Məhkəmə qərarları › İş №e-2-2(113)-318/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-318/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-318/2023 13.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 15 avqust 2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən yaranmış və ödənilməmiş əsas borc üzrə 2244, 36 (iki min iki yüz qırx dörd, otuz altı qəpik) manat, habelə ödənilmiş mediasiya xərcinə görə 60 manat məbləğində və hüquqi yardımla əlaqədar ödənilmiş 500 (beş yüz) manat məbləğində xidmət haqqının, ümumilikdə 2804,36 (iki min səkkiz yüz dörd, 36) manat vəsaitin tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə 15 avqust 2018-ci il tarixli, 08-03\2018 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən satıcı bu müqavilədə göstərilən məhsullarını alıcıya satır, alıcı isə öz növbəsində alınan malların dəyərini razılaşdırılmış qiymətlərə əsasən satıcıya ödəməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə əsasən mallar satılmış və mallar müqavilə şərtlərinə əsasən satıcıya çatdırılmışdır. Malların kəmiyyəti və keyfiyyəti barədə heç bir iddia irəli sürülməmişdir. Ümumilikdə cavabdeh şirkətə 3.707,56 manat dəyərində mal satılmış və bu malların dəyərindən 1463,20 məbləğində vəsait iddiaçıya ödənilmişdir. 06 oktyabr 2020-ci il tarixli EBAQ seriyalı 877214 nömrəli elektron qaiməyə əsasən satılmış və ümumi dəyəri 2244,36 manat təşkil edən **********9-X2 AF 26173 adlı malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir. Bu borcun ödənilməsi üçün dəfələrlə edilmiş müraciətlərə baxmayaraq borc məbləğinin ödənilməsindən alıcı müxtəlif bəhanələrlə yayınmışdır. Borcun ödənilməsinə dair 25 sentyabr 2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə və 22 avqust 2022-ci il tarixdə cavabdehin elektron kargüzarlıqı vasitəsi ilə pretenziya məktubu göndərilməsinə baxmayaraq, qeyd olunan borc məbləği ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, tərəflər arasında müqavilənin qüvvədə olma müddəti bitsə də müqavilə münasibətləri davam etmiş və alğısatqı olmuşdur. Mülki Məcəllədə alğı-satqı müqaviləsinin yazılı olması barədə imperativ qaydada tələb yoxdur. Tərəflər müqavilənin müddətinin bitməsinə baxmayaraq münasibətləri davam etdirmişlər və cavabdeh də bəzi ödənişlər edib, lakin yerdə qalan borcdan yayınmışdır. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, məhkəməyə izahatında qeyd etmişdir ki, qarşı tərəf 3707,56 manat məbləğində borcun olduğunu qeyd edir, lakin elektron qaimələrdə başqa məbləğ göstərilir. Bu hal isə iddia tələbi üzrə ziddiyyətli haldır. Alğı-satqı müqaviləsinin 4.1-ci maddəsinə əsasən satıcı malı alıcının müəyyənləşdirdiyi yerdə təhvil verməli və tərəflər arasında malın kəmiyyətinə görə təhvil-qəbul aktı imzalanmalıdır. Lakin iddiaçının əlavə etdiyi sübutlar arasında təhvil-qəbul aktı yoxdur. İş materiallarına əlavə olunan elektron qaimədə göstərilən məbləğ 2.244 manatdır. Odur ki, iddia əsasızdır. Həmçinin müqavilə 1 il müddətinə bağlanılmış və müqavilənin 10.1-ci maddəsində konkret müqavilənin qüvvədə olma tarixi göstərilmişdir. Müqavilənin uzadılmasına görə heç bir şərt mövcud deyil. Cavabdehin nümayəndəsi və vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. İş materiallarında olan: “satıcı” İddiaçı MMC “alıcı” Cavabdeh MMC olmaqla imzalanmış 15 avqust 2018 tarixli xx-xx/2018 tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilənin 1 saylı əlavəsində spesifikasiyası göstərilmiş müxtəlif növ malların sifarişlər əsasında alıcıya satılması, alıcı tərəfindən isə əvəzində müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2022 tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən 1.000 manat 18 saylı Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. EBAQ seriyalı 877214 nömrəli xx.xx.2020 tarixli elektron qaiməyə əsasən 2244,36 manat, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixinə arayışda ƏDV daxil 2.244,36 mant məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alğı-satqı müqaviləsi imzalanmış, müqavilədə nəzərdə tutulmuş malların alğı-satqısı tərəflər arasında razılaşdırılmışdır. İddiaçı tərəflər arasında imzalanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq, müqavilə münasibətlərinin davam etdiyini bildirərək, yaranmış borc məbləğini tələb etmiş, cavabdehin nümayəndəsi və vəkili isə qeyd olunan borcun iddiaçı tərəfindən sübuta yetirilmədiyini qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi maddə 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli qərarında müəyyən edilmişdir ki,lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbi sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia ərizəsində qeyd olunan borc məbləğinin 15 avqust 2018-ci il tarixli alğı-satqı müqaviləsindən irəli gəldiyini iddia etsə də məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. İş materiallarından məlum olur ki, 15 avqust 2018-ci il tarixli alğısatqı müqaviləsinin 10.1-ci bəndində müqavilənin 15 avqust 2019-cu il tarixinədək qüvvədə olması qeyd olunmuşdur. Eyni zamanda həmin müqavilədən məlum olur ki, 4.1-ci bənddə tərəflər arasında malların təhvil-təslimi zamanı bu barədə aktın tərtib edilməsi nəzərdə tutulmuşdur. Sübut qismində məhkəməyə təqdim edilmiş elektron qaimədən qaimənin mübahisələndirilən müavilə üzrə təqdim edilməsi öz təsdiqini tapmır. Belə ki, qaimədə qaimənin verilməsi əsası olaraq qeyd edilən müqavilə göstərilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən müqavilənin 4.1-ci bəndində nəzərdə tutulmuş təhvil-qəbul aktlarının olmamasını əsas gətirərək borcu mübahisələndirdiyini, bununla bağlı olaraq, iddiaçı tərəfindən hər-hansı sübutun təqdim edilmədiyini nəzərə alaraq hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübuta yetirə bilməmişdir. Məhkəmə bildirir ki, digər tərəfdən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlərində malların satışının həyata keçirilməsinin təhvil-təslim aktı olmadan başqa formada rəsmiləşdirilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilməmiş , məhkəmə araşdırmasında bu hal öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən 1.000 manat məbləğində vəkil xərcinin ödənilməsi öz təsdiqini tapsa da iddiaçı 500 manat xidmət haqqının ödənilməsini tələb etmişdir. Bununla belə iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş 500 manat vəkil xidmət haqqı, 60 manat mediasiya xərcləri iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İş üzrə ödənilmiş 500 manat vəkil xidmət haqqı, 60 manat mediasiya xərci İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar