Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3144/2021 11.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı MMC-nın nümayəndələri vəkillər Vəkil1 və Vəkil2 Tariyel qızının, həmçinin cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSCdən görülmüş işlərin xidmət haqqı olan 5232 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" QSC ilə İddiaçı MMC arasında “mühasibat, vergi və kadr xidmətlərinin” göstərilməsinə dair 03.01.2019-cu il tarixli 02 saylı müqavilə bağlanmışdır. Müqavilənin 3.1.1-ci bəndinə əasən aylıq xidmət haqqı ƏDV daxil olmaqla 1416,00 manat müəyyən edilmişdir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən müqavilənin qüvvədə olma müddəti 2021-ci ilin yanvar ayın 3-nə qədər müəyyən edilmişdir. Müqavilənin qüvvədə olduğu bütün müddəti ərzində iddiaçı tərəfindən cavabdehə mühasibatlıq xidmətləri göstərilmişdir. Cavabdeh tərəfindən isə göstərilmiş xidmətlərdən 2020-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr üzrə xidmət haqları ədv də daxil olmaqla ödənilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə əsasındasifarişçi - "xxxx" QSC-yə göstərilmiş mühasibat xidmətləri üçün 2020-ci ilin sentyabr, oktyabr, noyabr və dekabr ayları üzrə cəmi (hər ay üçün 1200 manat olmaqla) 4800 manat xidmət haqqı və həmin məbləğdən ƏDV üzrə borcu 432 manat , cəmi 5232 manat ödənilməmişdir. Həmin məbləğin ödənilməsinə dair aparılmış işgüzar danışıqlarda borcun ödənilməsinə cavabdeh bir neçə dəfə vəd versə də, vədinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndələri vəkillər Vəkil1 və Vəkil2 Tariyel qızı iddianı müdafiə edərək, izahatlarında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişlər ki, tərəflərin arasında müqavilənin bağlanmış və görülən işlərlə bağlı elektron qaimələr sistemdə yerləşdirilmiş, cavabdeh buna etiraz etmədiyinə görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı məhkəmədən qabağ hazırki tələblə bağlı onlara müraciət etmiş, lakin İddiaçı MMC 2 saylı müqavilə (2.1.10 və 3.4 bənd) və 1 saylı əlavəyə uyğun xidmətlərin göstərilməsini əks etdirən sənədləri təqdim etmədiyinə görə pulun ödənilməsindən imtina edilmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, mühasibatlıq xidməti İddiaçı MMC-nin nəzarətində olduğuna görə elektron qaimələrə vaxtında etiraz bildirilməmişdir. Odur ki, məhkəmədən iddiaçı tərəfindən tələb olunan vəsaitin müqabilində heç bir xidmətin göstərilmədiyini nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 03.01.2019-cu il tarixli “Mühasibat, vergi və kadr xidmətlərin göstərilməsi” haqqında 2 saylı müqavilədən görünür ki, podratçı İddiaçı MMC sifarişçi "xxxx" QSC-yə mühasibat, vergi və kadr xidmətləri göstərməlidir. Həmin müqavilənin 2.1.10-cu bəndinə əsasən podradçı hər ay növbəti ayın 3-cü günündən gec olmayaraq xidmətlərin göstərilməsi haqqında akt təqdim etməyi öhdəliyi üzərinə götürür: 3.4-cü bəndinə əsasən hesabat dövründən sonra gələn dekabr ayının birinci dekadasında hesabat dövrü sona çatdıqda, podratçı göstərilən xidmətə görə sifarişçiyə hesab, eləcə də hesabat dövrü üzrə xidmətlərin dəyərinin hesablanması və xidmətlərin göstərilməsi haqqında akt təqdim etməlidir. 03.01.2019-cu il tarixli 2 saylı müqaviləyə 1 saylı əlavədən görünür ki, mühasibat və vergi uçotu, həmçinin kadr sənədləri üzrə aşağıdakı xidmətlər göstərilməlidir: “1C” sistemində bütün registerlər üzrə mühasibat uçotunun aparılması, aylıq, rüblük və illik mühasibat və vergi hesabatlarının müvafiq orqanlara təqdim edilməsi, mühasibat (maliyyə) üzrə rüblük və illik hesabat dəstlərinin tərtib edilməsi, əmək haqlarının, xəstəlik vərəqələri, məzuniyyət üzrə ödənişlərin hesablanması və sair. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1 və 752.1-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq edilən sübutlara əsasən müəyyən edilmişdir ki, tərəflər 03.01.2019-cu il tarixdə “mühasibat, vergi və kadr xidmətlərin göstərilməsi” haqqında 2 saylı müqavilə və 1 saylı əlavəni imzalamışlar, həmin sənədlərə əsasən podradçı kimi çıxış edən İddiaçı MMC mühasibat, vergi və kadr xidmətlərin göstərilməsi ilə yanaşı hər ay növbəti ayın 3-cü günündən gec olmayaraq xidmətlərin göstərilməsi haqqında və hesabat dövründən sonra gələn dekabr ayının birinci dekadasında hesabat dövrü sona çatdıqda, göstərilən xidmətə görə sifarişçiyə hesab, eləcə də hesabat dövrü üzrə xidmətlərin dəyərinin hesablanması və xidmətlərin göstərilməsi haqqında aktlar təqdim etməli, sifarişçi kimi çıxış edən "xxxx" QSC bunun müqabilində hər ay ƏDV daxil 1416 manat məbləğində pul ödəməlidir. İddiaçı MMC tələbində yalnız təsdiq edilmiş elektron qaimələrə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, elektron qaimələrin mövcudluğu hazırki iddia tələbinin təmin edilməsi üçün kifayət deyil. Belə ki, mühasibatlıq sahəsində xidmətlərin göstərilməsi məhz podratçı İddiaçı MMC-yə tapşırıldığına görə və həmin xidmət onların nəzarətində olduğundan sifarişçi "xxxx" QSCnin həmin qaimələrin mövcudluğundan xəbəri olmaya bilərdi. Məhkəmə qeyd olunanlara nəzərə alaraq, İddiaçı MMC-yə müqavilə və əlavədə qeyd edilən hər hansı xidmətlərin göstərilməsini əks etdirən sübutların təqdim edilməsini təklif etmiş, lakin podratçı göstərdiyi xidmətlə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC tərəfindən mühasibat, vergi və kadr sahələri üzrə xidmətlərin göstərilməsi barədə kifayət qədər sübut təqdim edilmədiyinə görə cavabdeh "xxxx" QSC-yə qarşı görülmüş işlərin xidmət haqqı olan 5232 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi tələbi barədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı görülmüş işlərin xidmət haqqı olan 5232 manatın və dövlət rüsumu kimi ödənilmiş 30 manatın tutularaq xeyrinə ödənilməsi tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-3144/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3144/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver