Məhkəmə qərarları › İş №e-2-2(113)-3159/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3159/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3159/2024 02.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: yükdaşıma müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 14 sentyabr 2023-cü il tarixli 10-saylı Müqaviləyə uyğun olaraq göstərilmiş daşıma xidmətinə görə 16.150 manat, gecikdirilmiş günlərə uyğun olaraq hesablanmış 1.734,85 manat dəbbə pulunun, mütəxəsis rəyinin alınmasına görə ödənilmiş 1.153 manat pulun, utilizasiya aktının alınmasına görə ödənilmiş 186 manat pulun, avtomobillərin gözləmədə olduğu günlərin sayına uyğun olaraq 400 manat pulun, dövlət rüsumunun ödənilməsinə görə 148,87 manat pulun və hüquqi xidmətə görə vəkilə ödənilmiş 300 pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli 10-saylı müqavilə bağlanılıb. Həmin müqaviləyə əsasən Sifarişçinin sifarişinə əsasən daşıyıcı tərəf ekspedisiya xidmətlərini, idxal və ixrac olunan yüklərin daşınmasını, tranzit yüklərin daşınmasını həyata keçirəcək. Daşıyıcı tərəfindən üç dəfə Azərbaycandan Rusiya Federasiyasına daşınma həyata keçirilib. Həmin daşınmaların ümum məbləği 16.150 manat təşkiledir. Daşanma xərcləri bizə vaxtında ödənilmədiyinə görə qanunvericiliyin tələbinə uyğun olaraq daşınma məbləğinin üzərinə 1.734,85 manat pul hesablanmışdır. Bundan başqa qeyd etmək istəyirəm ki, sonuncu daşınma zamanı sifarişçi şirkət qanunsuz olaraq malların bir qismini götürməkdən imtina etmiş və bunun məsuliyyətini daçımacının üzərinə qoymuşdur. Lakin tərəfimizdən müraciət edilərək audit rəyi alınmış və məsuliyyətin bizim üzərimizə düşməməsi aydınlaşmışdır. Audit tərəfindən araşdırılmanın aparılması üçn tərəfimizdən 1.153 manat rüsum ödənilmişdir. Qeyd edim ki əlavə olaraq utilizasiya aktının alınmasına görə tərəfimizdən 186 manat pul ödənilmişdir. Bundan başqa sifarişçi şirkət avtomobillərin gözləmədə olduğu günə görə 100 manat ödəməni üzərinə götürsədə avtomobillər dörd gün gözləmədə olmasına baxmayaraq onlar tərəfindən ödənilməli olan dörd yüz manat ödənilməmişdir.

3. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək, İddiaçı vurulmuş zərərin əvəzi olaraq 20.279,37 manat məbləğində\ pulun tutulması və ilkin iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdlr ki, Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2023-cü il tarixli müqavilə imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, İddiaçı, Cavabdeh MMC-nin yüklərini Rusiya Federasiyasının Moskva şəhərində yerləşən ticarət obyektinə çatdırmalı idi. Daşıyıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımınca yerinə yetirilməmiş, avtonəqliyyat vasitəsinin düzgün idarə edilməməsinin nəticəsi olaraq yüklər sürüşməyə məruz qalmış və son qəbul məntəqəsində yükün yarasız olması nəticəsində yük alan yükü qəbul etməkdən imtina etmişdir, bunun nəticəsində “Azaqro holdinq böyük zərərə məruz qalmışdır. Belə ki, Azərbaycan Respublikasının Şəmkir rayonu ərazisində mal yüklənəndə daşıyıcının nümayəndəsi (sürücü) də iştirak etmişdir və yükləmənin tam qaydası ilə aparıldığına bilavasitə şahidlik etməklə, yükləmədən razı qalmış və yükü təhvil almışdır. Avtonəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində saat 10:00-da Şəmkirdən yola çıxmışdır və saat 20:00 da Bakıya çatmışdır. Bakıya çatdıqdan sonra sürücü naməlum səbəblərdən maşını və malı atıb qaçmışdır, İddiaçı bizə sürücünü yola gətirəcəyini desə də, heç nə edə bilməmiş, mal maşında sahibsiz qalmış, nəticədə 50 saatdan çox vaxt itirilmişdir. Bundan sonra, İddiaçı maşına başqa tanımadığımız və malı təhvil vermədiyimiz adamı sürücü təyin etmişdir. Avtonəqliyyat vasitəsi yükləndikdən yalnız 4 gün sonra maşın Xudata çatmış, maşının real çəkisi sənədlərdəkindən fərqli olduğu üçün, həmin məntəqədə də daha 10 saat vaxt itirilmişdir. Sərhədi keçəndən təxminən 200 km sonra avtonqəliyyat vasitəsinin soyuducusu sıradan çıxmış və bu problemin aradan qalndırılması iki saata yaxın vaxt aparmışdır. Ümumilikdə mal maşına yükləndikdən sonra Moskvaya 6 günə çatmışdır, halbuki bu yol cəmi 3 günlükdür. Avtonəqliyyat vasitəsi təyinat məntəqəsinə çatdıqdan sonra yük təhvil alınarkən yükün maşının soyuducu yük yerində sürüşməsinin olduğu aşkar edilmiş və bu barədə bizə məlumat verilmişdir. Nəticədə sürücünün xətası ücbatından mala ziyan vurulduğuna görə yük alan malı qəbul etməkdən imtina etmişdir. Qeyd edilən hallar müvafiq yazışmalar, şəkillər, audit rəyi əsasında təsdiq edilir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilkin iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. - Həmin Məcəllənin 850.2-ci maddəsin əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir. - Həmin Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. - Həmin Məcəllənin 855.1-ci maddəsinə əsasən yük göndərən yükün lazımınca qablaşdırılmasını təmin etməlidir. O, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. - Həmin Məcəllənin 855.2-ci maddəsinə əsasən öz növbəsində daşıyıcı yükü daşımaya qeyd-şərtsiz qəbul edərkən mövcud olmuş zahirən görünən qüsurların nəticələri üçün məsuliyyət daşıyır. - Həmin Məcəllənin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. - Həmin Məcəllənin 859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. - Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun tutulması tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.

9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (daşıyıcı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2023-cü il tarixli 10 saylı yükdaşıma müqaviləsi bağlanmışdır.

10. Müqavilənin 1-ci bəndinə əsasən daşıyıcı sifarişçinin sifarişi əsasında ekspedisiya xidmətlərini, idxal və ixrac olunan yüklərin daşınmasını və s. xidmətləri həyata keçirməyi öhdəsinə götürmüşdür.

11. Məhkəmə qeyd edir ki, tərəflər arasında olan mübahisənin həlli baxımından ilk növbədə ilkin iddiaya qiymət verilməlidir.

12. İlkin iddia ərizəsinin məzmunundan da, göründüyü kimi, ilkin iddia üzrə ilk tələb göstərilmiş daşıma xidmətinə görə 16.150 manat pulun tələb edilməsi ilə bağlıdır.

13. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf 3 ədəd nəqliyyat vasitəsi (TİR) ilə cavabdehə aid xurma məhsulunun Şəmkir şəhərindən Rusiyaya çatdırıldığını və buna görə də, daşıma haqqının tutulmasını xahiş edir.

14. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi isə, 3 ədəd nəqliyyat vasitəsində olan xurma məhsulunun Rusiyaya çatdırıldığını qeyd etsə də, 1 ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyini bildirir.

15. İşdən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli 00096175 saylı dəyəri 5.610 manat olan, xx.xx.2024-cü il tarixli 354240 saylı dəyəri 5.440 manat olan, xx.xx.2024-cü il tarixli 354245 saylı dəyəri 5.100 manat olan elektron qaimələr göndərilmişdir.

16. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimədə göstərilən məbləğlərin cəmi 16.150 manat təşkil edir.

17. Məhkəmə qeyd edir ki, qeyd edilmiş sənədlərdən və cavabdeh tərəfin də, bildirdiklərin görünür ki, 3 ədəd nəqliyyat vasitəsində cavabdehə aid olan xurma məhsulunun daşınması iddiaçı tərəfindən həyata keçirilmişdir.

18. Cavabdeh tərəf isə, 1 ədəd ədəd nəqliyyat vasitəsində olan məhsulun, sürücünün təqsiri, yəni tormozlanma nəticəsində bir hissəsinə zərər dəydiyinə görə, Rusiyada cavabdeh tərəfindən satılmalı olan şirkət tərəfindən onlara pul tələbinə dair pretenziya göndərdiklərinə görə və mala dəymiş ziyana görə yox, məhz xurma məhsullarını satmalı olduqları şirkət tərəfindən, onlara məhsul tam verilmədiyinə görə, onlardan dəymiş zərərlə bağlı pretenziya göndərdiklərinə istinad edərək, daşıma xərclərini ödəməkdən imtina edir.

19. Məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni cavabdehə aid mallar Rusiyada razılaşdırılmış ünvana çatdırılmışdır.

20. Buna görə də, cavabdeh tərəfinin müqavilə üzrə daşıma haqqını ödəmək öhdəliyi yaranmışdır.

21. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, daşıma haqqı olaraq 16.150 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

22. Məhkəmə ilkin iddianın dəbbə pulunun tələb edilməsi ilə bağlı qeyd edir ki, qeyd edilən hissədə ilkin iddia təmin edilə bilməz.

23. Belə ki, yuxarıda qeyd edilmiş normanın məzunundan da, göründüyü kimi, dəbbə pulu qanunda və ya müqavilədə nəzərdə tutulmuş halda tətbiq edilir. Hazırkı halda isə, tərəflər arasında bağlanmış müqavilədə dəbbə pulunun tətbiqi ilə tərəflər razılığa gəlməmiş və qanunda da, daşıma müqaviləsi üzrə daşıma haqqının vaxtında ödənilməməsinə görə cərimənin tətbiq edilməsi halı yoxdur.

24. Məhkəmə ilkin iddianın digər hissələri ilə bağlı qeyd edir ki, mütəxəsis rəyinin alınmasına görə ödənilmiş pulun, utilizasiya aktının alınmasına görə ödənilmiş pulun, avtomobillərin gözləmədə olduğu günlərin sayına uyğun olaraq pulun tələb edilməsi ilə bağlı ilkin iddiaçı hər hansı bir sənəd təqdim etmədiyindən, qeyd edilən hissələrdə ilkin iddia təmin edilə bilməz.

25. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 138,45 qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

26. Bundan başqa da, vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir.

27. Bundan sonra Məhkəmə, qarşılıqlı iddiaya münaibət bildirilməsini zəruri hesab edir.

28. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə tələb edilən zərər məbləğinin nədən ibarət olması soruşulmuş, qarşılıqlı iddiaçı da, dəymiş zərərin xurma məhsuluna dəymiş ziyanın məbləği deyil, məhz xurma məhsulunun satılmalı olan Grand Trade şirkətinə qarşısında alqı-satqı müqaviləsi üzrə öhdəliyi tam icra etmədiyindən pretenziya göndərdiklərini və pul tələb etdiklərini bildirdi.

29. Məhkəmə bu xüsusda qeyd edir ki, yuxarıda sadalanmış normaların məzmunundan da, göründüyü kimi, daşıyıcı yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı dəymiş zərərə görə məsuliyyət daşıyır ancaq indiki, halda qarışılıqlı iddiaçı 5.510,5 kq olan yükə dəymiş zərərin əvəzini yox məhs İİİ-cü bir şəxsin onlara qarşı olan pretenziya sənədinə istinad edərək pul tələb edir.

30. Mülki qanunvericiliyin müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

31. Qeyd edilməlidir ki, Cavabdeh MMC ilə Rusiya şirkəti olan Grand Trade olan alqı-satqı müqaviləsinin bəndlərinin şərh edilməsi, yəni Grand Trade tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pul tələbinin dəbbə pulu olması, Rusiya qanunvericiliyində onun ağlabatan həcmdə tutulması imkanı və yaxud müqavilədən irəli gələn zərərin olubolmamasının müəyyən edilməsi hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.

32. Bundan başqa da, Məhkəmə qeyd edir ki, Rusiya şirkəti olan Grand Trade tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubunun ünvanlanması ilə sonuncudan pulun tələb edilməsi ilə, İddiaçı tərəfindən həyata keçirilən daşımanın icrası ilə səbəbli əlaqəsinin olması iş materialları ilə sübuta yetirilmir.

33. İzah edilsin ki, qarşılıqlı iddiaçının məhsula dəymiş zərərin tələb edilməsi hüququ vardır.

34. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir.

35. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. 16.150 (on altı min bir yüz əlli) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 138 (bir yüz otuz səkkiz) manat, 45 (qırx beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar