Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3187/2024 26.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: müqavilə üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2022-ci il tarixdə CSP 22-028 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən bu müqavilədə mallar (xidmətlər) dedikdə sifarişə əsasən «İcraçı» tərəfindən kompyuterlərin (notebook) və İT avadanlıqlarının satışı, kartriclərin satışı, dolumu, servisi və təmiri işləri, həmçinin printerlərin satışı və təmiri üzrə göstərilən xidmətlər nəzərdə tutulur. - 1.2-ci bəndinə əsasən «İcraçı» malları və xidmətləri təchiz edir, «Sifarişçi» isə həmin Malları xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malın və xidmətin miqdarı və qiyməti müqaviləyə «Əlavə» X1 göstəriləcəkdir. «Əlavə»lər vahid nömrəyə malik olmaqla bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edəcək. «Əlavə»lər «Tərəfilərin razılığına əsasən tərtib olunacaq. - 3.1-ci bəndinə əsasən «Sifarişçi» «İcraçı» tərəfindən təchiz edilmiş malların və xidmətlərin haqqını maddə 4-də nəzərdə tutulmuş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür. Malları və xidmətləri qəbul etdikdən sonra, ümumi qaydada aparılan yoxlama zamanı aşkar edilməyən qüsurlar istisna olmaqla, onların itirilməsi, oğurlanması, öz təqsirindən tam ya qismən zədələnməsi və itkisi ilə nəticələnə bilən riskləri daşıyır. - 4.1-ci bəndinə əsasən müqavilə məbləği ödəniş üçün təqdim edilmiş hesab və ya bu müqavilənin ayrılmaz tərkib hissəsi olan «Əlavənin ümumi məbləğini təşkil edir və ödəniş Azərbaycan manatı ilə həyata keçirilir. Əgər hesab və ya digər sənədlərdə qiymətlər xarici valyutada müəyyən edilərsə, onda ödəniş məbləği hesabda əks olunan xarici valyutanın ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun ödəniləcəkdir. - 4.2-ci bəndinə əsasən «Tərəfilər arasında başqa qayda razılaşdırılmayıbsa, «Sifarişçi» tərəfindən ödəniş «İcraçı» tərəfindən hesab faktura təqdim edildikdən sonra köçürmə yolu ilə «İcraçı»nın bank hesabına ödənilir. - 9.1-ci bəndinə əsasən hazırkı müqavilə imzalandığı tarixdən qüvvəyə minir və xx.xx.2023-ci il tarixinədək qüvvədə qalır. Müqavilə müddəti qurtardıqdan sonra «Tərəflər» arasında əlaqələr müqavilə bağlanılmadan davam edərsə müqavilə müddəti uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. İddiaçı MMC tərəfindən ümumilikdə ƏDV daxil 5.664,29 manat məbləğində malların göndərilməsinə dair, o cümlədən ƏDV daxil 1.203,60 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBS seriyalı 692623 nömrəli, ƏDV daxil 237,12 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBW seriyalı 554098 nömrəli, ƏDV daxil 522,50 manat dəyərində xx.xx.2022-ci il tarixli EBBY seriyalı 883802 nömrəli və ƏDV daxil 3.701,07 manat dəyərində xx.xx.2022-ci il tarixli EBCİ seriyalı 263931 nömrəli elektron qaimə-fakturalar tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.
3. 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 001 saylı əlavə olan xx.xx.2023-cü il tarixli razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın (Canon Printer MF 3010 (230V) miqdarı (40 ədəd) və qiyməti (1 ədəd 381,77 manat) (ümumilikdə 18.019,54 manat (15.270,80 manat + 2.748,74 manat ƏDV olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
4. 01421 nömrəli xx.xx.2023-cü il tarixli delivery notedan (təslim aktından) görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 40 ədəd Canon Printer MF 3010 (230V) ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh MMC adından Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
5. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə malın (40 ədəd Canon Printer MF 3010 (230V)) təqdim edilməsinə görə 18.019,54 manat (15.270,80 manat + 2.748,74 manat ƏDV) dəyərində xx.xx.2023-cü il tarixli, EBDC seriyalı 770603 nömrəli elektron qaimə-faktura tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir. Elektron qaimə-faktura (təhvil alan) Qanuni nümayəndə tərəfindən də imzalanmışdır.
6. 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 002 saylı əlavə olan xx.xx.2023-cü il tarixli razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın (Canon Printer MF 3010 (230V) miqdarı (25 ədəd) və qiyməti (1 ədəd 381,82 manat) (ümumilikdə 11.263,69 manat (9.545,50 manat + 1.718,19 manat ƏDV olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
7. 01486 nömrəli xx.xx.2023-cü il tarixli delivery note (təslim aktından) görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 25 ədəd Canon Printer MF 3010 (230V) ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh MMC adından Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
8. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə malın (25 ədəd Canon Printer MF 3010 (230V)) təqdim edilməsinə görə 11.263,69 manat (9.545,50 manat + 1.718,19 manat ƏDV) dəyərində xx.xx.2023-cü il tarixli, EBDD seriyalı 008263 nömrəli elektron qaimə-faktura tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir. Elektron qaimə-faktura (təhvil alan) Qanuni nümayəndə tərəfindən də imzalanmışdır.
9. 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 003 saylı əlavə olan xx.xx.2023-cü il tarixli razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malın (Canon Printer MF 3010 (230V) miqdarı (35 ədəd) və qiyməti (1 ədəd 381,82 manat) (ümumilikdə 15.769,17 manat (13.363,70 manat + 2.405,47 manat ƏDV olması) barədə razılaşmışlar.
10. 01785 nömrəli xx.xx.2023-cü il tarixli delivery note (təslim aktından) görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 35 ədəd Canon Printer MF 3010 (230V) ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh MMC adından Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
11. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə malın (35 ədəd Canon Printer MF 3010 (230V)) təqdim edilməsinə görə 15.769,17 manat (13.363,70 manat + 2.405,47 manat ƏDV) dəyərində xx.xx.2023-cü il tarixli, EBDE seriyalı 018498 nömrəli elektron qaimə-faktura tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir. Elektron qaimə-faktura (təhvil alan) Qanuni nümayəndə tərəfindən də imzalanmışdır.
12. 26 yanvar 2022-ci il tarixli alqı-satqı müqaviləsinə 004 saylı əlavə olan xx.xx.2023-cü il tarixli razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilədə nəzərdə tutulan malların miqdarı və qiyməti (Canon Printer MF 3010 (230V), 105 ədəd, qiyməti 341,70 manat; Canon Printer LBP 6030B, 15 ədəd, qiyməti 217,94 manat (3 illik zəmanətə görə 13260 manat daxil)) (ümumilikdə 61.840,97 manat (52.407,60 manat + 9.433,37 manat ƏDV olması) barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
13. 01810 nömrəli xx.xx.2023-cü il tarixli delivery note (təslim aktından) görünür ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 105 ədəd Canon Printer MF 3010 (230V) və 15 ədəd Canon Printer LBP 6030B ilə bağlı təhvil aktı imzalanmış, akt Cavabdeh MMC adından Qanuni nümayəndə tərəfindən imzalanmışdır.
14. İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixli müqavilə üzrə malların (105 ədəd Canon Printer MF 3010 (230V) və 15 ədəd Canon Printer LBP 6030B (3 illik zəmanətə görə 13260 manat daxil)) təqdim edilməsinə görə 61.840,97 manat (52.407,60 manat + 9.433,37 manat ƏDV) dəyərində xx.xx.2023-cü il tarixli, EBDF seriyalı 111574 nömrəli elektron qaimə-faktura tərtib edilərək Cavabdeh MMC-yə təqdim edilmişdir. Elektron qaimə-faktura (təhvil alan) Qanuni nümayəndə tərəfindən də imzalanmışdır.
15. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun 10 iş gün müddətində ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT a) İddia tələbi və iddia tələbinin dəlilləri
16. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən müqavilə üzrə yaranmış 87.347,87 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ilə İddiaçı MMC arasında 26 yanvar 2022-ci il tarixli CSP 22-028 saylı müqavilə bağlanmışdır. Müqavilənin 4-cü maddəsində ödəmə qaydası razılaşdırılmışdır. Müqavilənin 4.2. bəndinə əsasən Sifarişçi tərəfindən ödəniş, sənədlər (hesab faktura və ya elektron qaimə) təqdim edildikdən sonra köçürmə yolu ilə icraçının bank hesabına ödənilməlidir. Aralarında bağlanmış müqavilənin şərtlərinə tərəflərindən sifariş olunan mallar təqdim edilsə də, sifarişçi müqavilə şərtlərini pozaraq ödənişləri həyata keçirməmişdir. Cavabdeh MMC 26 yanvar 2022-ci il tarixli CSP 22-028 saylı müqavilə üzrə 112.557,66 manat (ƏDV 18% daxil olmaqla) dəyərində mal almış və bu dövr ərzində borcundan 24.345,75 manat əsas məbləğ, 864,04 manat isə ƏDV məbləği olmaqla cəmi 25.209,79 manat ödəniş etmişdir və hal-hazırda cəmi 87.347,87 manat olmaqla 71.042,10 manat əsas məbləğ üzrə və 16.305,77 manat ƏDV üzrə borcu vardır. Dəfələrlə borcun ödənilməsi ilə bağlı bu günə kimi etdikləri müraciətlər nəticəsiz qalmışdır. Bu günə kimi borc ödənilməmişdir və heç bir əsas gətirmədən borcun ödənilməsindən imtina edir. Buna görə də müəssisələrinə maddi ziyan dəymişdir. Belə ki, fəaliyyətləri əsasən xarici və qismən də yerli bazardan malları alıb satmaqdan ibarətdir. Xarici təchizatçılar əsasən malların ödənişini qabaqcadan tələb etdikləri üçün maliyyə problemi ilə üzləşirlər.
18. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26 və 60-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448 və 449-cu maddələrinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
19. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
22. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Qanuni nümayəndə izahatında iddiaçının əvvəlki tarixlərə aid onlara borcu olduğunu, iddiaçı tərəfindən borc ödənilmədiyinə görə onların iddiaçıya olan borcu ödəmədiklərini, iddiaçıya olan borclarının printerlərin alqı-satqısı iə bağlı yarandığını, katriclərinin alınması ilə bağlı tərtib edilmiş elektron qaimələr üzrə isə borclarının qalmadığını bildirmişdir. Qanuni nümayəndə məhkəmə iclasında ona verilən sualllara cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən tələb olunan borcun məbləği ilə bağlı mübahisələri yoxdur.
III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
25. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV. TƏTBİQ EDİLƏN HÜQUQ
26. AR Mülki Məcəlləsinin: - 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
27. AR MPM-in: - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
28. Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
29. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC (alıcı) arasında 26 yanvar 2022-ci il tarixli alq-satqı (xidmət) müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı sifariş edilmiş malları cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən təqdim edilmiş malların dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilə üzrə İddiaçı MMC-yə olan borcu 71.042,10 manat əsas borc, 16.305,77 manat ƏDV borcu, ümumilikdə 87.347,87 manat təşkil edir.
30. İddiaçı mübahisəli müqavilə üzrə malların təqdim etməsi və borcun olması faktını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş elektron qaimələri, təslim aktlarını (delivery note) məhkəməyə təqdim etmişdir. Bundan əlavə cavabdehin qanuni təmsilçisi (Qanuni nümayəndə) məhkəmə iclasında tələb olunan məbləğdə iddiaçıya borclarının olması faktını təsdiq etmişdir.
31. Belə olan halda məhkəmə mübahisəli alq-satqı (xidmət) müqaviləsinə əsaslanan öhdəlik münasibətində kreditor olan iddiaçının borclu olan cavabdehdən öhdəliyinin icra edilməsini tələb etmək hüququnun olmasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh MMC-dən 87.347,87 manat (71.042,10 manat əsas borc, 16.305,77 manat ƏDV) tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
32. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, 352,04 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
33. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 352,04 manat təşkil edir.
34. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 352,04 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 87.347,87 manat (71.042,10 manat əsas borc, 16.305,77 manat ƏDV) borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 352,04 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva