Məhkəmə qərarları › İş №e-2-2(113)-3147/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3147/2023

12.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3147/2023 12.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “nəqliyyat ekspedisiyası müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nəqliyyat ekspedisiyası müqaviləsi, sübutetmə vəzifəsi, “respondeat superior”, dəbbə pulu və qanuni faizin nisbəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “nəqliyyat ekspedisiyası müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən 2517,63 ABŞ dolları məbləğində xidmət haqqı, 184,97 ABŞ dolları məbləğində əldən çıxmış fayda, hər gecikdirilmiş günə görə hesablanmış 6722,07 ABŞ dolları cərimə olmaqla ümumilikdə 9424,67 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul vəsaitinin və ödənilmiş 1000 manat hüquqi yardım xərci, 60 manat ilkin mediasiya xərci, 98,20 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən, iddiaçı cavabdehin hesabına müqavilə ilə nəzərdə tutulmuş xidmətləri yerinə yetirməyi, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehin sifarişi əsasında Koreya Respublikasının Busan adlı limanından “Kormax Corporation” adlı yük göndərəndən yükün qəbulunun başlanğıc tarixi 13 dekabr 2021-ci il olmaqla bir ədəd konteynerin gəmi və avtomobil nəqliyyat növləri ilə Koreya – Bəndər Abbas – Bakı daşınma marşrutu əsasında 55-60 gün müddətində 8400 ABŞ dolları xidmət dəyəri müəyyən edilməklə daşınması nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış 03 fevral 2022-ci il tarixli 01 nömrəli xidmətlərin göstərilməsi haqqında aktla təsdiq edilmişdir ki, ekspeditor olaraq iddiaçı müvafiq müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirmiş, göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab vermiş və bununla bağlı cavabdehin iddiaçıya heç bir etirazı olmamışdır. Ödəniş məbləğinin müqavilədə göstərilmiş rekvizitlər üzrə adıçəkilən aktın cavabdeh tərəfindən imzalandığı tarixdən (03 fevral 2022-ci il) 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi nəzərdə tutulmuşdur. Lakin buna baxmayaraq, tərəflər arasında müəyyən edilmiş və razılaşdırılmış xidmət haqqından 2517,63 ABŞ dolları məbləğində olan hissə bu günə kimi iddiaçının hesabına köçürülməmişdir. 2.2. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara, keçirilmiş görüşlərə və 1 ildən çox vaxt keçməsinə baxmayaraq, hal-hazıradək qeyd edilən borc məbləğinin ödənişi cavabdeh tərəfindən təmin edilməmiş və bununla da tərəflər arasında bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən kobudcasına pozulmuşdur. İddiaçı tərəfindən cavabdehin faktiki ünvanına borc məbləğinin ödənilməsinə dair 08 fevral 2023-cü il tarixli 008 nömrəli pretenziya məktubu göndərilmiş, borc vəsaitinin 5 gün müddətində ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə müvafiq borcun, hesablanmış cərimə sanksiyalarının, əldən çıxmış fayda məbləğinin və məhkəmə xərclərinin məcburi qaydada tutulması ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Lakin müvafiq pretenziya məktubunu alan cavabdeh qeyd edilən tələbin təmin edilməsi istiqamətində heç bir addım atmamışdır. Eyni zamanda cavabdehin səlahiyyətli nümayəndəsi ilkin mediasiya prosesində iştirak etməmişdir. 2.3. Xidmət haqqının ödənilməsinin cavabdeh tərəfindən gecikdirilən günlərinin sayı 25 iyul 2023-cü il üçün 534 gün olduğundan və hər gecikdirilmiş günə görə ödənilməmiş məbləğin 0,5% həcmində cərimə məbləği müvafiq müqavilə ilə (5.14-cü bənd) nəzərdə tutulduğundan hesablanmış 6722,07 ABŞ dolları məbləğində cərimə və tələb edilən xidmət haqqına münasibətdə 184,97 əldən çıxmış fayda da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 442, 445.7, 462, 850-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, tərəflər arasındakı ekspedisiya müqaviləsinə uyğun olaraq yük daşınması həyata keçirilmiş, müqavilənin dəyərini 8400 ABŞ dolları təşkil etmişdir. 03 fevral 2022-ci il tarixdə akt tərtib olunaraq xidmətin qəbulu cavabdehin direktoru tərəfindən hüquqi şəxsin möhürü vurulmaqla təsdiqlənmişdir. Lakin xidmətin dəyərindən 2517,63 ABŞ dolları bu günədək ödənməmişdir. Cavabdeh ödənişləri hissə-hissə etdiyindən məhkəməyə təqdim edilən kassa mədaxil orderi cavabdehin etdiyi ödənişlər əsasında birtərəfli tərtib olunmuşdur.

6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili qeyd etdi ki, iddia tələbində əldən çıxmış fayda Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmışdır.

7. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə məhkəmə iclaslarında iştirak edərək bildirdi ki, tərəflər arasında yazılı qaydada hər hansı bir müqavilə bağlanmamışdır. Məhkəməyə təqdim edilən 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsindəki imza ona məxsus deyil, möhür isə müqaviləyə sonradan əlavə edilmişdir. Müqavilə münasibətləri şifahi qaydada olmuşdur. Yazılı qayda tərtib edilmiş xidmətlərin təhvil-təslim aktı isə cavabdehin qanuni təmsilçisi tərəfindən möhürlənmiş və imzalanmışdır.

8. Eyni zamanda cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) göstərdi ki, iddiaçı müqaviləni qüsurla icra etmiş, daşımanı gecikmə ilə həyata keçirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən bütün ödənişlər edilmişdir. Ödənişlərin bir qismi nağd qaydada, bir qismi isə kartdan karta (“card to card”) xidməti vasitəsilə həyata keçirilib. Bu səbəbdən iddia əsassızdır.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) qeyd etdi ki, təqdim olunan müqavilənin əslində olan möhür cavabdehin möhürünə oxşayır. Belə ki, malı təhvil aldıqdan sonra bir neçə sənədi möhürləyib, lakin hansı sənədlərə möhür vurulduğu dəqiq yadında deyil.

10. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəflər arasında yazılı müqavilənin bağlanmadığını, cərimə ilə bağlı hər hansı razılığın olmadığını bildirdi. Məhkəmənin baxış iclasında əsas məbləğlə razı olduqlarını, digər tələblərin əsassız olduğunu qeyd etdi. Eyni zamanda iddiaçının vəkilinin iddiaçı hüquqi şəxsdə işlədiyini qeyd edərək hüquqi yardım xərcinin tutulmasına etiraz etdi.

III. Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Nəqliyyat ekspedisiya müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

14. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin (ekspeditor qismində iddiaçı, müştəri qismində cavabdeh) 2-ci hissəsinə əsasən, ekspeditor müştərinin hesabına aşağıda göstərilən xidmətlərin yerinə yetirməyi və ya icrasını təşkil etməyi, müştəri isə bu xidmətlərin qəbul etməyi və onların dəyərini ekspeditora ödəməyi öhdəsinə götürür: bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili; bu müqavilə üzrə öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması; sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili; əgər bu sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili; bu müqavilə və onun müvafiq Əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlər (2.1). Ekspeditor bu müqavilə üzrə xidmətləri bilavasitə özü və ya müvafiq qaydada müqavilə bağlamaqla üçüncü şəxslər vasitəsilə icra edə bilər. Bu zaman üçüncü şəxslər tərəfindən xidmətin bu müqavilə şərtlərinə uyğun, lazımınca yerinə yetirilməməsinə görə - ekspeditor şəxsən özü məsuliyyət daşıyır (2.2).

15. Adıçəkilən müqavilənin 4-cü hissəsinə əsasən, hər bir daşımanın və ya əlavə xidmətin dəyəri daşıma məsafəsindən və daşıma obyektinin növündən, ölçülərindən, əlavə xidmətin xüsusiyyətlərindən asılı olaraq, bu Müqavilənin ayrılmaz hissəsi hesab edilən sifariş orderi ilə müəyyən edilir. Daşınma zamanı yaranan əlavə xərclər, zərərlər və cərimələr sifariş orderində qeyd edilən xidmət dəyərinə daxil deyil (4.1). Müqavilə üzrə yükün təhvil alınması və Müştəriyə və ya onun səlahiyyətləndirdiyi şəxsə (malın alınması zamanı təhvil verilməsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş və Tərəflərin səlahiyyətləndirdikləri şəxslər tərəfindən imzalanmış Qaimə ilə rəsmiləşdirilir. Qaimənin növü olan X1 tərəfindən tərtib edilərək imzalanması üçün Müştərinin müqavilədə qeyd etdiyi ünvanına göndərilir. Təhvil-təslim Aktını qəbul edən Müştəri 5 (beş) gün ərzində Akt ilə bağlı öz düzəlişlərini təqdim edə bilər. Qeyd edilən müddət ərzində Müştəri tərəfindən Təhvil-Təslim Aktı geri qaytarılmazsa Akt imzalanmış, xidmət isə qəbul edilmiş sayılır (4.2).

16. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə 01 nömrəli sifariş orderindən görünür ki, yük göndərən qismində “Kormax Corporation”, yükün qəbulu yeri Busan (Koreya), yükün qəbulunun başlanğıc tarixi xx.xx.2021-ci il, daşımanın həyata keçirildiyi nəqliyyat növləri gəmi və avtomobil, daşımanın marşrutu Koreya – Bəndər Abbas – Bakı, daşımanın təxmini müddəti 55-60 gün, xidmətin dəyəri 8400 ABŞ dolları razılaşdırılmışdır.

17. 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə xidmətlərin göstərilməsi haqqında 03 fevral 2022-ci il tarixli 01 nömrəli aktdan görünür ki, müvafiq müqavilənin 1-ci maddəsinə uyğun olaraq, ekspeditor yükün daşınması və ekspedisiyası üzrə öhdəlikləri öz üzərinə, müştəri isə bu xidmətləri qəbul etməyi və onların dəyərinin ödənişi üzrə öhdəlikləri öz üzərinə götürdü (1-ci bənd). Bu aktın imzalanması ilə tərəflər razılaşır ki, ekspeditor öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdi. Ekspeditor tərəfindən göstərilmiş nəqliyyat-ekspedisiya xidmətlərinin keyfiyyəti müvafiq müqavilənin şərtlərinə cavab verir və bununla bağlı müştərinin ekspeditora qarşı etirazı yoxdur (2-ci bənd). Müştəri ekspeditor tərəfindən göstərilmiş xidmətlərin dəyərini müvafiq müqavilənin 4-cü maddəsinə uyğun olaraq ödəyir. Ödənişin məbləği 8400,00 USD təşkil edir. Bu məbləğ müvafiq müqavilədə göstərilmiş rekvizitlər üzrə bu aktın müştəri tərəfindən imzalandığı tarixdən 3 (üç) iş günü ərzində ekspeditorun hesabına köçürülür (3-cü bənd). Müştəri aktın məzmunu ilə razılaşdıqda, onu aldığı gündən 1 (bir) iş günü ərzində imzalamalıdır. Akt hər iki tərəfin imzalandığı və möhürləndiyi andan hüquqi gücə malikdir. Onun faksimile surəti əsli kimi qəbul edilir (4-cü bənd).

18. Məhkəməyə təqdim edilən 03 aprel 2023-cü il tarixli 814791 nömrəli kassa mədaxil orderindən görünür ki, cavabdeh tərəfindən 10 000 manat məbləğində pulun yükün daşınması üçün iddiaçıya ödənilməsi təsdiq edilmişdir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsindən irəli gələn daşıma münasibətləri yaranmış, iddiaçı bütün nəqliyyat növləri ilə birbaşa və ya qarışıq yollar ilə yükdaşımaların təşkili, öhdəliklərin icrası üçün müxtəlif müqavilələrin bağlanması, sifarişə əsasən yükün göndərilməsinin və təhvil alınmasının təşkili, əgər sifarişdə nəzərdə tutulacaqsa, yükün sığortası üzrə əməliyyatların təşkili, müqavilə və onun müvafiq əlavələri ilə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini, cavabdeh isə bu xidmətləri qəbul etməyi və onların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə uyğun olaraq müvafiq sifariş orderi əsasında iddiaçı şərtləşdirilmiş yükü Busan (Koreya) limanından xx.xx.2021-ci il tarixdə təhvil alaraq 55-60 gün müddətində Koreya – Bəndər Abbas – Bakı marşrut xətti ilə təyinat yerinə daşımağı öhdəsinə götürmüş, 03 fevral 2022-ci il tarixli aktla cavabdeh və iddiaçının möhürü ilə sonuncunun öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada (tam həcmdə və razılaşdırılmış müddətlərdə) yerinə yetirdiyi təsdiqlənmiş, xidmətin dəyəri olan 8400 ABŞ dollarının sözügedən aktın cavabdeh tərəfindən imzalandığı tarixdən 3 iş günü ərzində iddiaçının hesabına köçürülməsi şərtləşdirilmişdir.

20. İddiaçı 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsaslanmaqla xidmətin dəyərinin ödənilmiş hissəsini – 2517,63 ABŞ dollarını tələb edir.

21. Cavabdeh iddiaya etiraz edərək tərəflər arasında yazılı müqavilənin bağlanmadığını bildirir. Həmçinin cavabdehin qanuni təmsilçisi ödənişlərin tam edildiyini qeyd etsə də, cavabdehin nümayəndəsi və vəkili Mülki Prosessual Məcəllənin 210-cu maddəsində nəzərdə tutulan çıxışında 2517,63 ABŞ dolları borcla razılaşdıqlarını göstərmişdir.

22. Məhkəmə tərəflər arasında yazılı müqavilənin bağlanıb-bağlanması ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

23. Əvvəla, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin bəzi müddəalarında da öhdəliyin icra edilməməsi üçün məsuliyyətin həddi müəyyən edilərkən “respondeat superior” (sahibin – rəhbərin cavabdehliyi) prinsipi rəhbər tutulmuş və işçilərin və ya xidmət göstərənlərin hərəkətləri üçün borclunun məsuliyyəti müəyyənləşdirilmişdir. Məsələn Mülki Məcəllənin 448.3-cü maddəsində təsbit edilmişdir ki, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır və ya 456-cı maddəsinə görə, borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

24. Bu mənada cavabdehin qanuni təmsilçisinin hansı sənədlərə möhür vurduğundan xəbərsiz olması, lakin xidmətlərin göstərilməsi haqqında 03 fevral 2022-ci il tarixli 01 nömrəli akta möhür vurduğunu və imza etdiyini bildirməsi ziddiyyətlidir. Belə ki, cavabdehin qanuni təmsilçisinin möhür vurub imza etdiyi 03 fevral 2022-ci il tarixli 01 nömrəli aktda həmin aktın 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əlavə olduğu qeyd edilmiş, sözügedən müqavilənin 1-ci və 4cü bəndlərinə istinadlar edilmişdir. Cavabdehin nümayəndəsi isə aktda göstərilən etiraz hüququndan istifadə etməmiş, bağlandığını inkar etdiyi müqavilənin şərtlərinə və adına istinad olunan aktı imza edərək möhürləmişdir.

25. Digər tərəfdən cavabdehin qanuni təmsilçisi bir neçə sənədi möhürlədiyini qeyd etmiş, lakin yalnız 3 fevral 2022-ci il tarixli 01 nömrəli akta möhür vurduğunu xatırlamışdır. Halbuki nə iş materiallarında, nə də cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdə 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi və 1 nömrəli sifariş orderi istisna olmaqla cavabdehin möhürü vardır. Bu isə nə qədər ki möhür vurulduğu bildirilən digər sənədlər təqdim edilməyib, müvafiq müqavilə və sifariş orderinə də cavabdehin qanuni təmsilçisi tərəfindən möhür vurulduğunu göstərir.

26. Həmçinin göstərilməlidir ki, cavabdehin qanuni təmsilçisinin hansı sənədləri təsdiqlədiyindən xəbərsiz olması, rəsmi qaydada xüsusi seyfdə saxlanılan möhürü kimə və ya kimlərə etibar etməsindən məlumatlı olmaması hüquqi şəxsi müqavilə öhdəliklərindən azad etmir.

27. Eyni zamanda cavabdeh tərəf daşıma münasibətlərinin şifahi olduğunu təsdiq edən hal kimi vatsap danışıqları təqdim etmişdir. Lakin həmin danışıqlar Mülki Məcəllənin 20-ci fəslinin 2-ci paraqrafında müqavilənin bağlanması prosedurunu (ofertanın verilməsi, akseptin edilməsi və s.) əks etdirməyib, iddiaçının müqavilənin 3.1.10 və 3.1.11-ci bəndlərində, Mülki Məcəllənin 388-ci maddəsində nəzərdə tutulan müştərini məlumatlandırmaq vəzifəsi, cavabdehin isə müqavilənin 3.4.1 və 3.4.1-ci bəndlərində, Mülki Məcəllənin 566-cı maddəsində nəzərdə tutulan məlumat almaq hüququnun realizəsidir. Belə ki, danışıqlardan görünür ki, iddiaçının nümayəndəsi cavabdehin nümayəndəsinə gəmi xəttindən yer alındığını bildirir, konteynerdəki yüklər barədə məlumatlar verir, yükün yeri barədə cavabdehin nümayəndəsinin suallarını cavablandırır, cavabdehin nümayəndəsi ödəniş qəbzlərinin şəklini iddiaçının nümayəndəsinə göndərir və s.

28. Göstərilənlərə əsasən, məhkəmə tərəflər arasında daşıma münasibətlərinin şifahi qaydada deyil, 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi ilə rəsmiləşdirildiyi qənaətinə gəlir.

29. Cavabdehin digər ziddiyyətli mövqeyi isə edilən ödənişlərin məbləği ilə bağlı olmuşdur.

30. Belə ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə vurğulayır ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

31. Yuxarıda qeyd edilən sübutetmə vəzifəsinə uyğun olaraq tərəflər arasında 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsindən irəli gələn daşıma münasibətlərinin mövcudluğu, 03 fevral 2022-ci il tarixli 01 nömrəli aktla kreditorun öz öhdəliklərini lazımınca və vaxtında yerinə yetirdiyi iddiaçı tərəfindən sübut olunmuşdur.

32. Cavabdehin təqdim etdiyi vatsap danışıqlarında da 21 iyun 2022-ci il tarixə 3695 dollar borc məbləği təsdiqlənmişdir. Lakin bütün borcları ödədiyini qeyd edən cavabdehin qanuni təmsilçisi müqavilənin dəyərini tam ödədiyini hər hansı mötəbər sübutla təsdiq edə bilməmişdir.

33. Digər tərəfdən məhkəmə çıxışlarında əsas borc məbləği qəbul edildiyindən məhkəmə hesab edir ki, cavabdehin 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinə əsasən ödənilməmiş borcu 2517,63 ABŞ dolları təşkil edir.

34. Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

35. Həmin Məcəllənin 852.1-ci maddəsinə görə, ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Həmçinin 852.2-ci maddədə göstərilmişdir ki, daşıyıcılar ilə münasibətlərdə ekspeditor yük göndərənin hüquq və vəzifələrinə malikdir.

36. Göründüyü kimi, öz hüquqi təbiəti etibarilə yük daşıması müqaviləsi mülki qanunvericilikdə əvəzli və ikitərəfli müqavilə kimi təsbit edilməklə, daşıyıcının (ekspeditorun) yükü haqq müqabilində təyinat yerinə daşımağı, yük alanın isə qeyd edilən haqqı ödəməsi ilə şərtləndirilmişdir.

37. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə yük daşıması müqaviləsi olub, iddiaçının daşımanın dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 852.4-cü maddəsi təşkil edir.

38. Belə ki, Mülki Məcəllənin 852.4-cü maddəsinə görə, ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu)və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd.

39. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn muzdun ödənilməsini tələb etmək hüququnu realizə edir.

40. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “pacta sunt servanda” (müqavilələr icra olunmalıdır) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

41. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

43. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

44. Beləliklə, məhkəmə hesab edir ki, yük daşıması müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (yük göndərən) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

45. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin olunmalı, 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 2517,63 ABŞ dolları borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

b) Nəqliyyat ekspedisiyası müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

46. İddia ərizəsində iddiaçı 6722,07 ABŞ dolları cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

47. Tərəflər arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsinin 5.14-cü bəndinə əsasən, xidmət dəyərinin, həmçinin bu müqavilənin icrası üçün ekspeditor tərəfindən çəkilmiş xərclərin ödənişi üzrə öhdəliklərin müştəri tərəfindən icrasının ləngidilməsi halında, Müştəri hər ləngidilmiş günə görə Ekspeditora ödənilməmiş məbləğin 0,5 % həcmində cəriməni ödəyir.

48. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

49. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

50. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

51. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

52. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

53. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır. Lakin cavabdeh mövcud mübahisənin məhkəməyəqədər mərhələsində tələbi cavabsız qoymuşdur. Eyni zamanda nəzərə alınır ki, cavabdeh tərəfindən öhdəliyin pozulma dərəcəsi qisməndir, hissəvi ödəniş edilmişdir. Eləcə də 3 fevral 2022-ci il tarixli 01 nömrəli aktla 3 iş gün ərzində xidmət haqqının tam ödənilməsi razılaşdırılsa da, iddiaçı uzun müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə dəbbə pulunun artmasına rəvac vermişdir.

54. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 80 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

55. Məhkəmə belə qənaətə gəlir ki, cərimənin tutulması hissəsində tələb qismən təmin edilməli, 80 ABŞ dolları məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

c) Nəqliyyat ekspedisiyası müqaviləsi üzrə faiz məbləğinin tutulması tələbi ilə bağlı

56. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsaslanmaqla cavabdehdən illik 5 faizlə hesablanmaqla 184,97 ABŞ dolları pulun tutulmasını tələb edir.

57. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.

59. Məhkəmə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” müddəasının hazırkı işlə əlaqədar şərhini, yəni iddiaçının 6722,07 ABŞ dolları cərimə tələb etdiyi halda, qanuni faiz tələbinin hüquqi əsasının olub-olmamasının aydınlaşdırılmasını zəruri hesab edir.

60. Belə ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş hüquqi mövqeyindən də aydın olur ki, Mülki Məcəllənin 445.7-ci maddəsində söhbət məhz kreditorun daha böyük məbləği tələb etmək kimi subyektiv hüququndan gedir. Subyektiv hüquq isə üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ.

61. Hazırkı halda məhkəmənin dəbbə pulunu tənasübsüz surətdə yüksək hesab edərək 80 ABŞ dolları məbləğində müəyyənləşdirməsi kreditorun borclu şəxsdən tələb etmək hüququnun subyektiv hüquqla əhatə olunan həcmini göstərir. Yəni kreditorun Mülki Məcəllənin 445.7-ci maddəsinə nəzərdə tutulmuş digər əsasdan çıxış etməklə tələb edə bildiyi maksimal məbləğ məhkəmə tərəfindən 80 ABŞ dolları həddində təsdiqlənir. Belə olan halda isə dəbbə pulu çatmayan hissədə kreditorun Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş subyektiv hüququ əmələ gəlir. Əks halda pozulmuş mülki hüquqların effektiv bərpasından söhbət gedə bilməz, Mülki Məcəllənin mülki qanunvericiliyinin prinsipləri adlanan 6-cı maddəsi ilə qanuni faizin tənzimləyən 445.7-ci maddəsi arasında ziddiyyət yaranmış olar.

62. Bu baxımdan məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 532 gün üçün ümumilikdə 103,48 ABŞ dolları (03 fevral 2022-ci il tarixli 01 nömrəli aktdan üç iş günü sonra xx.xx.2022-ci ildən maliyyə arayışının verildiyi xx.xx.2023-cü ilədək 532 gün üçün 2517,63 ABŞ dolları*5%/100%/365 gün*532 gün-80 ABŞ dolları cərimə) məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

d) İddia tələbinin xarici valyutada göstərilməsi ilə bağlı

63. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə əsasən, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir.

64. Qeyd edilən qərara əsasən məhkəmə hesab edir ki, 01 dekabr 2021-ci il tarixli FB29/21 nömrəli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə əsas borc, dəbbə pulu və faiz məbləği qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə tutulmalıdır.

e) Məhkəmə xərcləri ilə bağlı

65. İddiaçı ödənilmiş 1000 manat hüquqi yardım xərci, 60 manat ilkin mediasiya xərci, 98,20 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir.

66. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, MŞB\9\2023-00711 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh 17 aprel 2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödənmişdir.

67. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında və məhkəməyə təqdim olunan mədaxil qəbzindən görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 76 manat, ********* nömrəli mədaxil qəbzi ilə 6 manat olmaqla ümumilikdə hazırkı iddia üçün 82 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənmişdir.

68. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

69. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

70. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

71. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak fiziki və hüquqi şəxslər üçün mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

72. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

73. Belə olan halda təmin edilmiş tələblərə uyğun dövlət rüsumunun nisbəti 59/23 manat (təmin edilmiş hissə 2701,11*60/9424,67 iddia tələbi), mediasiya xərcinin nisbəti isə 42/18 (təmin edilmiş hissə 2701,11*82/9424,67 iddia tələbi) manat təşkil edir.

74. Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

75. Məhkəmə müəyyən edir ki, iddiaçı ilə Vəkil1 arasında hüquqi yardımın göstərilməsi haqqında 163 nömrəli müqavilə imzalanmış, BD1 nömrəli ödəniş tapşırığı ilə 1000 manat məbləğində pul hüquqi yardım haqqı kimi “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunun bank hesabına köçürülmüşdür.

76. Məhkəmə kommersiya mübahisələrinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra ediməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, mediasiya prosesində iştirak, iddia ərizəsi və əlavə olunan sənədlərin çatdırılması), təyin olunmuş məhkəmə iclaslarının sayını (5) və vəkilin bütün iclaslarda iştirak etdiyini nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq tələb olunan 1000 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

77. Yekun olaraq məhkəmə bu nəticəyə gəlir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 18 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməli, məhkəmə xərcləri qalan hissədə iddiaçıya ödənilməlidir.

V. Nəticə:

78. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 dekabr 2021-ci il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 2517 (iki min beş yüz on yeddi) ABŞ dolları 63 (altmış üç) sent xidmət haqqı, 80 (səksən) ABŞ dolları cərimə, xidmət haqqına illik 5% hesablanmaqla 103 (yüz üç) ABŞ dolları 48 (qırx səkkiz) sent pul olmaqla ümumilikdə 2701 (iki min yeddi yüz bir) ABŞ dolları 11 (on bir) sent məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 18 (on səkkiz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 23 (iyirmi üç) manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 (min) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar