Məhkəmə qərarları › İş №e-2-2(113)-3170/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3170/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3170/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən müqavilə üzrə yaranmış 96.760 (doxsan altı min yeddi yüz altmış manat) manat (ƏDV ilə birlikdə) əsas borcun, 2 illik gecikməyə görə minimal beş faiz hesabı ilə 9.676 (doqquz min altı yüz yetmiş altı) manat əldən çıxmış fayda şəklində vurulmuş ziyan olmaqla, cavabdehdən cəmi 106.436 (bir yüz altı min dörd yüz otuz altı) manat və 396,44 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında 09 iyun 2022-ci il tarixdə 07 nömrəli “Alqı-satqı müqaviləsi” bağlanmışdır. Alıcı "xxxx" MMC ilə satıcı İddiaçı MMC arasında bağlanmış 09 iyun 2022-ci il tarixli 07 nömrəli “Alqı-satqı müqaviləsinin” şərtlərinə uyğun olaraq, İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə beton satılmışdır. 09 iyun 2022-ci il tarixli “qiymət razılaşdırma protokolu” əsasında ümumi ödəniləcək əsas borc məbləği 82.000 manat, ƏDV 14.760 manat olmaqla, cəmi 96.760 manat razılaşılmışdır. Qiymət razılaşdırma protokoluna, satılan beton məhsullarına, təsdiqlənən e-qaimələrə və aktlara əsasən İddiaçı MMC-yə 96.760 manat pul vəsaiti ödənilməlidir. Alıcı "xxxx" MMC müqavilə şərtlərinə uyğun olaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Borclu tərəfindən 96.760 manat borc hazırkı vaxta qədər ödənilməmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında 09 iyun 2022-ci il tarixli, 07 nömrəli müqavilə və qiymət razılaşma protokolu imzalanmışdır.

11. Müqavilənin 1.1-ci bəndinə görə satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərlə müxtəlif markalı beton məhsullarını alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən alıcı sifariş etdiyi betonun və xidmətin dəyərini bu müqavilə ilə müəyyənləşdirilmiş müddətə və “Elektron Qaimə-Faktura”da göstərilmiş qiymətlərlə satıcının bank hesabına köçürmə yolu ilə ödəməyi öz öhdəsinə götürür.

13. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən alıcı satıcı tərəfindən təqdim olunmuş "Malın dəyərini, "Mal"ı qəbul etdikdən sonra EQ-də göstərilmiş qiymətlərə uyğun satıcının hesabına köçürmə yolu ilə, müqaviləyə əlavə razılaşma protokolu əsasında ödəniləcək.

14. xx.xx.2022-ci il tarixli müqaviləyə 01 saylı əlavə-Qiymətlərin razılaşdırılması protokolu ilə Beton M350 adlı 1 kub metr vahidin qiyməti 82.00, ƏDV qiyməti 14,76 manat olmaqla, vahidin ƏDV ilə birlikdə qiyməti 96,76 manat müəyyən edilmişdir.

15. Müqavilə və qiymət razılaşdırma protokolu hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.

16. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

17. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı MMC-nin üzərinə düşür.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBBY 189124 saylı xx.xx.2022-ci il tarixli, dəyəri 31.350,24 manat olan, EBBY 297549 saylı, xx.xx.2022-ci il tarixli, dəyəri 29.608,56 manat olan və EBBY 320131 saylı, xx.xx.2022-ci il tarixli, dəyəri 35.801,20 manat olan elektron qaimələr göndərilmişdir.

19. Göründüyü kimi, yuxarıda sadalanmış elektron qaimələrdəki məbləğlərin sadə riyazi hesablama ilə cəmi 96.760 manat təşkil edir.

20. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf cavabdehin müqavilə üzrə ödənilməmiş 96,760 manat əsas borcunun qaldığını bildirmişdir.

21. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

23. Məhkəmə qeyd edir ki, müqavilənin 2.1 və 4.1-ci bəndlərinin məzmunundan da, görünür ki, müqavilə üzrə tərəflər malların təhvil-təsliminin məhz elektron qaimələr üzərindən həyata keçirilməsi barədə razılığa gəlmişlər.

24. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəyəri 96.760 manat olan mallar cavabdehə verilmiş, cavabdeh isə ona verilmiş olan malların dəyərini ödəməmişdir.

25. Belə olan halda, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 96.760 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 9.676 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

27. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2024-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 18 gün sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.

28. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 238,58 (96.760x5/100=4.838 (1 il üçün), 4.838/365=13,25479(1 gün üçün), 13,25479x18=238,58 (18 gün üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

29. Məhkəmə, dövlət rüsumunun əvəzi olaraq 396,44 manat məbləğində pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

30. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 396,44 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.

31. Lakin, məhkəmə qeyd edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 380,99 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.

32. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ƏDV daxil 96.760 (doxsan altı min yeddi yüz altmış) manat məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 238 (iki yüz otuz səkkiz) manat, 58 (əlli səkkiz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 380 (üç yüz səksən) manat, 99 (doxsan doqquz) qəpik məbləğində pul "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar