Məhkəmə qərarları › İş №e-2-2(113)-3142/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3142/2024

22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3142/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: öhdəliyin lazımınca yerinə yetirilməməsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən icra olunmamış müqavilənin icrasının təmin olunaraq, 10655,64 manat (on min altı yüz əlli beş manat altmış dörd qəpik) əsas, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumu olmaqla, cəmi 11776,64 (on bir min yeddi yüz yetmiş altı manat altmış dörd qəpik) manatın Cavabdeh MTK-dan tutaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MTK arasında xx.xx.2021-ci il tarixli, 21-İNE-30 saylı xidmət müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən İddiaçı MMC bu müqaviləyə müvafiq olaraq Cavabdeh MTK tərəfindən ediləcək ödənişlərin müqabilində bu müqaviləyə əlavə olunmuş xidmətləri Cavabdeh MTK üçün icra edəcək. İddiaçı MMC tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh MTK tərəfindən borclar haqqında hesabatla müəyyənləşdirilmiş 10655,64 (on min altı yüz əlli beş manat altmış dörd qəpik) manat əsas borc məbləğində pul vəsaiti ödənilməmişdir. Tərəflər arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixi 01 nömrəli “Xidmətin göstərilməsi barədə” Akta əsasən İddiaçı MMC Cavabdeh MTK-nın sifarişi ilə 30 iyun 2021-ci il tarixli, 21-İNE-30 saylı xidmət müqaviləsinə uyğun olaraq, dəyəri 18% ƏDV daxil 76741,54 manat təşkil edən müvafiq xidmətləri yerinə yetirmişdir. Həmin aktda xidmətin keyfiyyətlə görüldüyü və tərəflərin göstərilən xidmətlə əlaqədar heç bir narazılığının olmadığı təsdiq olunmuşdur. Cavabdeh MTK müqavilə üzrə ödəməli olduğu 76741,54 manat pul məbləğinin bir qismini, yəni 66085,9 manat pulu iddiaçıya ödəmiş, geri qalan 10655,64 manat pulu indiyədək ödəməmişdir. Tərəflər arasındakı müqavilənin 7.2-ci bəndinə əsasən danışıqlar nəticəsində mübahisəli məsələlərin həlli ilə əlaqədar tərəflər razılığa gəlmədikdə, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı tərəflər üçün qəti və məcburidir. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya qarşı dəfələrlə həm yazılı, həm də şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilməyərək, xidmətin dəyəri tam şəkildə ödənilməmişdir.

3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, Cavabdeh MTK tərəfindən icra olunmamış müqavilənin icrası təmin olunaraq (ƏDV daxil olmaqla) 10655,64 (on min altı yüz əlli beş manat altmış dörd qəpik) manat əsas borc, hüquqların bərpa edilməsi üçün hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 126 (yüz iyirmi bir) manat dövlət rüsumu olmaqla, ümumilikdə 11781,64 (on bir min yeddi yüz səksən bir manat altmış dörd qəpik) manat pul məbləğinin cavabdeh '‘Sabah Residence” MTK-dan tutılaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442, 445, 445.7, 462.1, 465-ci maddələrinə istinad olunmuşdur.

5. Cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır.

6. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, podratçı qismində İddiaçı MMC ilə sifarişçi qismində Cavabdeh MTK arasında xx.xx.2021-ci il tarixdə 21-İNE-30 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı bu müqaviləyə müvafiq olaraq sifarişçi tərəfindən ediləcək ödənişlərin müqabilində bu müqaviləyə əlavə olunmuş əlavələrdə daha ətraflı təsvir olunmuş xidmətləri sifarişçi üçün icra edəcək, podratçı sifarişçiyə xidmətləri sifarişçi tərəfindən tələb olunan keyfiyyət standartlara, münasib tənzimləyici və yerli dövlət standartlara və icra spesifikasiyasında göstərilmiş standartlara uyğun olaraq göstərəcəkdir.

8. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 21-İNE-30 nömrəli xidmət müqaviləsinə 1 saylı Əlavə və “Purchase Order” adlı sənədlər əlavə edilmişdir. 1 saylı Əlavəyə əsasən məsləhət və keyfiyyətə nəzarət xidməti və təhviltəslim xidmətinin göstərilməsi nəzərdə tutulmuşdur. Məsləhət və keyfiyyətə nəzarət xidmətinə mütəmadi sahə yoxlamaları (həftəlik hesabatla birlikdə həftədə minimum 2 dəfə), elektrik və mexanik layihələrin (çertyojların) nəzərdən keçirilməsi və təsdiqi, elektrik yükü hesablamalarının nəzərdən keçirilməsi və təsdiqi, təhvil-təslim xidmətinə təhviltəslim, təhvil-təslim zamanı istifadə olunan ölçmə alətlərinin təmini və istifadəsi, təhviltəslim zamanı istifadə olunan ölçmə alətlərinin sınaq və kalibrasiya hesabatı ilə sifarişçini təmin etmək xidmətləri aid edilmişdir. Eyni zamanda sifariş sənədindən gürünür ki, sifariş olunan xidmətlərin dəyəri ƏDV xaric 65035,20 manat təşkil etmişdir. Həmin sənəddə qeyd olunur ki, bu layihənin ümumi məbləği 38256 ABŞ dollarıdır. PO məbləği ARMB-nin rəsmi valyuta məzənnəsi əsasında 1 USD=1.7 AZN (xx.xx.2021) əsasında hesablanmışdır. Valyuta məzənnəsi (yuxarıda qeyd olunan) ödənişlər həyata keçirilənədək 3% dəyişərsə, ödənilməmiş hesab-fakturalara baxılacaq və ARMB-nin yeni məzənnəsi və dəyişikliyi nəzərə alınmaqla (valyuta məzənnəsinin dəyişmə fərqinə əsasən) yeni hesab-faktura veriləcək. ) PO-ya tətbiq olunacaq. Həmin sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.

9. xx.xx.2021-ci il tarixli, EBBP seriyalı, 073654 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 76741,54 manat (ƏDV daxil) təşkil edir. Qaimədə 2023-cü ilin sentyabr ayı üçün iaşə xidməti qeyd olunmuşdur.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 36/21-İNE nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MTK-nın ödəməli olduğu məbləğ 15345,90 manat (13005 manat + 2340,90 manat 18% ƏDV) təşkil edir.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 63/21-İNE nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MTK-nın ödəməli olduğu məbləğ 30691,80 manat (26010 manat + 4681,80 manat 18% ƏDV) təşkil edir.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 69/21-İNE nömrəli hesab-fakturadan görünür ki, Cavabdeh MTK-nın ödəməli olduğu məbləğ 30703,84 manat (26020,20 manat + 4683,64 manat 18% ƏDV) təşkil edir.

13. xx.xx.2021-ci il tarixli xidmətlərin göstərilməsi barədə 01 nömrəli aktda qeyd edilmişdir ki, göstərilən xidmət keyfiyyətlə görülmüşdür və tərəflərin narazılıqları və iddiası yoxdur. Akt üzrə xidmətin dəyəri 18% ƏDV daxil 76741,54 (yetmiş altı min yeddi yüz qırx bir manat əlli dörd qəpik) manat təşkil edir. Akt tərəflərin hər birində bir nüsxə saxlanılmaqla, 2 (iki) nüsxədə tərtib edilmişdir və imzalandığı gündən etibarən qüvvəyə minir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, **********/290742615 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin AZ81AİİB******************** nömrəli hesabına 13005 manat məbləğində ödəniş edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin AZ81AİİB******************** nömrəli hesabına 30000 manat məbləğində ödəniş edilmişdir.

16. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 000İPX********** nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin AZ81AİİB******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 000İPX12236327FB nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin AZ81AİİB******************** nömrəli hesabına 5000 manat məbləğində ödəniş edilmişdir.

18. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, **********/636659138 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Cavabdeh MTK tərəfindən İddiaçı MMC-nin AZ81AİİB******************** nömrəli hesabına 3000 manat məbləğində ödəniş edilmişdir.

19. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, **********1/754556105 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən De Fendo Vəkil Bürosunun AZ79AİİB400600D**********105 nömrəli hesabına 1020 manat məbləğində ödəniş edilmişdir.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MTK-ya göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, borc məbləğinin xx.xx.2024-cü il tarixədək ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

23. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Borcun mövcudluğu iş materialları ilə öz təsdiqini tapır.

24. İddia tələbini tərəflər arasında bağlanmış xidmət müqaviləsi üzrə yaranmış (ƏDV daxil olmaqla) 10655,64 manat əsas borcun cavabdehdən tutulması təşkil edir.

25. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh MTK-dan 10655,64 manat (on min altı yüz əlli beş manat altmış dörd qəpik) borc tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, müəyyən olunmuşdur ki, göstərilmiş xidmətlərin dəyəri 76741,54 manat (ƏDV daxil) olmuş, həmin məbləğdən ödənişlər edilmiş, qalıq məbləğ 10655,64 manat təşkil etmişdir. Həmin hal təqdim olunmuş sübutlarla öz təsdiqini tapmışdır.

26. Eləcə də, iddiaçı hüquqi yardıma görə ödənilmiş 1000 (bir min) manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 126 (yüz iyirmi bir) manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.

27. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 (bir yüz iyirmi iki) manat, 800 manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 10655,64 manat (on min altı yüz əlli beş manat altmış dörd qəpik) borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 122 (bir yüz iyirmi iki) manat, 800 manat hüquqi yardım xərci olmaqla, cəmi 11577,64 manat (on bir min beş yüz yetmiş yeddi manat altmış dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar