Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3137/2025 16.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən (VÖEN **********), ƏDV daxil 2406.88 (iki min dörd yüz altı manat 88 qəpik) manat məbləğində ödəniş pulun, o cümlədən əlavə olaraq 2000 (iki min) manat ƏDV daxil dəbbə pulunun – ümumilikdə 4406.88 (dörd min dörd yüz altı manat səksən səkkiz qəpik) manat məbləğində pulun və76.40 (yetmiş altı manat qırx qəpik) manat məbləğində Dövlət rüsumunun tutularaq, "xxxx" MMC-yə (VOEN: **********) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli “Malların, İT avadanlıqların, proqram təminatının və lisensiyalar, sorğu olan texniki dəstək üzrə göstərilən xidmətlərin alqı satqısına dair” BTH-369/2023 saylı Tədarük Müqaviləsi bağlanmışdır. xx.xx.2023-cü il tarixli 369/2023 saylı tədarük müqaviləsinin 4.2-ci bəndinə əsasən və o cümlədən xx.xx.2023- cü il 2840 saylı Hesab Faktura üzrə Cavabdeh ödənişin son tarixinin xx.xx.2023-cü il tarix olmağına baxmayaraq hal-hazıradək ödəniş edilməmişdir və nəticədə ödənilməmiş qaimə üzrə 394 təqvim günü gecikmə yaranaraq “BuzTech“ MMC-nin maraqlarına 2406.88 Azərbaycan manatı miqdarında maddi ziyan vurmuşdur. Həmin müqavilənin 1.2 bəndinə əsasən «İcraçı»- “BuzTech MMC” malları və xidmətləri təchiz edir, «Sifarişçi»-Cavabdeh MMC isə həmin Malları xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malın və xidmətin miqdarı və qiyməti Elektron qaimə fakturasında öz əksini taparaq bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir. Həmin müqavilənin 3.1 və 4.1 bəndlərinə əsasən «Sifarişçi» «İcraçı» tərəfindən təchiz edilmiş malların və xidmətlərin haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürərək, Müqavilə məbləği ödəniş üçün təqdim edilmiş Elektron qaimə-fakturasında göstərilən ümumi məbləğ təşkil edir və ödəniş Azərbaycan manatı ilə 30(otuz) bank günü ərzində həyata keçirilməsi razılaşdırılmışdır. Pulun ödənilməsi üçün verilmiş müddət başa çatdıqdan sonra "xxxx" MMC, pulun ödənilməsini dəfələrlə tələb etsə də, cavabdeh ödəməli olduğu borcu müxtəlif bəhanələr gətirərək ödəməkdən yayınmışdır. Bu günədək cavabdeh tərəfindən 2406.88(iki min dörd yüz altı manat 88 qəpik) manat məbləğində pul "xxxx" MMC-yə ödənilməmişdir
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (icraçı) ilə Cavabdeh (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli BTH-369/2023 saylı müqavilə bağlanmışdır.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən icraçı malları və xidmətləri təchiz edir, sifarişçi isə həmin malları xidmətləri alır.
12. Müqavilənin 2.1-ci maddəsinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən müəyyən edilmiş vaxt ərzində sifarişçi ilə razılaşdırılmış qaydada və müddətdə xidmət göstərməyi, malları və xidmətləri təchiz etməyi öhdəsinə götürür, 3.1-ci maddəsinə əsasən sifarişçi icraçı tərəfindən təchiz edilmiş malların və xidmətlərin haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür.
13. Müqavilənin 4.1-ci maddəsinə əsasən müqavilə məbləği ödəniş üçün təqdim edilmiş elektron qaimə-fakturasında göstərilən ümumi məbləği təşkil edir.
14. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
15. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" MMC-nin üzərinə düşür.
17. İş materiallarından görünür ki, iddaçı tərəfindən cavabdehə EBDN seriyalı, xx.xx.2023-cü il tarixli 830415 nömrəli dəyəri 2.406,88 manat olan elektron qaimə göndərilmişdir.
18. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimə ilə bağlı hər hansı bir etiraz verilmədiyi və müqavilənin 4.1-ci bəndi (ödənişlərin elektron qaimələr əsasında edilməsi) nəzərə alındığında elektron qaimədə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmiş, cavabdehin də, ona verilmiş olan malların dəyərini ödəmək öhdəliyi yaranmışdır.
19. İddiaçı tərəf hazırda, cavabdehin 2.406,88 manat borcunun qaldığını bildirir.
20. Cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya etiraz etməmiş, qeyd edilən pulun ödənilməsinə dair sənədi işə əlavə etməmişdir.
21. Belə olan halda, Məhkəmə hesab edir ki, əsas borc üzrə 2.406,88 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
22. Məhkəmə iddianın 2.000 manat dəbbə pulunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
23. Yuxarıda qeyd edilmiş normanın (462.1) məzmunundan göründüyü kimi dəbbə pulu ya qanundan irəli gəlməli, ya da müqavilə nəzərdə tutulmuş olduğu halda tələb edilə bilər. Hazırkı halda isə, nə alqı-satqı müqaviləsində alıcının malın dəyərini ödəməməsi ilə bağlı gecikdirilmiş gün üçün cərimənin hesablanması ilə bağlı norma, nə də müqavilədə bu barədə hər hansı bir bənd yoxdur.
24. Ona görə də, iddia cərimə borcunun tələb edilməsi hissəsində təmin edilə bilməz.
25. Məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44,06 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
26. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2023-cü tarixli müqaviləyə əsasən əsas borc üzrə 2.406 (iki min dörd yüz altı) manat 88 (səksən səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 44 (qırx dörd) manat 06 (sıfır altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov