Məhkəmə qərarları › İş №e-2-2(113)-3210/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3210/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3210/2025 24.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər:) (alqı-satqı müqaviləsi üzrə əsas borc, dəbbə pulu, elektron qaimə) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə İddiaçı MMC (əvvəlki "xxxx" MMC) arasında bağlanmış 04 noyabr 2022-ci il tarixli 343 nömrəli müqavilənin dəyəri olan 10000,00 manat, gecikdirilmiş hər bir gün üçün 0,1 faiz cərimə pulu olmaqla 700 gün üçün 7000.00 manat, eləcə də həmin hüquqların müdafiəsi üçün 320 manat vəkil xidmət haqqı xərci, 142,00 manat dövlət rüsumu olmaqla ümumilikdə 17462,00 manat vəsaitin Cavabdeh MMC-dən İddiaçı MMC-nin (əvvəlki "xxxx") xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il ildə Cavabdeh MMC ilə "xxxx" MMC hazırki adı İddiaçı MMC arasında bağlanmış 343 saylı müqaviləyə əsasən Satıcı Alıcıya həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan X1 qeyd edilmiş malları satmağı, Alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. xx.xx.2022-ci il tarixli, 343 nömrəli X2 əsasən tərəflər arasında malların qiyməti barədə razılığa gəlinmiş, ƏDV ilə birlikdə 13924,00 manat dəyərində 1 ədəd nasos Satıcı tərəfindən Alıcıya təhvil verilmişdir. Satıcı İddiaçı MMC tərəfindən təhvil verilmiş malların dəyərinin ödənilməsi məqsədi ilə xx.xx.2022-ci ildə 1004 nömrəli hesab-faktura, xx.xx.2022-ci ildə isə EBCK seriyalı, 843838 nömrəli elektron qaimə göndərilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından və xx.xx.2022-ci il tarixli bank çıxarış sənədindən görünür ki, alınmış malın dəyərindən 1800,00 manat və 2124,00 manad ƏDV məbləği Alıcı tərəfindən Satıcının hesablaşma hesabına ödənilmiş, qalan 10000,00 manat isə ödənilməmişdir. Dəfələrlə şifahi şəkildə müraciət edilməsinə və rəsmi qaydada pretenziya göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən bu günə qədər hər hansı tədbir görülməmiş, borc ödənilməmiş qalmışdır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 3.3-cü maddəsinə əsasən Alıcı müqavilə üzrə malın dəyərini ödəməzsəgecikdirdiyi hər gün üçün şdənilməyən məbləğin 0,1 %-i miqdarında Satıcıya dəbbə pulu ödəməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. "xxxx" MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında imzalanan xx.xx.2022-ci il tarixli 343 nömrəli alqı-satqı müqaviləsinin: 1.1-ci bəndinə əsasən, satıcı bu Müqavilədə müəyyən olunmuş şərtlərlə malı alıcıya satmağı, alıcı isə həmin şərtlər daxilində malı qəbul edib dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1-ci bəndinə əsasən, satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya təhvil verməlidir. 3.1-ci bəndinə əsasən, alıcı bu Müqavilənin 2.1-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun olaraq, malın dəyərini ödəməlidir. 3.3-cü bəndinə əsasən, alıcı bu Müqavilə üzrə nəzərdə tutulmuş malın dəyərini qarşılıqlı razılaşdırılmış müddətdə ödəməzsə, gecikdirdiyi hər bir gün üçün ödənilməyən məbləğin 0.1%-i həcmində cərimə ödəyəcəkdir. 4.1-ci bəndinə əsasən, müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi, qiyməti və təhvil verilməsi tarixi bu Müqaviləyə əlavə olunan qaimə-fakturava və razılaşdırma protokoluna əsasən müəyyən edilir. 6.1-ci bənində əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 30 dekabr 2023-cü il tarixinə kimi qüvvədədir.

7. "xxxx" MMC (satıcı) və Cavabdeh MMC (alıcı) arasında imzalanan xx.xx.2022-ci il tarixli 343 nömrəli müqavilənin qiymət razılaşdırılmasına dair xx.xx.2022-ci il tarixli 1 nömrəli protokoldan görünür ki, satılmış malın miqdarı 1, qiyməti 11800 manat, ƏDV 2124 manat olmaqla, yekun məbləğ 13924 manat təşkil etmişdir.

8. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli 1004 nömrəli hesab-fakturadan görünür ki, malın dəyəri 11800 manat, ƏDV 2124, yekun məbləğ 13924 manat təşkil edir.

9. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli EBCK seriyalı 843838 nömrəli elektron qaimədən görünür ki, malın dəyəri 11800 manat, ƏDV 2124, yekun məbləğ 13924 manat təşkil edir, qaimənin əsası 343 nömrəli xx.xx.2022ci il tarixli müqavilədir.

10. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən "xxxx" MMC-nin hesabına 2124 manat ödəniş həyata keçirilmişdir, ödənişin təyinatı xx.xx.2022-ci il tarixli EBCK seriyalı 843838 saylı elektron qaiməyə əsasən ƏDVdir.

11. Bank Respublika ASC tərəfindən verilmiş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən hesaba 1800 manat ödəniş köçürülmüşdür, ödənişin əsası xx.xx.2022-ci il tarixli EBCK seriyalı 843838 saylı qaimə olmuşdur.

12. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC (qurumun əvvəlki adı) İddiaçı MMC adı ilə qeydiyyata alınmışdır.

13. Hüquqi yardım göstərilməsi haqqında 1483 nömrəli, xx.xx.2025-ci il tarixli müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq tərəflərin qarşılıqlı razılığı ilə 320 manat müəyyən olunmuş, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, 320 manat ödəniş həyata keçirilmişdir.

14. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, Vəkil tərəfindən məhkəmənin hesabına 142 manat dövlət rüsumu ödənilmişdir.

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin İddiaçı qarşısında müqavilə üzrə təhvil verilməmiş malların ödənişinin geri qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış “Alqı-satqı” müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə hazırkı iddia tələbini irəli sürmək hüququ vermişdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

17. Belə ki, qüvvədə olan müki qanunvericilik öhdəliyin icrası ilə bağlı iki prinsip müəyyən edib: lazımı şəkildə icra edilməsi prinsipi və real icra prinsipi. Mülki Məcəllənin 425.1-ci maddəsində öhdəliyin lazımı şəkildə icra edilməsi prinsipi müəyyən edilərək göstərilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yəni, lazımı şəkildə öhdəliyin icrası prinsipi müəyyən edir ki, öhdəlik lazımı subyektlər tərəfindən, lazımı yerdə, lazımı vaxtda, lazımı predmet ilə və lazımı şəkildə icra olunmalıdır.

18. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC xx.xx.2023cü il tarixdə İddiaçı MMC adı ilə qeydiyyata alınmışdır. "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343 nömrəli alqı-satqı müqaviləsi əsasında satıcı üzərinə düşən öhdəliyi lazımı qaydada icra edərək ümumi dəyəri 13924 manat təşkil edən malı cavabdehə (alıcıya) satmışdır. Cavabdeh həmin malı qəbul etmiş, buna baxmayaraq müqavilə üzrə öhdəliklərini lazımı qaydada icra etməmiş və satılmış malın dəyərinin böyük bir qismi üzrə ödənişi həyata keçirməmişdir. Belə ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 1004 nömrəli hesab-faktura, daha sonra xx.xx.2022-ci il tarixli EBCK seriyalı 843838 nömrəli elektron qaimə göndərilərək satılmış malın dəyərinin ödənilməsi tələb edilmiş, cavabdeh tərəfindən sözügedən elektron qaimə əsasında 2 dəfə - 2124 manat və 1800 manat ödəniş olunmuş, 10000 manat borc ödənilməmiş qalmışdır.

19. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin öz öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının tərəflər arasında bağlanmış müqavilənin icrasını cavabdehdən tələb etmək hüququna malik olmasını, o cümlədən cavabdeh tərəfindən göndərilmiş elektron qaimə əsasında 2 dəfə (ümumilikdə 3924 manat) ödəniş olunduğunu nəzərə alaraq alaraq hesab edir ki, iddia tələbi əsas borc hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehdən əsas borc üzrə 10000 manat pul məbləği tutularaq İddiaçıya ödənilməlidir.

20. "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

21. Bundan əlavə iddiaçı tələbində cavabdehdən 7000 manat məbləğində cərimə borcunun ödənilməsini irəli sürür.

22. Məhkəmə bununla bağlı bildirir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

23. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 500 manat məbləğində dəbbə pulu tutulmalıdır. 24.İddiaçı tələbində eyni zamanda ödənilmiş 142 manat dövlət rüsumunun və hüquqi yardım göstərilməsinə görə vəkilə ödənilmiş 320 manat pul məbləğinin cavabdehdən tutulmasını xahiş edir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

26. İş materiallarına əlavə edilmiş qəbzlər iddiaçı tərəfindən dövlət rüsumunun və hüquqi yardıma görə xərcin ödənildiyini təsdiqləyir. Məhkəmə hüquqi yardıma görə ödənilmiş 320 manat pul məbləğinin cavabdehdən tutulması hissəsində tələbi əsaslı hesab edir, lakin iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş 142 manat dövlət rüsumunun 90 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 52 manat iddiaçının özünə aid edilməlidir. Nəticə: 27 . Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 343 nömrəli müqavilə üzrə Cavabdeh MMC-dən 10000 manat əsas borc, 500 manat dəbbə pulu olmaqla, cəmi 10500 (on min beş yüz) manat pul məbləği, 320 manat vəkilə ödənilmiş xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 90 manat pul İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar