Məhkəmə qərarları › İş №e-2-2(113)-3176/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3176/2025

02.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3176/2025 02.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra-iddiaçı) Cavabdeh QSC-yə (bundan sonra-cavabdeh) qarşı “pulun tutulması və əşyaların qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 (səkkiz yüz doxsan iki min altı yüz doxsan manat altı qəpik) manat məbləğində əsas borc, 44634,5 (qırx dörd min altı yüz otuz dörd manat əlli qəpik) manat məbləğində cərimə borcu və 55057,53 (əlli beş min əlli yeddi manat əlli üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği, ümumilikdə 992382,09 (doqquz yüz doxsan iki min üç yüz səksən iki manat, doqquz qəpik) manat borc, həmçinin də ünvan 1 ünvanında İddiaçı MMC-yə məxsus 1999325,66 (bir milyon doqquz yüz doxsan doqquz min, üç yüz iyirmi beş manat, altmış altı qəpik) manat dəyərində olan mal-materialların və ehtiyyat hissələrinin qaytarılması, qeyd edilən malmaterialların və ehtiyyat hissələrinin qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 10000 (on min) manatın və ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC (bundan sonra “Alıcı” adlandırılacaq) ilə İddiaçı MMC (bundan sonra “Satıcı” adlandırılacaq) arasında xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli Alqı-Satqı müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə görə Müqavilənin predmetini Satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq Tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və Müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr – Razılaşma Protokolları (bundan sonra “Protokol”) ilə müəyyən olunan malları (bundan sonra “Mallar”) Müqavilə ilə razılaşdırılmış şərtlərlə Alıcıya satması, Alıcının isə həmin Malları qəbul edib qarşılığında Müqavilə ilə razılaşdırılmış pul məbləğini (Malların dəyəri) Satıcıya ödəməsi təşkil edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Malların dəyəri və ödəniş şərtləri Protokolda göstərilir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən Çatdırılma xərcləri Protokolda göstərilir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Malların dəyərinin ödənilməsi tarixi ödənişin Satıcının hesablaşma hesabına köçürüldüyü an hesab olunur. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən Satıcı sifariş edilən Malları Alıcıya təhvil verdiyi gün Təhvil-təslim Aktını və elektron qaiməfakturanı Alıcıya təqdim etməlidir. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən Ödəniş şərtləri və müddəti hər yeni sifarişdən qabaq Protokolda təsbit edilir. Həmin Müqavilənin 2.6-cı bəndinə əsasən Müqavilə üzrə tərəflər arasında bütün hesablaşmalar nağdsız qaydada, Azərbaycan manatı ilə həyata keçirilir. Həmin Müqavilənin 4.1.1-ci bəndinə əsasən Satıcı malları müqavilə ilə razılaşdırılmış müddətdə Alıcıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən Satıcı mallara dair Təhvil-təslim Aktını, hesab-fakturanı və elektron qaimə-fakturanı Alıcıya təqdim etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.1-ci bəndinə əsasən Alıcı Malları təhvil aldığı tarixdə yoxlayıb, Təhvil-təslim aktını iki nüsxədə imzalamaqla və bir nüsxəsini Satıcıya təqdim etməklə qəbul etmək və ya Malların kəmiyyət və ya keyfiyyətində hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə Təhvil-Təslim Aktında müvafiq qeyd apararaq Malları təhvil almaq və yaxud təhvil almaqdan imtina etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.2-ci bəndinə əsasən Alıcı Təhvil-təslim anından sonra Mallarda hər hansı çatışmazlıq və ya qüsur aşkar edildikdə, bu barədə Satıcıya 5 iş günü ərzində xəbərdarlıq etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 4.2.3-cü bəndinə əsasənAlıcı Təhvil aldığı Malların dəyərini Müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Tərəflər Azərbaycan Respublikasının mülki qanunvericiliyindən, Müqavilədən və alğısatqının mahiyyətindən irəli gələn hüquqlara sahibdir və vəzifələr daşıyırlar. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə Tərəflər AR qüvvədə olan qanunvericiliyinə və Müqaviləyə əsasən məsuliyyət daşıyırlar. Həmin Müqavilənin 5.4-cü bəndinə əsasən Satıcı malı X3 göstərilən müddət ərzində Alıcıya təhvil vermədikdə hər gecikdirilmiş gün üçün 0,1% həcmində cərimə ödəyir və bu məbləğ ümumi məbləğin 5%-dən çox ola bilməz. Həmin Müqavilənin 5.5-ci bəndinə əsasənAlıcı qiymət razılaşma protokollarında göstərilən vaxtdan gec ödəniş etdikdə hər gecikdirilmiş gün üçün 0.1%həcmində cərimə ödəyir və bu məbləğ ödənilməmiş məbləğin 5%-indən çox ola bilməz. Göründüyü kimi, Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı - İddiaçı MMC xx.xx.2023-cü il tarixli 5 nömrəli X2 göstərilən mallar Alıcı – Cavabdeh QSC-yə təhvil verilsə də, sonuncu tərəfindən Müqavilə əsasında tərtib edilmiş elektron qaimə üzrə ümumilikdə hesablanmış ödənişlər tam məbləğdə ödənilməmiş, bununla da Müqavilə üzrə üzərinə götürülmüş öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edirik ki, xx.xx.2023-cü il tarixli 5 nömrəli X2 göstərilmişdir ki, Protokol hər iki Tərəf tərəfindən imzalandıqdan sonra həmin protokolda qeyd edilmiş mallar Satıcının anbarında Satıcı tərəfindən elektron qaimə-faktura təqdim edilməklə təhvil veriləcək və Alıcının nümayəndələri tərəfindən qəbul ediləcəkdir. X5 Protokolunu tərəflər öz imzaları ilə imzalamaqla, möhürləyib təsdiq etmişlər. Bildiririk ki, adıçəkilən 5 saylı X4 əsasən Satıcı İddiaçı MMC, Alıcı Cavabdeh QSC-yəelektron qaiməfaktura təqdimetməklə, 5 saylı X2 qeyd edilən malları alıcıya təhvil vermişdir. Alıcı Cavabdeh QSC isə Satıcı "xxxx" MMC-dən malların təhvil alınmasını xx.xx.2023-cü il tarixli 051891 nömrəli elektron qaiməyə ştamp vurmaqla təsdiq etmişdir. 5 saylı X2 qeyd edildiyi kimi mallar Satıcı Cavabdeh QSC-nin Mərkəzi Anbarı tərəfindən təhvil alınmışdır. Qeyd olunan malların ümumi dəyəri ƏDV daxil olmaqla 1.636149,06 manat müəyyən edilmişdir. Nəzərinə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli 5 nömrəli X2 qeyd edildiyi kimi alıcıCavabdeh QSCtərəfindən ƏDV daxil 1.636149,06 manat məbləğində borcdan ilkin Avans olaraq xx.xx.2023-cü il tarixində ƏDV daxil 253.759,00 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində isə ƏDV daxil ödənilməli olan borcdan Cavabdeh QSC tərəfindən 251.340,00 manat məbləğində ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixində isə ƏDV daxil ödənilməli olan borcdan Cavabdeh QSC tərəfindən 238.360,00 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunanlardan görünür ki, Alıcı Cavabdeh QSC ƏDV daxil 1.636149,06 manat məbləğində borcundan ümumilikdə ƏDVdaxil 743.459,00 manat məbləğində ödəniş etmişdir. Belə olan halda görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəliAlqı-Satqı müqaviləsinə, 5 saylı X4, elektron qaiməyə, xx.xx.2023-cü il tarixli BSC/3-9 nömrəli invoysa və ödəniş bildirişlərinə əsasən, Alıcı Cavabdeh QSC-nin satıcı "xxxx" MMC-yə ümumilikdə ƏDV daxil 892.690,06 manat məbləğində ödənilməyən borcu qalmışdır. Nəticədə tərəflər arasında bağlanılmış Alqı satqı müqaviləsi üzrə iddiaçı üzərinə götürdüyü öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh qeyd olunan müqavilənin şərtlərini və qanunvericiliyin tələblərini pozaraq, müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməyərək, ödənişlərin ödənilməsini tam olaraq həyata keçirməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün cavabdehə pretenziya məktubuMPM-nin 150.2-ci maddəsinə uyğun olaraq hüquqi şəxsin elektron kabinetinə elektron qaydada göndərilsə də pretenziya qaydasında həll olunma heç bir fayda verməmişdir. Bununla da iddiaçı öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin 7.1-ci bəndində qeyd edilmişdir ki, tərəflər arasında Müqavilənin icrasından irəli gələn bütün mübahisələr, o cümlədən Müqavilənin ləğvi ilə bağlı mübahisələr qarşılıqlı razılaşma yolu ilə həll olunur. Müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, Müqavilənin icrasından irəli gələn və ya ona aid olan mübahisələr 30 (otuz) təqvim günü müddətində danışıqlar yolu ilə həll oluna bilmədiyi təqdirdə, həmin mübahisələr AR qanunvericiliyi əsasında məhkəmə qaydasında həll edilir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh QSC-dən xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 (səkkiz yüz doxsan iki min, altı yüz doxsan manat altı qəpik) manat məbləğində əsas borc, 44634,5 (qırx dörd min altı yüz otuz dörd manat, əlli qəpik) manat məbləğində cərimə borcu və 55057,53 (əlli beş min əlli yeddi manat əlli üç qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği (xx.xx.2023-cü il tarixindənxx.xx.2025-ci il tarixinə qədər), ümumilikdə 992382,09 (doqquz yüz doxsan iki min üç yüz səksən iki manat doqquz qəpik) manat borcun tutulması, ünvan 1 ünvanında İddiaçı MMCyə məxsus 1104078,41 (bir milyon yüz dord min yetmiş səkkiz manat qırx bir qəpik) manat dəyərində aşağıda qeyd olunan 1 №li aktdakı mal-materialların (Şlanq (isti su üçün), dia 63.5 mm, P=10-20 bar – 200 ədəd; Xamut (bolt ilə) 74-79, MRS – 300 ədəd; 35kv 50 mm2 kabel ucluğu Raychem-Polt HVOT - 1 ədəd; A4 jurnal - 40 ədəd; A4 kağız – 145 ədəd; Almaz disk ( kərpic kəsmək üçün ) -1 ədəd; Antiskalant Aqualine AP400 - 350 ədəd; Arxa stop fanar – 1 ədəd; Baxil n1000 - 23 ədəd; Bede (şlanq ilə) - 4 ədəd; Benzin A-92 - 1560 ədəd; Birdəfəlik stəkan (plastik) – 1750 ədəd; Boya (istiyə davamlı) - 30 ədəd; boya sarı - 175 ədəd; Boya, boz - 270 ədəd; Buffer MT7 / ML7 – 3 ədəd; Camlock tipA, 2 1/2 " (iç yiv), BRS - 130 ədəd; Camlock tipC, 2 1/2 ", 63 BRS; 1 ədəd Cartridge 106R03623 – 130 ədəd; Cartridge CF217A/C047 – 10 ədəd; Ceresit CX15 – 50 ədəd; Çəkic (kərpic sındırmaq üçün) - 2 ədəd; Çəkmə (sapoq) - 24 ədəd; Compressor oil 68 "OKSELLO", DİN 51506 VD- L – 172 ədəd; Cylinder head gasket - 1 ədəd; Dəbilqə (ağ) – 14 ədəd; Dəbilqə (göy) – 4 ədəd; Dəbilqə (qırmızı) - 17 ədəd; Dəbilqə (sarı) - 9 ədəd; Dəbilqə (yaşıl) - 6 ədəd; Dəbilqəyə taxılan eynək - 27 ədəd; Dirsək 90 dərəcəXdia40 - 60 ədəd; Disk 115 shlif (10 ədəd) – 20 ədəd; Disk 230 nerj - 25 ədəd; Drossel LED Power, Model AXC-SL050WİA5 - 13 ədəd; Ear plugs (səs batırıcı) – 1 ədəd; Elastik mufta – 4 ədəd; Electric motor ******* - 1 ədəd; elektrod nerjavik 308Lx3 – 6 ədəd; Elektrod sabit 248 X 3.25mm – 16 ədəd; emal sarğı 1.18 mm – 2 ədəd; Eynək O2 SPECTRUM şəffav – 74 ədəd; arabasının təkəri – 6 ədəd; Əl silmək üçün tualet salfeti - 34 ədəd; FAB YOL CİZGİ BOYASİ AG 15L – 1 ədəd; Final Melody çay 225 qr - 3 ədəd; GPN blank – 50 ədəd; Hava filteri - 2 ədəd; Hava filteri- 2205,721992 - 2 ədəd; hidravlik filter (Retxoth) balaca - 3 ədəd; hidravlik filter ( Retxoth ) böyük – 2 ədəd; Hidrotolkatel 300N, 200W, 50mm, 50Hz, Ed30/5, 3 - 2 ədəd; Hidrotolkatel Ed80/6, 800N, 60mm, 330W, 380V - 2 ədəd; Hydraulic pump ******* - 1 ədəd; İplik filter, 40 inch, 5 mkr – 48 ədəd; İzolyasiya lenti (rəngli) - 19 ədəd; jilet (otrajatel) qırmızı – 5 ədəd; jilet (otrajatel) sarı – 5 ədəd; Kabel PVC-FLACH 10G1.5mm2 - 200 ədəd; Kabel PVC- FLACH 4G2.5mm2 – 190 ədəd; Kağız skoç - 35 ədəd; Kamer 8.15-15; 50 ədəd Kaustik soda - 4 ədəd; Klapan -16 ədəd; Klapan salnikləri (16 ədəd) – 1 ədəd; Kollektor prokladkaları (8 ədəd) - 1 ədəd; Kolso porşenovoy – 4 ədəd; kompressor filteri - 2 ədəd; Kontaktor LC1E160 - 2 ədəd; Kontaktor LC1E95 - 2 ədəd; Konveyer lenti 10x800 – 14 ədəd; Konveyor rulosu 60x155 - 17 ədəd; Konveyor rulosu 89x(60x6) - 16 ədəd; Konveyor rulosu 89x(60x8) – 13 ədəd; Konveyor rulosu 89x180 - 30 ədəd; Konveyor rulosu 89x250 – 32 ədəd; Konveyor rulosu 89x310 - 15 ədəd; Konveyor rulosu 89x750 - 12 ədəd; Konveyor rulosu 89x940 – 38 ədəd; Konveyor rulosu 89x950 - 12 ədəd; Krank kasnası - 1 ədəd; lampa 400w – 2 ədəd; Lampa ekonom 15W, e27 - 29 ədəd; Laqonda daşı kəsən 230 - 95 ədəd; Laqonda daşı yonan 230 – 10 ədəd; Led projektor 300 Wt - 8 ədəd; Limon duzu - 150 ədəd; Lopatka sapı - 19 ədəd; Lopatka sovkovıy – 9 ədəd; M26*1.5 Dirsək (uqolnik) ştutser 90 dərəcə - 2 ədəd; M26*1.5 Hidravlik şlanq 1- ci tərəfi düz 2-ci tərəfi - 2 ədəd; M26*1.5 Hidravlik şlanq L=0.3 metr - 4 ədəd; M26*1.5 Ştutser düz - 2 ədəd; Mala – 17 ədəd; Metrə 30 mtr - 6 ədəd; Monoray Vinc-kran ücün - 1 ədəd; Mop şvabranın çubuğu - 6 ədəd; mufta ( 35 kv dia 300m2) - 1 ədəd; Mufta PVC F40x50 - 3 ədəd; MUHERRİK YAGİ 15W40 - 3 ədəd; Mühəndis kostyumu - 36 ədəd; Nitrat turşusu (texniki) - 10 ədəd; Nitrat turşusu (təmiz) - 6,5 ədəd; Nümunə qaşıq - 91 ədəd; Odadavamlı forma (sukonka) - 11 ədəd; Odadavamlı papaq - 4 ədəd; Oil pump coupling ******* - 1 ədəd; X8 Grease Oksello rulman Gres 3 - 2 ədəd; Oksigen maye - 7.640 ədəd; Oksigen qaz - 60 ədəd; Palet 1.2 x 0.8 metr (EPAL) - 480 ədəd; Paronit dia 2mm 1.5X2m - 9 ədəd; Pika 320 mm enli yastı uclu - 5 ədəd; Pika 320 mm yastı uclu - 5 ədəd; Pika 400 mm biz uclu - 30 ədəd; Plafon lampa (2 patronlu) - 1 ədəd; Polad boru dia 40mm - 240 ədəd; Polad tros, dia 12 mm, 6x36 İWRC - 70 ədəd; Polad tros, dia 22 mm x 4.5 metr, 6x36 İWRC - 10 ədəd; Premium benzin - 463 ədəd; Profil 400x120 - 10 ədəd; Prokladka kartera - 1 ədəd; Prokladka qolovka – 1 ədəd; PVC amerkanka dia40m çöl yiv - 3 ədəd; Qara kulyok 80x110 (qalın) - 100 ədəd; Qaynaq elektrodu dia 2.5 sabit - 17,5 ədəd; Qaynaq elektrodu dia 3.25 (paslanmaz) - 14 ədəd; Qaynaq elektrodu dia 3.25 sabit – 201 ədəd; Qaynaq elektrodu dia 4 sabit (4 kq) - 8 ədəd; Qaynaqçı dəst – 4 ədəd; Qaynaqçı maskası(sadə) - 5 ədəd; Qazlı Su SLAVYANKA 0.33L - 1.558 ədəd; Qermetik (qırmızı) - 8 ədəd; Qətran bərkidicisi - 5 ədəd; Qırmızı mala qumu - 4 ədəd; Qolovka bloka - 1 ədəd; Qoruyucu sipər - 15 ədəd; Raspredval aralıq prujunları - 4 ədəd; Respirator - 750 ədəd; Rezin çəkic - 5 ədəd; Riger əlcək - 13 ədəd; Rolik 20 sm - 2 ədəd; Salnik 50x80x10 - 10 ədəd; Sapunun diofraqması - 1 ədəd; Şeben - 44 ədəd; Sement M 400 -5 ədəd; Separator-1630,160720 - 2 ədəd; Setka 10 mm - 24 ədəd; Setka 50 mm - 32 ədəd; Sərhəd lenti - 12 ədəd; Sirab qazsız 0.5 Lt - 24 ədəd; Şlanq (moyka üçün) - 1 ədəd; Smestitel (2 girişli) - 2 ədəd; Su sayğacı CTB-100X - 2 ədəd; Su şlanqı ipli - 100 ədəd; Su Şlanqı ipli (dia38Xdia51) – EGE 25 -407 ədəd; Süpürgə həyət -20 ədəd; Sürtkü yağı Technol Lapis HD 220 (208 litr) - 1 ədəd; Tablet duz (25 kq/kisə) - 200 ədəd; Technol Lapis HD 46 (208 L) - 2 ədəd; Teflon seals - 4 ədəd; Test kiti (Lakmus kağızı sularda PH dərəcəsinin təyini üçün) - 1 ədəd; Tibbi maska - 1.000 ədəd; X14 X15 100 m - 1 ədəd; Tros polad 6x36xØ15 (iç ipli) - 40 ədəd; Udlinitel, 5-yuvalı, L=5 metr - 3 ədəd; Vedrə - 30 ədəd; Vilka 16A 220V AC - 30 ədəd; Xamut dia 52*55 mm - 40 ədəd; Yağ filteri AR-K803 - 1 ədəd; Yağ filteri LF9009 - 2 ədəd; Yağ filteri-6211, 473500 -2 ədəd; Yağ H-68 (208 L) - 1 ədəd; Yağış plaşı - 3 ədəd; Yanacaq bakının datçiki (JCB üçün) - 1 ədəd; Yanacaq filteri FF505 - 2 ədəd; Yanacaq filteri FS1212 - 2 ədəd; Yanacaq filteri FS1280 - 2 ədəd; Yastıq 6310 - 4 ədəd; Yeni şlanq - 5 ədəd; Yüngül çəkili kərpic - 480 ədəd; Zibil salafanı (balaca) - 62 ədəd; Zibil salafanı (böyük) - 22 ədəd; Armatur - 19,98 ədəd; Əhəng üyüdülmüş 90 µ - 20,041 ədəd; Karonka - 792,999 ədəd; Karonka oxu - 271,998 ədəd; Kərpic (odadavamlı) - 0,901 ədəd; Metal qırıntısı - 70,71 ədəd; Odadavamlı kütlənin sintetik qatqısı - 2 ədəd; Odadavamlı lak - 0,999 lt; Odadavamlı sement “Mortar” - 17 ədəd; Oksigen boru 15*1.3 mm - 610,999 ədəd; Oksigen maye - 5.579,999 m3; Polad təbəqə 4 mm 1500*6000 - 28,503 ədəd; Qəlib - 364,001 ədəd; Şpat - 2,221 tn; Susuz kütlə - 10,001 ədəd; Dizel - 9.350 lt; Okalina.ton - 353,240 tn; Əhəng daşı.ton - 55,280 tn; Elektrod pastası.ton - 179,730 tn; Madqan pastası.ton - 20,950 tn.) qaytarılması, aşağıda qeyd olunan mal-materialın qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi: ünvan 1 ünvanında İddiaçı MMCyə məxsus 895247,25 (səkkiz yüz doxsan beş min iki yüz qırx yeddi manat, iyirmi beş qəpik) manat dəyərində aşağıda qeyd olunan 2 №li aktdakı ehtiyyat hissələrinin qaytarılması, aşağıda qeyd olunan ehtiyyat hissələrinin (“X1” şirkətindən əldə edilən soba çətirinin su ilə soyudulan ətəyi (9 seksiya); “X1” şirkətindən əldə edilən su ilə soyudulan qaz çıxış boruları 4.1 SET; “X1” şirkətindən əldə edilən soba çətirinin su ilə soyudulan qapağı (13 seksiya); “X1” şirkətindən əldə edilən soba çətirinin seqmenti 120/120/15*R 215/1095 - 4.96 ədəd; “X1” şirkətindən əldə edilən soba qaz kanalının su ilə soyudulan sol hissəsi; “X1” şirkətindən əldə edilən soba qaz kanalının su ilə soyudulan sağ hissəsi; “X6” şirkətindən əldə edilən X12-Cooled Cables type FHVV 1500C80 x 560 (2 ədəd) typeFHVV 1500C80 x2400 (2ədəd); “Technologies in Metallurgy” S.R.O əldə edilən düzbucaqlı əks axın soyutma qradirini (KFT-S1200.400-C3) (demontə vəziyyətdə) - 4.1 ədəd; “Technologies in Metallurgy” S.R.O əldə edilən JAW CRUSHER (PEF60X100mm)- FEEİNG MOUTH SİZE:60X100MM-MAXİMUM FEEDİNG SİZE: 500MM-OUTPUT SİZE: 0.1-15MM) qaytarılması mümkün olmadıqda dəyərinin ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 10000 (on min) manatın və ödənilmiş 2300 (iki min üç yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib, iddia tələbinin rədd olunmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən tələb hüququ əsassız olaraq Steel İmpex Şirkətinə ötürülmüş, həmin razılaşma cavabdeh tərəfindən mübahisələndirilmiş, müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Bundan əlavə, iddia ərizəsində tələb edilən əşyaların bir qismi qanuni qüvvəyə minmiş hökmlə müsadirə edilmiş, həmin müsadirə çərçivəsində cavabdeh tərəfindən əmlak komleksi ilə birlikdə əldə edilmişdir, iddia ərizəsində göstərilən digər əşyaların isə ümumiyyətlə mövcudluğu, habelə əmlak kompleksində qalması müəyyən edilmir. Bir qisim avanlıqların isə iddiaçının əmlak kompeksindən çıxdığı tarixdən sonra alındığı iddiaçının təqdim etdiyi gömrük bəyannamələri ilə müəyyən edilir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) və cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BNF- BSC-3 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə görə müqavilənin predmetini satıcının təsviri, çeşidi, ölçü vahidi, miqdarı, dəyəri, təhvil verilmə müddəti və çatdırılma qaydası hər yeni sifarişdən qabaq tərəflərin iştirakı ilə yazılı şəkildə tərtib ediləcək və müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələr-razılaşma protokollorı ilə müəyyən olunan malları müqavilə ilə razılaşdırılmış şərtlərlə alıcıya satması, alıcının isə həmin malları qəbul edib qarşılığında müqavilə ilə razılaşdırılmış pul məbləğini satıcıya ödəməsi təşkil edir.

8. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların dəyəri və ödəniş şərtləri protokolda göstərilir.

9. Müqavilənin 4.2.3-cü bəndinə əsasən, alıcı təhvil aldığı malların dəyərini müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə ödəmək alıcının öhdəliyidir.

10. Müqavilənin 5.5-ci bəndinə əsasən, alıcı qiymət razılaşma protokollarında göstərilən vaxtdan gec ödəniş etdikdə hər gecikdirilmiş gün üçün 0,1 % həcmində cərimə ödəyir və bu məbləğ ödənilməmiş məbləğin 5%-indən çox ola bilməz.

11. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli, 05 nömrəli X4 əsasən malların ümumi dəyəri ədv daxil 1636149,06 manat təşkil edir. Ödəniş şərtləri: hissəli şəkildə 100% əvvəlcədən ödəniş.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli, EBDO 051891 nömrəli 1636149,06 manat məbləğində elektron qaimə-faktura göndərilmişdir.

13. İddiaçıya məxsus hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 30416,32 manat, xx.xx.2023-cü il tarixdə 24886,08 manat, xx.xx.2023-cü il tarixdə 9009,00 manat, xx.xx.2023-cü il tarixdə 38709.00 manat, xx.xx.2023-cü il tarixdə 38340.00 manat ödəniş olunmuşdur.

14. İddiaçıya məxsus bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 168979,54 manat, xx.xx.2023-cü il tarixdə 138255,98 manat, xx.xx.2023-cü il tarixdə 50050,00 manat ödəniş olunmuşdur.

15. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi və Azərbaycan Respublikasının dövlət nəfinə alınması, həmin əmlak kompleksinə daxil olan avadanlıqların əmlak kompleksinin hissəsi kimi satıldıqda, satışdan əldə olunan ümumi vəsaitin avadanlıqların dəyərinə düşən vəsaitdən, avadanlıqlar əmlak komleksindən ayrılaraq satıldıqda isə avadanlıqların satışından əldə olunan vəsaitdən "xxxx" ASC-nin girov saxlayan kimi girov qoyulmuş əmlakların dəyərindən öz tələbinin üstün ödənilməsi hüququnun nəzərə alınması hökm olunmuşdur.

16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, İddiaçı MMC-də 2021-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayına qədər baş mühasib vəzifəsində çalışmışdır. Həmin dövrdə onunla əmək müqaviləsi mövcud olmuşdur. O, maliyyə-təsərrüfat əməliyyatlarını aparmışdır. İddiaçı MMC-nin silisium zavodu Sumqayıt şəhərində yerləşmiş və 2023-cü il iyul ayının 7-də fəaliyyətini dayandırmışdır. Fəaliyyətin dayandırıldığı gün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Əmlak Məsələləri Dövlət Xidmətinin, Sumqayıt şəhər İcra Hakimiyyətinin və Cavabdeh MMC-nin əməkdaşları zavoda gəlmişlər. Zavod əməkdaşları müəssisənin fəaliyyətinin dayandırılacağını əvvəlcədən təxmin etmişlər. Zavoddan çıxarıldıqları gün malların siyahıya alınması mümkün olmamışdır, çünki əməkdaşlar dərhal ərazidən çıxarılmışlar. Hazır və zəruri mallar Cavabdeh MMC-nin əməkdaşları tərəfindən götürülmüş, daha sonra kompüter sistemində olan uçot məlumatları əsasında malların siyahısı çıxarılmışdır. 2023cü ilin noyabr ayında icarədarların nəqliyyat vasitələrinin və əməkdaşların ofis əşyalarının zavoddan çıxarılması məqsədilə Cavabdeh MMC-nin əməkdaşlarına müraciət edilmişdir. Bundan əlavə, kömür, kvars və akalina məhsullarının zavoddan kənarda bir yerdə qaldığı, lakin onların siyahıya daxil edilmədiyi qeyd edilmişdir. Kvars silisium istehsalının əsas xammalı olmuşdur. Elektrod pastası, əhəng daşı və maqdan pastası ilə bağlı hər hansı müraciət edilməmişdir. İddiaçının nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X7 bildirmişdi ki, müsadirə prosesi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları arasında təhvil-təslim qaydasında həyata keçirilmişdir. Zavoddan yalnız əməkdaşlar çıxmış, məhsullar zavodda qalmışdır. Cavabdehin nümayəndəsi və vəkilinin suallarına cavab olaraq şahid X7 qeyd etdi ki, o, 01 və 02 nömrəli aktlarla tanışdır. Həmin aktlar müsadirə günü tərtib edilmiş, inventarlaşdırma aparılmış və sayım müsadirə günündən əvvəl həyata keçirilmişdir. Kömür isə yalnız Cavabdeh MMC-yə satılmışdır.

17. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, hazırkı iddia ərizəsi dörd hissədən ibarətdir: 1. əsas borcun tutulması; 2. dəbbə pulunun tutulması; 3. illik beş faizlə hesablanmış faiz borcunun tutulması; 4. əşyaların geri qaytarılması, bu mümkün olmadıqda dəyərinin ödənilməsi.

19. Məhkəmə iddianı birinci hissədə əsaslı hesab edir.

20. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

24. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

25. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

27. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

28. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

29. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

30. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

31. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, BNF-BSC-3 alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, ümumilikdə 1636149,06 manat dəyərində olan malları cavabdehə təhvil vermiş (göstərilən faktı cavabdehin nümayəndəsi məhkəmə iclasında da təsdiq etmişdir), lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, həmin malların dəyərinin bir qismi ödənilsə də, qalıq 892690,06 manat borc ödənilməmişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi birinci hissədə əsaslı olduğundan təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqısatqı müqaviləsi üzrə ƏDV daxil 892690,06 manat əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə hesab edir ki, iddia ikinci hissədə qismən əsaslıdır.

34. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 5.5-ci bəndinə əsasən hesablanmış 44634,50 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

35. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

36. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

37. Məhkəmə iddia tələbini üçüncü, əsas borc üzrə ona vurulmuş zərər qismində ümumilikdə 55057,53 manat pulun (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) tutulması hissəsində əsassız hesab edir.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

39. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

40. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

41. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

42. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

43. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

44. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

45. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

46. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”

47. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.

48. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz iddiaçının əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması iddiaçının gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.

49. İddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üzrə ona faiz borcunun ödənilməsini tələb edir.

50. Məhkəmə həmin tələbi xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər olan dövr üzrə (892690,06 manat * 5 faiz / 100 / 365 gün * 119 gün = 14552,07 manat) əsaslı hesab edir.

51. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 yanvar 2024-cü il tarixində iddiaçı ilə “Steel İmpex SA” şirkəti arasında tələbin güzəşt edilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən hazırda ödənilməsi tələb edilən əsas borcun tələb hüququ göstərilən şirkətə güzəşt edilmişdir. Həmin müqavilə cavabdeh tərəfindən mübahisələndirilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-1457/2024 saylı qətnaməsi ilə etibarsız hesab edilmiş, qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almışdır.

52. Bu səbəbdən məhkəmə hesab edir ki, tələb hüququnun güzəşt edildiyi xx.xx.2024cü il tarixdən cavabdehdən faiz borcunun ödənilməsi tələb edilə bilməz.

53. Digər tərəfdən hazırda cavabdehdən tutulmalı olan 14552,07 manat faiz borcu cavabdehdən tələb edilən dəbbə pulu ilə əhatə olunduğu üçün tələb bu hissədə təmin edilə bilməz.

54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

55. 466.1-ci maddəsinə görə əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir.

56. 466.2-ci maddəsinə görə qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər:

57. 466.2.1. zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər;

58. 466.2.2. dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər;

59. 466.2.3. kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

60. 466.3-cü maddəsinə görə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər.

61. Hazırkı halda alqı-satqı müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu, həm də Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlər bərpaedici sanksiyalar olduğundan həmin sanksiyaların birlikdə tətbiq edilməsi ikiqat məsuliyyət yaratmaqla hüququn universal prinsipi olan non bis in idem (eyni əmələ görə iki dəfə olmaz) prinsipinə ziddir.

62. Beləliklə, hazırkı halda gecikdirilmiş borc məbləğinə həm dəbbə pulunun, həm də faizlərin hesablanması Mülki Məcəllənin 466-cı maddəsinin tələblərinə uyğun hesab edilə bilməz.

63. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən zərərin formalardan biri olan əldən çıxmış faydanın əvəzi olaraq hesablanan faizlərin yalnız dəbbə pulu məbləği ilə əhatə edilməmiş hissəsinin tutulmasına yol verilir.

64. Məhkəmə iddia tələbini dördüncü, Sumqayıt şəhəri, Kimyaçılar, 1 ünvanında iddiaçıya 1 №li aktda, habelə 02 №li aktda qeyd olunan mal-materialların iddiaçıya geri qaytarılması, bu mümkün olmadıqda həmin mal-materialların dəyərinin iddiaçıya ödənilməsi hissəsində əsassız hesab edir.

65. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1571/2022 saylı, xx.xx.2022ci il tarixli hökmünə əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin avadanlıqları ilə birlikdə əmlak kompleksinə xüsusi müsadirə tətbiq edilməsi hökm edilmişdir.

66. Həmin hökm qanuni qüvvəyə minmiş, göstərilən əmlak cavabdeh tərəfindən əldə edilmişdir.

67. Xüsusi müsadirə tətbiq edilmiş və cavabdeh tərəfindən əldə edilmiş əmlakın hazırda cavabdehdən geri tələb edilməsi ilə bağlı iddia təmin edilə bilməz.

68. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə tələb etdiyi əmlakların ünvan 2 ünvanında yerləşən əmlak kompleksində qalmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

69. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 1 və 2 saylı aktlarda göstərilmiş əmlakların həqiqətən də əmlak kompleksi cavabdehin sahiblik və istifadəsinə verilən zaman orada olması materiallardan müəyyən edilmir.

70. İddiaçının məhkəməyə təqdim etdiyi şahid X7 ifadəsində göstərmişdir ki, həmin siyahılar tərtib edilən zaman hər hansı sayım həyata keçirilməmiş, göstərilən siyahılar qalıq mallar kimi iddiaçının kömpüterdə olan məlumatları əsasında tərtib edilmişdir.

71. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

72. Mülki Məcəllənin 157.2-ci maddəsinin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

73. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.

74. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

75. Hazırkı işdə isə həmin şərtlərin mövcud olması təsdiq olunmur.

76. Çünki iddianın əsaslı hesab edilməsi üçün iddia ərizəsində adları sadalanan əşyaların iddiaçının mülkiyyətində olması və həmin əşyaların cavabdehin qanunuz sahibliyində olması müəyyən edilməlidir.

77. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə bu halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.

78. Lakin, o, üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

79. Belə ki, iddiaçı tərəfindən təqdim edilən müqavilələr, gömrük bəyannamələrinə əsasən iddiada göstərilən bəzi avadanlıqların iddiaçıya məxsus olduğu sübut olunsa da, məhz həmin avadanlıqların cavabdehin faktiki sahibliyində olması heç bir sübutla təsdiq olunmur.

80. Göründüyü kimi, iddia ərizəsində göstərilən əksər əşyaların iddiaçının mülkiyyətində olması faktı, iddiaçının mülkiyyətində olması müəyyən edilən əşyaların isə cavabdehin sahibliyində olması faktı sübut olunmur.

81. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbləri əşyaların verilməsi hissəsində rədd edilməlidir.

82. Bundan başqa iddia ərizəsində 10000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.

83. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən 2000 manat hüquqi yardıma görə xərc hazırkı iş üzrə ağlabatan hesab edilməklə cavabehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8000 manat vəkil xərci iddiaçının özünə aid edilməlidir.

84. Belə ki, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 12 saylı Vəkil Bürosunun hesabına 10000 manat hüquqi xidmət haqqı köçürülmüşdür.

85. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

86. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli BNF-BSC-3 nömrəli alqı-satqı müqaviləsi üzrə 892690,06 manat əsas borc, 44634,5 manat cərimə borcu, 2000 manat hüquqi yardıma görə xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

87. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

88. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1227,32 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəricilərinə əsasən) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş qalan 1072,68 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

89. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh QSC-dən 892690,06 manat əsas borc, 44634,50 manat dəbbə pulu, 2000 manat hüquqi yardıma görə xərc, 1227,32 manat dövlət rüsumu, ümumilikdə 940551,88 (doqquz yüz qırx min beş yüz əlli bir manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 1072,68 (bir min yetmiş iki manat altmış səkkiz qəpik) manat dövlət rüsumu və 8000 (səkkiz min) manat hüquqi yardıma görə xərc İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar