Məhkəmə qərarları › İş №e-2-2(113)-316/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-316/2023

26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-316/2023 26.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, cərimə, əldən çıxmış fayda, mediasiya xərci, üzləşmə aktı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətinə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış*** saylı alqı-satqı müqaviləsi üzrə 11421,20 manat əsas borc, 194,97 manat cərimə borcu, 1208 manat əldən çıxmış faydanın və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 200 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixində İQ/BC/2011 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bağlanmış xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 8000 manat, xx.xx.2022-ci il tarixli, 2 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 5000 manat, xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 10 000 manat, xx.xx.2022-ci il tarixli 4 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 9221,20 manat məbləğində mal Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) satılmışdır. Qeyd olunan Əlavə Razılaşmalara əsasən malların dəyəri 100% əvvəlcədən həmin Əlavə Razılaşmaların imzalandığı gün alıcı tərəfindən satıcıya ödənilməli idi. Lakin ödənişlərin bir qismi cavabdeh tərəfindən icra edilsə də, digər hissəsinin ödənilməsi gecikdirilmiş və bugünədək icra edilməmişdir. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli üzləşmə aktından da göründüyü kimi xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçı qarşısında ödənilməmiş borcu 16 221,20 manat təşkil etmişdir. Bu tarixdən sonra bir neçə dəfə - sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 1000 manat olmaqla, ümumilikdə 4800 manat cavabdeh tərəfindən ödənilmiş, lakin qalıq 11421.20 manat borc məbləği hələ də ödənilməmişdir. Müqaviləyə uyğun olaraq tərəflər, öz öhdəliklərinin icra etməməsi səbəbilə, hər hansı tərəfin yaranacaq bütün zərərlərini, əldən çıxmış faydanı öhdəliyi vaxtında icra etməmiş tərəfin ödəyəcəyini və malların tam dəyəri əlavə razılaşma ilə müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə, alıcınn gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,01 %-i həcmində cərimə ödəyəcəyini razılaşdırmışlar.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 443.1, 445, 448, 598, 599 və s. maddələri göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X1 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı öz öhdəliklərini icra etsə də, cavabdeh şərtləşdirilmiş məbləği tam ödəməmişdir. Əldən çıxmış fayda ilə bağlı isə qeyd edilmişdir ki, həmin mal iddiaçının sərəncamında qalsa idi, ondan daha sərfəli şəkildə istifadə edə bilərdi, məsələn: digər alıcılara sata bilərdi və yaxud şərtləşdirilmiş məbləğ vaxtında ödənilsə idi, həmin məbləğdən faiz əldə edə bilərdi.

5. Cavabdehin nümayəndəsi - qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmənin sonuncu baxış iclasında iştirak edərək qeyd etmişdir ki, cavabdeh müxtəlif parniklərdən aldığı məhsulları restoranlara, kafelərə, keterinq xidməti göstərən şirkətlərə satır. Həmin müəssisələr isə ödənişləri dərhal yox, müəyyən fasilələrlə edir. Belə olan halda, cavabdeh də parniklərdən, o cümlədən iddiaçıdan aldığı məhsulların dəyərini dərhal ödəyə bilmir. Cavabdehin qanuni təmsilçisi həmçinin bildirmişdir ki, o əsas borc məbləğini qəbul edir, lakin dəbbə pulu və əldən çıxmış faydanın maliyyə çətinlikləri səbəbindən azaldılmasını xahiş edir. Eləcə də, hazırkı əsas borc hissə-hissə ödənəcəkdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə əsas borcun tutulması tələbi ilə bağlı

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

9. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 20 noyabr 2021-ci il tarixində İQ/BC/2011 saylı alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı adı, çeşidi, sayı, miqdarı, çəkisi tərəflər arasında Əlavə Razılaşma ilə müəyyən edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, alıcı isə həmin malların dəyərini müqavilə və Əlavə Razılaşma əsasında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı xx.xx.2021-ci il tarixli, 1 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 8000 manat, xx.xx.2022-ci il tarixli, 2 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 5000 manat, xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 10 000 manat, xx.xx.2022-ci il tarixli 4 saylı Əlavə Razılaşma və həmin tarixli təhvil-təslim aktı əsasında 9221,20 manat məbləğində malı cavabdehə təhvil vermişdir.

10. Bundan başqa, müəyyən olunur ki, üzləşmə aktının tərtib olunduğu 22 iyun 2022-ci il tarixə cavabdehin iddiaçıya ödəməli olduğu borc məbləği 16 221,20 manat olmuş, cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 11421,20 manat borc qalmışdır.

11. İddiaçı alqı-satqı müqaviləsi üzrə təhvil verilmiş mallara görə 11421,20 manat qalıq borc məbləğini tələb edir.

12. Cavabdeh təhvil verilmiş mallara görə 11421,20 manat borc qaldığını qəbul edir.

13. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

15. Məhkəmə hesab edir ki, iddianın hüquqi əsası kimi Mülki Məcəllənin 600.4-cü maddəsi nəzərdən keçirilə bilər.

16. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

18. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

19. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

21. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 11421,20 manat pulu ödəmədiyini, iddiaçının əşyanın ödənilməsini tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və ödənilməmiş 11421,20 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı

22. İddia ərizəsində iddiaçı 194,97 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.

23. Tərəflər arasındakı alqı-satqı müqaviləsinin müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, malların tam dəyəri Əlavə Razılaşma ilə müəyyən edilmiş müddətdə ödənilmədiyi təqdirdə, satıcı alıcıdan gecikdirmənin hər günü üçün ödənilməmiş məbləğin 0,01%-i həcmində cərimə ödənilməsini tələb edə bilər.

24. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

25. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə, müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər.

26. Həmin Məcəllənin 465.2-ci maddəsində göstərilmişdir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

27. İş materialları ilə müəyyən olunur ki, borcun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır.

28. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 194,97 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

29. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 194,97 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

b) Alqı-satqı müqaviləsi üzrə əldən çıxmış faydanın ödənilməsi tələbi ilə bağlı

30. İddiaçı həmçinin əldən çıxmış faydaya görə 1208 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

31. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

32. Həmin Məcəllənin 443.2-ci maddəsi ilə müəyyən olunmuşdur ki, zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

33. Həmin Məcəllənin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

34. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

35. Həmin Məcəllənin 434.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

36. Məhkəmə qeyd edir ki, əldən çıxmış faydanın ödənilməsi tələbi irəli sürülərkən zərər çəkmiş, qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir. Əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyini güman etdiyi gəlirlərin reallığı (həqiqiliyi), kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri və s. müəyyən edilməlidir. Hazırkı iş üzrə iddiaçının əldən çıxmış fayda ilə bağlı tələbi yalnız subyektiv mülahizələrə əsaslanır və mötəbər, zəruri sübutlarla qeyd edilən hallar təsdiqlənmir.

37. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əldən çıxmış faydanın ödənilməsi ilə bağlı tələbi əsassız olduğundən təmin edilə bilməz.

c) Mediasiya xərcinin tutulması tələbi ilə bağlı

38. İddiaçı həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat pulun cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

39. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, MŞB/6-6512 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiaysından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmiş və iddiaçı tərəfindən 200 manat məbləğində ilkin mediaisya haqqı ödənilmişdir.

40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxildir.

42. Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

43. Göründüyü kimi, kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak mülki prosessual qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc zəruri xərc olmaqla işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir.

44. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən məhkəmə hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərc ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq 181 manat hissədə (200*(11421,20+194,97)/(11421,20+194,97+1208) - məhkəmə xərci * təmin olunan tələblər / ümumi tələblər) cavabdehdən tutulmalı, qalan hissədə isə iddiaçıya aid edilməlidir.

46. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, məhkəmə xərci olaraq 181 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyəti arasında bağlanmış 20 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 11 421 (on bir min dörd yüz iyirmi bir) manat 20 (iyirmi) qəpik əsas borc, 194 (yüz doxsan dörd) manat 97 (doxsan yeddi) qəpik cərimə borcu olmaqla, ümumilikdə 11 616 (on bir min altı yüz on altı) manat 17 (on yeddi) qəpik məbləğində pul Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 181 (yüz səksən bir) manat məbləğində pul Cavabdeh Məhdud Məsuliyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar