Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3222/2021 28.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Cəfərzadə Şəhriyar Rəhman oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil cavabdehin nüayəndəsi Nümayəndə cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə iddia tələbi üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 12.802 (on ikimin səkkiz yüziki) manat pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun, tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 06 oktyabr 2020-ci il tarixində alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı İddiaçı MMC müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi hesab olunan qiymət razılaşdırma protokolunda və ya qaimə-fakturada göstərilənmalları alıcı Cavabdeh MMC-yə sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək əvəzində müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.06 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2.3-cü maddəsinə əsasən alıcı tərəfindən malların dəyəri bu müqavilə ilə müəyyən edilmiş müddətdə bank köçürməsi qaydasında satıcıya ödənilməlidir. 3.1.1.2-ci maddəsinə əsasən satıcının alıcıdan malın dəyərini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək hüququ vardır. Müqavilənin 7.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin 10 (on) günədək gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin gecikdirildiyi hər günə görə malın dəyərinin 0,5% miqdarında peniya ödəməyi öhdəsinə götürür. 10 (on) gündən çox olan gecikmə zamanı alıcı malın dəyərinin iki mislini satıcıya ödəməlidir. Satılan malların hesabatından görünür ki, 11.10.2020-ci il–30.11.2020-ci il tarixlərində alınan materiallar və görülən işlərə uyğun olaraq alqı-satqı müqaviləsi üzrə ödənilməli məbləğ 22 362 (iyirmi iki min üç yüz altmış iki) manatdır. Həmin məbləğdən 15961 (on beş min doqquz yüz altmış bir) manat ödənilmişdir. Hazırda qalıq borc 6401 (altı min dörd yüz bir) manat təşkil edir. Müqavilənin 7.2-ci bəndinin tələbinə əsasən malın dəyəri ödənilmədiyi təqdirdə alıcı malın dəyərinin iki mislini satıcıya ödəməlidir. (6401 manat x 2=12802 (on ikimin səkkiz yüziki) manat). Hal-hazırda cavabdehin borcu cərimə ilə birlikdə 12802 (on ikimin səkkiz yüziki) manat təşkil edir. Borcun ödənilməsi tələb edilmiş, bununla bağlı cavabdehə dəyən ziyanın ödənilməsi üçün dəfələrlə müraciət olunmuşdur. Borcun olması və ödənilməsi barədə qarşı tərəfə sonuncu dəfə 20 aprel 2021-ci il tarixli rəsmi məktubla müraciət edilsə də, ödənişlə bağlı heç bir tədbir görülməmişdir. Odur ki, cavabdeh müqavilə öhdəliklərini pozmuş və lazımınca yerinə yetirməmiş və borcunu ödəməkdən yayınmışdır. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, Cavabdehndən 12802 (on iki min səkkiz yüz iki) manat pul vəsaitinin, 110 manat vəkilə çəkilən xərcin və 30 manat ödənilmiş dövlət rüsumunun, tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vəkillə müqavilə imzalanmış nümayəndə tərəfindən xidmət haqqı olaraq 110 manat ödəniş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və sonda iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddiaçının qüsurlu iş icrası səbəbindən dəymiş maddi zərərin miqdarının hesablanması üçün işin ekspertizaya göndərilməsi, dəymiş ziyanın hesablanmasından sonra borclu tərəfin müəyyən edilməsi və buna əsasən qərar qəbul edilməsi məqsəilə iş üzrə icraatın dayandırılasına dair qərardad çıxarılmasını xahiş etmişdir.Etiraz onunla əsaslandırmışdır ki, 06.10.2020 tarixli podrat müqaviləsi və eyni tarixli alqı-satqı müqavilələrinə əsasən iddiaçı tərəf onlara məxsus olan zavodun damını izolyasiya etməli və bu məqsədlə lazım olan bəzi mal-materialları təmin etməli idi. İddiaçı müəyyən edilmiş işləri icra etdikdən sonra təhvil versə də, təhvil alınan zaman hava şəraitinin qüsurları müəyyən etməyə imkan verməməsi səbəbindən iddiaçının işləri qüsurlu icra etməsi müəyyən oluna bilməmişdir. Daha sonrakı dövrlərdə hava şəraitinin pisləşməsi ilə damın izolyasiyasının iddiaçı tərəfindən lazımi səviyyədə icra edilmədiyi və damın su buraxdığı müəyyən olunmuşdur.Göstərilənlər barədə iddiaçı tərəfə işçi qaydada dəfələrlə müraciət olunsa da qarşı tərəf hər dəfə işlərdəki qüsurlara nəinki aradan qaldırmaq, hətta onlara baxış keçirməkdən imtina etmişdir. Göstərilənlərdən də göründüyü kimi, İddiaçı görülməsi üçün müqavilə ilə öhdəlik götürdüyü işlərin icrasım qüsurlu yerinə yetirmişdir. Tərəflər arasında mövcud adıçəkilən podrat müqaviləsinin 3.1.3-cü maddəsinə əsasən podratçı işləri qüsursuz və keyfiyyətli yerinə yetirməlidir. İşin keyfiyyətinə görə podratçı məsuliyyət daşıyır.Tərəflər arasında alqı-satqı müqaviləsindən əlavə podrat müqaviləsi də imzalanmışdır. Həmin müqavilə üzrə cavabdeh üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmədiyi üçün nəticədə alqı-satqı müqaviləsi üzrə təhvil alınmış malların dəyəri tam ödənilməmişdir. Belə ki, hazırda müqavilə üzrə 6.401 manat borclarının olduğunu etiraf edirlər, lakin əsas borca hesablanmış cərimənin heç bir əsası yoxdur. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi sonda iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin digər nümayəndəsi X2 məhkəməyə izahatında müəssisələrinin dam örtüklərinin təmiri ilə bağlı tender elan etdiklərini, nəticədə həm daha çox iş təcrübələri həm də, təklif etdikləri qiymətlərin onlara münasib olduğu üçün qarşı tərəflə müqavilə imzalandığını bildirmişdir. Bununla bağlı olaraq qarşı tərəflə iki alqı-satqı və podrat müqavilələri imzalamışdır, daha sonra qarşı tərəfin əməkdaşları özlərinə məxsus tikinti materiallarını gətirərək, müqavilədə nəzərdə tutulmuş işlərin icrasına başlamış və X2 özü aparılan işlərin keyfiyyətinə nəzarət etmişdir. İlkin olaraq, işlərin görülməsində və tikinti materillarının təmin olunmasında heç bir problem olmamış, qarşı tərəf işini yekunlaşdırdıqdan sonra isə tərəflər arasında təhvil-təslim aktı imzalanmışdır. Lakin təxminən 6 ay sonra təmir işləri aparılan ərazidə külək nəticəsində yenidən görülən işlər dağıldı. Bununla bağlı olaraq qarşı tərəfə müraciət etmiş, baxış keçirilməsi ilə bağlı dəvət etdikdə bundan imtina etmiş, onlara borcu olduqlarını bildirmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan: 06 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı bu müqaviləyə əlavə olunan və onun ayrılmaz hissəsi sayılan qiymət razılaşdırma protokolunda və ya qaimə-fakturada göstərilən malları alıcıya sataraq onun mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edərək əvəzində müvafiq qaimə-fakturada müəyyənləşdirilmiş məbləğdə pul məbləğini satıcıya ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən satılan malların bir vahidinin qiyməti qiymət razılaşdırma protokolu və ya qaimə-fakturada göstərilən malların qiyməti ilə, satılan malların ümumi dəyəri isə qaimə-faktura ilə müəyyən edilir. 2.2-ci bəndə əsasən alıcı malların dəyərini əvvəlcədən satıcıya tam ödənilməsini təmin etməlidir. Bu bənddə göstərilmiş müddət ərzində malların dəyəri ödənilmədikdə satıcı onun ödənilməsini alıcıdan tələb etməyə haqlıdır. 3.2.2.2-ci bəndə əsasən müqavilənin 2.1-ci bəndində göstərilən malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəmək “satıcı”nın vəzifəsidir. 7.2-ci bəndə əsasən müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin 10 (on) günədək gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin gecikdirildiyi hər günə görə malın dəyərinin 0,5% miqdarında peniya ödəməyi öhdəsinə götürür. 10 (on) gündən çox olan gecikmə zamanı alıcı malın dəyərinin iki mislini satıcıya ödəməlidir. 06 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinə “qiymətlərin razılaşdırılması protokolu”na dair əlavə 1-ə əsasən alğı-satqı müqaviləsi üzrə müxtəlif çeşiddə mallar cəmi 23.418,28 manat məbləğində tərəflər arasında razılaşdırılmış, qeyd olunan əlavə hər iki tərəfin imza və möhürləri ilə təsdiqlənmişdir. EBAS seriyalı, 178042 nömrəli, 04.11.2020-ci il tarixli, EBAS seriyalı, 433862 nömrəli, 11.11.2020-ci il tarixli, EBAST seriyalı, 095917 nömrəli, 26.11.2020-ci il tarixli, EBAT seriyalı, 975102 nömrəli, 17.12.2020-ci il tarixli elektron qaimələrdən məlum olur ki, müxtəlif çeşiddə məhsullar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təqdim edilmiş, qeyd olunan elektron qaimələr Cavabdeh MMC tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdeh tərəfindən iddiaçının təhvil verdiyi mallar üzrə borcu yaranmışdır. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı tərəflər arasında imzalanmış müqaviləyə əsasən 10 (on) gündən çox olan gecikmə ilə bağlı olaraq qalıq borcun iki mislini ödənilməsini və vəkillə imzalanmış müqavilə əsasında 110 manat xidmət haqqını da tələb etmişdir. Tərəflər arasında imzalanmış 06 oktyabr 2020-ci il tarixli alğı-satqı müqaviləsinin 7.2-ci bəndə əsasən müqavilənin şərtlərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi, o cümlədən malın ödənişinin 10 (on) günədək gecikdirilməsi zamanı alıcı satıcıya ödənişin gecikdirildiyi hər günə görə malın dəyərinin 0,5% miqdarında peniya ödəməyi öhdəsinə götürür. 10 (on) gündən çox olan gecikmə zamanı alıcı malın dəyərinin iki mislini satıcıya ödəməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 12802 (on iki min səkkiz yüz iki) manat , 110 manat vəkilə ödənilmiş xidmət haqqıvə 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 12802 (on iki min səkkiz yüz iki) manat, 110 manat vəkilə ödənilmiş xidmət haqqı və 30 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3222/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3222/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver