Məhkəmə qərarları › İş №e-2-2(113)-317/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-317/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-317/2023 16.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60.211 manat məbləğində əsas borcun, 400 manat məbləğində mediasiya xərcinin, 200 manat məbləğində vəkil xərclərinin, ümumilikdə 60.811 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanılmış MQV/GC-140/10/21 nömrəli, xx.xx.2021 tarixli alqı-satqı müqaviləsinə və qiymət razılaşma protokollarına əsasən ümumi ƏDV daxil 114.691,44 manat məbləğində malların çatdırılması razılaşdırılmışdır. Müqavilə və protokollara əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 114.691,45 manat avans ödənişləri etmişdir. Ödənişlərə müvafiq olaraq Cavabdeh MMC, İddiaçı MMC-yə elektron qaimələr əsasında ümumi ƏDV daxil 54.479,42 manat malları təhvil vermişdir. Lakin, artıq icra edilmiş avans ödənişlər müqabilində hələ də 7 aydan çox bir müddətdir ki, (114691,45 – 54 479 = 60 212,45) ümumi ƏDV daxil 60.212,45 manat məbləğində məhsullar təhvil verilməmişdir. Dəfələrlə şifahi və yazılı müraciətlərə, mediasiya prosesinə baxmayaraq borcun ödənilməsindən hələ də imtina edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2021 tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə hər iki tərəfin direktoru tərəfindən imzalanmış və MMC-lərin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəf hazırda müqavilə üzrə Cavabdeh MMC-yə 114691,45 manat məbləğində pulun verildiyini ancaq buna görə cəmi 54.479,42 manat dəyərində malların verildiyini və 60.211 manat dəyərində malların verilmədiyini bildirərək pulun qaytarılmasını tələb edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından Mülki Məcəllənin alqısatqı müqaviləsinə aid normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ödəmiş olduğu pula görə müvafiq malların verilməməsi ilə bağlı pul tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etmədiyindən onun aldığı pula görə malın verilməsi və yaxud verilməmiş mallara görə ödənmiş pulu qaytarmaq vəzifəsi yaranmışdır. İşə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib edilmiş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə 57.345 manat, xx.xx.2021-ci il tarixdə 7680 manat, xx.xx.2021-ci il tarixdə 5576 manat, xx.xx.2022-ci il 13.289,75 manat, xx.xx.2022-ci il tarixdə 13.305,39 manat yəni cəmi 97.196,14 manat məbləğində pul İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Bundan başqa işdə olan köçürmənin aparılmasına dair bildirişlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə 10.322,10 manat, xx.xx.2021-ci il tarixdə 1382,4 manat, xx.xx.2021-ci il tarixdə 1003,68 manat, xx.xx.2022-ci il 2392,6 manat və "xxxx" ASC tərəfindən tərtib edilmiş ödəniş qəbzi ilə də xx.xx.2022-ci il tarixdə 2.394,97 manat məbləğində ƏDV məbləği yəni cəmi 17.495,31 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin hesabına göçürülmüşdür. Yekunda göründüyü kimi, ümumilikdə 114.691,45 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehin hesabına köçürülmüşdür. İşdə olan xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli elektron qaimələrdən görünür ki, cavabdeh tərəfindən iddiaçıya cəmi 54.479,42 manat dəyərində olan mallar təhvil verilmişdir. Göründüyü kimi, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 114.691,45 manat məbləğində pul ödənilmiş olsa da, sonuncu tərəfindən cəmi 54.479,42 manat dəyərində olan mallar təhvil verilmişdir. Belə olan halda cavabdeh tərəfindən təhvil verilməmiş mallara görə ona ödənilmiş olan 60.211 (114.691,45-54.479,42 ) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə mediasiya sessiyası üçün ödənilmiş 400 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC tərəfindən mediasiya xərci olaraq 400 manat məbləğində pul ödəmişdir. Belə olan halda, mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 400 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia 200 manat hüquqi yardım göstərilməsinə dair xərcin tələb edilməsi hissəsində də, əsaslıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, hüquqi yardım göstərilməsi üçün İddiaçı MMC tərəfindən 22 Saylı Vəkil Bürosunun hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Ona görə də, göstərilmiş hüquqi yardıma görə 200 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Beləliklə, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli MQV/GC-140/10/21 saylı alqı-satqı müqaviləsi üzrə 60.211 (altmış min iki yüz on bir) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 400 (dörd yüz) manat və vəkilə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar