Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3192/2021 30.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Holcim (Azərbaycan)” ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Holcim (Azərbaycan)” ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 22.10.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsi üzrə 30225.02 manat məbləğində əsas borcun, 2500 manat cərimə borcunun, cəmi 29497,1 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 22.10.2020-ci il tarixində bağlanmış ********** saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə müqavilədə qeyd edilmiş məhsulları satmağı, cavabdeh isə satılan malı təhvil almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd edilmiş məhsulları cavabdehə göndərmişlər. Lakin cavabdeh göndərilmiş məhsulların dəyərini tam olaraq ödəməmişdir. 27081.5 manat indiyədək ödənilməmiş qalmışdır. 19.05.2021-ci il tarixdə cavabdehə pretenziya məktubu ünvanlayaraq, borc məbləğinin 25.05.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Cavabdeh hüquqi ünvanında yerləşmədiyi üçün pretenziya məktubu cavabdehə çatdırıla bilməmişdir. Bu barədə akt tərtib edilmişdir. Cavabdehlə 22.10.2020-ci il tarixində bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci maddəsinə əsasən, Satıcı həmin müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı hallarda hər bir gecikdirilmiş günə 0.1% cərimə və bundan yarana biləcək administrativ xərclər tətbiq və tələb etmək hüququna malikdir. Cavabdehin həmin alqısatqı müqaviləsi üzrə ödənişi gecikdirməsinə görə indiki tarixədək yaranmış cərimə məbləği 2415.6 AZN təşkil edir. Cavabehə göndərilmiş elektron qaimə-faktura təsdiq edilmişdir. Cavabdeh həmçinin malların qəbul edilməsi barədə yük-nəqliyyat qaimələrini imzalamışdır. İş materiallarında olan alqı-satqı müqaviləsi, elektron qaimə-faktura, yüknəqliyyat qaimələri və digər sənədlər iddianın əsaslılığını təsdiq edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilədə mallarının dəyərinin əvvəlcədən ödənilməsi razılaşdırılsa da, lakin tərəflər arasında razılığa əsasən ödəniş mal təhvil verildikdən sonra həyata keçirilməli idi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli ********** saylı alqı-satqı müqaviləsinə əsasən satıcı 3-cü maddədə göstərilən və gələcəkdə mal adlandırılacaq sement novünü alıcıya satır, alıcı isə malı alır və dəyərini ödəyir. Ödəniş alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaql əvvəlcədən satıcının bank hesabına ödəmə yolu ilə həyata keçirilir. Satıcı müqavilə dövrü ərzində tətbiq etdiyi kredit siyasətinə əsaslanaraq alıcıya sonradan ödəmə şərti ilə mal buraxılışı həyata keçirə bilər Bu halda alıcı qəbul etdiyi malın dəyərini qaimə-fakturanı və ya elektron qaimə-fakturanı qəbul etdiyi tarixdən 30 gün ərzində ödəməlidir. Müqavilənin 4-cü bəndinə əsasən bütün daşımalar üzrə yük maşınları alıcıya aid ərazidə 4 saatdan artıq müddətə qalmamalıdır. Yük maşınlarının ərazidə keçirdiyi hər əlavə 2 saata görə 100 manat (ƏDV xarix) həcminə cərimə tətbiq olunur. Müqavilənin 7.2-ci maddəsinə əsasən bu müqavilədə göstərilmiş ödəniş şərtlərinə əməl olunmadığı halda hər bir gecikdirilmiş günə 0,1 % qədər cərimə və bundan yarana biləcək adminstrativ xərcləri tətbiq və tələb etmək satıcının hüququdur. Müqavilənin 8-ci bəndinə əsasən mal taxta altlıqlarla təchiz edilərsə, aldığı hər bir taxta altlığı geri qaytarmaq, əkd halda geri qaytarılmayan hər bir taxta altlığa görə “Qiymət” əlavəsində qeyd olunan məbləğdə pul vəsaitini satıcı tərəfindən təqdim edilmiş qaimə əsasında 5 gün ərzində satıcıya ödəməyi alıcı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin tərkib hissəsi olan 1 saylı əlavədə 22 oktyabr 2020-ci il tarixindən 31 dekabr 2020-ci il tarixinə kimi göstərilən məhsullara qiymətlər həmin əlavədə göstərilmiş cədvəldə əks olunmuşdur. Həm müqavilə, həm də əlavə tərəflərin səlahiyyətli nümayəndələrinin imza və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı tərəfindən cavabdehə EBAS 036523 saylı 02.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 11663,30 manat, EBAS 341757 saylı 09.11.2020-ci il tarixli tarixli elektron qaiməyə əsasən ümumilikdə 7056,43 manat, EBAS 341824 saylı 09.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 3430,21 manat, EBAT 194110 saylı 28.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 4320,05 manat, EBAT 194094 saylı 28.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 3887,77 manat, EBAT 194162 saylı 28.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 4320,05 manat, EBAT 193996 28.11.2020-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 3887,77 manat, EBBE 157609 saylı 30.06.2021-ci il tarixli elektron qaiməyə əsasən ümumilikdə 3143,52 manat dəyərində mallar təhvil verilmişdir. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş sub-uçot hesabından çıxarışa əsasən cavabdeh tərəfindən hazırkı müqavilə üzrə ümumilikdə 3210 manat məbləğində ƏDV ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya hazırkı müqavilə üzrə ümumilikdə 8274,15 manat pul ödənilmişdir. 30.10.2020-ci il tarixli A********** saylı yük-nəqliyyat qaiməsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ədəd altlıqlar təhvil verilmişdir. Altlıqların təhvil təslimindən də görünür ki, tərəflərin səlahiyyətli nümayəndələri 18 ədəd altlıqların təhvil verildiyini imza və möhürləri ilə təsdiq etmişlər. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə cavabdehdən 27081.5 manat məbləğində pulun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən tərtib olunmuş 13.08.2021-ci i tarixli maliyyə arayışına əsasən cavabdehə təhvil verilmiş sement məhsulları və altlıqları üzrə cavabdehin hal-hazırki tarixə borcu 30225,02 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ödənişin gecikdirildiyi hər bir günə görə 0,1 %-lə iddia ərizəsinin verildiyi tarixədək hesablanan cərimənin məbləği 2500 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 22 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 30225.02 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30225.02 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış 2500 manat məbləğində cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 30.225,02 manat (otuz min iki yüz iyirmi beş manat iki qəpik) məbləğində əsas borc, borcun gecikdirilməsinə görə 500 (beş yüz) manat, ümumilikdə 30.725,02 manat (otuz min yeddi yüz iyirmi beş manat iki qəpik) və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı “Holcim (Azərbaycan)” ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3192/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3192/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver