Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-319/2020 10.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası nə qarşı pul tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 600 manat məbləğində sığorta ödənişi, 30,40 manat məbləğində dövlət rüsumu və gecikdirilmiş günlər üçün sığorta ödənişinin həyata keçirildiyi günə kimi sığorta ödənişinin 0,1 faizi məbləğində dəbbə pulunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 600 manat məbləğində sığorta ödənişi, gecikdirilmiş günlər üçün ödənilməli sığorta ödənişinin 0,1 faizi məbləğində, yəni 1140,60 manat dəbbə pulu, 30,40 manat məbləğində dövlət rüsumu və bank xərcləri olmaqla, cəmi 1771 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində X5 “Mercedes Benz E 240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsini törətmiş və nəticədə “xxxx” ASC-də “avtokasko” qaydaları ilə sığortalanmış, ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Gəncə şəhəri, BPİ DYPŞ-nin xx.xx.2014-cü il tarixli, 11/3120 saylı arayışına və xx.xx.2014-cü il tarixli CYP 319076 seriya nömrəli inzibati xəta haqqında protokola və qərara əsasən X5 yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və AR İXM-nin 151.2-ci maddəsi ilə 60 (altmış) manat məbləğində cərimə edilmişdir. X5 hadisə zamanı idarə etdiyi, “Mercedes Benz E240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda “Azərsığorta” DSKŞ tərəfindən sığortalanmışdır. ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin MİB-2427/11 saylı sığorta şəhadətnaməsindən göründüyü kimi, ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi “xxxx” ASC tərəfindən xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək, xx.xx.2013-ci il tarixdən xx.xx.2014-cü il tarixədək 14714,00 manat (on dörd min yeddi yüz on dörd) sığorta məbləği olmaqla “avto kasko” qaydaları ilə sığortalanmışdır. Zərərvuran nəqliyyat vasitəsinin sürücüləri xx.xx.2014-cü il tarixdə “Azərsığorta” DSKŞ-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalı olduğundan, “xxxx” ASC tərəfindən “Azərsığorta” DSKŞ-ə xx.xx.2014-cü il tarixli elektron və xx.xx.2014-cü il tarixli, BS-C-14/0680 saylı məktublarla müraciət edilərək zərər məbləğinin razılaşdırılması prosesində nümayəndələrinin iştirakının təmin olunması xahiş edilmişdir. Lakin cavabdeh bütün müraciətlərimizi cavabsız buraxmışdır. xx.xx.2014-cü il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində ”Hyundai İX35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1100 (bir min yüz) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli, 631/14 saylı sığorta aktı və xx.xx.2014-cü il tarixli, 001122 saylı kassa məxaric orderinə əsasən 600,00 (altı yüz) manat məbləğində sığorta ödənişi (500 manat azadolma məbləği çıxılmaqla) sığorta şəhadətnaməsi üzrə sığortalı şəxs olan Həsənova Xəyalə Əlövsət qızına ödənilmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki: -Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta şəhadətnaməsinə əsasən Həsənova Xəyalə Əlövsət qızına məxsus “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək dövr üzrə sığortalanmışdır. - Azərbaycan Respublikası DİN Baş Dövlət X6 İnzibati xəta haqqında xx.xx.2014-cü il tarixli, CYP 319076 saylı protokolundan görünür ki, X5 tərəfindən idarə edilən “Mercedes Benz E 240” dövlət qeydiyyat nişanlı avtomobil Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində avtomobili svetaforun qadağanedici işığında idarə etməsi nəticəsində “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinə əsasən təqsirli bilinərək 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışa əsasən Gəncə BPİ-nin DYPŞ bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə saat 10:35-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsində X5 tərəfindən idarə edilən “Mercedes Benz E 240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - “xxxx” ASC tərəfindən xx.xx.2014-cü il tarixdə Həsənova Xəyalə Əlövsət qızına məxsus “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixdə həyata keçirilmiş zərərinin hesablanması aktından görünür ki, ehtiyyat hissələrinin ümumi məbləği və həmin hissələrin bərpası üçün lazım olan əmək haqqı hesablanmaqla, cəmi 1100 manat zərər hesablanmışdır. - xx.xx.2014-cü il tarixli, 631/14-CM 604-14 nömrəli sığorta aktından görünür ki, Həsənova Xəyalə Əlövsət qızına məxsus “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş və razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 600 manat sığorta ödənişinin sığortalıya ödənilməsi qərara alınmışdır. - xx.xx.2014-cü il tarixli, 001122 nömrəli kassa məxaric orderindən görünür ki, 631/14-CM 604-14 nömrəli sığorta aktına əsasən Həsənova Xəyalə Əlövsət qızına 600 manat sığorta ödənişi ödənilmişdir. - “xxxx” ASC tərəfindən X1 Palatasına xx.xx.2019-cu il tarixdə şikayət məktubu ünvanlanaraq cavabdeh tərəfindən 600 manat sığorta ödənişinin ödənilməsi üçün zəruri tədbirlərin görülməsi xahiş edilmiş, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası tərəfindən X1 Palatasına məktub ünvanlanaraq 600 (altı yüz) manat sığorta ödənişinin “xxxx” ASC-nin hesabına köçürüldüyü bildirilmişdir. - Azərbaycan Respublikası nin xx.xx.2020-ci il tarixli, 05/12-56 nömrəli məlumatına əsasən ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə xx.xx.2015-ci il tarixdə “xxxx” ASC-nin hesabına 600 manat məbləğində vəsait köçürülmüşdür. - xx.xx.2015-ci il tarixli, 213XONK150880006 nömrəli ödəniş qəbzi ilə təsdiq edilir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası tərəfindən “xxxx” ASC-nin hesabına 3942 manat məbləğində vəsait köçürülmüşdür. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə M.Xələfov küçəsinin kəsişməsindəX5 “Mercedes Benz E 240” markalı, ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində zərər dəymişdir. “xxxx” ASC tərəfindən razılaşdırılmış 500 manat azadolma məbləği çıxılmaqla 600 manat sığorta ödənişi “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 934.1-ci maddəsinə əsasən bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. 934.2-ci maddəsinə əsasən sığortaçi sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İddiaçı “xxxx” ASC “Hyundai İX-35” markalı, ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə cavabdeh Azərbaycan Respublikası tərəfindən hər hansı bir ödənişin edilmədiyini bildirsə də, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 ** DA *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 600 manat olmaqla, ümumilikdə 3942 manat məbləğində vəsaitin xxxx” ASC-nin hesabına köçürülməsini təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etmişdir. İddiaçı tərəf həmin ödənişin ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı deyil, digər avtomobillər üzrə edildiyini bildirmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə bununla bağlı sübutlarını məhkəməyə təqdim etmək üçün vaxt verilmiş, lakin sözügedən ödənişin ** DA *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olmamasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. İddia verilərkən ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-319/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-319/2020
10.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver