Məhkəmə qərarları › İş №e-2-2(113)-3180/2025

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3180/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3180/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: broker müqaviləsi, tapşırıq müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3915,00 (üç min doqquz yüz on beş) manat məbləğində ödənilməmiş sığorta haqqının, 59,15 (əlli doqquz manat on beş qəpik) manat dövlət rüsumunun, cəmi 3974,15 (üç min doqquz yüz yetmiş dörd manat on beş qəpik) manat pul vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanmışdır. Sığortalılara çatdırılması üçün yaşıl kart sığortası növü üzrə sığorta şəhadətnamələri (blanklar) cavabdehə təhvil verilmiş, lakin cavabdeh sığortalılardan almış olduğu 3915 (üç min doqquz yüz on beş) manat məbləğində sığorta haqlarını şirkətin hesabına köçürməmişdir. Maliyyə arayışından da göründüyü kimi yaşıl kart üzrə 3915 (üç min doqquz yüz on beş) manat məbləğində şəhadətnamələrin sığortalılara çatdırılması, sığortalılardan müvafiq sığorta haqqı məbləğlərinin alınaraq iddiaçının hesabına köçürülməsi üçün sığorta müqavilələri cavabdehə təhvil verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iş üzrə qiyabi qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (sığortaçı) ilə cavabdeh (sığorta agenti) arasında bağlanmış xx.xx.2019-cu il tarixli vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsinin 1.1-ci bəndinə görə sığorta agenti tərəfindən sığortaçının həyata keçirdiyi sığorta növləri üzrə qanunvericilik və bu müqavilə ilə sığortaçının verdiyi səlahiyyətlər daxilində sığortalılarla sığortaçının adından sığorta müqavilələrinin bağlanması, davam etdirilməsi və ya yenilənməsi, habelə tərəflər arasında danışıqların aparılmasında vasitəçilik fəaliyyətini həyata keçirir, sığortaçı isə bunun müqabilində sığorta agentinə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə komisyon muzd ödəyir.

9. Müqavilənin 7.2-ci bəndinə görə sığorta haqqının ödənilməsi üçün sığortaçının mühasibatlığı “hesab” hazırlayır və həmin hesabı sığorta agentinə təqdim edir. Sığorta agenti sığorta haqqının ödənilməsi üçün “hesab”ı sığortalıya təqdim etməlidir. Sığortalı “hesab”da qeyd olunmuş müddətdə sığorta haqqını sığortaçının bankdakı hesabına köçürülməsini təmin etməlidir. Sığorta haqqı X1 vasitəsilə həyata keçirildiyi hallarda sığortaçı tərəfindən “hesab” təqdim edilməlidir.

10. İddiaçı tərəfindən təqdim edilmiş 2019-cu il tarixli sığorta müqavilələrinə əsasən sığortalılar tərəfindən sığorta müqavilələri üzrə cavabdehə ümumilikdə 3915 manat sığorta haqqı ödənilmişdir.

11. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli arayışına görə cavabdehin iddiaçıya borcu 3915 manat təşkil edir.

12. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 787.1-ci maddəsinə əsasən broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir.

14. Həmin Məcəllənin 787.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.

15. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

16. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

17. Həmin Məcəllənin 941.1-ci maddəsinə əsasən sığorta agenti sığortaçının adından sığorta haqqını onun yazılı qaydada verdiyi səlahiyyət əsasında qəbul edə bilər.

18. Həmin Məcəllənin 941.5-ci maddəsinə əsasən sığorta haqqını qəbul etmiş sığorta vasitəçisi onu qəbul etdiyi tarixdən 5 iş günü müddətində tam həcmdə müvafiq sığortaçının müvafiq bank hesabına köçürməlidir.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçının adından bağlanmış sığorta müqavilələri üzrə sığortalılar tərəfindən ödənilmiş 3915 manat məbləğində sığorta haqqı iddiaçının hesabına köçürülməmişdir. İddiaçı hazırda həmin vəsaitin cavabdehdən tutulmasını tələb etməklə haqlıdır.

20. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 3915 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3915 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 59,15 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

23. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 3915 manat məbləğində pul, 59,15 manat dövlət rüsumu, ümumilikdə 3974,15 (üç min doqquz yüz yetmiş dörd manat on beş qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən apellyasiya şikayəti verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar