Məhkəmə qərarları › İş №e-2-2(113)-3186/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3186/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3186/2025 01.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021 tarixində bağlanmış müqavilə üzrə 2707,94 (iki min yeddi yüz yeddi manat doxsan dörd qəpik) manat, 5808,53 (beş min səkkiz yüz səkkiz manat əlli üç qəpik) manat miqdarında dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014 tarixində rəsmi dövlət qeydiyyatına alınmış, həmin andan etibarən də hüquqi şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Bu günə kimi atılmış hər bir addımda qanunvericiliyin tələblərini izləmiş və onlara riayət etməyə çalışmışdır. İddiaçı MMC ilə ilə Cavabdeh MMC arasında 01 iyul 2021-ci il tarixində alqısatqı müqaviləsi (bundan sonra müqavilə) bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən alıcı Cavabdeh MMC satıcı İddiaçı MMC-dən aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı malların dəyərini (qiymət razılaşma protokolunda ayrı qayda nəzərdə tutulmayıbsa) təhvil-təslim olunduqdan 20 iş gün ərzində satıcıya köçürmə yolu ilə ödəməlidir. Həmin müqavilə üzrə sifariş olunan mallar alıcıya onun ünvanında təhvil verilmiş, lakin alıcı aldığı mallara dair ödənişi vaxtı-vaxtında etmədiyinə görə bu günə satıcıya ümumillikdə 2707,94 (iki min yeddi yüz yeddi manat doxsan dörd qəpik) manat əsas borc və bu günə kimi yığılan dəbbə pulu borcu yaranmışdır. İddiaçı tərəfindən hər bir sifariş üçün elektron-qaimə fakturalar göndərilsə də həmin ödənişlər icra olunmamışdır. Müqavilənin 4.1.2-ci bəndinə əsasən alıcı malların dəyərini vaxtında ödəmədikdə ödənişin hər gecikdirildiyi gün üçün gecikən məbləğin 0,5% məbləğində dəbbə pulu ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.Müslümzadə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, xx.xx.2023-cü il tarixli elektron qaimə üzrə cavabdeh 4751,96 manat vəsait ödəmiş, 3339,32 manat dəyərində malları geri qaytarmış, həmin qaimə üzrə qalıq 2707,94 manat vəsaiti ödəməmişdir. Dəfələrlə cavabdehlə əlaqə saxlanılsa da, borcun ödənilməsi təmin edilməmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S- 33/21 saylı alqı-satqı müqaviləsinə görə satıcı e-qaimələr və qiymət cədvəlləri ilə razılaşdırılmış malları alıcıya təslim etməyi, alıcı isə bu malları lazımı qaydada qəbul etməyi və malların haqqını ödəməyi öz öhdəsinə götürür.

8. Müqavilənin 2.3-cü bəndinə görə satılan mallar tərəflər arasında imzalanmış təhviltəslim aktı əsasında təhvil verilir.

9. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı malların haqqını təhvil-təslim aktı imzalandıqdan sonra 20 iş gün ərzində satıcıya köçürmə yolu ilə ödəməlidir.

10. Müqavilənin 4.1.2-ci bəndinə əsasən alıcı malların haqqını vaxtında ödəmədikdə ödənişin hər gecikdirildiyi gün üçün gecikən məbləğin 0,5 % məbləğində dəbbə pulu almaq satıcının hüququdur.

11. Müqavilənin 6.3-cü bəndinə görə alıcı malların qiymətini müqavilə ilə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə satıcı ödənişin gecikdirildiyi hər günə görə ödəniş məbləğinin 0,5% məbləğində dəbbə pulu tələb edə bilər.

12. İddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli EBDW 096960 nömrəli 10799,22 manat məbləğində elektron qaimə-faktura təqdim olunmuşdur.

13. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli MQ2410 10834528 nömrəli 923,1001 manat məbləğində, xx.xx.2024-cü il tarixli MQ2410 10696426 nömrəli 143,0001 manat məbləğində, xx.xx.2024-cü il tarixli MQ2407 11561407 nömrəli 2174,6993 manat məbləğində, xx.xx.2024-cü il tarixli MQ2407 11517154 nömrəli 1148,5996 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ 947523 nömrəli 80,60 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO 744012 nömrəli 37,20 manat məbləğində elektron qaiməfakturalar əsasında cəmi 3339,32 manat məbləğində mal geri qaytarılmışdır.

14. 27.05.2024-cü il tarixli köçürməyə görə cavabdeh tərəfindən iddiaçıya 2966,10 manat məbləğində ödəniş edilmişdir.

15. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus ədv sub-uçot hesabına 533,9 manat məbləğində ödəniş edilmişdir.

16. Məhkəmə nümayəndənin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır.

17. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, S-33/21 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.

21. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

25. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.

26. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

27. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

28. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, satılmış malların dəyəri cavabdeh tərəfindən iddiaçıya tam şəkildə ödənilməmiş, cavabdehin iddiaçıya 2707,94 manat qalıq borcu yaranmışdır.

29. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir.

30. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.3-cü bəndinə əsasən hesablanmış 5808,53 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

31. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

32. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

33. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 100 manat müəyyən edilməlidir.

34. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2707,94 manat əsas borc və 100 manat dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 48,08 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 57,92 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 2707,94 manat əsas borc, 100 manat dəbbə pulu, 48,08 manat dövlət rüsumu, ümumilkdə 2856,02 (iki min səkkiz yüz əlli altı manat iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 57,92 (əlli yeddi manat doxsan iki qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar