Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3173/2025 15.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: sadələşdirilmiş icraat, alqı-satqı müqaviləsi, prosessual maraq, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “təchizat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli təchizat müqaviləsi üzrə 2033,11 manat əsas borcun, 33,6 manat cərimənin və ödənilmiş 41 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə cavabdeh arasında 01 oktyabr 2024-cü il tarixli LC/113.24 saylı təchizat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1.-ci bəndinə əsasən iddiaçı cavabdehə malları təchiz etməli, cavabdeh isə iddiaçı tərəfindən təchiz edilmiş malların dəyərini ödəməli idi. Müqavilənin şərtlərinə uyğun olaraq 18 oktyabr 2024-cü il tarixdə iddiaçı 2033,11 manat dəyərində malları cavabdehə təchiz etmişdir. Malların təchiz edilməsi ilə bağlı cavabdehin rəhbəri 18 oktyabr 2024-cü il tarixli MT2410 seriyalı 11257436 nömrəli elektron qaimə-fakturaya da imza etmişdir. Müqavilənin 7.3-cü bəndinə əsasən cavabdeh malları təhvil aldığı tarixdən sonrakı 14 gün müddətində malların dəyərini ödəməli idi. Yəni mallar 18 oktyabr 2024-cü il tarixdə təhvil alınıbsa, həmin malların dəyəri 4 noyabr 2024cü il tarixədək tam həcmdə ödənilməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozaraq, malların ödənişini həyata keçirməmiş və nəticədə onun elektron qaimə-faktura üzrə 2033,11 manat məbləğində borcu yaranmışdır. 2.2. İddiaçı borcun ödənilməsi ilə bağlı cavabdehə pretenziya göndərsə də, cavabdeh həmin pretenziya ilə bağlı hər hansı tədbir görməmiş, borcunu ödəməmişdir. İddia ərizəsinə əlavə edilmiş elektron qaimədən göründüyü kimi, iddiaçı cavabdehə elektron qaiməni təqdim etmiş, cavabdeh həmin qaiməni qəbul etmiş və hər hansı imtina mövcud olmamışdır. İddiaçı malların satışı və cavabdehə təhvil verilməsi ilə bağlı öz öhdəliklərini icra etsə də, cavabdeh təhvil verilmiş malın dəyərinin ödənilməsi ilə bağlı öhdəlikləri icra etməmişdir. Cavabdeh öhdəliklərini icra etmədiyinə görə, habelə müqavilənin şərtlərində konkret dəbbə pulu nəzərə alınmadığından cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz miqdarında dəbbə tutulmalıdır. Cavabdeh son ödənişi 4 noyabr 2024-cü il tarixə qədər həyata keçirməli idi. Bunu nəzərə alaraq, 4 mart 2025-ci il tarixə faizlərin hesablanması aşağıdakı qaydada həyata keçirilməlidir: məbləğ: 2033,11 manat; bir gün üçün faiz (2033,11 manat x 5% / 365 gün) = 0,28 manat; gecikmə müddəti: 120 gün; ümumi faizlər (0,28 manat x 120 gün): 33,60 manat. Beləliklə, iddiaçı tərəfindən təqdim edilmiş mallar üzrə ödənişin gecikdirilməsinə görə hesablanmış cərimənin məbləği 33,60 manat təşkil edir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 448-ci və s. maddələrinə istinad edilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 284-5.2-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Mümkünlük və cavabdehin mövqeyi
5. Mülki Prosessual Məcəllənin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
6. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehin hüquqi ünvanına əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh tərəf kommersiya mübahisələri üçün Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə nəzərdə tutulmuş qaydada iddiaya etiraz təqdim etməmişdir.
III. Məhkəmə baxışının hədləri
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) Alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
9. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
10. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
11. İşin məhkəmə tərəfindən müəyyən olunan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli LC/113.24 nömrəli təchizat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilənin şərtlərinə uyğun qaydada malı cavabdehə təchiz etməyi, cavabdeh isə həmin malı qəbul edib ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin malların ödənilməsi ilə bağlı şərtlərinə əsasən, malın qiymətinin ƏDV nəzərə alınmaqla Azərbaycan manatı ilə ödənilməsi, ödəmənin malın cavabdeh tərəfindən alındığı andan 14 təqvim günü ərzində iddiaçının hesablaşma hesabına köçürülməsi yolu ilə və ya nağd şəklində həyata keçirilməsi razılaşdırılmışdır. 2033,1 manat dəyərində malın cavabdehə verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli MT2410 11257436 seriya və nömrəli elektron qaimə tərtib edilərək sonuncuya təqdim edilmiş, həmin elektron qaimə-fakturanın kağız surəti cavabdehin və iddiaçının möhürü ilə təsdiq edilmişdir.
12. İddiaçı xx.xx.2024-cü il tarixli LC/113.24 nömrəli təchizat müqaviləsi üzrə mallarının dəyərinin – ƏDV daxil olmaqla 2033,11 manat məbləğində pulun tutulmasını tələb edir.
13. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri 10 iş günü ərzində məhkəməyə təqdim etməli olduğu barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddia tələbinə etiraz etmir.
14. Məhkəmə, əvvəla, alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.
15. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.
18. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
19. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir.
20. Belə ki, Mülki Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
21. Göründüyü kimi, iddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir.
22. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarından irəli gələrək məhkəmə göstərir ki, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir. Lakin cavabdeh aldığı malların dəyərini ödəməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.
23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
24. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
25. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
27. Beləliklə, məhkəmə hesab edir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
28. Lakin iddiaçı malların dəyərinin 2033,11 manat təşkil etdiyini bildirsə də, hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MT2410 11257436 seriya və nömrəli elektron qaimədə dəyər 2033,1046 manat kimi əks edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 01 oktyabr 2024-cü il tarixli təchizat müqaviləsi üzrə 2033,10 manat əsas borc Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
b) Alqı-satqı müqaviləsi üzrə faizin tutulması tələbi ilə bağlı
29. İddia ərizəsində iddiaçı 33,6 manat məbləğində cərimənin də cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Əvvəla qeyd edilməlidir ki, iddiaçı cərimə məbləği kimi istinad etsə də, iddianın faktiki əsasından müəyyən olunur ki, əsas borca Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə məbləğ hesablamış və həmin məbləği tələb edir.
31. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 32.Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir. 33.Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir. 34.Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur. Göstərilən yanaşma – xəbərdarlığın göndərilməsi hələ qədim Roma hüququnda kreditor tərəfindən borcluya “interpellatio” göndərilməsi formasında məlum idi. 35.Hazırkı müqavilə ilə malların dəyərinin ödənilməsi üçün təqvim günü müəyyən edildiyindən (malın cavabdeh tərəfindən alındığı andan 14 təqvim günü ərzində) borclunun icranı gecikdirməsi anı xx.xx.2024-cü il, iddiaçı tərəfindən illik 5 faiz ilə hesablama 120 gün üçün aparıldığından müddətin sonu xx.xx.2025-ci il təsbit edilməklə qanuni faiz müəyyən edilməlidir.
36. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 33,42 manat (2033,1 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 120 gün (gecikdirilən gün sayı)) təşkil edir. 37.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, əsas borca illik 5 faizlə hesablanmaqla 33,42 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMCyə ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
38.İddiaçı həmçinin ödənilmiş 41 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. 39.Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasından görünür ki, iddia ərizəsinin verilməsi üçün ********** nömrəli qəbzlə 41 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir.
40. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
41. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 42.Hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və təmin edilməyən hissənin cüzi məbləğ olması səbəbindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
V. Nəticə
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284- 5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2024-cü il tarixli təchizat müqaviləsi üzrə 2033,10 manat əsas borc, əsas borca illik 5 faizlə hesablanmaqla 33,42 manat olmaqla ümumilikdə 2066,52 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumunun əvəzi olaraq 41 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova