Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3197/2024 30.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İlqar qızına qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı Cavabdeh İlqar qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6531 (altı min beş yüz otuz bir) manat borc və iş üzrə ödənilmiş 86 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh İlqar qızı arasında xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli malların alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “satıcı” “alıcı”ya “alparof milano” nişanlı saç üçün məhsulları satır, “alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini “satıcı”ya ödəyir. Müqavilənin 2.1-ci bəndinə görə malın qiyməti və miqdarı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir. Həmçinin müqavilənin 5.1-ci bəndinə əsasən “alıcı” sifariş olunan malların ona təqdim edildikdən sonra sərəncamında olan malların satılmış və ya istifadə olunmuş malların məbləğinin növbəti ayın ilk 5 günü ərzində tam ödənilməsini həyata keçirməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən “satıcı” malın təhvil verilməsi ilə birlikdə hesab-fakturanı və digər zəruri sənədləri “alıcı”ya təqdim etməlidir. Hazırki iş üzrə iddiaçı tərəfindən bütün qaimə-hesabfakturalar cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh malların dəyərinin böyük bir qismini ödəməmişdir. xx.xx.2023-cü il tarixli üzləşmə aktına görə cavabdeh özü də 6830 manat dəyərində malı istifadə etdiyini (satdığını), lakin dəyərini iddiaçıya ödəmədiyini etiraf etmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, həmçinin xx.xx.2024-cü il tarixində borcun qalan hissəsinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu cavabsız qoymuş, borcun qalan 6531 manat hissəsini ödəməmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324.1-ci, 425.1-ci, 442-ci, 445.1-ci, 448.2-ci, 1096.1-ci və 1096.2-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək bildirmişdir ki, iddia tələbinin artırılmasına zərurət yaranmışdır. Belə ki, xx.xx.2024cü il tarixli, 253 saylı hüquqi xidmət müqaviləsinə əsasən Bakı Kommersiya Məhkəməsində hüquqi xidmət göstərilməsi üçün İddiaçı MMC tərəfindən 320 manat ödənilmişdir. İddia tələbinin aşağıdakı şəkildə dəyişdirilməsini, xx.xx.2021-ci il tarixli müqavilə üzrə qalıq 6531 (altı min beş yüz otuz bir) manat pul, iş üzrə ödənilmiş 86 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.
6. Cavabdeh İlqar qızına məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
7. İddiaçının nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində Cavabdeh İlqar qızı arasında xx.xx.2021-ci il tarixli, 01/21 nömrəli malların alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən "Satıcı" "Alıcı”ya “alfaparf milano” nişanlı saç üçün məhsulları (bundan sonra “Mal") satır, “Alıcı" isə həmin Malı qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada Malın dəyərini "Satıcıya ödəyir. Malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri Əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti və miqdarı Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə Razılaşma ilə müəyyənləşdirilir, 2.2-ci maddəsinə əsasən isə malın "Alıcı’nın ünvanına çatdırılması ilə əlaqədar xərclər Malın qiymətinə daxildir. Müqavilənin 2.3-cü maddəsinə əsasən malın qiyməti sabitdir və xarici valyuta məzənnəsinin manata nisbətdə dəyişməsinə əsasən malın qiymət dəyişikliyi ola bilər. Sözügedən halda Əlavə Razılaşmaya müvafiq dəyişiklik edilməlidir.
9. xx.xx.2023-cü il tarixli üzləşmə aktından məlum olur ki, Cavabdeh İlqar qızı bu aktda qeyd edilən satış menecerindən məhsulun pulunu ödəmək şərtilə 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində malı qəbul etmiş, dəyərini İddiaçı MMC-yə ödəməmişdir. Akt Cavabdeh İlqar qızının imzası ilə təsdiq olunmuşdur.
10. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
Məhkəmənin mövqeyi
13. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı həmin müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və hal-hazırda iddiaçıya borcu yaranmışdır. Belə ki, cavabdehə 6531 manat məbləğində verilən malların dəyəri ödənilməmiş qalmışdır.
14. İddia tələbi xx.xx.2021-ci il tarixli müqavilə üzrə 6531 manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsindən ibarətdir.
15. Məhkəmə qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli və Cavabdeh İlqar qızından 6531 (altı min beş yüz otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş üzləşmə aktı və digər sübutlarla öz təsdiqini tapır.
16. Eləcə də, iddiaçı iş üzrə ödənilmiş 86 manat dövlət rüsumu və hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 320 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
17. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,31 manat (ödənilməli olan dövlət rüsumu olmuşdur), eləcə də hüquqi yardım xərci olan 320 manat (sübut təqdim olunmuşdur) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 6531 (altı min beş yüz otuz bir) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,31 manat (səksən beş manat otuz bir qəpik) və 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci olmaqla, cəmi 6936,31 manat (altı min doqquz yüz otuz altı manat otuz bir qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova