Məhkəmə qərarları › İş №e-2-2(113)-3199/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3199/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3199/2024 14.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi (qanuni təmsilçisi) X2 iştirakı ilə, cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin iddiaçı şirkətə olan 1391 (bir min üç yüz doxsan bir) manat borcunu məhkəmə qaydasında ödənilməsinin təmin edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçıMMC (VÖEN **********) ilə Cavabdeh MMC 26 aprel 2022 tarixində 12-2022 saylı Malların X3 imzalamışlar. Müqaviləyə əsasən 2022-2024 -cü illərdə UPC Universal MMC qarşı tərəfə cəmi 2455.96 manat məbləğində Serbiya istehsalı olan müxtəlif içkilər vermiş və bunun müqabilində yalnız bir dəfə,xx.xx.2022 tarixdə 240 manat vəsait almışdır. Dəfələrlə edilən xəbərdarlıq və telefon əlaqələrinə rəğmən iddiaçıya olan debitor borcu ödənilməmişdir. Müqavilənin müvafiq şərtlərinin kobud pozulduğunu nəzərə alaraq, xx.xx.2024 tarixdə 12 ədəd, yəni 826 (səkkiz yüz iyirmi altı) manat məbləğində mallarımızı geri götürdük. Nəticədə, "xxxx" MMC-nin (**********) İddiaçı MMC-nə 1391 (bir min üç yüz doxsan bir) manat borcu qalmışdır.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə yaranmış borcun tutulması tələbini irəli sürdüyündən hazırkı iş üzrə sübutetmə predmetinə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanıb-bağlanmaması, müqavilə predmetini təşkil edən malların satıcı tərəfindən kontragentə təhvil verilib-verilməməsi, alıcının malların dəyərini ödəmək öhdəliyini pozub-pozmamasının müəyyən edilməsi daxildir.

9. İddia ərizəsinə əlavə olunmuş Satıcı - İddiaçı MMC ilə Alıcı - "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-cü il tarixli, 12-2022 saylı mal alqı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı Alıcıya təhvil verməyi, Alıcı isə razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə malı qəbul edib, bu müqavilənin şərtlərinə uyğun dəyərini vaxtında ödəməyi öz öhdəsinə götürür.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti, qiymətlərin qüvvədə olma müddəti və onların son tövsiyyə olunan pərakəndə qiymətini tərəflər qiymətlər cədvəli ilə razılaşdırır.

12. Müqavilənin 3.2-ci bəndinə əsasən Alıcı satışları, dövriyyəni və digər faktları nəzərə alaraq, ödəmələri qeyd edildiyi kimi həyata keçirir: Alıcı təhvil alınmış malların ay ərzində satdığı dəyərini hər ayın sonuncu iş günü ödəməlidir.

13. Müqavilənin 3.3-cü bəndinə əsasən Satıcının Alıcıya satdığı malların miqdarını və dəyərini qarşılıqlı olaraq dəqiqləşdirmək üçün Alıcı ilə ayda bir dəfə üzləşmə keçiriləcəkdir.

14. Müqavilənin 3.4-cü maddəsinə əsasən Sifarişin göndərilməyən hissəsi üçün ödəniş aparılmır.

15. Müqavilənin 3.5-ci maddəsinə əsasən Alıcının malı təslim aldığı tarix təhvil verilmə tarixi hesab edilir.

16. 09.09.2022-ci il tarixli EBCD540186 saylı e-qaiməyə və eyni tarixli üç təhvil-təslim aktına əsasən İddiaçı MMC tərəfindən Alıcı - "xxxx" MMC-yə 999 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBV256994 saylı e-qaiməyə və eyni tarixli təhvil-təslim aktına əsasən 540 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBBX712469 saylı e-qaiməyə və eyni tarixli təhvil-təslim aktına əsasən 120 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBCP0036708 saylı və eyni tarixli təhvil-təslim aktına əsasən 146 manat dəyərində, xx.xx.2023-cü il tarixli EBCP0040436 saylı e-qaiməyə və eyni tarixli təhvil-təslim aktına əsasən 146 manat dəyərindən, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına və xx.xx.2024cü il tarixli EBDX811894 saylı e-qaiməyə əsasən 180 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına və EBDV771533 saylı e-qaiməyə əsasən – 180 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına və xx.xx.2023-cü il tarixli EBDB898570 saylı e-qaiməyə əsasən 146 manat dəyərində, xx.xx.2023-cü il tarixli təhviltəslim aktına və eyni tarixli EBCO963605 saylı e-qaiməyə əsasən 146 manat dəyərində mallar satılmışdır.

17. ƏDV sub-uçot hesabından çıxarışa əsasən cavabdeh şirkət tərəfindən EBBV256994 saylı e-qaimə üzrə 36,61 manat ədv ödənişi həyata keçirilmişdir.

18. Məhkəmə qeyd edir ki, sübutetmə predmetinə daxil olan iş üçün əhəmiyyətli olan halların müəyyən edilməsi, daha sonra həmin hallara tətbiq edilən hüquq normalarının şərh edilməsi məhkəmə araşdırmasının obyektivliyi və ədalətliliyi üçün zəruridir.

19. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

20. Beləliklə, məhkəmə sübutetmə predmetinə daxil olan bütün faktları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında malların alqı-satqısı haqqında müqavilə bağlanmış, iddiaçı (satıcı) 1391 manat dəyərində malları cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malların dəyərini alınan ayın sonuncu iş günü ödəməli olduğu halda ödənişləri həyata keçiməmiş və cəmi 1391 manat əsas borcu yaranmışdır.

21. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə olan halda hazırkı iddia üzrə tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 567-ci maddəsi nəzərdən keçirilə bilər.

22. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən mallar təhvil verildikdən sonra 15 gün müddətində ödənilməsi şəklində müəyyən olunmuşdur.

24. Mülki Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

25. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

26. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

27. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

28. İddiaçı tərəfindən malların cavabdehə təhvil verildiyini (buna dair təhvil-təslim aktları və e-qaimələr təqdim edilmiş), cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib, yəni aldığı malların dəyərini Müqavilənin 3.2-ci bəndinə əsasən hər ayın sonuncu iş günü ödəməsi öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərindən 1391 manat pulu ödəmədiyini, iddiaçının malların dəyərinin ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək hüququnun olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi 1391 manat borcun tutulması ilə bağlı əsaslıdır və ödənilməmiş həmin borc cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 1391 manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar