Məhkəmə qərarları › İş №e-2-2(113)-3186/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3186/2021

16.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3186/2021 16.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 80.450,71 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumu olaraq 30 manatın, ümumilikdə 80.480,71 manat məbləğində vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 80.450,71 manat əsas borc məbləğinin və ödənilmiş dövlət rüsumu olaraq 30 manatın, ümumilikdə 80.480,71 manat məbləğində vəsaitin tutulub iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 05/2019-A 194 saylı 04 may 2019-ci il tarixli Alqı-Satqı Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçı bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq “Avtomobillər üçün şinlərin və akumlyatorların cavabdehə satılmasını və servisini həyata keçirməyi, cavabdeh isə öz növbəsində malları qəbul edib dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndində qeyd edilir ki, cavabdeh Elektron-Qaimədə göstərilən malları qəbul etdikdən sonra təqdim olunmuş hesabfakturaya əsasən, malların dəyərini 10 (on) iş günü müddətində iddiaçının hesabına ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.3-cü maddəsinə əsasən iddiaçının cavabdehdən təqdim olunmuş malların dəyərinin ödənilməsini tələb etmək hüququ vardır, o şərtlə ki, cavabdeh malları qəbul etmiş olsun. Müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən hələ də icra edilməmişdir. İddiaçı tərəfindən mallar cavabdehə Elektron-qaimə əsasında təhvil verilmiş, lakin müqavilə üzrə nəzərdə tutulan malların dəyəri hələ də ödənilməmişdir. İddiaçıya olan borcu 80.450,71 manat əsas borc məbləğindədir. Alqı-Satqı Müqaviləsinə uyğun olaraq öhdəlikləri pozan tərəfə cavabdehə 21 aprel 2021-ci il tarixli bildiriş göndərilmişdir, lakin heç bir irəliləyiş olmamışdır. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 05/2019-A 194 saylı 04 may 2019-ci il tarixli Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, iddiaçı bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq “Avtomobillər üçün şinlərin və akumlyatorların cavabdehə satılmasını və servisini həyata keçirməyi, cavabdeh isə öz növbəsində malları qəbul edib dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. 07 may 2020-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, cavabdehin 07.05.2020-ci il tatrixə iddiaçıya olan borc qalığı 80450,71 manat təşkil edir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 05/2019-A 194 saylı 04 may 2019-ci il tarixli Alqı-Satqı Müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı bu Müqavilənin 2.2-ci bəndinə uyğun olaraq “Avtomobillər üçün şinlərin və akumlyatorların cavabdehə satılmasını və servisini həyata keçirməyi, cavabdeh isə öz növbəsində malları qəbul edib dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə ödəməyi öhdələrinə götürmüşlər. Cavabdehin 07.05.2020-ci il tatrixə iddiaçıya olan borc qalığı 80450,71 manat təşkil edir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Eyni zamanda məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi konsensual, ikitərəfli və əvəzli müqavilədir. Alqı-satqı müqaviləsi konsensual müqavilədir, ona görə ki, bu müqavilə üzrə tərəflərin hüquq və vəzifələri onların müqavilədən irəli gələn hüquq və vəzifələr barədə razılaşmaları anından əmələ gəlir. Müqavilədə nəzərdə tutulmuş əşyanın verilməsi isə satıcının artıq mövcud müqavilə üzrə öz borcunu icra etməsidir. Belə müqavilə iki tərəfin alıcının və satıcının bir-birilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə varadır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 05/2019-A 194 saylı 04 may 2019-ci il tarixli Alqı-Satqı Müqaviləsinə və 07 may 2020-ci il tarixli Qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən yaranmış 80450,71 manat məbləğində borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 80.450,71 manat əsas borc məbləği və ödənilmiş dövlət rüsumu olaraq 30 manat, ümumilikdə 80.480,71 manat məbləğində pul məbləği tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar