Məhkəmə qərarları › İş №e-2-2(113)-3171/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3171/2023

15.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3171/2023 15.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 03 saylı alqı-satqı müqaviləsinə əsasən əsas borc 32.448 manat , ƏDV 5.840,64 manat və gecikdirilmiş vaxt üçün 1.900 manat məbləğində pul olmaqla, ümumilikdə 40.188,64 manat pulun habelə, 200 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edəsiniz.

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixində 03 saylı alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən “satıcı” spirtli içkiləri satmağı,“alıcı” isə həmin malları qəbul edərək, malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixli 03 saylı alqı-satqı müqaviləsinə əsasən dəyəri 32.448 AZN+18% ƏDV məbləğində olan malları təhvil verilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli 001401 nömrəli malların təhvil qəbul aktına və xx.xx.2022-ci il tarixli 132811 saylı elektron qaiməyə əsasən “İddiaçı” ümumi dəyəri 11880.24 manat olan 1200 ədəd i litrlik “Romance”, ümumi dəyəri 12956,40 olan 1800 ədəd 0.7 litrlik “Romance” və ümumi dəyəri 13452.00 olan 2400 ədəd 0.5 litrlik “Romance” olmaqla cəmi 38288.64 manat dəyərində malı təhvil vermişdir. İddiaçının öhdəliklərini lazımı səviyyədə yerinə yetirməyinə, malları vaxtında təhvil verməyinə və cavabdeh tərəfindən hər hansı şikayət və iradın bildirilməməsinə baxmayaraq, cavabdehin bu günədək əsas borc 32.448 AZN, ƏDV 5.840,64 manat olmaqla, ümumilikdə 38.288.64 manat məbləğində ödənilməmiş borcu qalmışdır. II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

9. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

11. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixində 03 saylı alqı-satqı müqaviləsi bağlanmışdır.

12. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı-"xxxx" MMC alıcı- Cavabdeh2 spirtli içkiləri satmağı, alıcı isə həmin malları qəbul edib müqavilədə razılaşdırılmış qaydada malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.

13. Müqavilənin 4.2-ci bəndindən görünür ki, satıcı malın təhvil verilməsi ilə birlikdə elektron qaimə hesab-fakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

14. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

15. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəlikləri icra etmədiyindən onun aldığı malların dəyərini ödəmək vəzifəsi və iddiaçının müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.

16. Qeyd edilməlidir ki, alqı-satqı müqaviləsinin konsensual xarakterli olması nəzərə alınmaqla ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə düşür.

17. İşdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixli EBBZ 132811 saylı dəyəri 38.288,64 manat olan elektron qaimə göndərilmişdir.

18. Bundan başqa, işdən görünür ki, xx.xx.2022-ci il tarixdə EBBZ 132811 saylı elektron qaimə üzrə malların təhvil-qəbul aktı tərtib edilmişdir.

19. Məhkəmə hesab edir ki, ƏDV daxil 38.288,64 manat dəyərində olan mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. Belə ki, müqavilənin 4.2-ci bəndindən də, göründüyü kimi tərəflər aralarında olan mal mübadiləsinin məhz elektron qaimələr üzərindən olması barədə razılığa gəlmişlər və cavabdeh tərəf də, iddiaçı tərəfindən ona göndərilmiş olan xx.xx.2022-ci il tarixli EBBZ 132811 saylı dəyəri 38.288,64 manat olan elektron qaiməyə dair hər hansı bir etiraz etməmişdir.

20. Həmçinin o da, qeyd edilməlidir ki, cavabdeh tərəf məhkəmənin heç bir hazırlıq iclaslarına və baxış iclasına gəlməməklə yanaşı iddiaya da, hər hansı bir etiraz göndərməmişdir.

21. Belə olan halda Məhkəmə hesab edir ki, ƏDV daxil 38.288,64 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə iddianın borca illik 5 faiz hesablanmaqla tələb edilən 1.900 manat hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı pretenziya xx.xx.2023-cü il tarixində, iddia isə Məhkəməyə 5 gün sonra yəni xx.xx.2023-cü il tarixdə verilmişdir.

24. Belə olan halda, tələb edilən pulun ƏDV hissəsi xaric yəni əsas 32.448 manat hissəsi üzrə illik 5 faiz hesablanmaqla pul tutulmalıdır. Yəni 22,22 ( 32.448x5/100=1.622,4 ( 1 il üçün) 1.622,4/365=4,44 (1 gün üçün) 4,44x5=22,2 (5 gün üçün)) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 200 manat məbləğində mediasiya xərci Bakı 18 saylı mediasiya təşkilatına ödənmişdir.

26. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

27. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 38.288 (otuz səkkiz min iki yüz səksən səkkiz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5 faiz hesablanmaqla 22 (iyirmi iki) manat 22 (iyirmi iki) qəpik məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Mediasiya xərcinin əvəzi olaraq olaraq 200 (iki yüz) manat məbləğində pul Cavabdeh2 tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar