Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3185/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh, Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oyunçunun müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 10.000 manat maddi ziyanın ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "X13" ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək qüvvədə olan X9 bağlanmışdır. Müqaviləyə əsasən, Oyunçu klubun nizam-intizam qaydalarına və tibbi prosedurlarına riayət etməyə, tibbi müdaxilə üçün yalnız klubun təsdiqlədiyi tibb müəssisələrinə müraciət etməyə borcludur. xx.xx.2024-cü il tarixində X7 keçirilən bərpa məşqi zamanı Oyunçu məşqdə iştirak etmiş, lakin məşqdən bir neçə saat sonra Klubun həkiminə zəng edərək dizində ağrı hiss etdiyini bildirmişdir. Klub dərhal tibbi tədbirlər görmüş, Oyunçunun müayinə və müalicəsini təmin etmək üçün öz tibbi personalını işə cəlb etmişdir. Oyunçuya ilkin tibbi yardım göstərilmiş və MRT müayinəsindən keçməsi tövsiyə olunmuşdur. Lakin bayram günləri (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri) səbəbindən xəstəxanaların fəaliyyəti məhdud olduğundan müayinə bir neçə gün gecikmişdir. Oyunçu ilə mütamadi olaraq səhhəti ilə bağlı danışıqlar aparılmışdır. xx.xx.2024-cü il tarixində Oyunçuya Klubun müqaviləsi olduğu Klinikanın həkiminin xx.xx.2024-cü il tarixində işdə olacağı və onun yanına gedərək müayinə oluna biləcəyi bildirilmişdir. xx.xx.2024- cü il tarixində Oyunçu həkimin müayinəsinə getmiş və həkim ona əməliyyat olunaraq tam sağalacağı barədə məlumat vermişdir. Lakin 30 aprel tarixində Oyunçu Klub prezidentinə SMS yazaraq həmin həkimin yanında əməliyyat və müalicə olunmaqdan imtina etdiyini və X10 çalışan Elxan həkimin yanında əməliyyat olunmaq istədiyini bildirmişdir. Klub prezidenti Oyunçuya onun yalnız Klubun müqaviləsi olduğu City Hospitalda müalicə və əməliyyat oluna biləcəyini bildirmişdir. Oyunçu ilə Klub arasında bağlanmış müqavilənin 2.1.7-ci maddəsində Oyunçunun öhdəliyi olaraq bəyan edilir ki, Zədəsinin müalicəsi üçün Klubun razılığı olmadan kənar həkim heyətinə müraciət etməməlidir. Buna baxmayaraq, Oyunçu Klub əməkdaşına əməliyyat xərclərini özünün çəkəcəyini bildirmiş, Klubun isə yalnız reabilitasiya üçün ona kömək etməsini istəmişdir. Bütün tibbi və hüquqi dəstəyə baxmayaraq, Oyunçu öz təşəbbüsü ilə fərdi həkimə (X11) müraciət etmiş və əməliyyat keçirmişdir. Daha sonra Oyunçu, xx.xx.2024-cü il tarixində göndərmiş olduğu pretenziya məktubu ilə öz hesabına etdirdiyi əməliyyat və reabilitasiya xərclərinin klub tərəfindən ödənilməsini tələb etmişdir. Lakin Klub əməliyyatın detalları və tibbi prosedurlar barədə xəbərdar edilməmişdir. xx.xx.2024-cü il tarixində isə Klub Oyunçuya cavab məktubunda Oyunçunun çəkdiyi xərcləri sübut etməsini istəmişdir. Oyunçunun X10 keçirmiş olduğu yanlış əməliyyat nəticəsində Klub Oyunçunun xidmətlərindən 4 ay müddətində yararlana bilməmişdir. Əməliyyat uğursuz həyata keçirildiyindən Oyunçu daha sonra 3 ardıcıl əməliyyat keçirməli olmuşdur. Bu da Klubun xərclərinin artmasına yol açmışdır. Bunların nəticəsində Kluba 10.000 AZN (on min manat) məbləğində maddi ziyan vurulmuşdur. Klub və Oyunçu arasında bağlanmış müqavilənin 2.1.8-ci maddəsində Oyunçunun öhdəliyi olaraq Klubun göstərişi (tapşırığı) ilə tibbi baxışlardan və tibbi müalicədən keçməli olduğu, 2.1.9-cu maddəsində isə Xəstələndikdə və ya bədbəxt hadisə baş verdikdə, dərhal Klubu xəbərdar etməli olduğu öz əksini tapır. Oyunçunun bu hərəkətləri Klubun tibbi nəzarət sistemini pozmuş, müqavilə şərtlərinin kobud şəkildə pozulmasına səbəb olmuş və nəticədə Klub əlavə maliyyə yükü ilə üzləşmişdir. Bundan əlavə, Oyunçu Klub tərəfindən ona təklif edilən alternativ müalicə imkanlarını tam şəkildə rədd edərək, müqavilə öhdəliklərinə əməl etməmişdir. Klubun həkimləri və məşqçiləri dəfələrlə onunla əlaqə saxlamış, reabilitasiya prosesi üçün klubun təqdim etdiyi resurslardan istifadə etməyə çağırmışdır, lakin Oyunçu bu çağırışlara məhəl qoymamışdır. Müqaviləyə əsasən, Oyunçunun müalicə və reabilitasiya prosesi yalnız klubun təsdiqlədiyi tibbi müəssisələrdə aparılmalı idi. Lakin Oyunçu öhdəliklərini pozaraq, tibbi prosedurları özbaşına həyata keçirmiş və daha sonra bu xərcləri klubdan tələb etmişdir. xx.xx.2025-ci il tarixində Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, tərəflərin hüquqlarının təmin olunması, və işin spesifik fəaliyyət sahəsinə (futbol) aid olması və ona daha təfsilatlı baxılması zərurəti yarandığı üçün Azərbaycan Futbol Federasiyaları Asossasiyalarının (AFFA) üçüncü şəxs kimi e-2-2( 113)-3185/2025 saylı işə cəlb edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2( 113)-3185/2025 saylı qərardadına əsasən, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixində Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, aralarındakı arbitraj müddəası əsasında işə məhkmədə baxılmasına etiraz etdiyini və məhkəmədən işi arbitraja yönləndirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, onunla Klub arasında xx.xx.2023-cü il tarixdə 31 may 2024-cü il tarixə qədər qüvvədə olan Peşəkar Futbolçu müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 10-cu maddəsinə əsasən, Bu Müqavilədən irəli gələn münasibətlər FİFA ilə AFFA-nın Oyunçuların Statusu və X6 ilə tənzimlənir. Tərəflər meydana çıxan mübahisələri danışıqlar yolu ilə həll etməyə cəhd edirlər. Əgər mübahisə 30 (otuz) təqvim günü ərzində danışıqlar yolu ilə həll edilməzsə, mübahisələrin həlli üçün AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə/FİFA-nın Tribunalına müraciət edilir. Kubla arasında yaşadığı münaqişə əsasında, AFFA-nın Oyunçuların Statusu və Transfer Komitəsinə (bundan sonra, OSTK) müraciət etmişdir. Məsələ ilə bağlı OSTK tərəfindən qərar həm mən, həm də Klub tərəfindən mübahisləndirilərək Tribunala müraciət edilmişdir. Tribunal tərəfindən xx.xx.2025-ci il tarixli qərar çıxarılmışdır, tribunalın qərarına əsasən, Futbolçunun sağlamlığının bərpa edilməsi məqsədilə çəkilən xərclərin əvəzi olaraq müəyyən edilmiş 7256,13 manat (yeddi min iki yüz əlli altı manat, on üç qəpik) məbləğində pul vəsaiti Klub tərəfindən Futbolçuya ödənilməlidir. Klub tərəfindən ödəniş həyata keçirilmişdir. AFFA-nın Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Oyunçuların Statusu və Transferi Komitəsi futbol klubları, futbolçular, məşqçilər, vasitəçilər və futbolun digər subyektləri arasında olan mübahisələri həll edən hüquq tətbiqedici orqandır. Həmin Nizamnamənin 68-ci maddəsinə əsasən, X3 bərabərlik və tərəflərə eyni münasibət prinsiplərinə əsasən yaradılan müstəqil və tərəfsiz tribunaldır. Maliyyə Mübahisələri üzrə X8 və (Transferi Komitəsinin qərarlarından verilən apellyasiya şikayətlərinə baxır. Qeyd edilən maddənin 7-ci bəndinə əsasən, X2 qərarlarından şikayətlərə Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılır. Nəticə olaraq Klub hazırda göstərilən prosessi izləmiş, lakin müvafiq olaraq qaydaları pozaraq sonradan məhkəməyə müraciət etmişdir. Halbuki aramızda bağlanmış müqaviləyə uyğun olaraq bu işə CAS-da baxılmalı idi. Mülki Prosessual Məcəllənin 259.0.5-ci maddəsinə əsasən, qanıma müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması iiçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. xx.xx.2025-ci il tarixində müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vəsatət ilə məhkəməyə müraciət edərək, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsi əsasında işə xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Arbitraj institutlarının mövcudluğunun əsas məqsədlərindən biri də ümumi məhkəmələrin yükünün azaldılmasıdır. Arbitraj məhz bu məqsədlə yaradılmış alternativ mübahisə həll mexanizmidir. Bu mexanizmin mövcud olduğu və tərəflər tərəfindən könüllü şəkildə qəbul edildiyi şəraitdə mübahisənin ümumi məhkəməyə çıxarılması məhkəmə sistemində lazımsız yük, vaxt itkisi və prosesin uzanmasına səbəb olur. Bu isə hüquqi effektivliyə və ədalət mühakiməsinin operativliyinə zərbə vurur. Məhkəməsi bu halı istisna kimi qiymətləndirin işə mahiyyəti üzrə baxsa, bu, gələcəkdə digər oxşar hallarda da ümumi məhkəmələrə müraciət etmək üçün presedent yaradacaq. Bu presedent AFFA-nm daxili normativ aktlarının və arbitraj sistemini formaca qüvvədə saxlayıb, faktiki olaraq etibarsız və kağız üzərində olan mexanizmə çevirə bilər. Nəticədə, AFFA-nın daxilində səlahiyyətli orqanların qərarları davamlı olaraq məhkəmə yolu ilə pozular və birlikdə razılaşdırılmış alternativ hüquqi mexanizm praktiki olaraq sıradan çıxarılmış olar. AFFA-nın hüquq tətbiqedici orqanları tərəfindən bir ay ərzində təxminən 250 işə baxılır və qərar verilir. Əgər məhkəmə tərəfindən hazırki iş icraata qəbul edilib baxılarsa, bu futbolun digər subyektləri üçündə əsas olacaqdır və nəticə olaraq məhkəmənin iş yükü xeyli şəkildə artacaqdır. UEFA və FİFA-nm tələblərinə əsasən, milli assosiasiyalar daxili mübahisələri federasiya daxilindəki tribunal və ya beynəlxalq arbitraj orqanlarında həll etməlidirlər. Məhkəmənin bu işə baxması AFFA-nın bu sahədəki normativ və funksional müstəqilliyini zədələyəcək, bu isə UEFA və FİFA tərəfindən intizam tədbirlərinin tətbiq olunması ilə nəticələnə bilər. Belə tədbirlər AFFA-nın layihə maliyyələşməsindən məhrum edilməsi, rəsmi turnirlərdən kənarlaşdırılması və hətta üzvlük hüquqlarının müvəqqəti və daimi dayandırılması kimi nəticələr doğura bilər. Bundan əlavə olaraq. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı və Ali Məhkəmənin müvafiq qeyd edilmiş qərarları hazırkı iş üzrə mövqeyimizi əks etdirir və əsaslandırır. Bütün qeyd olunan arqumentlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, tərəflər arasında qüvvədə olan arbitraj sazişi və idman hüququnun əsas prinsipləri baxımından, bu mübahisəyə məhkəmədə baxılması yolverilməzdir və məhkəmə bu əsasla icraata xitam verməlidir. Bu həm milli, həm də beynəlxalq hüquq normalarına tam uyğundur və AFFA-nm hüquqi statusunun, futbol mühitinin sabitliyinin və ümumilikdə hüquqi sistemin effektivliyinin qorunması baxımından vacibdir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh verdiyi vəsatətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, AFFA ictimai birlikdir və onun ictimai birlik olaraq qəbul etdiyi qərarlar, hər hansı bir Əsasnaməsi, Nizamnaməsi Azərbaycan Respublikasının qanunvericilik ierarxiyasında ən axırıncı yerdə qələn bir sənəddir. AFFA sadəcə Azərbaycanda futbolun həyata keçirilməsinə nəzarət edən bir orqandır. AFFA-nın bugünki vəsatətin məqsədi şəxsin məhkəməyə müraciət etmə hüququnun birbaşa məhdudlaşdırılmasıdır. Bununla bağlı 2024-cü ildə qəbul edilmiş Konstitusiya Məhkəməsinin qərarında bildirilir ki, məhkəmə müraciət hüququ konstitusion bir hüquqdur və vətəndaşın konstitusion hüququ mütləq qaydada konstitusion şəkildə məhdudlaşdırıla bilər. Hər hansı bir konstitusion hüququn hər hansı bir ictimai birlik tərəfindən məhdudlaşdırılması təmamilə qanuna ziddir. Bu cür qərar qəbul olunsa biz təbii ki, şikayət verəcəyik və iş Ali Məhkəməyə qədər gedəcəkdir, çünki bu hüquqi mövqe heç bir formada qəbul oluna bilməz. Baxılmamış saxlamanın əsaslarını hardasa başa düşmək olar, çünki ikinci dəfə müraciət etmək imkanı tükənmir. AFFA-da nəzərdə tutulmuş sistem sadəcə hüquqdur. Tərəf istəyərsə əgər bu hüquqdan istifadə edə bilər. Bugünki gündə AFFA-nın hüquq orqanlarına iddiaçının inamını, etibarı yoxdur. Çünki ordakı Status Komitəsinin Üzvləri hüquqşünas deyillər, işə birmənalı olaraq baxmırlar, seçilmə proseduru kifayət qədər şəffaf deyil, həmin sistemdə maraqların toqquşması var. Ona görə də mübahisələrin baxılmasını AFFA-dan çıxartmaq istəyirlər. AFFA isə bu gün ədalət mühakiməsini həyata keçirtmək istəyir. Məhkəmələr və hakimlər haqqında qanuna əsasən ədalət mühakiməsini yalnız məhkəmələr tərəfindən həyata keçirilə bilər. Hazırki AFFA-nın tələbi Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiə hüququnun pozulmasıdır və xitam üçün heç bir hüquqi əsas yoxdur. Baxılmamış saxlanılması məsələsinə münasibətdə bildirir ki, tərəf özü də etiraf edir ki, AFFA-da artıq bu məsələyə baxılıb. Klub AFFA-nın qəbul etdiyi qərarı icra eləsə belə hazırda reqress qaydada iddia verib məhkəməyə vurulmuş zərəri tələb edir. Ona görə də hesab edir ki, işin baxılmamış saxlanılmasına da heç bir əsas yoxdur. İddiaçı müraciət etsək də, Oyunçuların Statusu və Transferi Komitəsi məsələyə artıq bir dəfə baxıldığı üçün müraciət baxılmamış saxlanılacaq. Oyunçuların Statusu və Transferi Komitəsinin Əsasnaməsində də bu cür müddəa var. Bu səbəbdən işin baxılmamış saxlanılmasına da etiraz etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi təqdim etdiyi vəsatətdə qeyd edilənlərə uyğun olaraq izahat verdi, əlavə olaraq bildirdi ki, Futbolu tənzimləyən ali qurum FİFA-dır, yəni Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasıdır və AFFA-da digər federasiyalar kimi bu Federasiyasının üzvüdür. Və FİFA-nın tələbi bundan ibarətdir ki, futbol ilə bağlı olan məsələlər bu Federasiyanın daxilində həll olunmalı və bundan sonrakı məsələlər son variantda İsveçrəsə yerləşən İdman üzrə Arbitraj Məhkəməsində (CAS) baxılırmalıdır. Eyni qaydada bu müddəalara və öhdəliklərinə uyğun olaraq AFFA da öz Nizamnaməsində bu qaydanı nəzərdə tutmuşdur. Ümumiyyətlə bu cür məsələlər bütün dünyada bu qaydada həll olunur. Çünki futbol və ümumilikdə idman sahəsi spesifik bir sahədir və cəld həll funksiyasını tələb edir. Misal üçün hər hansı bir mübahisə ilə bağlı qərar qəbul edildiyi vaxt bundan şikayıt olunur və həmi şikayətə qısa bir müddət ərzində baxılır. Əgər bu şikayətlər məhkəməyə verilməli olsa onda verilən cəzaların müddəti ötmüş olur və artıq məhkəmə baxışı səmərəsiz və lazımsız hesab olunur. Bundan başqa Bədən tərbiyəsi və idman haqqında Qanunda qeyd olunub ki, götürülmüş beynəlxalq öhdəliklərə dövlət tərəfindən hörmətlə yanaşılmalıdır. Digər tərəfdən tərəflər arasında müqavilə bağlanmışdır və müqavilədə qeyd olunub ki, mübahisələrə AFFA daxilindəki Oyunçuların Statusu və Transferi Komitəsində baxılır. Və eyni qaydada birinci məthələdə bu məsələyə baxılıb, daha sonra hər iki tərəf Komoitənin qərarından şikayət vermişdir və nəticə etibarı ilə məsələyə X3 tərəfindən baxılmışddır və futbolçunun xeyrinə qərar qəbul edilmişdir. Daha sonra klub qərara uyğun olaraq öhdəliyini icra etmişdir və demək ki, bu qərarla razılaşmışdır. Lakin razılaşmasa belə CAS-a müraciət etməlidir. Amma klub bügünki gündə gəlib eyni məsələni məhkəmədə mübahisələndirmişdir. Ümumiyyətlə əgər məhkəmə tərəfindən hazırki iş icraata qəbul edilib baxılarsa, bu futbolun digər subyektləri üçündə əsas olacaqdır və nəticə olaraq məhkəmənin iş yükü xeyli şəkildə artacaqdır, həm də bizim qəbul etdiyimiz beynəlxalq öhdəliklərin pozulmasına gətirib çıxardacaqdır, bu da məlum qurumlardan xaric oluması və layihə maliyyələşməsindən məhrum edilməsi ilə nəticələnəcəkdir. Elektron məhkəmə sisteminə Ali Məhkəmənin oxşar işlərlə bağlı məhkəmə qərarlarını yükləmişik. Belə ki, həmin işlərdən göründüyü kimi, əgər müqavilədə arbitrajla bağlı müddəa varsa Ali Məhkəmənin mövqeyinə əsasən isin baxılması ücün başqa məhkmə və ya arbitraja verilməsini qəbul etmis və bununla bağlı islərə yerli məhkəmə tərəfindən baxılaması halını düzgün heab etməmiş, isə mahiyyəti üzrə baxmış müvafiq birinci instansiya və apellyasiya məhkəmələrinin qərarlarını ləğv edərək iş üzrə icraata xitam vermişdir. Bundan başqa Mutu və Pechstein v. İsveçrə işində tərəf CAS-ın işə baxılmasını mübahisələndirimişdir. X15 Hüquqları Məhkəməsi qərarında bildirmişdir ki, işə CAS tərəfindən baxıla bilər, hətta CAS nəinki arbitraj orqanı kimi, məhkəmə orqanı kimi də qubul oluna bilər və CAS-da bu cür işlərin baxılması daha səmərəli və uyğundur. Çünki bu spesifik bir sahədir və spesifik sahənin mütəxəssisləri tərəfindən qərar verilməsi daha düzgün hesab edilə bilər. Beləliklə bizim mövqeyimiz odur ki, bu işə ümumiyyətlə məhkəmədə baxılmalı deyil. Bununla bağlı bizim bir işimiz üzrə Apellyasiya Məhkəməsi öz qərarında qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsi işə xitam verilməsi əsasları məsələsinə baxmalı idi. Hesab edir ki, hazırki iş baxılmamış saxlanmalı deyil, iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənləri nəzərə alaraq vəsatətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduğu üçün iddia ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 31 iyul 2023-cü il tarixli, X4 10.1-ci maddəsinə əsasən bu müqavilədən irəli gələn mübahisələr FİFA və AFFA-nın Oyunçuların Statusu və X6 ilə tənzimlənir. Müqavilənin 10.2-ci maddəsinə əsasən, tərəflər meydana çıxan mübahisələri danışıqlar yolu ilə həll etməyə cəhd edirlər. Əgər mübahisə 30 təqvim günü ərzində danışıqlar yolu ilə həll edilməzsə, mübahisələrin həlli üçün AFFAnın Oyunçuların Statusu və Transferi Komitəsinə / FİFA-nın Futbol Tribunalına müraciət edilir. FİFA Futbol Tribunalı, FİFA-nın qərarlar qəbul edən və futbolla bağlı mübahisələri və tənzimləyici tətbiqləri həll edən bir orqanıdır. Məhkəmə araşdırılması zamanı və məhkəmənin tərəflərə verdiyi suallardan aydın oldu ki, cavabdehin ayağının zədələnməsi nəticəsində çəkdiyi xərclərin əvəzinin hazırkı iş üzrə iddiaçı-Futbol Klubundan tutulması ilə bağlı AFFA-nın Oyunçularının Statusu və Transfer Komitəsinə müraciəti nəticəsində qəbul edilmiş qərardan (xərclərin yarıba-yarı tərəflər arasında bölünməsi) həm iddiaçı, həm cavabdeh AFFA-nın X2 sədrinə apellyasiya şikayəti ilə müraciət ediblər. Və həmin X2 qərarına əsasən futbolçunun (hazırkı iş üzrə cavabdehin) aldığı zədəyə görə çəkdiyi xərclərin hamısının Futbol Klubundan tutularaq futbolçuya ödənilməsi qərara alınmış və Klub tərəfindən ödənilmişdir. Hazırda isə Futbol Klubu – hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək dəymiş zərərə görə 10.000 manatın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, tələb edilən 10.000 manat zərər məbləğindən 7256 manat futbolçuya səhətinə dəymiş zərərlə bağlı çəkilmiş xərcin Tribunalın qərarına əsasən ödənilən pulun “reqres qaydasında” futbolçunun özündən geri istəyirlər, yerdə qalan 2744 manat isə futbolçunun xidmət göstərmədiyi dörvdə ona ödənilən haqlardı, geri tələb edirlər. Məhkəməyə müraciət etməmişdən qabaq tərəflər arasında imzalanmış müqavilənin 10.2-ci maddəsinə əsasən iddiaçı olaraq özləri AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə / FİFA-nın Futbol Tribunalına müraciət etməyiblər, yalnız Cavabdeh AFFA-ya verdiyi iddiası üzrə qəbul edilmiş qərardadan apellyasiya şikayətini veriblər. Həmin qərardan isə narazı qalan tərəf İsveçrədə yerləşən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) müraciət etməli idi, lakin müracit etmək üçün yüksək rüsumlar ödənilməli idi deyə, müraciət etməyiblər, birbaşa yerli məhkəməyə iddia veriblər. Beləliklə, birincisi, qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət etməmişdən qabaq iddiaçı olaraq özü müqavilə şərtinə əsasən mübahisələndirdiyi məsələ ilə bağlı AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə / FİFA-nın Futbol Tribunalına müraciət etməmişdir (yalnız Cavabdeh, hazırkı iş üzrə cavabdehin AFFA-ya olan iddiası üzrə qəbul edilmiş qərardan Apellyasiya Tribunalına şikayət vermiş, onun qərarından narazı qalsa da İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) müraciət etməmişdir). İkincisi, əgər kimin iddiaçı qismində çıxış etməsindən asılı olmayaraq tərəflər arasında yaranan mübahisəyə FİFA-nın Futbol Tribunalında və Apellyasiya Tribunalında artıq baxıldığı kimi qəbul edildiyi təqdirdə belə, qeyd edilməlidir ki, bu proses başa çatdırılmamışdır, yəni hazırkı iş üzrə yerli məhkəməyə müraciət etməmişdən qabaq apellyasiya qərarından narazı qalan Klub İsveçrədə yerləşən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS)-a müraciət etməmişdir. Və o da qeyd edilməlidir ki, hazırki iş üzrə iddiaçı FİFA-nın Futbol Tribunalında və Apellyasiya Tribunalında baxıldığı (7256 manat) məsələdən əlavə olaraq da futbolçuya xidmət göstərmədiyi dövrdə ödənilən xidmət haqqının (2744 manat) geri ödənilməsi tələbini də irəli sürmüşdür, lakin, yenə də bu tələblə bağlı heç bir tərəf ümumiyyətlə AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinə / FİFA-nın Futbol Tribunalına müraciət edilməmiş və məsələyə həmin qurumda baxılmamışdır. Digər tərəfdən iş materiallarından görünür ki, Cavabdeh tərəfindən işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir, işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Məhkəmə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin təqdim etdiyi vəsatətə münasibətdə bildirir ki, hazırki iddia ərizənə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı üçün icraata xitam verilməsi, gələcəkdə tərəflərin mübahisənin arbitraj şərtinə uyğun olaraq həlli qaydasına nail olunmadığı halda, iddiaçının yerli məhkəməyə müraciət hüququndan məhrum edəcəkdir. Bu səbəbdən MPM-nin 261.0.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsi üzrə icraata xitam verilə bilməz. Azərbaycan Respublikası MPM-nin: - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində) “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi verilərkən ********* saylı xx.xx.2025-ci il tarixli qəbzə əsasən ödənilmiş 120 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3185/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3185/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver