Məhkəmə qərarları › İş №e-2-2(113)-3184/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3184/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3184/2021 08.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15.07.2020-ci il tarixli laborator xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə yaranmış olan 9,400.00 (doqquz min dörd yüz) manat məbləğində olan əsas borcun, eləcə də gecikdirmə nəticəsində vurduğu zərərin 310 (üç yüz on) manat məbləğində olan əvəzinin, 30 manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat məbləğində vəkillə müqavilə xərcləri olmaqla cəmi 530 manat məhkəmə xərclərinin, ümumilikdə 10,240.00 (on min iki yüz qırx) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra mətndə “İcraçı” adlandırılacaq) ilə cavabdeh – Cavabdeh (bundan sonra mətndə “Sifarişçi” adlandırılacaq) arasında 15.07.2020-ci ildə laborator xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, Sifarişçi laborator xidmətlərinin göstərilməsini sifariş verərək İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə laborator xidmətləri göstərməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda Müqavilənin 4.2.1-ci maddəsinə əsasən, xidmətlərə görə maliyyə-hesablaşma əməliyyatlarını vaxtında və tam ödəmə şəklində həyata keçirmək Sifarişçinin vəzifəsidir. Müqavilənin şərtlərinə uyğun olaraq iddiaçı öhdəliklərini qüsursuz şəkildə yerinə yetirilmiş, laborator xidmətlər göstərilmiş və hesab-fakturalar təqdim edilmişdir (hesab-faktura, elektron-qaimə və təhviltəslim aktının surətləri iddia ərizəsinə əlavə olunur). Lakin Müqavilənin 5.7-ci bəndinə əsasən, hesab-faktura və elektron-qaimə təqdim edildikdən sonra 10 (on) gün ərzində ödənişin həyata keçirilməsi nəzərdə tutulsa da, Sifarişçi tərəfindən bu şərtlərə əməl edilməmiş, beləliklə, müqavilə öhdəlikləri pozulmuşdur. Nəticədə Sifarişçinin 15.07.2020-ci il tarixli müqavilə üzrə İcraçıya 9,400.00 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı cavabdehə dəfələrlə edilən yazılı və şifahi müraciətlər nəticəsiz qalmış, cavabdeh müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi istiqamətində heç bir addım atmamışdır. Buna görə də mübahisəyə məhkəmə qaydasında baxılması və müqavilə üzrə yaranmış borcun ödənilməsi, eləcə də öhdəliyin icrasının gecikdirilməsinə görə vurulmuş zərərin əvəzinin və çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə qəbul olunması zərurəti yaranmışdır. Tərəflər arasında bağlanmış 15.07.2020-ci il tarixli müqavilənin 8.3-cü bəndinə əsasən, yaranmış mübahisələr tərəflərin öz aralarında həll edilmədikdə Azərbaycan Respublikasının normaları ilə tənzimlənir və onlara Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılır. İddiaçının nümayəndəsi X4 daha əvvəl keçirilən məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş, daha sonra məhkəmə iclasında məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsinə dair ərizəni məhkəməyə təqdim edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 15.07.2020-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ( “İcraçı”) ilə Cavabdeh (“Sifarişçi”) arasında 15.07.2020-ci ildə Laborator xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan EBAN seriyalı 762812 nömrəli 18.08.2020-ci il tarixli elektron qaiməyə əsasən 4500 manat, EBAR seriyalı 616100 nömrəli 22.10.2020-ci il tarixli elektron qaiməyə əsasən 500 manat, EBAP seriyalı 562730 nömrəli 04.09.2020-ci il tarixli elektron qaiməyə əsasən 4400 manat, məbləğində tibbi xidmətlər “X1 Mərkəzi” MMC tərəfindən ödəniş həyata keçirilməsi üçün Cavabdeh MMC-yə göndərilmiş, həmin qaimələr təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə cavabdehin aralarında olan şifahi razılaşma üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı yaranmış və ödənilməmiş borcun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur. Nəticədə cavabdeh tərəfindən, iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5% hesablanmış gecikdirmə faizi - 310 manatın cavabdehdən tutulması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini, nəticədə sonuncuya borcunun yarandığını nəzərə alaraq hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış və ödənilməmiş borcun, eyni zamanda gecikdirilmiş vaxt üçün pul məbləğinin illik 5 faizinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi və vəkilin göstərdiyi yardıma görə xərc 500 (beş yüz) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 9400 manat əsas borc, illik 5% hesablanmış gecikdirmə faizi 310 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və vəkilin göstərdiyi yardıma görə xərc 500 manat , cəmi 10240 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 9400 manat əsas borc, illik 5% hesablanmış gecikdirmə faizi 310 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat və vəkilin göstərdiyi yardıma görə xərc 500 manat , cəmi 10240 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar