Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3168/2021 12.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi ilə, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə ödənilmiş 6.800 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, turizm sahəsindəki fəaliyyəti ilə bağlı olaraq İran İslam Respublikasının vətəndaşlarının turist kimi Azərbaycana səfərlərini təşkil etmək üçün 08.10.2019-cu ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ülviyyə İbrahimova ilə mehmanxana xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamışlar. Həmin müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmiş qaydada və şərtlər daxilində müştəriləri “Golden Sity” Mehmanxanasında və ya həmin Mehmanxana kateqoriyasına aid digər mehmanxanalarda yerləşdirilməli idi. Həmin müqaviləyə 1 saylı əlavədən də aydın görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti bizim turistləri Novruz Bayramı ərəfəsində xidmət göstərməli idi. Müqavilə bağlanarkən yəni 08.10.2019-cu il tarixdə 2 kassa mədaxil orderinin qəbzinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (3400+3400) 6800 (altı min səkkiz yüz) manat pul köçürülmüşdür. İran İslam Respublikasının Azərbaycana turist axını adətən növbəti ilin əvvələrindən başlayır və Novruz Bayramı ərəfəsində pik həddə çatır. Elə ona görə də İddiaçı əvvəlcədən hazırlıq məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvvəlcədən ödənişli müqavilə bağlanmışdır. 2020-ci ilin əvvəllərində dünya miqyasında koronavirus epidemiyası tüğyan etməyə başladı, dövlətlərarası bütün sərhədlər bağlandı və turizimlə məşğul olan şirkətlərin fəaliyyəti iflic vəziyyətinə düşdü və hazırda da sərhədlər bağlıdır. Bundan sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Ülviyyə İbrahimovaya vəziyyəti danışıb şirkətin kassasına keçirilən 6800 manatı geri qaytarmağı təklif və tələb etdikdə direktor heç bir səbəb göstərmədən pulu qaytarmaqdan imtina etdi. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 11.08.2019-cu il tarixdə Vahid Behravan adlı İran İslam Respublikasının vətəndaşından hissə-hissə 1500 (bir min beş yüz) ABŞ dolları almış və qaytarmaq istəmir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddiasını müdafiə etdi, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının qanuni nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: 08.10.2019-cu il tarixli mehmanxana xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən “sifarişçi” bu müqavilədə nəzərdə tutulmuş qaydada və şərtlər daxilində qonaqlarının (bundan sonra müştərilərin) “Golden City” mehmanxanasında yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərilməsi barədə sifariş verir, “icraçı” isə “sifarişçi”nin verdiyi sifariş əsasında müştəriləri yerləşdirməyi və onlara mehmanxana xidmətləri göstərməi öhdəsinə götürür. Xidmətin dəyərinin müştəri və ya sifarişçi tərəfindən ödənilməsi sifarişdən öncə sifarişçi və icraçı arasında razılaşdırılır. 08.10.2019-cu il tarixli xidmət müqaviləsinə 1 saylı əlavədə Novruz periodu üçün 20 otağın qarantilənməsi qeyd olunmuşdur. Cavabdeh MMC-yə məxsus möhürlə möhürlənmiş 08.10.2019-cu il tarixli iki qəbzə əsasən Cavabdeh MMC-yə hər biri 3.400 manat olmaqla cəmi 6.800 məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra edərək qabaqcadan ödəniş etsə də, cavabeh tərəfindən heç bir xidmət göstərilməmişdir. Nəticədə iddiaçının ödənilmiş xidmət haqqını tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun ödənilmiş məbləği geri qaytarma öhdəliyini, belə olan halda isə iddiaçının cavabdehdən ödənilmiş pulun geri qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 6.800 manat tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması tələb edilmədiyindən 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin hesabından 6.800 manat tutularaq, İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Armada Turizm ve Catering” MMC-nin hesabından 6.800 manat tu tularaq, İddiaçı MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3168/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3168/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver