Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-317/2022 27.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi X1 və nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh1nə qarşı cavabdehdən 161743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 172525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 161743 manat məbləğində pul vəsaitinin, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 172525 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 400 manat və ödənilmiş dövlət rüsmunun əvəzi olaraq 108 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 04 yanvar 2019-cu il tarixli müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə müxtəlif çeşidli metal məmulatlar verilmişdir. Tərəflər arasında imzalanmış üzləşmə aktına əsasən cavabdehin 07 yanvar 2019-cu il tarixdən 10 iyun 2020-ci il tarixinə qədər iddiaçıya 137.888,99 manat əsas məbləğ üzrə və 23854,84 manat ƏDV üzrə borcu yaranmışdır. Lakin, borcun yaranmasından artıq 1 il 4 ay vaxt keçməsinə baxmayaraq və cavabdehə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər edilməsinə baxmayaraq, yaranmış borc bu günə qədər ödənilməmişdir. Qanunvericiliyin tələblərini nəzərə alaraq, hesab edir ki, cavabdehdən 161743 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Digər tərəfdən cavabdeh üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və 1 il 4 ay müddətində pul məbləğinin ödənilməsini gecikdirmişdir. Belə olan halda cavabdehdən 161743 manat məbləğində pul vəsaitini 1 il 4 ay müddətində qaytarmamasına görə illik 5% olmaqla 10782 manat pul tutulmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh 25 noyabr 2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş etmişdir. İddiaçının qanuni təmsilçisi X3 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, qarşı tərəf ödəniş olunduğunu deyir, lakin cavabdehin məlumatı olmamışdır. Kimə mal veriblər, nə vaxt veriblər, bu barədə işin içərisində heç bir sənəd yoxdur. Həmçinin müqavilə olduğunu deyirlər, lakin müqavilə yoxdur. Sadəcə olaraq üzləşmə aktı var. Üzləşmə aktında hansı müqaviləyə istinad olunması yazılmalı idi, lakin yazılmamışdır. Hansı sənədlərin üzləşdirildiyi üzləşmə aktında qeyd olunmamışdır. Əsas məsələ odur ki, hansı sənədlər üzləşdirilir. Heç bir sənədlər üzləşdirilməmişdir. Qarşı tərəf həmin aktı özü tərtib etmişdir. Üzləşmə aktında hansı müqavilə əsasında üzləşmə aktının aparıldığı, hansı sənədlərin üzləşdirildiyi qeyd olunmamışdır. Bu sənəd rəsmi sənəd kimi qeydə alınmamalıdır. Mülki Məcəllənin tələblərinə görə tərəflər arasında öhdəliyin yaranması üçün müqavilənin olmasını tələb edir. Lakin ortada müqavilə yoxdur. Bu da onu göstərir ki, cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi yoxdur. Müqavilə yoxdursa, cavabdehin ödənişi müavilədə yoxdursa hesab edir ki, iddia ərizəsi əssassızdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 137888,99 manat, ƏDV üzrə 23854,84 manat təşkil edir. “Rabitəbank” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 26.01.2022-ci il tarixə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25.11.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının qanuni təmsilçisinin, onun nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında alqı-satqı münasibətləri olmuş, bu barədə üzləşdirmə aktı tərtib olunmuş və həmin akta əsasən cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 137888,99 manat, ƏDV üzrə 23854,84 manat müəyyən edilərək akt tərəflər tərəfindən imza və möhürlərlə təsdiq edilmişdir. Həmin borc məbləğindən cavabdeh tərəfindən 25.11.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir. Məhkəmə tərtib olunmuş üzləşdirmə aktı və tərəflərin nümayəndələrinin izahatları ilə müəyyən edilən hallar baxımından belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri alqı-satqı müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtələrinə) uyğun gəlir. Alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər isə Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir ki, həmin fəslin normalarında da alqı-satqı müqaviləsinin forması qanunverici tərəfindən müəyyənləşdirilməmişdir. Bu da öz növbəsində onu deməyə əsas verir ki, alqı-satqı müqaviləsi şifahi formada da bağlana bilər. İş materiallarında olan ikitərəfli qaydada tərtib edilmiş üzləşdirmə aktından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 161743 manat (137888,99 manat malın dəyəri və 23854,84 manat əlavə dəyər vergisi) dəyərində malların cavabdehə təhvil verilməsi, sonuncu tərəfindən həmin malların təhvil alınması və borc məbləğinin ödənilməsinə təminat verilməsi cavabdeh tərəfindən Cavabdeh2 adlı şəxsin imzası qoyulmaqla, Cavabdeh1 dairəvi möhürü ilə təsdiq olunmuşdur. Qeyd olunanlardan göründüyü kimi, cavabdehin nümayəndəsinin üzləşdirmə aktında göstərilən malların cavabdehə satılmaması, ümumiyyətlə verilməməsi, eyni zamanda aktda göstərilən mallar ilə bağlı hər hansı bir alqı-satqı müqaviləsi bağlanmadığını və akt tərtib edilmədiyini mübahisələndirən dəlilləri tamamilə əsassızdır. Belə olan halda, yəni nə qədər ki, cavabdeh aktı təsdiq etmişdir, o, iddiaçı ilə aralarında malların alqı-satqısı barədə şifahi razılaşmanın olmadığını, bununla da üzləşdirmə aktını mübahisələndirmək hüququnu itirmiş olur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.3-cü maddəsinin tələbidir ki, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla da o, mübahisə etmək hüququnu itirir. Beləliklə də, işin qeyd olunan halları ilə birmənalı olaraq sübuta yetirilir ki, iddiaçı ilə cavabdeh arasında üzləşdirmə aktında göstərilən elektron qaimələr üzrə malların alqısatqısı ilə bağlı aralarındakı şifahi razılıq (müqavilə) mövcud olmuş, həmin razılığa (müqaviləyə) əsasən də iddiaçı tərəfindən cavabdehin sifarişi əsasında 161743 manat dəyərində müxtəlif adda mal sonuncuya satılmış və alqı-satqının nəticələri ikitərəfli aktla rəsmiləşdirilərək cavabdeh sözügedən pul vəsaitini iddiaçıya ödənilməsinə təminat vermiş, lakin üzərinə götürdüyü bu öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda isə Mülki Məcəllənin 441.4-cü maddəsinin tələbinə görə əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyini həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilmişdirsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Məcəllənin qeyd olunan müddəasının mənası baxımından iddiaçı üzərində düşən öhdəliyini yerinə yetirdiyi halda, cavabdeh də üzərinə düşən qarşılıqlı öhdəliyini yerinə yetirməlidir, yəni iddiaçının satdığı malların dəyərini ödəməyə borcludur. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqi şəxsin adından təsdiq edilmiş hər bir sənəd onun möhürü ilə təsdiq edilməli olduğundan və hüquqi şəxsin möhürü yalnız qanuni təmsilçidə və ya onun tərəfindən səlahiyyət verilmiş şəxsdə saxlanılmalı olduğundan, iş üzrə iddiaçı tərəfindən təqdim edilmiş, üzərində Cavabdeh1 möhürü olan üzləşdirmə aktı tərəflər arasında şifahi alqı-satqı müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin iddiaçıya 161743 manat borcu yarandığını təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, göstərilən borc məbləğindən cavabdeh tərəfindən 25.11.2021-ci il tarixdə iddiaçının hesabına 29445,4 manat ödəniş edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, borc məbləğindən qalan 132297,6 (161743-29445,4) manat cavabdehdən tutulmaqla iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 10782 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 462,52 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 400 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 62,52 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 108 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 45,48 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İddiaçı ödənilmiş 400 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 462,52 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 82,93 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 383,56 manat (462,52 manat (dövlət rüsumunun məbləği) – 78,96 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 383,56 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 132297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1ndən 132297,6 manat məbləğində pul vəsaiti, gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 10782 manat, ümumilikdə 143079,6 manat, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 383,56 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-317/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-317/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver