Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3202/2024 12.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 38.804,98 ƏDV daxil (otuz səkkiz min səkkiz yüz dörd manat doxsan səkkiz qəpik) manat məbləğində pul məbləğinin, həmin pulun qanunsuz saxlamasına görə 2.587 (iki min beş yüz səksən yeddi) manat, hüquqi yardımın göstərilməsi məqsədi ilə vəkilə ödənilmiş 300 (min) manat və ödənilmiş dövlət rüsumu 215,08 (iki yüz on beş manat, səkkiz qəpik) manat olmaqla, cəmi 41.907,06 (qırx bir min doqquz yüz yeddimanat altı qəpik) manat pulun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında №xxxx-2131 Saylı 18 avqust 2022-ci tarixli “alqı satqı” müqaviləsi imzalanmışdır. Müqavilyə əsasən X1 (Spesifikasiyada) göstərilmiş malları nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı və quraşdıraraq təhvil verməyi, bunun qarşılığında isə alıcı müqavilə qiymətini ödəməyi öhdəsinə götürür. Sözügedən müqavilənin tələblərinə uyğun olaraq İddiaçı QSC ƏDV daxil 38.804,98 manat məbləğində malları qarşılıqlı imzalanan aktlara və göndərilən elektron qaiməyə əsasən icra etməsinə baxmayaraq Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir.
II. Tərəflərin mövqeləri:
3. Tərəflər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı tərəf məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
5. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
7. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsi və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC ilə Cavabdeh MMC arasında №xx-xx-2131 saylı 18 avqust 2022-ci tarixli müqavilə və qiymət razılaşma protokolu imzalanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə görə X1 göstərilmiş malları nəzərdə tutulmuş şərtlərlə alıcıya satmağı və quraşdıraraq təhvil verməyi, bunun qarşılığında isə alıcı müqavilə qiymətini ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 2.3-cü bəndinə əsasən hər sifariş üzrə ödənişlər həmin sifarişin verilməsi ilə əlaqədar müvafiq elektron hesab-faktura veriləndən sonrakı 10 iş günü ərzində həyata keçiriləcək.
12. Müqavilə və müqaviləyə 01 saylı əlavə hər iki hüquqi şəxsin imza və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir.
14. Qeyd edilməlidir ki, ilk növbədə alqı-satqı müqaviləsi üzrə nəzərdə tutulmuş malların alıcıya təhvil verilməsini sübutetmə vəzifəsi satıcı olan İddiaçı QSC-nin üzərinə düşür.
15. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə EBCE 041447 saylı, xx.xx.2022-ci il tarixli, dəyəri 38.804,98 manat olan elektron qaimə göndərilmişdir.
16. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı da cavabdehin müqavilə üzrə ödənilməmiş 38.804,98 manat əsas borcunun qaldığını bildirmişdir.
17. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya münasibət (etiraz) bildirməmiş, borcun ödənilməsinə dair hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir.
19. Belə olan halda, Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dəyəri 38.804,98 manat olan mallar cavabdehə verilmiş, cavabdeh isə ona verilmiş olan malların dəyərini ödəməmişdir.
20. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qeyd edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində təmin olunmalı, 38.804,98 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Məhkəmə iddianın gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablanmaqla 2.587 manat pulun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.
22. İş materiallarından görünür ki, iddiaçı tərəfindən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı pretenziya məktubu cavabdehə xx.xx.2023-cü il tarixində, iddia ərizəsi isə məhkəməyə təxmini 8 ay sonra yəni, xx.xx.2024-cü il tarixində verilmişdir.
23. Belə olan halda, məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaqla 1.293,49 (38,804,98x5/100=1.940,249(1 il üçün), 1.940,249/12=161,68741(1 ay üçün), 161,68741x72=1293,49 (8 ay üçün) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Bundan başqa, məhkəmə qeyd edir ki, hüquqi yardımla əlaqədər vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pul da Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir.
25. Məhkəmə dövlət rüsumunun əvəzi olaraq 215,08 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
26. İşdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzə əsasən 215,08 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
27. Lakin, məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 210,29 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləyə ƏDV daxil 38.804 (otuz səkkiz min səkkiz yüz dörd) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 1.293 (bir min iki yüz doxsan üç) manat, 49 (qırx doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Hüquqi yardımla əlaqədər vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 210 (iki yüz on) manat, 29 (iyirmi doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov