Məhkəmə qərarları › İş №e-2-2(113)-3202/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3202/2022

04.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3202/2022 04.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 4470,03 manat (dörd min dörd yüz yetmiş manat üç qəpik) əsas borc, 2083,03 (iki min səksən üç manat üç qəpik) cərimə borcu, 65 (altmış beş) manat mediasiya xərci və 21 (iyirmi bir) manat dövlət rüsumu olmaqla, cəmi 6639,06 (altı min altı yüz otuz doqquz manat altı qəpik) məbləğində borcun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ağır texnika və yük avtomobillərinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. Satılmış texnikalara texniki xidmət və ehtiyat hissələrinin təchizatı da şirkətin fəaliyyətinin ayrılmaz hissəsidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 16 dekabr 2020-ci il tarixində 0368-ESGM/20 nömrəli “Ehtiyat hissələrinin Satışı müqaviləsi” bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” (İddiaçı MMC) bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunacaq malları satmağı və “Alıcı” (Cavabdeh MMC) isə öz növbəsində qeyd edilən malları alaraq dəyərini “Satıcı”ya ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə müqavilə və “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” aktlara uyğun olaraq ümumi dəyəri 4470,03 manat (dörd min dörd yüz yetmiş manat üç qəpik) olan mallar alıcıya təhvil verilmişdir. Lakin cavabdeh sözügedən müqavilənin 2.6-cı maddəsinin tələblərini pozaraq, malların təhvil verilməsinə baxmayaraq, malın dəyərinin heç bir hissəsini bugünkü günədək ödəməmişdir. Müqavilənin 4.1.3-cü maddəsinə əsasən əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, satıcının alıcıdan hər ləngimə günü üçün ödəniləcək məbləğin 0,1%-ni həcmində cərimə tələb etmək hüququ vardır. Bu hüquqa istinad edərək cavabdehin müqavilənin dəyərinin ödənilməsinin gecikdirilməsinə görə yaranmış cərimə borcu 2083,03 (iki min səksən üç manat üç qəpik) manat təşkil edir. Beləliklə, cavabdehin bugünkü tarixədək İddiaçı MMCyə borcu toplam 6553,06 (altı min beş yüz əlli üç manat altı qəpik) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi tələbi ilə bağlı cavabdehə 30 dekabr 2021-ci il tarixli, 0303 nömrəli pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən bundan sonra da heç bir ödəniş olunmamışdır. Beləliklə, cavabdeh yenə öz öhdəliyini icra etməmiş və ödənişləri həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki : - “Satıcı” qismində İddiaçı MMC ilə “Alıcı” qismində Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixli, 0368-ES-GM/20 nömrəli ehtiyat hissələrinin satışı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavədə (Əlavə 1, Əlavə 2 və s.) göstərilmiş malları alıcıya satmağı və alıcı isə öz növbəsində bu mallar üçün razılaşdırılmış qiyməti ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən malların adı, ölçüsü, kəmiyyəti, çatdırılma şərtləri və qiymətləri bu əlavələrdə göstərilib. Malların təhvil verilməsi hər iki tərəfin imzaladığı təhviltəslim aktına uyğun olaraq həyata keçiriləcək. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən alıcı sifarişin əlavədə göstərilmiş dəyərinin 100% hissəsini təhvil-təslimdən sonra satıcıya köçürmə yolu ilə 5 (beş) bank günü ərzində ödəməlidir. Alıcı sürətli çatdırılma xidmətindən istifadə etmiş olduğu təqdirdə, bu xidmətin ödənişini də malın dəyərinin ödənilməsi ilə eyni vaxtda həyata keçirir. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən əgər sifariş olunmuş malların təhvilə hazır olması haqqında alıcıya məlumat verildikdən sonra həmin mallar üzrə ödəniş ləngiyərsə, alıcı hər bir ləngimə günü üçün ödəniləcək məbləğin 0.1 %-i həcmində cərimə ödəyəcək. - xx.xx.2022-ci il tarixli, 0493 nömrəli maliyyə arayışından görünür ki, lizinq alan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli, 0368-ES-GM/20 nömrəli müqavilə üzrə gecikdirilmiş əsas borca görə 4470,03 manat, hesablanmış cəriməyə görə 2083,03 manat olmaqla, ümumilikdə 6553,06 manat məbləğində borcu vardır. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 239284 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1050 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, EBAV seriyalı, 505646 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 2370,03 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAV seriyalı, 984029 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 1050 (ƏDV daxil) manat təşkil edir. - xx.xx.2020-ci il tarixli, 01 nömrəli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” Aktdan görünür ki, aktda göstərilən 1 adda, qiyməti 1050 manat (ƏDV daxil) təşkil edən məhsul satıcı – İddiaçı MMC tərəfindən alıcı – Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixli, 03 nömrəli “Qiymətlərin razılaşdırılması və malların təhvil verilməsi haqqında” Aktdan görünür ki, aktda göstərilən 1 adda, qiyməti 1050 manat (ƏDV daxil) təşkil edən satıcı – İddiaçı MMC tərəfindən alıcı – Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu isə öz növbəsində təhvil almışdır. Qeyd edilən akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, Cavabdeh MMC İddiaçı MMC tərəfindən ona təqdim edilmiş malları qəbul etmiş, hazırkı vaxta iddiaçıya ödənilməmiş 4470,03 (ƏDV daxil) manat borcu olduğunu bildirmiş, qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 10 (on) təqvim günü müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Beləliklə, işin hallarından görünür ki, cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikərə əməl etməyərək, yaranmış borcu ödəmədiyinə görə iddiaçının tələbi aşkardır. Həmin tələb cavabdehin mübahisə edilməyən vəzifələrinə və sadə yazılı qaydada təsdiq edilmiş əqdlərə əsaslanır. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 4470,03 manat (dörd min dörd yüz yetmiş manat üç qəpik) əsas borcun tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli və Cavabdehndən 4470,03 manat (dörd min dörd yüz yetmiş manat üç qəpik) məbləğində əsas borc İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 2083,03 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 400 manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı 65 (altmış beş) manat mediasiya xərcinin və 21 (iyirmi bir) manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Müəyyən olunur ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci və 26,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərini və iddianın qismən təmin edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, 60 (altmış) manat mediasiya xərci və ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 19 (on doqquz) manat məlbəğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5.3, 284-6.1, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 4470,03 manat (dörd min dörd yüz yetmiş manat üç qəpik) məbləğində əsas borc, 400 (dörd yüz) manat cərimə, 60 (altmış) manat mediasiya xərci, 19 (on doqquz) manat dövlət rüsumu olmaqla, cəmi 4949,03 manat (dörd min doqquz yüz qırx doqquz manat üç qəpik) məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar