Məhkəmə qərarları › İş №e-2-2(113)-3211/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3211/2025

17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3211/2025 17.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: nisyə alqı-satqı müqaviləsi, iddia müddətinin tətbiqi, subyektiv hüquq, öhdəliyin icrası müddəti) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) Qanuni nümayəndə2, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 191 919,54 manat məbləğində pulun və ödənilmiş 482 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 saylı alqı-satqı müqaviləsinə əsasən tikinti materialları iddiaçı tərəfindən cavabdehə satılmışdır. Satıcı malları vaxtında və müqaviləyə uyğun olaraq təhvil versə də, alıcı tərəfindən satıcının tərtib etdiyi 191 919,54 manatlıq (ƏDV daxil) 32 ədəd qaimə üzrə heç bir ödəniş edilməmişdir. İki şirkət arasındakı razılığa əsasən alqı-satqı müqaviləsinin imzalanmasında əsas məqsəd 23 noyabr 2018-ci il tarixli ASTS-OR304-LC-AGR-003 saylı subpodrat müqaviləsinə əsasən cavabdehin gördüyü işlərə görə qalan borcun əvəzləşdirilməsi olmuşdur. Lakin cavabdeh alqı-satqı müqaviləsinə əsasən bütün malları təhvil aldıqdan sonra əsassız varlanmağa cəhd göstərmiş, 23 noyabr 2018-ci il tarixli subpodrat müqaviləsindən ona qalan borcun iddiaçıdan tutulması barədə iddia qaldırmış və həmin müqavilə üzrə mövcud sənədlərə əsasən Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 5183/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmasına nail olmuşdur. Belə olduğu təqdirdə alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə tərtib olunmuş qaimələr üzrə borcun ödənilməsi tələbi irəli sürülsə də, hazırda cavabdeh 191919,54 manat borcu ödəməkdən imtina edir. Bununla bağlı cavabdehə xx.xx.2025-ci il tarixdə sonuncu dəfə xəbərdarlıq (pretenziya məktubu) da göndərilmiş və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445, 567-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3211/2025 nömrəli qərardadı ilə iddia tələbinin tərəflər arasında bağlanmış 03 may 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 28984,96 manat (xx.xx.2021-ci il tarixli EBBC 063113 seriya və nömrəli elektron qaimə üzrə 5676,18 manat, xx.xx.2021-ci il tarixli EBBC 206635 seriya və nömrəli elektron qaimə üzrə 5551,29 manat, xx.xx.2021-ci il tarixli EBBC 206416 seriya və nömrəli elektron qaimə üzrə 5943,8 manat, xx.xx.2021-ci il tarixli EBBC 462833 seriya və nömrəli elektron qaimə üzrə 5589,52 manat, xx.xx.2021-ci il tarixli EBBC 463297 seriya və nömrəli elektron qaimə üzrə 6224,17 manat olmaqla) məbləğində pulun tutulması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə2, iddiaçının nümayəndəsi X2 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdilər ki, tərəflər arasında 2018-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqavilə üzrə iddiaçı sifarişçi olmuş, cavabdeh isə izolyasiya işlərini görməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 saylı alqı-satqı müqaviləsi üzrə isə iddiaçı 2021-ci ilin may ayında cavabdehə sement məhsulları vermişdir. Hər iki hüquqi şəxs borclarını əvəzləşdirsə də, cavabdeh əsassız varlanmağa cəhd edərək podrat müqaviləsi üzrə məhkəməyə iddia ilə müraciət edərək 50000 manat məbləğində pul tələb etmişdir. Belə olan halda iddiaçı da alqı-satqı müqaviləsi üzrə pulu tələb edir.

7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, qaimələrin tarixinin 2021-ci ilin mayına təsadüf etdiyini, qanunvericiliyin tələbinə əsasən pul tələbi ilə bağlı iddia müddətinin 3 il təşkil etdiyini bildirmiş və iddia müddətinin keçməsi səbəbindən ərizənin baxılmamış saxlanılmasını xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, hazırkı iddia ilə tələb edilən borclar əvəzləşdirilən və məhkəmə qərarı ilə tutulan borclardır. Belə ki, tələb olunan 191919,54 manat məbləğin 167715 manat hissəsini tərəflər əvəzləşdirmiş, qalan məbləğ isə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-772/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulmuş, qətnamə qanuni qüvvəyə minmişdir. Ona görə də, iddia rədd olunmalıdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

12. İşin məhkəmə tərəfindən müəyyən olunan halları aşağıdakılardan ibarətdir: - tərəflər arasında xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqavilə ilə müəyyən edilmiş malları cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə malları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin ödəniş şərtlərinə əsasən ödənişin satıcının təqdim etdiyi hesab-faktura və elektron qaiməfaktura əsasında aparılması, hesab-faktura qəbul olunduğu tarixdən sonra 30 bank günü ərzində alıcının ödənişi satıcıya köçürmə yolu ilə ödəməsi razılaşdırılmışdır. Həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 nömrəli əlavə olan qiymət razılaşdırma protokoluna əsasən isə malların dəyərinin alıcıya təhvil verildikdən sonra 15 gün ərzində ödənilməsi şərtəşdirilmişdir; - iddiaçı tərəfindən cavabdehə ümumilikdə 191919,54 manat dəyərində sement məhsulu satılmış, malların təqdim olunmasının rəsmiləşdirilməsi üçün elektron qaiməfakturalar tərtib edilərək cavabdehə göndərilmişdir; - iddiaçı həmin elektron qaimə-fakturalardan xx.xx.2021-ci il tarixli EBBC 063113 seriya və nömrəli elektron qaimə üzrə 5676,18 manat, xx.xx.2021-ci il tarixli EBBC 206635 seriya və nömrəli elektron qaimə üzrə 5551,29 manat, xx.xx.2021-ci il tarixli EBBC 206416 seriya və nömrəli elektron qaimə üzrə 5943,8 manat, xx.xx.2021-ci il tarixli EBBC 462833 seriya və nömrəli elektron qaimə üzrə 5589,52 manat, xx.xx.2021-ci il tarixli EBBC 463297 seriya və nömrəli elektron qaimə üzrə 6224,17 manat, ümumilikdə isə 28984,96 manat malın cavabdehə verildiyinə, lakin həmin məbləğdən 24744,54 manat borcun ödənilmədiyinə istinad edərək həmin məbləğin cavabdehdən tutulması barədə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-772/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 24744,54 manat məbləğində pulun tutulması qət edilmiş, həmin qətnamə 22 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir; - Təqdim olunan qalan məhsullarla bağlı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 139 218 manat dəyərində elektron qaimə-faktura tərtib edilərək cavabdehə göndərilmiş, həmçinin xx.xx.2021-ci il tarixli EBBB 998352 (6665,11 manat), EBBB 949091 (5597,16 manat), EBBB 949335 (5541,09 manat), EBBB 948849 (5913,22 manat) seriya və nömrəli elektron qaimələr ümumilikdə 23716,58 manat dəyərində malın verilməsi üçün təqdim edilmişdir.

13. İddiaçı xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli alqı-satqı müqaviləsi üzrə 162 934,58 manat (təqdim olunan malın dəyəri 191 919,54 manat-iş üzrə icraat xitam olunan 28984,96 manat) məbləğində pulun tutulmasını tələb edir.

14. Cavabdeh tələb olunan borc məbləğinin əvəzləşdirildiyini və cavabdehin borcunun olmadığını bildirir, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş edir.

15. Məhkəmə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə də, məhkəmə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İddiaçının subyektiv hüquqa malik olması, bu hüququn cavabdeh tərəfindən pozulması müəyyən edildiyi halda məhkəmə tələbin məhkəmə qərarı ilə təmin edilməsinin (və məcburi icrasının) qarşısını alan iddia müddətini tətbiq etməklə iddianı rədd edə bilər.

16. Məhkəmə yuxarıda qeyd edilən hüquqi mövqelərə uyğun olaraq iddiaçının hazırkı tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin subyektiv hüququn pozulub-pozulmaması məsələlərin araşdırılmasını və iddianın hüquqi əsası ilə bağlı alqı-satqı müqaviləsi ilə bağlı mülki qanunvericilik normalarının təhlilini zəruri hesab edir.

17. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

18. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

19. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

20. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

21. İş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə öhdəliklərin qarşılıqlı üzləşdirilməsi aparılmış, xx.xx.2021-ci il tarixdən xx.xx.2021ci il tarixədək cavabdehin iddiaçıya olan borcu 139 218 manat kimi təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli mal və xidmətlərin qarşılıqlı barter edilməsi və əvəzləşmə aktlarına əsasən iddiaçının xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn 139 218 manat (117981,36 əsas borc + 21236,64 manat ƏDV) pul tələbi və cavabdehin xx.xx.2019-cu il tarixli DY-112/19 nömrəli müqavilədən irəli gələn 139 218 manat (117981,36 əsas borc + 21236,64 manat ƏDV) məbləğində pul tələbi bir-biri ilə əvəzləşdirilmişdir.

22. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli mal və xidmətlərin qarşılıqlı barter edilməsi haqqında 01 nömrəli razılaşmaya əsasən iddiaçının xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn 27957 manat (23692,37 əsas borc + 4264,63 manat ƏDV) pul tələbi və cavabdehin xx.xx.2019-cu il tarixli DY-112/19 nömrəli müqavilədən irəli gələn 27957 manat (23692,37 əsas borc + 4264,63 manat ƏDV) məbləğində pul tələbi bir-biri ilə əvəzləşdirilmişdir.

23. Beləliklə, müəyyən olunur ki, tərəflər 139 218 manat və 27957 manat olmaqla ümumilikdə 167175 manat borc məbləğini əvəzləşdirmişlər.

24. Mülki Məcəllənin 540.1-ci maddəsinə əsasən, əgər iki şəxs arasında mövcud olan qarşılıqlı tələblərin icra müddəti çatmışsa, həmin tələblərə onların əvəzləşdirilməsi yolu ilə xitam verilə bilər.

25. Həmin Məcəllənin 543-cü maddəsinə əsasən, əgər əvəzləşdirilən tələblər birbirini tam ödəmirsə, yalnız digər tələbin həcmindən az olan həcm əvəzləşdirilir.

26. İddiaçının cavabdeh tərəfindən əvəzləşdirilən borcun sonuncu tərəfindən məhkəmə qaydasında tələb edilməsi ilə bağlı arqumentlərinə münasibətdə isə göstərilməlidir ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5183/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən xx.xx.2018-ci il tarixli ASTS-OR304-LC-ARG-003 nömrəli subpodrat müqaviləsinə əsasən pulun tələb edildiyi görünür.

27. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə öhdəlikləri əvəzləşdirilmiş müqavilələrə aidiyyəti olmayan və tərəflər arasında bağlanmış başqa müqavilədən Cavabdeh MMC-nin irəli gələn tələbinə istinad etməklə xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli və xx.xx.2019-cu il tarixli DY-112/19 nömrəli müqavilələr üzrə edilmiş əvəzləşmələri şübhə altına almağa çalışır. Bu isə əvəzləşdirmənin əhəmiyyəsizliyi ilə bağlı iddiaçının arqumentlərinin əsassızlığına dəlalət edir.

28. Beləliklə iş materiallarında olan sübutlarla təsdiq olunur ki, iddiaçı tərəfindən cavabdehə 191 919,54 manat dəyərində mal təqdim olunmuş, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli və xx.xx.2019-cu il tarixli DY- 112/19 nömrəli müqavilələr üzrə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 167175 manat borc məbləğləri əvəzləşdirilmiş, öhdəliklərə xitam verilmiş, iddiaçı 28984,96 manat dəyərində elekron qaimələrə istinad etməklə malların dəyərindən 24744,54 manat borcun cavabdehdən tutulması barədə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e- 2-2(113)-772/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 24744,54 manat məbləğində pulun tutulması qət edilmiş, xx.xx.2021-ci il tarixli ASTS-AS-007-21 nömrəli müqavilə üzrə təqdim olunan malların dəyərindən cavabdehin iddiaçıya borcu (191919,54-167175-24744,54=0) qalmamışdır.

29. İddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia müddəti institutu mülki qanunvericilikdə iddia tələbi əsaslı olduğu, lakin qanunda qeyd olunan müddətlərdə irəli sürülmədiyi halda məhkəmənin iddianın rədd olunması barəsində qərar çıxarması üçün əsas kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə iddia tələbi əsaslı olmadığından iddia müddətinin tətbiqi barədə ərizə də təmin oluna bilməz.

30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə pulun tutulması tələbi rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

31. İddiaçı həmçinin 482 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

32. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

33. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3211/2025 nömrəli qərardadı ilə 73 manat məbləğində dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmışdır.

35. Beləliklə, iddia tələbinin rədd edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, qaytarılmayan hissədə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar