Məhkəmə qərarları › İş №e-2-2(113)-3198/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3198/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3198/2025 21.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə» üzrə Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə ƏDV daxil olmaqla 14.162,36 manat pulun və nəğd şəkildə ödənilməli olan 28.075 manat ödənişin, ümumilikdə 42.237,36 manat ödənişin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə» imzalamışdır. Nəzərinizə çatdırırıq ki, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, Bu Müqaviləyə əsasən Satıcı müqavilənin tərkib hissəsi olan Əlavələrdə və qiymət razılaşma protokollarında göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını (sonradan “Mallar” adlanacaq) sifariş vərəqəsi əsasında Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Müqavilə əsasında Malların dəyərini ödəyərək onları qəbul etməyi öz öhdəsinə götürür. Həmçinin «Müqavilə»-nin 5.2-ci bəndinə əsasən, Hazırkı Müqavilənin mövcudluğu və ya izahı ilə bağlı və ya onunla əlaqədar bütün mübahisə, anlaşılmazlıq və/ və ya fikir ayrılıqları (bundan sonra “Mübahisə” adlanacaq) əvvəlcə Tərəflər öz aralarında dinc danışıqlar vasitəsilə həll etməyə çalışırlar. Tərəflər Mübahisə ilə bağlı razılıq əldə etmədikdə, məsələ Azərbaycan Respublikasının müvafiq məhkəmələri tərəfindən həll edilir və məhkəmənin qərarı Tərəflər üçün qəti və məcburidir. Bildiririk ki, xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə»-nin 1.1-ci bəndinə əsasən, İddiaçı QSC “satıcı” tərəf olaraq öz üzərinə düşən öhdəliyini tam şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC “alıcı” tərəf olaraq üzərinə düşən öhdəliyini yerinə yetirməmiş və müqavilə üzrə ƏDV daxil olmaqla 14162 (on dörd min yüz altmış iki) manat, 36 (otuz altı) qəpik qalıq ödənişini bugünədək icra etməmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralıqlarında İddiaçı QSC tərəfindən "xxxx" MMC-yə nağd ödənişlərin edilməsi şərti ilə müvafiq xidmətlər göstərilmiş, göstərilmiş xidmətlər ürə "xxxx" MMC-nin əlavə olaraq 28075 AZN borcu yaranmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Qanuni nümayəndə iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

7. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

8. İş materiallarından görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (satıcı) Cavabdeh (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli müqavilə bağlanmışdır.

9. Müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə və (və ya) qiymət razılaşma protokollarında göstərilən qiymət və göstəricilərə müvafiq beton qarışığını alıcının mülkiyyətinə verir, alıcı isə həmin malları qəbul edir və dəyərini ödəyir.

10. Müqavilənin 3.1-ci bəndinə əsasən malların qiyməti və digər göstəriciləri bu müqavilənin tərkib hissəsi olan X2 və E-qaimədə qeyd edilir.

11. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcı təhvil-təslim sənədlərini və ya elektron qaiməni ona təqdim edildiyi tarixdən etibarən 15 bank günü müddətində satıcıya ödəyir.

12. xx.xx.2023-cü il tarixli, 05/2023 saylı saylı alqı-satqı müqaviləsinə 1 saylı və 2 saylı Əlavə ilə təsdiq edilmiş X1 ilə tərəflər materialların adı, ölçü vahidi, miqdarı, qiyməti barədə razılığa gəlmişlər.

13. Müqavilə və Əlavələr hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

14. Məhkəmə ilk növbədə iddianın “xx.xx.2023-cü il tarixli, 05/2023 nömrəli «Müqavilə» üzrə Cavabdeh MMC-dən İddiaçı QSC-nin xeyrinə ƏDV daxil olmaqla 14.162 (on dörd min yüzaltmış iki) manat, 36 (otuzaltı) qəpik qalıq ödənişin ödənilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

15. Belə ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.

16. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin üzərinə düşür.

17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDO seriyalı, 889598 nömrəli xx.xx.2023-cü il tarixli dəyəri 10.738 manat, EBDP seriyalı, 117130 nömrəli, xx.xx.2023-cü il tarixli dəyəri 3.424,36 manat məbləğində olan elektron qaimə göndərilmişdir.

18. Sadə riyazi hesablama ilə görünür ki, elektron qaimələrdə qeyd edilmiş məbləğlərin cəmi 14.162,36 manat təşkil edir.

19. Hazırda iddiaçı cavabdehin 14.162,36 manat məbləğində borcunun qaldığını bildirərək, cavabdehdən tutulmasını xahiş edir.

20. Məhkəmə hesab edir ki, qeyd olunan elektron qaimələrlə bağlı hər hansı bir etiraz verilmədiyi və tərəflərin özlərinin mal mübadiləsinin elektron qaimələr üzərindən həyata keçirilməsi də, nəzərə alındığında elektron qaimələrdə qeyd edilmiş dəyərdə olan mallar iddiaçı tərəfindən cavabdehə verilmişdir.

21. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.

22. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında iştirak edən cavabdeh tərəf qeyd edilmiş dəyərdə malların verilməsini qəbul etmiş, ancaq qarşı tərəfin də, ona yükdaşıma müqaviləsindən irəli gələn borcunun olduğunu bildirmiş və borcların əvəzləşdirilməli olduğunu bildirmişdir.

23. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh məhkəməyə izahatında malların ona verildiyini qəbul etmiş, lakin verilmiş mallara görə borcun ödənilməsi ilə bağlı dəlilləri məhkəməyə təqdim edə bilməmişdir.

24. Ona görə də, Məhkəmə hesab edir ki, 14.162,36 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

25. Həmçinin cavabdehə izah edilməlidir ki, qarşı tərəfin ona borclu olmasını qeyd edirsə, bu barədə Məhkəmə müraciət etmək hüququ vardır.

26. Məhkəmə iddia tələbinin “nəğd şəkildə ödənilməli olan 28075 (iyirmi səkkiz min yetmiş beş) manat ödənişin ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddiaçı qeyd edilən məbləği cavabdehə müvafiq xidmətlərin göstərilməsi müqabilində tələb etsə də, xidmətlərin göstərilməsi halını sübut edə bilməmiş, sadəcə birtərəfli qaydada tərtib olunmuş borcun yaranma cədvəlini təqdim etməklə kifayətlənmişdir.

27. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia “nəğd şəkildə ödənilməli olan 28075 (iyirmi səkkiz min yetmiş beş) manat ödənişin ödənilməsi” hissəsində təmin edilə bilməz.

28. Yekun olaraq məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli 05/2023 saylı müqaviləyə əsasən 14.162 (on dörd min yüz altmış iki) manat 36 (otuz altı) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar