Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3215/2025 11.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” barədə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixli, 270722-01 saylı alqı-satqı müqaviləsinə əsasən, satıcı (iddiaçı) müqavilənin ayrılmaz hissəsi olan Razılaşma Protokolunda əks olunan malları müqavilənin şərtlərinə uyğun olaraq mülkiyyətinə verməyi, alıcı (cavabdeh) isə bunun müqabilində satıcıya müqavilə ilə müəyyən olunmuş qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 1.1. 1.2-ci bəndinə əsasən, malların çeşidi, sayı, qiyməti, çatdırılma (təhvil vermə) müddəti və yeri, mallara dair zəmanət müddəti və sair şərtlər Razılaşma Protokolunda qeyd olunur; 1.2. 2.1-ci bəndinə əsasən, satıcı bu müqavilə ilə müəyyən edilən müddət ərzində bağlandığı andan malı alıcıya təhvil-təslim aktı əsasında təhvil verir; 1.3. 3.1-ci bəndinə əsasən, malların dəyəri Razılaşma Protokolunda qeyd olunur; 1.4. 3.2-ci bəndinə əsasən, müqavilə əsasında ödəniləcək malların dəyəri malların alıcıya təhvil verildiyi andan təhvil-təslim aktı əsasında 30 gün ərzində alıcı tərəfindən ödəniləcək.
2. Tərəflər arasında (ƏDV daxil) – xx.xx.2022-ci il tarixdə cəmi 1652 manat dəyərində 14 m3 beton M350 növdə malın satılmasına dair 904129 saylı; xx.xx.2022-ci il tarixdə cəmi 221,84 manat dəyərində 4 ədəd corella sintetik boya (tol) və 4 ədəd corella sintetik boya (mastika) növündə malların satılmasına dair 414851 saylı; xx.xx.2022-ci il tarixdə cəmi 122,01 manat dəyərində 0,407 m3 taxta növündə malların satılmasına dair 849407 saylı X1 imzalanmış və tərəflərin möhürü ilə təsdiq edilmişdir.
3. İddiaçı tərəfindən cavabdehə ünvanlanan (ƏDV daxil) - xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 1652 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 143,97 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 221,84 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 265,5 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 128,87 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 178,77 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 364,50 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 596,78 manat; xx.xx.2022-ci il tarixli elektron-qaimə üzrə yekun məbləğ 364,97 manat – ümumilikdə 3917,2 manat təşkil etmişdir.
4. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə qeyd edilən müqavilə və elektronqaimələr üzrə 3319,67 manat məbləğində və ƏDV üzrə 597,54 manat olmaqla iki dəfə ödəniş edilmişdir.
İDDİA ƏRİZƏSİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixli 270722-01 saylı Alqı-satqı müqaviləsi üzrə ona verilməli olan 3917,21 manat məbləğində borcun, vəkilə hüquqi xidmətə görə ödənilmiş 725 manatın, iddia ərizəsinin verilməsi üçün 59 manat dövlət rüsumunun – ümumilikdə 4501,21 manat məbləğində pulun ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək cavabdeh tərəfindən borcun ödənildiyini bildirmiş və iddia tələbinin həcmini azaldaraq vəkilə hüquqi xidmətə görə ödənilmiş 725 manatın və ödənilmiş 59 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər icra edilsə də bu iddiaçının məhkəməyə iddia ilə müraciət etdikdən və məhkəmə iclasları keçirilərkən baş vermişdir. Halbuki, iddiaçı tərəfindən cavabdehə pretenziya barədə məktub göndərildikdə əlavə xərclərin də tələb olunacağı barədə bildiriş göndərilmişdi. Buna baxamayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, bilərəkdən və hər hansı üzrlü səbəb olmadan 2 il gecikdirmiş və iddiaçıya maddi zərər vurmuşdur. Odur ki, məhkəmədən iddianın tam şəkildə təmin olunmasını xahiş edirlər. Hüquqlarının müdafiəsi ilə bağlı iddiaçı ilə vəkil arasında bağlanmış müqavilənin və müqavilə üzrə edilmiş ödənişlərin qəbzlərini məhkəməyə təqdim edilib. Belə ki, cavabdehin qərəzli hərəklətləri nəticəsində iddiaçı peşəkar hüquqi yardımdan istifadə etmək məcburiyyətində qalaraq əlavə xərclər çəkmiş və zərərə uğramışdır. Buna görə də çəkilmiş vəkil xərci və ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı xx.xx.2022ci il tarixli müqavilə üzrə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən qısa müddət sonra, yəni 17 mart 2025-ci il tarixində cavabdeh tərəfindən İddiaçıya 3319,67 manat məbləğində ödəniş edilmişdir. Borcun tam həcmdə bağlanması təmin edilmişdir. İddiaçı ilə aparılmış danışıqlar zamanı borc məbləği tam ödənildiyi təqdirdə iddia ərizəsinin geri çəkiləcəyi barədə razılıq əldə olunmuşdur, lakin cavabdeh borcu tam məbləğini ödəməsinə baxmayaraq, İidiaçı iddia ərizəsini geri götürməmişdir. Səbəb kimi hüquqi xidmətə görə 725 manat və dövlət rüsumu üçün 59 manat məbləğinin ödənilməməsi göstərilmişdir. Cavabdeh qeyd edir ki, iddiaçı tərəfindən hüquqi xidmətə görə tələb olunan hüquqi xidmət haqqının, xüsusilə də 725 manatın məbləği, iddia predmetinə – 3917,21 manata mütənasib və ədalətli təyin olunamamışdır. Məhkəmə praktikası və hüquqi ədalət prinsiplərinə əsasən, borcun tam həcmdə ödənildiyi halda iddiaçı qarşı tərəfin üzərinə əlavə öhdəliklər qoymamalıdır. Hüquqi xidmət xərclərinin Cavabdeh tərəfindən ödənilməsinin tələb edilməsi yalnız həmin xərclərin zəruriliyi və məbləğinin mütənasibliyi sübut edildiyi halda əsaslı sayıla bilər. Cavabdeh tərəfindən borcun tam həcmdə ödənildiyini və mübahisəli məbləğin qalmadığını nəzərə alaraq, iddianın mahiyyəti üzrə baxılmasına xitam verilməsi barəsində qərardad qəbul edilməsini məhkəmədən xahişe etmişlər.
MƏHKƏMƏ İCLASİNDA VERİLƏN İZAHATLAR:
8. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜLKİ İŞƏ TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
13. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
15. Maadə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
16. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslıdır.
18. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, 270722-01 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş hər iki tərəfin səlahiyyətli nümayəndəsinin imzası və hüquqi şəxslərin möhürü ilə təsdiq edilmiş X2 və elektron qaimələrdən görünür ki, ümumilikdə iddiaçı tərəfindən cavabdehə 3917,2 dəyərində mal satılmış, cavabdeh tərəfindən həmin malların dəyəri xx.xx.2025-ci il tarixdə tam həcmdə ödənilmişdir. Bununla da məhkəmə qeyd edir ki, tərəflər müqavilə əsasında yaranmış öhdəliklərini lazımınca icra etdiklərindən tərəflər arasında müqavilədən yaranmış öhdəlik münasibəti öz həllini tapmışdır.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2025-cu il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi xidmət göstərilməsi məqsədi ilə iddiaçı tərəfindən Kredo Vəkil Bürosunun hesabına 725 manat, işə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 59 manat (qəbz nömrəsi: **********19) dövlət rüsumu ödənilmişdir.
20. Məhkəmə iddiaçının çəkdiyi məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi hüquqi xidmət xərcinin və dövlət rüsumunun cavabdehdən tutulması hissəsində əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə yaranmış öhdəliklərini vaxtında icra etmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, bununla əlavə xərc çəkmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsindən də görünür ki, zərər həm də, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri ehtiva edir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh müqavilə üzrə əsas borcu ödəsə də, hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı iddiaçının çəkdiyi xərcləri ödəməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının məhkəmədə müdafiəsi ilə bağlı əlavə xərclər çəkməsinə səbəb cavabdehin öz öhdəliklərini vaxtında icra etməməsi olmuşdur. Mülki Məcəllənin 425-ci maddəsi də tələb edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməlidir.
21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Vəkilə hüquqi xidmətə görə ödənilmiş 725 (yeddi yüz iyirmi beş) manat və ödənilmiş 59 (əlli doqquz) manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Pərviz Zamanlı