıcı qismində Cavabdeh Məhdud Məhdud Cəmiyyəti arasında bağlanmış 01.05.2018-ci il tarixli 105/18-1 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı əlavədə, malların miqdarı, çeşidi, vahidinin qiyməti və spesifikasiyası göstərilməklə ümumilikdə 44400 manat məbləğində müəyyənləşdirilmişdir. - 26.09.2018-ci il tarixli, EAAM seriyalı, 348303 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 44400 manat təşkil edir. - İddiaçı pretenziya qaydasında xəbərdarlıqla Cavabdehnə müraciət edərək, 44400 manat məbləğində borcun 5 gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış, qeyd edilən müqaviləyə 1 saylı əlavədə isə iddiaçı tərəfindən göndəriləcək malların ümumilikdə qiyməti 44400 manat məbləğində müəyyən edilmişdir. 26.09.2018-ci il tarixdə isə EAAM seriyalı, 348303 nömrəli elektron qaimə tərtib edilərək cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin bir hissəsini alqı-satqı müqaviləsi üzrə Cavabdeh MMC-dən 44400 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi təşkil edir. İddiaçı iddia tələbinin təsdiq edən sübut qismində müqavilə, müqaviləyə 1 saylı Əlavə və elektron qaiməni məhkəməyə təqdim etmişdir. Cavabdeh iddiaya etiraz etmişdir. Etirazının əsası kimi müqavilədə nəzərdə tutulan malların cavabdehə təqdim edilməməsini göstərmişdir. İddiaçıya malların cavabdehə təhvil verilməsinin təsdiq edən sübutların təqdim edilməsi təklif edilmiş, lakin qeyd olunan sübutlar məhkəməyə təqdim edilməmişdir. İddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmək olar: Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndinə əsasən müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil-qəbul aktının və ya qiymət razılaşdırılması protokolunun imzalanmasından sonra həyata keçirilir. 01.05.2018-ci il tarixli 105/18-1 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə qeyd olunur ki, 100 % balans ödəmə təhvil-təslim aktı əsasında ödənilir. Belə bir aktın mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Məhkəmə hazırkı iş üzrə iddiaçı tərəfindən təqdim olunan 26.09.2018-ci il tarixli, EAAM seriyalı, 348303 nömrəli elektron qaiməni iddianın təmin olunması üçün yetərli sübut hesab etmir. Belə ki, elektron qaimənin əsasında dayanan sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin qeyd olunmalıdır ki, elektron qaimənin onun verilməsi üçün “əsas” qrafasında müqavilənin tarixi və ya digər məlumatlar göstərilməyərək, ümumi şəkildə “müqavilə” qeydi edilmişdir. Halbuki Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 89 nömrəli Qərarı ilə təsdiq edilmiş, həmin vaxt qüvvədə olmuş 2017-ci il 14 mart tarixli “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi” Qaydalarına əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara münasibətdə məhkəmə belə qənaətə gəlir ki, alqı-satqı müqaviləsi üzrə malların verilməsi barədə sübutetmə yükü üzrəinə düşən satıcı-iddiaçı müqavilədə nəzərdə tutulan malları alıcı-cavabdehin mülkiyyətinə verməsini sübuta yetirə bilmədiyindən, iddiaçı cavabdehdən iddia olunan pul məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddia tələbinin digər hissəsinə, yəni cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % (2200 manat) olmaqla, 3 il 2 aya görə 7104 (yeddi min yüz dörd) manat pulun tutularaq iddiaçıya ödənilməsinə münasibətdə qeyd edir ki, həmin hissə birinci hissə ilə bağlı olduğundan və iddia tələbi birinci hisssədə təmin edilmədiyindən, iddia tələbi bu hissədə də rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3135/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3135/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver