Məhkəmə qərarları › İş №e-2-2(113)-322/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-322/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-322/2025 22.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh ADS Group Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqaviləyə əsasən göstərilən reklam xidmətlərinə görə yaranmış cəmi ƏDV daxil 22.544,49 manat məbləğində əsas borcun, müqavilənin 4.6-cı bəndinə uyğun hesablanmış 100.484,96 manat məbləğində cərimənin, ümumilikdə 123.029,45 manat pulun ödənilməsi və çəkilmiş məhkəmə xərclərinin (dövlət rüsumu, hüquqi yardım xərci) əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, “Sifarişçi” - Cavabdeh MMC ilə “İcraçı” - İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqavilə bağlanmışdır. İddiaçı Müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri lazımi şəkildə yerinə yetirərək, Cavabdehə onun müvafiq sifarişlərinə uyğun olaraq razılaşdırılmış müddətlərdə və ünvanlarda açıq məkanda reklam materiallarının istehsalı və montajı, reklam daşıyıcılarında yerləşdirilməsi və yayımından ibarət xidmətləri (bundan sonra – Xidmətlər) göstərmiş, həmin Xidmətləri Müqavilənin 4.3-cü bəndində nəzərdə tutulan qaydada imzalanmış və möhürlənmiş təhvil-təslim aktları ilə Cavabdehə təhvil vermiş və Cavabdeh bu Xidmətləri heç bir iddiasının olmadığını bildirməklə qəbul etmişdir. Lakin buna baxmayaraq, Cavabdeh Müqavilə ilə üzərinə düşən həmin Xidmətlərin dəyərini Müqavilənin şərtlərinə uyğun formada İddiaçıya ödəmək öhdəliyini lazımınca yerinə yetirməmiş, hər yayım ayına görə İddiaçının təqdim etdiyi müvafiq hesabfakturalarda göstərilən xidmət haqlarının Müqavilədə nəzərdə tutulan müddətdə (hesabfakturanı aldıqdan sonra 5 (beş) təqvim günü ərzində) vaxtında və tam şəkildə ödənilməsini təmin etməmiş, ödənişləri dəfələrlə gecikmə ilə və natamam (hissə-hissə) icra etmiş, bununla da Müqavilənin 4.1-ci bəndinin tələblərini kobudcasına pozmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli 599 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 11641119 nömrəli elektron qaimə-faktura üzrə - ƏDV daxil 7.959,10 manat (6.745,00 manat əsas borc + 1.214,10 manat ƏDV), xx.xx.2024-cü il tarixli 718 saylı hesab və xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10939490 nömrəli elektron qaimə-faktura üzrə - ƏDV daxil 14.585,39 manat (12.360,50 manat əsas borc + 2.284,89 manat ƏDV), cəmi – ƏDV daxil 22.544,49 manat məbləğində borcu qalmışdır.

3. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmiş, sonradan qarşılıqlı iddiasından imtina etmiş və Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, qarşılıqlı iddia üzrə icraata xitam verilmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh ADS Group Company" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iddiaya etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

7. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 390.4-cü maddəsinə əsasən tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.

9. İşin müəyyən olunmuş halı ondan ibarətdir ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” 30 dekabr 2021-ci il tarixli 16/2022 saylı müqavilə bağlanmışdır.

10. Müqavilənin 1.1-ci maddəsinə əsasən açıq məkanda reklam yayım materiallarının istehsalı, yerləşdirilməsi və yayımı xidmətlərinin göstərilməsinə dair sifarişçi icraçıya sifariş edir və icraçı bu müqavilənin əlavə 1-də göstərilən qaydada, müddətdə və ünvanlarda reklamların yerləşdirilməsinə dair sifarişçiyə öz xidmətlərini göstərir, sifarişçi isə xidmətlərin dəyərini müqavilənin şərtlərinə uyğun olaraq icraçıya ödəməyi öz öhdəsinə götürür.

11. Məhkəmə qeyd edir ki, məhkəmə icraatının gedişində ilkin redaksiyada (və ilk iddianın dəyişdirilməsi barədə ərizədə) təqdim edilmiş iddia ərizəsində qeyd edilmiş məbləğlərdən bir hissəsi ödənilmişdir. Hazırda tərəflər arasında mübahisə ancaq iddiaçı tərəfindən cavabdehə göndərilmiş olan MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli, dəyəri ƏDV daxil 12.820,7 manat olan və MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 14.585,39 manat olan elektron qaimədə qeyd edilmiş xidmətlərin göstərilməsi ilə bağlıdır.

12. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xidmət müqaviləsi kimi qiymət verilməlidir.

13. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.

14. Ona görə də, Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

15. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.

16. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.

17. Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarında da qeyd edilmişdir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyi icra etməməsinə görə məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.

18. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

19. Ona görə də, Məhkəmə hesab edir ki, hazırı mübahisənin həlli baxımından 2 ədəd elektron qaimədə göstərilmiş xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilibgöstərilməməsi halı araşdırılmalıdır.

20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri ƏDV daxil 12.820,7 manat olan elektron qaimə göndərilmişdir.

21. Qeyd edilmiş elektron qaimə iddiaçı tərəfindən cavabdehə 35 ünvanda reklam xidmətlərinin göstərilməsi ilə bağlıdır.

22. Həmçinin qeyd edilmiş elektron qaiməyə nəzər yetirildikdə aydın olur ki, reklam xidmətləri ayrı-ayrı ünvanlar üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərini əhatə edir.

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 14.585,39 manat olan elektron qaimə göndərilmişdir.

24. Qeyd edilmiş elektron qaimə iddiaçı tərəfindən cavabdehə 34 ünvanda reklam xidmətlərinin göstərilməsi ilə bağlıdır.

25. Həmçinin qeyd edilmiş elektron qaiməyə nəzər yetirildikdə aydın olur ki, reklam xidmətləri ayrı-ayrı ünvanlar üzrə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərini əhatə edir.

26. İddiaçı tərəf qeyd edilmiş, elektron qaimələrdə qeyd edilmiş xidmətlərin tam olaraq göstərildiyini bildirir.

27. Cavabdeh tərəf isə qeyd edilmiş elektron qaimələrdə (1-ci elektron qaimə üzrə ödənilmiş hissə istisna olmaqla) qeyd edilmiş xidmətlərin göstərilmədiyini və iyul ayından iddiaçının məhz özünün qeyd edilmiş şirkətlərə reklam xidmətləri göstərdiyini bildirmişdir.

28. Məhkəmə tərəfindən iddiaçı tərəfindən cavabdehə xidmətlərin göstərilibgöstərilməməsi halının müəyyən edilməsi üçün reklamlarının nümayiş edildiyi "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə, "xxxx" ASCyə, "xxxx" MMC-yə, "xxxx" MMC-yə sorğular verilmişdir.

29. İş materiallarında əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, "xxxx" MMC reklam yerlərinin alışını xx.xx.2024-cü il tarixdən Cavabdeh MMC ilə dayandırmış və həmin tarixdən etibarən 4 ünvan üzrə reklam yerlərinin alışını İddiaçı MMC ilə həyata keçirildiyini bildirmişdir.

30. İş materiallarına əlavə edilmiş "xxxx" Şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, elektron qaimədə göstərilmiş İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xidmət göstərilmiş F.X.Xoyski (Gənclik Mall), H.Əliyev pr, Ceyhun Hacıbəyli, Şıxov (şəhər istiqaməti), Şıxov yolu, Atatürk pr. üzrə reklam xidmətləri göstərilsə də, digər yəni, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli aktlarda qeyd edilmiş İddiaçı MMC-yə məxsus qeyd edilmiş ünvanlar yoxdur.

31. İş materiallarında əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, elektron qaimədə qeyd edilmiş ünvan 1 ünvanı üzrə xx.xx.2024-cü il tarixdən məhz İddiaçı MMC tərəfindən xidmət göstərilir.

32. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli “açıq məkanda reklam yerləşdirilməsinə dair” müqavilə bağlanmışdır.

33. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC ilə İddiaçı MMC arasında “Açıq məkanda reklam yerləşdirilməsinə dair” xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.

34. Həmçinin "xxxx" ASC məktuba xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövrü əhatə edən İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə göndərilmiş olan reklam xidmətlərinin göstərilməsinə dair elektron qaimələri əlavə etmişdir.

35. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında xx.xx.2024-cü il tarixli reklam xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.

36. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf 1-ci yəni dəyəri 12.820,70 manat təşkil edən elektron qaimədə qeyd edilmiş xidmətlərin bir hissəsini yəni, 4.861,6 manat (10-11, 25-35 qrafalar üzrə) hissəsini qəbul edərək, pulu ödəmiş və mübahisəli hissə 7.959,1 manat təşkil edir.

37. Ancaq Məhkəmə "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubunda göstərmiş olduğu halları nəzərə alaraq hesab edir ki, Gilan tekstil adı ilə, Sumqayıt şəhəri, Sülh küçəsi ünavnı üzrə dəyəri 295 manat olan reklam xidmətləri iddiaçı tərəfindən cavabdehə göstərilməmişdir.

38. Bu halı, həmçinin iddiaçı tərəf də, məhkəmə iclasında qəbul etmişdir.

39. Bundan başqa da, 1-ci qeyd edilən elektron qaimə üzrə cavabdehin müəyyən ödənişləri etməsi halını nəzərə alaraq hesab edir ki, elektron qaimədə qeyd edilmiş xidmətlər iddiaçı tərəfindən cavabdehə göstərilmişdir.

40. Ona görə də, 295 manat məbləğində pul elektron qaimə üzrə ödənilməmiş olan 7.959,1 manatdan çıxılmalı, qalan hissə isə cavabdehdən tutulmalıdır.

41. Belə olan halda, 1-ci elektron qaimə üzrə 7.664,1 (7.959,1-295) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

42. Bundan başqa Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 2-ci yəni, MT2408 seriyalı 11641119 nömrəli xx.xx.2024-cü il tarixli dəyəri 14.585,39 manat olan elektron qaimədə göstərilmiş xidmətlərin heç biri göstərilməmişdir.

43. Belə ki, iddiaçı tərəfin təqdim etdiyi cədvəldən görünür ki, özü qeyd edilmiş elektron qaimənin 2,3,4,5,6,7,8,9,17,18,19,20,21,22-ci qrafalarında olan və ümumi dəyəri 5.895,87 qəpik məbləğində xidmətin göstərilmədiyi halını qəbul etmişdir.

44. Ancaq məhkəmə bu xüsusda qeyd edir ki, iddiaçı tərəf bu halı, məhz Məhkəmə tərəfindən müvafiq olaraq hüquqi şəxslərə sorğulara cavab gəldikdən sonra qəbul etmişdir. Göründüyü kimi, iddiaçı tərəf özü ilk öncə göstərmiş olmadığı xidmətlərə görə bilərəkdən qarşı tərəfə elektron qaimə göndərməklə, əsassız olaraq zənginləşmək niyyətində olmuşdur.

45. Həmçinin də, Məhkəmə qeyd edir ki, iddiaçı tərəf 2-ci elektron qaimələrin digər qrafalarında qeyd edilmiş xidmətlərin də, göstərilməsinə dair hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir.

46. Bundan başqa da, daxil olmuş sorğulara cavablardan görünür ki, 2-ci elektron qaimənin əhatə etdiyi tarixlərdə (xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixləri arası) Cavabdeh ilə reklamı yerləşdirilən hüquqi şəxslər arasında elektron qaimədə sadalanan ünvanlar üzrə hər hansı bir reklam xidmətlərinə dair münasibətlər olmamış əksinə, bu münasiətlər qeyd edilmiş hüquqi şəxslərin bir qismi ilə İddiaçı arasında olmuşdur.

47. Buna görə də, Məhkəmə hesab edir ki, 2-ci elektron qaimədə əks olunmuş heç bir xidmət, iddiaçı tərəfindən cavabdehə göstərilmədiyindən, cavabdehin də göstərilməmiş xidmətlərin dəyərini ödəmək öhdəliyi yaranmamışdır.

48. İddiaçı tərəf həmçinin, müqavilənin ləğvinə dair Cavabdehnə xx.xx.2024-cü il tarixdə bildiriş verildiyini və müqavilənin 9.2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış müqavilənin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini və ona görə də, sonuncu qeyd edilmiş tarixədək cavabdehin xidmətlərin göstərilib-göstərilməməsindən asılı olmayaraq pulun ödənilməsi öhdəliyinin yarandığını qeyd edir.

49. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır.

50. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, iddiaçının tələbi məhz göstərilmiş olan xidmətlərə görə pulun ödənilməsi təşkil edir. Əgər bu xidmətlər də, iddiaçı tərəfindən cavabdehə göstərilməyibsə, pulun ödənilməsi öhdəliyi də, yaranmamış olur. Əks yanaşma mülki dövriyyənin sabitliyinə mənfi təsir etməklə yanaşı, həmçinin də, sui istifadə halları ilə nəticələnə bilər.

51. Bundan başqa da, Məhkəmə qeyd edir ki, iddiaçının özü qeyd edilmiş ünvanlar üzrə müvafiq hüquqi şəxslər arasında müqavilə bağlamış və reklam xidmətlərini göstərməklə, cavabdehlə arasında olan müqavilə münasibətlərinə faktiki özü xitam vermişdir.

52. Məhkəmə həmçinin qeyd edir ki, ADS Group Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2024-cü il tarixdə göndərmiş olduğu bildirişlə isə, göstərmiş olmadığı xidmətlərə görə, xx.xx.2024-cü il tarixədək pulun tutulmasına və əsassız varlanmağa nail olmaq istəmişdir.

53. Ona görə də, iddiaçının qeyd edilən dəlili əsassızdır.

54. Məhkəmə iddianın 100.484,96 manat cərimə borcunun tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

55. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

56. Hazırki işin hallarından görünür ki, cavabdehin 7.664,1 manat əsas borcuna münasibətdə 400 manat məbləğində dəbbə pulu daha ağlabatan və daha ədalətlidir.

57. Həmçinin də, Məhkəmə hesab edir ki, hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul da, Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

58. Bundan başqa da, iddianın təmin olunmş hissəsinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olaraq 100,64 manat məbləğində pul da, Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

59. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

60. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borc üzrə 7.664 (yeddi min altı yüz altmış dörd) manat 10 (on) qəpik, cərimə borcu üzrə 400 (dörd yüz) manat, ümumilikdə 8.064 (səkkiz min altmış dörd) manat 10 (on) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 (üç yüz iyirmi) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat, 64 (altmış dörd) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar