Məhkəmə qərarları › İş №e-2-2(113)-3180/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3180/2024

25.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3180/2024 25.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Fərdi Firmasının Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, cavabdehin iştirakı olmadan İddiaçı Fərdi Firmasının Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Fərdi Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı fərdi firması ilə Cavabdeh arasında bağlanmış 06 sentyabr 2022-ci il tarixli, 52/U saylı müqavilə üzrə Cavabdeh 133399,60 manat məbləğində əsas borcun, 14140 manat dəbbə pulunun, cəmi 147539,50 manat məbləğində pulun və 438 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı fərdi firmasına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi firması ilə Cavabdeh arasında 06 sentyabr 2022-ci il tarixdə un məhsulunun satışı ilə əlaqədar 52/U saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı fərdi firması Cavabdeh un satılmasını, Cavabdeh isə həmin malı qəbul etməyi və dəyərini ödəməyi öz öhdəsinə götürür. 06 sentyabr 2022-ci il tarixli, 52/U saylı müqaviləyə əsasən Cavabdeh İddiaçı fərdi firmasına xx.xx.2024-cü il tarixinə 133 399.60 manat məbləğində borcu yaranmışdır. Müqavilənin müddəti xx.xx.2023-cü tarixdə bitsə də, cavabdeh borcunu ödəməmişdir. Cavabdeh ilə İddiaçı fərdi firması arasında xx.xx.2024-cü il tarixli üzləşmə aktı imzalanmışdır. Həmin tarixə Cavabdeh İddiaçı fərdi firmasına 133 399.60 manat borcu olduğunu imzası ilə təsdiq etmişdir. Hal-hazırda Cavabdeh İddiaçı fərdi firmasına 133 399.60 manat məbləğində borcu vardır. Cavabdeh borcunun ödənilməsi ilə əlaqədar dəfələrlə xəbərdarlıq edilmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərilmişdir. İddiaçı fərdi firması xx.xx.2000-ci il tarixdə AR Ədliyyə Nazirliyi Hüquqi X3 Üzrə Bakı Bölgə Şöbəsində “Fərəh” fərdi firması kimi qeydiyyatdan keçmişdir. xx.xx.2003-cü ildə X2 Reyestrindən xx.xx.2003-cü il tarixli Çıxarışa əsasən “Fərəh” fərdi firmasının adı dəyişdirilərək İddiaçı fərdi firması olmuşdur. Hal-hazırda İddiaçı fərdi firması ********** saylı VÖEN əsasən fəaliyyət göstərir. Cavabdeh ilə bağlanmış 06 sentyabr 2024-cü il tarixli, 52/U saylı müqavilənin 3.5-ci bəndinə əsasən hal-hazıra kimi ödənilməmiş borca görə 14 140.00 manat məbləğində dəbbə pulu hesablanmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 52/U saylı müqaviləyə əsasən:

9. Müqavilənin 2.1-ci bənidnə əsasən tərəflər razılığa gəldilər ki, satıcı alıcıya un satılmasını öhdəsinə götürür (unun qiyməti qaimə faktura əsasında müəyyən edilir).

10. Müqavilənin 2.2-ci bənidnə əsasən"Alıcı" müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların Satıcıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür.

11. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcı malları tələb olunan miqdarda hissə-hissə götürə bilər.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcı malların göndərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları alıcıya müəyyənləşdirilmiş qaydada (Təhviltəslim aktı və ya qaimə-faktura əsasında) təhvil verməlidir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirə salınmadan qəbul edilməsini və ödəmələrin aparılmasını öhdəsinə götürür.

14. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcı satıcının təqdim etdiyi hesaba əsəsən alınacaq malların dəyərini əvvəlcədən və ya hər alınmış mal üçün 3 (üç) iş günü ərzində satıcının hesablaşma hesabına ödəməlidir.

15. Müqavilənin 3.5-ci maddəsinə əsasən ödəmə göstərilən müddətdə aparılmadıqda, gecikdirilən hər gün üçün ümumi məbləğin 0,1% həcmində penya ödəyir.

16. İddiaçı fərdi firması tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi müqavilə üzrə satılmış mallara dair e-qaimələr göndərilmişdir.

17. İddiaçı fərdi firması ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli üzləşmə aktlarına əsasən Cavabdeh İddiaçı fərdi firmasına 133.399,60 manat borcunun imzası ilə təsdiq ediərək qəbul etmişdir.

18. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

20. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

21. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

22. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

24. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 52/U saylı müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər razılığa gəldilər ki, satıcı alıcıya un satılmasını öhdəsinə götürmüş (unun qiyməti qaimə faktura əsasında müəyyən edilir)və müqavilənin 3.3-cü bəndinə əsasən alıcı müqavilə üzrə göndərilmiş malların təxirə salınmadan qəbul edilməsini və ödəmələrin aparılmasını və müqavilənin 3.4-cü bəndinə əsasən alıcı satıcının təqdim etdiyi hesaba əsəsən alınacaq malların dəyərini əvvəlcədən və ya hər alınmış mal üçün 3 (üç) iş günü ərzində satıcının hesablaşma hesabına ödəməyi öhdəsinə götürmüşdür.

25. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, üzləşmə aktı, elektron qaimə ilə təstiq olunduğu və cavabdeh tərəfindən 133.399,60 manat məbləğində borcun olması üzləşmə aktında etiraf edildiyi üçün 133.399,60 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir.

26. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 133.399,60 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 133399,60 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

27. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3cü maddəsinə əsasən hesablanmış 14140 manat cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

29. Məhkəmə hesab edir ki, cavabdehin ödənişləri gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən 14140 manat dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

30. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 438 manat dövlət rüsumu ödənilmişdir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, 438 manat dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli 52U saylı müqavilə üzrə 133.399,60 manat əsas borc məbləği, 14140 manat dəbbə pulu, cəmi 147.539,50 manat (bir yüz qırx yeddi min beş yüz otuz doqquz manat əlli qəpik) və dövlət rüsumunun əvəzi olaraq 438 manat tutularaq İddiaçı Fərdi Firmasına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar