Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3161/2025 29.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, prosessual maraq, sübutetmə, dəbbə pulu) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli alqı-satqı müqaviləsi üzrə 51160,46 manat əsas borc, 5116 manat penyanın və ödənilmiş 258,83 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı və cavabdeh arasında xx.xx.2023-cü il tarixli MB398/2023 nömrəli təchizat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə mallar (elektron siqaret) təqdim etmiş və həmin mallara görə elektron qaimələr göndərmişdir. Göndərilmiş mallar cavabdeh tərəfindən satış məntəqəsində qəbul edilmiş, təhvil-təslim aktları imzalanmış, lakin malların dəyəri ödənilməmişdir. İddiaçıını təqdim etdiyi mallara görə göndərdiyi elektron qaimələr əsasında yaranmış əsas borc məbləği aşağıdakı cədvəldə qeyd olunduğu kimidir: Borc məbləği, ƏDV Sıra E-qaimənin seriya və E-qaimənin tarixi daxil olmaqla, №-si nömrəsi manatla
1. EBDP 169383 xx.xx.2023 11388,95
2. EBDO 206384 xx.xx.2023 8985,68
3. EBDO 206386 xx.xx.2023 8030,02
4. EBDO 478314 xx.xx.2023 16060,04
5. EBDQ 083351 xx.xx.2023 4212,58
6. EBDM 326986 xx.xx.2023 2483,19 CƏMİ: 51160,46 2.2. Beləliklə, bugünkü tarixə elektron qaimələr üzrə cavabdehin iddiaçıya olan əsas borcu 51160,46 manat təşkil edir. Tərəflər arasıda bağlanmış müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı müqavilə üzrə ödənişi vaxtında və tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün, vaxtında ödənilməmiş məbləğin 0,2% miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.3-cü maddəsinə görə malların dəyəri təhvil verildikdən və ya elektron qaimə-faktura təqdim edilməsindən etibarən 90 təqvin günü ərzində təchizatçının bank hesabına ödənilməlidir. Lakin qeyd edildiyi kimi, yuxarıda cədvəldə göstərilən elektron qaimələr və təhvil-təslim aktı əsasında göndərilmiş mallara görə bu günə qədər heç bir ödəniş edilməmişdir. 2.3. Sözügedən borcun ödənilməsi ilə bağlı dəfələrlə aparılmış danışıqların nəticəsiz qalması səbəbindən 51160,46 manat əsas məbləğ və öhdəliklərin vaxtında icra edilmədiyinə görə təchizatçı tərəfindən hesablanmış 5116 manat penyanın, ümumilikdə isə 56276,46 manat məbləğin ödənilməsi məqsədi ilə pretenziya məktubu göndərilərək tələb olunana borcun ödənilməsi üçün müddət müəyyən edilmişdir. Lakin həmin müddətdə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Könüllü ödəniş edilmədiyi üçün iddiaçı məhkəməyə iddia ilə müraciət etmək qərarına gəlmişdir. 2.4. İddiaçı elektron siqaretlərin topdansatışını həyata keçirir, hazırda bazarda yaranan işgüzar adətə görə nisyə satış zamanı mallar müqavilə üzrə kontragentin satış nöqtələrinə (ticarət obyektinə) təhvil verilir, satış nöqtəsində olan işçi (satıcı, nümayəndə) tərəfindən qəbul edilir və bu barədə akt tərtib edilir, akt əsasında elektron qaimə göndərilir. Elektron qaiməmin göndərilməsi malların, işlərin, xidmətlərin artıq alıcıya (sifarişçiyə) təhvil verilməsini təsdiq edir və növbəti addım mallara görə müqavilə ilə razılaşdırılmış qaydada ödənişin edilməsi olur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən xx.xx.2017-ci il tarixdən etibarən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə qaimə-fakturalar elektron formada təqdim edilir. Hazırda vergi ödəyiciləri arasında malların, işlərin, xidmətlərin təqdim edilməsini təsdiq edən əsas sənəd kimi elektron qaimə-faktura qəbul edilir. Elektron qaimə-faktura bir vergi ödəyicisindən digər vergi ödəyicisinə elektron kabinet vasitəsi ilə göndərilir və təqdim olunduqdan 5 gün sonra qəbul edən vergi ödəyicisi tərəfindən təsdiq edilməsə, sistem tərəfindən təsdiq edilir və qəbul edilmiş sayılır. Əgər vergi ödəyicisi həmin qaimə-faktura ilə razı deyilsə, sistem tərəfindən təsdiq edildikdən sonra belə onu göndərən şəxsə sistem vasitəsi ilə geri qaytara bilər. Bu barədə bütün vergi ödəyiciləri bilir. 2.5. Qüvvədə olan qanunvericiliyə görə elektron qaimənin mövcudluğu malların təhvil verilməsini təsdiq edir. Qarşı tərəf (qəbul edən ödəyici) həmin elektron qaiməni geri qaytarmayıbsa, qəbul etmiş sayılır və mütləq şəkildə qəbul etdiyi malların dəyərini ödəməlidir. xx.xx.2023-cü il tarixli MB-398/2023 nömrəli təchizat müqaviləsinin 1.1-ci bəndinə əsassən, hazırkı müqaviləyə uyğun olaraq təchizatçı əmtəə-nəqliyyat fakturalarına və elektron qaimə fakturalara əsasən razılaşdırılmış adda, çeşiddə və miqdarda malı alıcının mülkiyyətinə verir, alıcı isə malı qəbul edir və onun dəyərini ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyərinə hazırkı müqaviləyə əsasən bütün elektron qaimə-fakturalar üzrə təchiz edilmiş malın məbləğinin cəmi daxildir. Müqavilənin 3.5-ci bəndinə uygun olaraq, malın alıcı tərəfindən qəbulu zamanı, həmçinin malın qablaşdırılması, etiketi, aksiz markaları və malın vizual tərtibatının digər elementlərinin zədələnmə halları aşkar olunmadıqda və əmtəə-nəqliyyat fakturasında əks olunmadıqda, təchizatçı tərəfindən təchiz edilmiş və alıcı tərəfindən qəbul edilmiş mal lazımi keyfiyyətli mal hesab olunur va geri qaytarılmır. Bu halda tərəflər əmtəə-nəqliyyat fakturasını imzalayırlar. Cavabdeh yuxanda qeyd edilan malların qəbulu barədə müvafiq aktları imzalamışdır.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425, 448, 462, 634, 637.2-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizələr ünvanlayaraq məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə bildirişləri cavabdehin yaşayış yeri üzrə qeydiyyata alındığı ünvana göndərilməklə, mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 05 iyul 2023-cü il tarixli MB-398/2023 nömrəli təchizat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əmtəə-nəqliyyat fakturalarına və elektron qaimə-fakturalara əsasən adda, çeşiddə və miqdarda malı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin malları qəbul edərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə müqavilənin ümumi dəyərinin bütün elektron qaiməfakturalar üzrə təchiz edilmiş malın məbləğinin cəmi olması, malların dəyərinin elektron qaimə-fakturaların təqdim olunmasından etibarən 90 gün ərzində bank hesabına köçürmə yolu ilə ödənilməsi razılaşdırılmışdır. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 951,35 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 2483,17 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 8030 manat və 8985,64 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 16060,02 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 11388,92 manat, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə ƏDV daxil olmaqla 4212,58 manat olmaqla ümumilikdə 52111,68 manat dəyərində mal cavabdehə təhvil verilmiş, malların verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli EBDJ 508482 (ƏDV daxil olmaqla 951,3 manat), xx.xx.2023cü il tarixli EBDM 326986 (ƏDV daxil olmaqla 2483,19 manat), xx.xx.2023-cü il tarixli EBDO 206384 (ƏDV daxil olmaqla 8985,68 manat), xx.xx.2023-cü il tarixli EBDO 206386 (ƏDV daxil olmaqla 8030,02 manat), xx.xx.2023-cü il tarixli EBDO 478314 (ƏDV daxil olmaqla 16060,04 manat), xx.xx.2023-cü il tarixli EBDP 169383 (ƏDV daxil olmaqla 11388,95 manat), xx.xx.2023-cü il tarixli EBDQ 083351 (ƏDV daxil olmaqla 4212,58 manat) seriya və nömrəli elektron qaimələr (ümumilikdə 52111,76 manat) tərtib edilərək cavabdehə göndərilmiş, iddia tələbinin əsasını təşkil edən xx.xx.2023-cü il tarixli EBDM 326986, xx.xx.2023-cü il tarixli EBDO 206384, xx.xx.2023-cü il tarixli EBDO 206386, xx.xx.2023-cü il tarixli EBDO 478314, xx.xx.2023-cü il tarixli EBDP 169383, xx.xx.2023-cü il tarixli EBDQ 083351 seriya və nömrəli elektron qaimələr sistem tərəfindən təsdiq edilmiş, cavabdeh tərəfindən ləğvə və ya düzəlişə qaytarılmamışdır.
12. İddiaçı 05 iyul 2023-cü il tarixli MB-398/2023 nömrəli alqı-satqı müqaviləsinin məcburi icrasını, yəni malların qalıq dəyərinin – 511160,46 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir.
14. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
15. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
16. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
17. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
18. Məhkəmə əvvəla alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
19. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
20. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
21. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
22. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
23. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
24. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
25. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
26. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların qalıq dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
28. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
29. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
31. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
32. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 05 iyul 2023-cü il tarixli MB-398/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə 51160,46 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə cərimənin tutulması tələbi ilə bağlı
33. İddia ərizəsində iddiaçı 5116 manat cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
34. 05 iyul 2023-cü il tarixli MB-398/2023 nömrəli müqavilənin 2.4-cü bəndinə əsasən, alıcı müqavilə üzrə ödənişi vaxtında və tam şəkildə etmədikdə, hər gecikdirilmiş gün üçün, vaxtında ödənilməmiş məbləğin 0,2% miqdarında penyanı təchizatçı alıcıdan tutmağa haqlıdır, alıcı isə təchizatçıya ödəməyi öhdəsinə götürür.
35. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
36. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
37. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).
38. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdeh ilə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır.
39. Məhkəmə hesab edir ki, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafeləri nəzərə alındığında cərimə məbləğinin 5116 manat müəyyən olunması ağlabatan və ədalətlidir.
40. Məhkəmə belə qənaətə gəlir ki, cərimə olaraq 5116 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
41. İddiaçı eyni zamanda ödənilmiş 258,83 manat dövlət rüsumunun da tutulmasını tələb edir.
42. İş materiallarından görünür ki, ********** nömrəli mədaxil qəbzi ilə 258,83 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.
43. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Beləliklə, iddia tələbinin təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258,83 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə:
46. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 233, 242- 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli təchizat müqaviləsi üzrə 51160,46 manat əsas borc, 5116 manat penya olmaqla ümumilikdə 56276,46 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 258,83 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Nərmin Əhmədova