Məhkəmə qərarları › İş №e-2-2(113)-3221/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3221/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3221/2025 05.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, alqı-satqı, mal göndərmə müqaviləsi, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X2, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı "borc” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İşin halları İddiaçı MMC iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə satılmış malların dəyəri olaraq 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, ümumilikdə 5713,79 manat məbləğində borc pulun və 77,14 manat dövlət rüsumunun Cavabdeh MMC- dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh arasında K2024-0064 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilə bağlanmıdır. Həmin müqaviləyə əsasən, cavabdeh iddiaçıdan tikinti materialları almış və qeyd olunan borcu ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında xx.xx.2024-ci ildə Cavabdeh MMC-nin İddiaçı MMC-yə borcunun olması barədə “tərəflərin qarşılıqlı üzləşdirilməsi” aktı bağlanmışdır. Üzləşmə aktında Cavabdeh MMC-nin İddiaçı MMC-yə 4589,39 AZN məbləğində borcunun olması və əlavə olaraq 130 AZN dəyərində (13 ədəd) palet borcunun olmağı qeyd edilmişdir. Müqavilə üzrə satılmış malların dəyəri olaraq 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, 130 AZN dəyərində (13 ədəd) palet borcu ümumilikdə 5843,79 manat İddiaçı MMC-ə ödənilməmişdir. Bununla əlaqədar olaraq cavabdehə xx.xx.2025-ci il tarixli Pretenziya məktubu ünvanlanmış, lakin nəticəsiz qalaraq İddiaçı MMC-ə heç bir ödəniş edilməmişdir. Beləliklə,cavabdehin müqavilə üzrə İddiaçı MMC–yə ümumilikdə 5843,79 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Bu günə kimi cavabdeh tərəfindən İddiaçı MMC–yə heç bir ödəniş edilməmişdir. Əlavə olaraq , tərəflər arasında müqavilə bir dəfə bağlansa da alqı-satqı münasibətləri davam etmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 425.1, 425.2, 427.1, 442, 445.7, 448.1, 448.2, 598.1, 598.2, 739.1, 739.2, 740.2, və 743-cü maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası MPM-in 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı MMC “satıcı”, Cavabdeh MMC “alıcı” olmaqla tərəflər arasında imzalanmış K2024-0064 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən Satıcı hazırki Müqavilənin Əlavələrində göstərilən materialları (bundan sonra ‘'Mal”adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə həmin Malı qəbul etməyi və onun əvəzində Malın satış qiymətini Müqavilədə müəyyən edilən məbləğdə və şərtlərlə Satıcıya ödəməyi öhdəsinə götürür. Bu müqaviləyə əsasən satılan mal/malların hər birinin adı, çeşidi və miqdarı bu müqavilənin ayrılmaz hissəsi sayılan X1 vəya Satıcı tərəfdən verilən qiymət cədvəlində müəyyən edilir. Müqvilənin 3.3-cü bəndinə əsasən, Alıcı aldığı mal/malların qiymətini Satıcı ilə razılaşdırılan və bu müqavilədə nəzərdə tutulan qaydada və müddətdə ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən, Satıcı bu müqavilə qüvvəyə mindikdən sonra Alıcı-nın tələbatını və bu müqavilə ilə müəyyən edilmiş qaydaları nəzərə almaqla satdığı mal/malları təhvil-təslim aktı əsasında Alıcı-ya təhvil verir. Təhvil-təslim icra olunuqdan sonra Satıcı tərəfindən Alıcı-ya elektron qaimə-faktura göndərilir. Müqavilənin 5.3-cü bəndinə əsasən, Alıcı qəbul etdiyi mal/malların dəyərini qanunvericiliklə nəzərdə tutulmuş qaydada, 30 (otuz) gün ərzində Satıcıya ödənilməsini təmin etməlidir. Ödəniş köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 5.4-cü bəndinə əsasən, Razılaşdırılmış müddət ərzində mal/malların dəyəri ödənilmədikdə Satıcı onun ödənilməsini Alıcı-dan tələb etmə hüququna malikdir. Alıcı mal/malların satış qiymətinin ödənilməsini gecikdirdiyinə görə, gecikdinnənin hər günü üçün Satıcı-ya vaxtında ödəmədiyi məbləğin 0.1 %-i (umumi məbləğin 30%- dən artıq olmamaq şərti ilə) məbləğində dəbbə pulu ödəyir. Müqavilənin 7.1-ci bəndinə əsasən, Bu müqavilə, tərəflərin onu imzaladığı andan etibarən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməsi şərti ilə 2 (iki) il müddətində qüvvədədir. Müqavilə müddətinin bitməsinə qədər tərəflər müqaviləyə xitam vermələri barədə qarşı tərəfə hər hansı yazılı bildiriş göndərrmədiyi halda müqavilə daha bir il müddətinə uzadılmış hesab edilir. xx.xx.2024-cü il tarixli Borcların qarşılıqlı üzləşmə Aktından müəyyən olunur ki, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə olan borc 4589,39 manat borcu vardır. Qeyd olunan borcdan əlavə olaraq Cavabdeh MMC -nin İddiaçı MMC- yə 130 AZN dəyərində (13 ədəd) palet borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı MMC tərəfindən cavabdehə pretenziya məktubu ünvanlayaraq, 10 iş günü ərzində 4589,39 manat məbləğində əsas borc və 1124,4 manat məbləğində dəbbə pulu, ümumilikdə 5713,79 manat borcun İddiaçı MMC-yə ödənilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görməyi xahiş etmiş, Əks təqdirdə pul vəsaitinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli ödənilmiş qəbzdən görünür ki, İddiaçı MMC 78 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müəyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı, elektron qaimə) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək təhvil aldığı malların dəyərini, 4589,39 manat pulu ödəmədiyini, belə olan halda isə iddiaçının öhdəliyin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini nəzərə alaraq hesab edirəm ki, iddia tələbi əsaslıdır, buna görə də 4589,39 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdehdən 1124,40 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Qeyd edim ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edirəm ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 220 manat müəyyən olunmalıdır. Həmçinin iddia qismən təmin olunduğundan hesab edirəm ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 78 manat dövlət rüsumunun 68,10 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən K2024-0064 nömrəli, xx.xx.2024-cü il mallarən alqı-satqısı haqqında müqaviləsi üzrə 4589,39 manat əsas borc, 220 manat dəbbə pulu olmaqla, ümumilikdə 4809 (dörd min səkkiz yüz doqquz) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun 68 (altmış) manat 10 (on) qəpiyinin əvəzi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar