Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3149/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə tələbi (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, qanunçuluq, legitim məqsəd, mütənasiblik) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, Maraqlı şəxsin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 1,42 manat, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 372190,9 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1638,33 manat, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" QSC) dövlət büdcəsinə olan 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 328,14 manat, İşsizlikdən Sığorta Fonduna 13,81 manat, İcbari Tibbi Sığorta Fonduna olan 55,2 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1,42 manat məbləğində (o cümlədən faizlər üzrə 1,42 manat), "xxxx" MMC-nin (VÖEN: **********) İcbari Tibbi Sığorta Fonduna 1638,33 manat, dövlət büdcəsinə 372190,9 manat məbləğində (o cümlədən vergilər üzrə 178429,22 manat, faizlər üzrə 18931,77 manat, maliyyə sanksiyası üzrə 174829,91 manat), "xxxx" QSC-nin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 328,14 manat, İşsizlikdən Sığorta Fonduna 13,81 manat, İcbari Tibbi Sığorta Fonduna 55,2 manat, dövlət büdcəsinə 40 manat məbləğində (o cümlədən maliyyə sanksiyası üzrə 40 manat) olmaqla ümumilikdə 374267,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli **********265800, xx.xx.2023-cü il tarixli **********138900, xx.xx.2023-cü il tarixli **********301400, xx.xx.2023-cü il tarixli **********764700, xx.xx.2023-cü il tarixli **********460600, xx.xx.2023-cü il tarixli **********965600, xx.xx.2023-cü il tarixli **********184300, xx.xx.2023-cü il tarixli **********370600, xx.xx.2023-cü il tarixli **********711900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
II. Ərizəçi və maraqlı şəxsin mövqeyi:
3. Ərizəçinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş yükünün çoxluğunu nəzərə alaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
4. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən ərizəçinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
5. Maraqlı şəxsin nümayəndəsi/vəkili Vəkil ərizəyə etiraz edərək təmin edilməməsini xahiş etdi. İzahatında bildirdi ki, "xxxx" MMC və "xxxx" QSC-nin dövlət büdcəsinə olan borcları tam ödənilmiş, "xxxx" MMC-nin isə dövlət büdcəsinə olan borcundan 49958,14 manat hissəsi ödənilmişdir. Maraqlı şəxsin məhkəməyə təqdim olunan ümumvətəndaş pasportundan çıxarışlardan görünür ki, mütəmadi olaraq xarici ölkəyə səfər edir. Bu səfərlər isə hüquqi şəxsin fəaliyyəti ilə bağlıdır. Maraqlı şəxs vergi borcuna görə ölkəni tərk edəsi deyil. Bundan başqa maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması sahibkarlıq fəaliyyətinə təsir göstərəcəyindən dövlət büdcəsinə olan borcun ödənilməsi də mümkün olmayacaqdır.
III. Tətbiq edilən hüquq
6. Azərbaycan Respublikası Konstitusiyasının: – 73-cü maddəsinin İ bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. – 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; – 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
7. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasinin Konstitusiya Qanununun 3.6-cı maddəsinə əsasən “…Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində ... göstərilən hüquqlar və azadlıqlar ... dövlət təhlükəsizliyi mənafeləri üçün, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün, cinayətin qarşısının alınması məqsədi ilə ... həmçinin ictimai qaydanın təmin edilməsi üçün ... məhdudlaşdırıla bilər”.
8. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: – 2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. – 2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
9. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: – 1.4-cü maddəsinə əsasən həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. – 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə həmin Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. – 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. – 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. – 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. – 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: – 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. – 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olubolmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.
12. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.
13. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC-nin icra orqanının rəhbəri Maraqlı şəxsdur.
14. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 1,42 manat təşkil edir.
15. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə borcu qalmamışdır.
16. "xxxx" QSC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 40 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 352,94 manat, İşsizlikdən Sığorta Fonduna olan borcu 14,85 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 59,39 manat təşkil edir.
17. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu qalmamışdır.
18. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 410 742,68 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 2132,25 manat təşkil edir.
19. Həmin hüquqi şəxsin xx.xx.2024-cü il tarixə çap olunmuş şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cəmi 49985,14 manat ödəniş edildikdən sonra onun dövlət büdcəsinə olan borcu 367296,10 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 2703,2 manat təşkil edir.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSCyə ünvanlanmış xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlərin surətindən görünür ki, adıçəkilən hüquqi şəxslərdən borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
21. Ərizəçinin təqdim etdiyi vegi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan görünür ki, xx.xx.2020-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli bildirişlər müvafiq olaraq "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSCnin elektron kabinetinə yerləşdirilmişdir.
22. Vergi orqanı ilə vergi ödəyicisi "xxxx" MMC (hazırkı "xxxx" MMC) arasında bağlanmış vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında 29 iyul 2008-ci il tarixli müqavilənin 2.2-ci bəndindən görünür ki, tərəflər müəyyən edilmiş formatda tərtib edilən və göndərilən elektron sənədi kağız və ya yazılı şəkildə digər məlumat daşıyıcısı üzərindəki sənədin ekvivalenti olduğunu və onunla eyni hüquqa malik olduğunu qəbul edir.
23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" QSC vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onların dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcları yaranmışdır. Həmin borcların ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildiriş ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində "xxxx" MMC və "xxxx" QSC tərəfindən borc məbləğinin ödənilməsi təmin edilsə də "xxxx" MMC tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cəmi 49985,14 manat ödəniş edildikdən sonra onun dövlət büdcəsinə 367296,10 manat, İcbari Tibbi Sığorta Fonduna 2703,2 manat borcu qalmışdır.
24. Odur ki borclu hüquqi şəxslərin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək məqsədilə həmin hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcuddur.
25. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən qeyd edir ki, Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir.
26. Lakin məhkəmə xüsusi ilə vurğulayır ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olduqda hüquqi dövlətin əsas prinsiplərindən olan mütənasiblik prinsipi üzrə də yoxlama aparılmalı, bu tədbirin mütənasiblik meyarına cavab veribverməməsinin araşdırılmalıdır. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir. Bu isə ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Belə ki, Kontitusiyanın 71-ci maddəsinin İİ hissəsinə əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
27. Qeyd olunan mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra AİHM) qərarlarında da ifadə olunmuşdur.
28. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
29. AİHM bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar).
30. Bundan başqa, mütənasiblik meyarı ilə bağlı AİHM-in mövqeyinə görə, hərəkət azadlığının məhdudlaşdırılması ilə bağlı hüquqi prosedur aydın və proqnozlaşdırıla bilən olmalıdır. İşin halları nəzərə alınmadan və ya izah edilmədən qoyulan “mexaniki məhdudiyyət” və ya məhkəməyə əlçatanlıq təmin edilmədən tətbiq edilən məhdudiyyət yolverilməzdir (Sarkizov və digərləri Bolqarıstana qarşı iş üzrə 17 aprel 2012-ci il tarixli, § 67-68, Nalbantski Bolqarıstana qarşı iş üzrə 10 fevral 2011-ci il tarixli, § 66 Qərarlar).
31. Eyni zamanda AİHM-in “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də tələb edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq, ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Vergi orqanları və yerli məhkəmələr vergi borcunun alınması üçün ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti ilə bağlı hər hansı arqument irəli sürməmişlər (Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı № 74288/14 və 64568/16, 2021-ci il 14 oktyabr tarixli qərarı, §§ 93-94).
32. Məhkəmə qeyd edir ki, mütənasiblik meyarı ilə bağlı qiymətləndirmə aparılarkən borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi araşdırılmalıdır.
33. Həmçinin qeyd etmək lazımdır ki, Vergi Məcəlləsinin 65-ci maddəsində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuş və həmin Məcəllədə dövlət büdcəsinə və müvafiq fondlara olan borcların ödənilməsini təmin etmək üçün bir sıra tədbirlər təsbit olunmuşdur. Bu baxımdan mütənasiblik meyarı ilə bağlı qiymətləndirmə aparılarkən borcun ödənilməsinin təmin edilməsi üçün vergi orqanı tərəfindən görülən və görülə biləcək digər tədbirlər (bank hesabına sərəncam qoyulması, öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) və tədbilərin nəticə veribverməsi məsələləri araşdırılmalıdır.
34. Qeyd olunan meyar üzrə qiymətləndirmə aparan məhkəmə ərizəçiyə müvafiq məktub ünvanlayaraq hüquqi şəxslərin dövlət büdcəsinə və müvafiq fondlara olan borclarının ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilib-keçirilməməsi, həyata keçirilmişdirsə nəticələri barədə məlumatın məhkəməyə təqdim edilməsi təklif etmiş, həmçinin maraqlı şəxsin nümayəndəsi və vəkilinə hüquqi şəxslərin mülkiyyətində əmlakın olub-olmaması barədə məlumatın, əmlakı olduğu halda müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
35. Məktuba cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə "xxxx" MMC-nin müvafiq bank hesabına qoyulan sərəncamlar barədə hesabatı və “Vergi ödəyəcisinin siyahıya alınmalı əmlakının müəyyən edilməməsi haqqında” Aktı təqdim etmişdir.
36. Təqdim olunan sənədlərdən görünür ki, "xxxx" MMC-nin müvafiq banklarda olan hesablarına xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə sərəncam qoyulmuş, maraqlı şəxsin iştirakı ilə tərtib olunmuş akta əsasən isə "xxxx" MMC-nin siyahıya alınmalı əmlaklarının olmadığı müəyyən edilmişdir.
37. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə nəzər yetirdikdə aydın olur ki, hüquqi şəxsin ərizənin əsasını təşkil edən borcları dövlət büdcəsinə 2023-cü ilin iyul, İcbari Tibbi Sığorta Fonduna 2023-cü ilin yanvar ayından yaranmağa (müvafiq olaraq 410 742,68 manat və 2132,25 manat) başlamış, sonrakı tarixlərdə borclar artmışdır. Ərizə ilə məhkəməyə müraciət olunanadək dövlət büdcəsinə cəmi 3967,51 manat, İcbari Tibbi Sığorta Fonduna cəmi 999,88 manat ödəniş olmuşdur. Ərizə ilə məhkəməyə müraciət olunarkən dövlət büdcəsinə 410 742,68 manat, İcbari Tibbi Sığorta Fonduna 2132,25 manat borc olmuşdur. Bundan sonra hüquqi şəxs cəmi 49985,14 manat ödəniş etmişdir.
38. İşin hallarından göründüyü kimi "xxxx" MMC-nin dövlət büdcəsinə olan borcu kifayət qədər yüksəkdir və vergi ödəyicisi borc məbləği barədə lazımınca xəbərdar edilmişdir. Lakin borc məbləği 2023-cü ilin iyul ayından yaransa da, bu müddət ərzində qanuni təmsilçi borcun ödənilməsi üçün tədbirlər görməmiş, dövlət büdcəsinə olan borca görə cəmi 3967,51 manat ödəniş etmişdir. Yalnız ərizəçi məhkəməyə hazırkı ərizə ilə müraciət etdikdən sonra 49985,14 manat ödəniş edilmişdir ki, həmin məbləğ mövcud borca münasibətdə əhəmiyyətli ödəniş deyildir.
39. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vergi orqanı borcların ödənilməsini təmin etmək üçün "xxxx" MMC-nin bank hesablarına sərəncam qoymuş, lakin borcun ödənilməsini təmin etmək mümkün olmamışdır. Eyni zamanda həmin hüquqi şəxsin siyahıya alınmalı əmlaklarının olmadığı müəyyən edilmişdir.
40. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuna uyğun olmaqla legitim məqsəd güdür və demokratik cəmiyyətdə zəruri – mütənasibdir.
41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, vergi ödəyicisi "xxxx" MMC-nin dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılmalıdır.
b) Məhkəmə xərcləri ilə bağlı
42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
44. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
45. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar.
46. Məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunu ödəməkdən azad edildiyindən və ərizə təmin edildiyindən 100 manat dövlət rüsumu maraqlı şəxsdən tutulmalıdır.
V. Nəticə:
47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-7, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə və İcbari Tibbi Sığorta Fonduna olan borclarının ödənilməsini təmin etmək üçün xx xxxxxxx 1977-ci il tarixdə Qazax rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi – AZE ********) ölkədən getmək hüququ məhdudiyyətin qoyulmasına səbəb olmuş əsaslar aradan qalxanadək müvəqqəti məhdudlaşdırılsın. Dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova