Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-319/2021 25.01.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 11.766,71 manat məbləğində əsas borcun və 100.000 manat məbləğində cərimənin, 4.400 manat məbləğində ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 116.196,71 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixdə GVE/xx/xx/2019 saylı tədarük müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı icarəyə verən və Cavabdeh MMC icarəçi qismində çıxış etmişdir. Müqaviləyə əsasən icarə verən icarəçiyə avtoyükləyici FD-35T 2014-cü il buraxılışlı 10-Z-108 qeydiyyat nömrəli nəqliyyat vasitəsini aylıq 2500 manata icarəyə verir. İcarəçi isə öz növbəsində icarə verənə ay ərzində icarə haqqını ödəyir. Müqaviləyə əsasən sifarişçi tərəfindən verilmiş sifariş tam yerinə yetirilməsinə baxmayaraq Cavabdeh MMCnin 11.766,71 manat məbləğində borc öhdəliyi ödənilməmiş qalmışdır. Həmçinin müqavilə şərtlərinə əsasən icarəçi müqavilənin 4-cü bəndinə əsasən icarə haqqının dəyərini vaxtında ödəməsə gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 1% miqdarında icarəyə vеrənə cərimə ödəməlidir. Hazırda həmin ödənişlər vaxtında ödənilmədiyindən sahibkarlıq fəaliyyətinə ciddi ziyan dəymiş, fəaliyyətini davam etdirmək üçün bank qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən 11.766,71 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə məktub göndərilmişdir. Lakin hal-hazıradək borc məbləği ödənilməmişdir. Hal-hazırda cavabdeh tərəfindən ona ödənişlər vaxtında ödənilmədiyinə görə sahibkarlıq fəaliyyətində ciddi maddi sıxıntılar yaranmışdır. Bu səbəbdən də iddiaçı bankdan həmin dövrdə kredit götürmüşdür. Bankdan aldığı kreditin faizi illik 22%-dir. Bu səbəbdən də cavabdeh tərəfindən ona illik 22% olmaqla dəymiş ziyan ödənilməlidir. Bu da hesablamalara görə 4400 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən öhdəliklər vaxtında yerinə yetirilmədiyinə görə müqavilə üzrə borc məbləğinə cərimə hesablanmışdır. Müqaviləyə əsasən borc vaxtında ödənilmədiyindən 100.000 manat məbləğində cərimə ödənilməsi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Cavabdeh MMC-dən İddiaçı xeyrinə 11.766,71 manat məbləğində əsas borcun, 500 manat məbləğində cərimənin və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçıdan razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icarəyə verən) ilə Cavabdeh MMC (icarəçi) arasında xx.xx.2019-cu il tarixdə nəqliyyat vasitələrinin icarəsi barədə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən ona məxsus olan Avtoyükləyici FD-35T nəqliyyat vasitəsini icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsindən istifadə edir və müqavilədə nəzərdə tutulmuş ödənişi həyata keçirir. Həmin müqavilənin: 4-cü bəndinə əsasən icarəyə verilən nəqliyyat vasitəsi üçün aylıq ödəniş 2.500 manat müəyyən edilir. İcarə haqqının ödənişi ayda bir dəfə icarəyə verənin bank hesabına köçürülür. 7.1-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə sifarişin dəyərini vaxtında ödəməsə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 1% miqdarında icraçıya cərimə ödəyir. Müqavilə icarəyə verənin imzası, icarəçinin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2018-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında 05/GDF/XİD/2018 saylı xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə uyğun olaraq göstərilən ünvanda və sifarişçinin layihəsinə əsasən evakuator xidmətlərini həyata keçirir. Sifarişçi isə xidmətləri qəbul edib müqavilədə göstərilən məbləği ödəyir. Həmin müqavilənin: 7.1-ci bəndinə əsasən sifarişçi müqavilə üzrə sifarişin dəyərini vaxtında ödəməsə, gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün ümumi məbləğin 1% miqdarında icraçıya cərimə ödəyir. Müqavilə icraçının imzası, sifarişçinin imzası və möhürü ilə təsdiq edilmişdir. Uçotda olan qarşılıqlı hesablaşmalara dair akta əsasən tərəflər arasında bağlanmış müqavilələrə üzrə xx xxx 2020-ci il tarixinə borc məbləği 11.766,11 manat təşkil edir. Akt hər iki tərəfin imzası və Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edilərək 11.766,11 manat borc məbləğinin ödənilməsi tələb edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2018-ci il tarixdə xidmətlərin göstərilməsi haqqında və xx.xx.2019-cu il tarixdə Nnəqliyyat vasitələrinin icarəsi barədə müqavilələr bağlanmışdır. İddiaçı müqavilələrdə göstərilmiş öhdəliklərini lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərinin dəyərini, həmçinin icarə haqqını ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı qeyd olunan müqavilələr üzrə borcu 11.766,11 manat təşkil edir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələri). İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (Mülki Məcəllənin 700.1-ci maddəsi). Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia mübahisəli müqavilələr üzrə göstərilmiş xidmətlərə və icarə haqqına görə yaranmış 11.766,11 manat məbləğində əsas borcun cavabdehdən tutulması tələbinə dair hissədə əsaslı olduğundan təmin edilməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, İddiaçı iddia ərizəsində əsas borcla yanaşı həmin borcun gecikdirilməsinə görə hesablanmış 500 manat məbləğində cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır (462.1-ci və 467-ci maddələri). Məhkəmə hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin mübahisəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi təsdiq edildiyindən, eyni zamanda həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Dəbbə pulunun məbləğinə münasibətdə məhkəmə əsas borcun məbləğini, eləcə də kreditorun mənafeyini nəzərə alaraq hesab edir ki, iddiaçının ödənilməsini tələb etdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək deyil və cərimə məbləğinin məhkəmə tərəfindən azaldılması üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 11.766,71 manat (on bir min yeddi yüz altmış altı manat yetmiş bir qəpik) məbləğində əsas borc, 500 (beş yüz) manat məbləğində cərimə, cəmi 12.266,71 manat (on iki min iki yüz altmış altı manat yetmiş bir qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-319/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-319/2021
25.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver