Məhkəmə qərarları › İş №e-2-2(113)-3167/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3167/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3167/2022 19.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı nümayəndəsi Ağa-X6, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.510,47 manat məbləğində əsas borc, borcun ödənilməsinin gecikdirilməsinə görə 151,04 manat məbləğində dəbbə pulu və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 70 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı X4 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 yanvar 2020-ci il İddiaçı MMM ilə fərdi sahibkar kimi fəaliyyət göstərən Cavabdeh arasında məhsul kateqoriyaları üzrə 001661P20 və 000932J20 saylı Alqı-satqı müqavilələri bağlanmışdır. Əməkdaşlığımız müddətində cavabdeh ayrı-ayrı tarixlərdə İddiaçı MMM-nə məxsus müxtəlif adlı, çeşidli məhsullar sifariş vermiş və təhvil almışdır. Lakin, cavabdeh malların təhvil-qəbul aktlarında qeyd olunan tarixlərdə təhvil aldıqları mallara görə bu günə kimi tam ödəniş etməmişdir. Dəfələrlə xəbərdarlıq olunsa da, müxtəlif bəhanələr gətirərək bu günə kimi borcunu ödəməmiş və bağlanmış Alqı-Satqı müqaviləsinin şərtlərini pozmuşdur. Nəticə etibarilə, bağlanmış müqavilə şərtlərinə əməl etməyərək, müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Alqı-Satqı müqaviləsinin şərtlərinə əsasən, Alıcı malı təhvil aldığı məhsullara görə ən geci 30 (otuz) gün ərzində ödəniş etməli idi. Alqı-Satqı müqaviləsinin 5.1-ci bəndində göstərildiyi kimi Alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Müqavilənin 5.2-ci bəndində faizin maksimal həddi ödənişi gecikdirilmiş malın ümumi məbləğinin 10% müəyyən edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Ağa-X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, iddiaya etiraz etdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMM (satıcı) ilə Cavabdeh (alıcı) arasında xx.xx.2020-ci il tarixli, 000932 J20 nömrəli və xx.xx.2020-ci il tarixli, 001661 P20 nömrəli Alqı-Satqı müqavilələri bağlanmışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə tələbin hüquqi əsası kimi aşağıdakı normalar nəzərdən keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır. İddiaçı tərəf cavabdehə ayrı-ayrı vaxtlarda ümumilikdə 18.945,68 manat dəyərində malın verildiyini, Cavabdeh tərəfindən 501,25 manat dəyərində olan malın qaytarıldığını, 16.933,96 manat ödəniş edildiyini, 1.510,47 manat borcun qaldığını bildirərək borcun ödənilməsini tələb edir. Cavabdeh tərəf isə iddiaya etiraz edərək alqı-satqı müqavilələrinin Cavabdeh ilə bağlansa da, faktiki olaraq alqı-satqı münasibətlərinin onunla deyil, onun atası ilə İddiaçı MMM arasında yarandığını, malların faktiki olaraq atasına verildiyini və həmin mallara görə atası tərəfindən ödənişlər edildiyini bildirmişdir. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsini satıcı olan İddiaçı MMM-in üzərinə düşür. Qeyd edilən xüsusatın araşdırılması üçün həm tərəflər arasında bağlanmış olan müqavilələrin bəndinə, həm də, tərəflər arasında olan işgüzar münasibətlərin hansı qaydada formalaşmış olduğuna diqqət yetirilməlidir. Tərəflər arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli, 000932 J20 nömrəli və xx.xx.2020-ci il tarixli, 001661 P20 nömrəli Alqı-Satqı müqavilələrinin 3-cü bəndinə əsasən hazırki müqavilənin ümumi dəyərini elektron qaimə fakturaların cəmi təşkil edir. Mallar sifariş olunduqdan sonra Satıcı Alıcıya elektron qaimə təqdim edir. Alıcı malların dəyərini bu Müqavilədə göstərilmiş qaydada və şərtlərə əsasən satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilələrin qeyd edilən bəndinin məzmunundan aydın olur ki, tərəflər özləri ödənişlərin məhz göndərilmiş elektron qaimələr əsasında həyata keçiriləcəyi ilə bağlı razılığa gəlmişlər. Məhkəmə cavabdehin etirazının ilk əsası olan müqavilələrdəki imzanın Cavabdeh aid olmamasını əsassız hesab edir. Belə ki, müqavilələrdəki imzanın Cavabdeh məxsus olubolmamasını müəyyənləşdirmək məqsədilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 4/1119 saylı rəyinə əsasən xx.xx.2020-ci il tarixli, 000932 nömrəli alqı-satqı müqaviləsinin arxa tərəfində “Alıcı” hissəsində “İmza (M.Y.)” qrafasında olan imza və xx.xx.2020-ci il tarixli, 001661 nömrəli alqı-satqı müqaviləsinin arxa tərəfində “Alıcı” hissəsində “İmza (M.Y.)” qrafasında olan imza Cavabdeh tərəfindən icra olunmuşdur. Bundan əlavə cavabdehin nümayəndəsi və vəkili müqavilələr Cavabdeh ilə bağlanmış olsa belə, faktiki alqı-satqı münasibətlərinin onun atası ilə İddiaçı MMM arasında yarandığını, malların ona verildiyini və ödənişlərin də onu tərəfindən edildiyini bildirsə də, bunları təsdiq edən sübutları məhkəmə təqdim edə bilməmişdir. Məhkəmə sübutlara kompleks halında qiymət verərək hesab edir ki, iddia əsas borcun yəni 1.510,47 manat pulun tələb edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iddianın 151,04 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun tələb edilməsi hissəsində iddia qismən əsaslıdır. İlk növbədə qeyd edilməlidir ki, cərimənin tətbiq edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilələrin 5.1-ci maddəsində öz əksini tapmışdır. Belə ki, Alıcı kreditlə aldığı malın dəyərini müəyyən edilmiş müddət ərzində ödəmədikdə Satıcı Alıcıdan gecikdirilmiş hər gün üçün ödənilməyən məbləğin 0,2% həcmində faiz tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 1.510,47 manat məbləğində əsas borcuna münasibətdə 100 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 70 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş və iddiaçı tərəfindən Bakı 2 saylı Mediasiya Təşkilatına mediasiya xidmətinin göstərilməsinə görə 60 manat məbləğində pul ödənilmişdir. Belə olan halda, 60 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin Əsas borc üzrə 1.510 (bir min beş yüz on) manat 47 (qırx yeddi) qəpik, cərimə borcu üzrə 100 (yüz) manat, cəmi 1.610 (bir min altı yüz on) manat, 47 (qırx yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar